Məhkəmə qərarları › İş №2-1(105)-64/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-64/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-64/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X3 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-421/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.

2. HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdək hərbi xidmətdə olmuşdur.

3. İddiaçı məxsus əmək kitabçasından və arxiv arayışlarından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2020-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. İddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2023-cü il tarixdən ömürlük pensiya təyin edilmşidir. Pensiyanın məbləği 280 manat təşkil edir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İddiaçı, onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X3 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən AR Əmək Pensiyası haqqında Qanunun 8-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X3 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixində Azərbaycan Respublikası ünvan 1 ünvanında yaşayır. 65 yaşının tamam olması ilə əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, işlədiyi idarələrin ünvanlarını müəyyən etmək mümkün olmadığı üçün həmin dövrün araşdırlması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Lakin hazırda cavabdehin həmin mövqeyi ilə razı deyil. Belə ki, pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq olunmuş Əsasnamənin 1-ci bəndinə əsasən, - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), şahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndində deyilir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Ə.Ə.Ələsgərov yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizəylə inzibati orqana müraciət etmiş, lakin vətəndaşa xx.xx.2022-ci il tarixdə **********0 nömrəli bildirişlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 11 il 11 ay 12 gün təşkil edir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8131.30 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1383.60 manat olmaqla ümumilikdə 9514.90 manat təşkil edir. Əlavə olaraq bildirirlər ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X2 və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X4 və “71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq iddiaçının adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-421/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X3 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və X5 Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev).

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.

12. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, iddiaçının 1986-1995-ci illər üzrə işlədiyi dövr iş stajına daxil edilir, həmin dövrü mübahisələndirmirlər. İddiaçının ümumilkdə 20 il 10 ay iş stajı vardır. 1995-ci ildən sonrakı dövrün qəbul edilməməsinin səbəbi müvafiq arxiv sənədlərinin olmaması, əmək haqqı cədvəllərinin, əmrlərin olmamasıdır. İddiaçıya xx.xx.2023-cü il tarxili qərarla xx.xx.2023-cü tarixdən etibarən hüququ yarandığı xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “X5” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçı halhazırda ailə başçısını itirməyə görə əmək pensiyası aldığına görə, ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçı 280 manat məbləğində, keçmiş dövr üzrə isə 270 manat məbləğində, ümumilikdə 550 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiya alır. Yaşa görə əmək pensiyasının məbləği təqribən 280 manat olacaq, iddiaçının alacağı pensiyanın məbləği dəyişməyəcək. İddiaçının iş stajının nəzərə alınmayan dövrü 1995-2002-ci illər ərzində olan dövrdür. Azərbaycan Tikinti İstehsalat Birliyi 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin mövcud olub-olmaması barədə müvafiq qurumlara sorğu vermişlər, lakin bu barədə məlumat əldə edə bilməmişlər. Əmək kitabçasındakı qeydlərdə yanlışlıqlar olduğuna görə müvafiq dövrləri nəzərə almırlar. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iki aydır ki, ailə başçısını itirməyə görə əmək pensiyası alır. Əgər cavabdeh inzibati orqan tərəfindən yaşa görə əmək pensiyası təyin edilərsə, ailə başçısını itirməyə görə əmək pensiyasından imtina edəcək.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. “X5” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra- sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 31.2. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

15. “X5” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, hazırki mübahisənin predmeti “xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi” barədədir.

26. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X2 və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X4 və “71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

27. Daha sonra məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndələri iddiaçının 1986-1995-ci illər üzrə işlədiyi dövrün iş stajına daxil edildiyini, həmin dövrün mübahisələndirilmədiyini, bununla da iddiaçının ümumilkdə 20 il 10 ay iş stajının olduğunu bildirmişlər. Hazırda mübahisələndirilən dövr 1995-2002-ci illər ərzində olan dövrdür. Belə ki, 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsinin ünvanını müəyyən etmək mümkün olmaması səbəbilə həmin dövrlərin yoxlanılmasının mümkün olmamışdır.

28. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, iddiaçıya pensiya təyin olunmasının mümkün olmaması əsası kimi cavabdeh 1995-2002-ci illər əmək kitabçasında işdən azad olma qeydinin düzgün aparılmamasını qeyd etmiş, təsdiq olunan stajın 20 il, 10 ay, 17 gün olduğunu bildirmişdir.

29. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2023-cü il tarixdən ömürlük pensiya təyin edilmşidir. Pensiyanın məbləği 280 manat təşkil edir.

30. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.

31. Məhkəmə kollegiyası tərəfindən 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsinin fəaliyyəti, dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı müvafiq məlumatların əldə edilməsi üçün aidiyyəti orqanlara sorğular verilsə də, cavablardan müvafiq məlumat əldə edilməsi mümkün olmamışdır.

32. Lakin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

33. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

34. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

35. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

36. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

37. Mübahisələndirən dövrlər ərzində də iddiaçının 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

38. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

39. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

40. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir.

41. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(118)-421/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar