Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-640/2022 06.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əvvəlki soyadı olan “Yunusov” soyadının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-917/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya aid şəxsiyyət vəsiqsəindən görünür ki, İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür.
2. İş materiallarında olan hərbi bilet, nikah haqqında şəhadətnamədən və uşaqların doğum haqqında şəhadətnamələrində soyadı “Quliyev” göstərilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək soyadının əvvəlki soyadı olan “Yunusov” soyadını bərpa edilməsi barədə dair qərar qəbul edilməsini xahiş etmiş, sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə müraciət edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini və doğum haqqında akt qeydində onun əvvəlki soyadı olan “Yunusov” soyadını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci tarixli cavab məktubundan görünür ki, Quliyev X1 rayon qeydiyyat şöbəsinə müraciət etməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, vətəndaş xx.xx.2017-ci il tarixdə soyadını ‘'Yunusov”dan “Quliyev”ə dəyişdirmişdir. Ərizənin məzmunundan görünür ki, vətəndaş soyadını yenidən “Yunusov”a dəyişdirmək istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydalan”nın 6.3-cü bəndinə əsasən Adın, soyadın və ata adının növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən edilmiş hallarda yol verilir. İddiaçı bir dəfə soyadını dəyişdirdiyinə görə Qeydiyyat şöbəsində yenidən soyadın dəyişdirilməsi mümkün deyildir.
5. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı axtarışda olması və məhkumluğu barədə DİN-in BƏSİİ-in məlumat axtarış bazasında məlumat qeydə alınmamışdır.
6. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının əsl soyadı “Yunusov” olmuşdur. Sonradan bəzi qohumlarının ona olan təklifi əsasında öz soyadını “Yunusov” soyadından “Quliyev” soyadına dəyişmək üçün Sumqayıt ASAN xidmətində qeydiyyat şöbəsinə müraciət etmişdir. Müvafiq sənədləri təqdim etdikdən sonra, soyadı dəyişdirilmişdir. Lakin sonradan o, soyadını dəyişməyindən çox peşiman olmuşdur. Əvvəlki soyadımı bərpa etmək üçün təkrar Sumqayıt ASAN xidmətində qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. “Yunus” onun ata tərəfdən ulu babasının adıdır.İddiaçı onun adına uyğun olan soyad daşımaq istəyir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-917/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına çatdıqdan sonra öz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarda bununla bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. İddiaçının artıq bir dəfə soyadını dəyişdirməsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, soyadını dəyişməyinə çox peşman olmuşdur. İki övladı var. Övladlarının böyüyünün adı Yunus, kiçiyi də Yusufdur. İstəyir ki, övladlarının soyadı adlarına uyğun olsun. Yunus ata tərəfindən nənəsinin babasının adıdır. Zəhmətkeş, vətənpərvər və hörmətli kişi olub. Belə bir kişinin adı ilə bağlı olan soyadını dəyişməyinə çox peşman olmuşdur. Məhkəmə bu vəziyyətin onun sağlamlığına nə qədər təsir etdiyini müəyyən etməmiş və nəzərə almamışdır. Soyadını dəyişəndən sonra onun psixi səhhəti pisləşməyə başlamışdır. Qardaşı və bacısı “Yunusov” soyadını, o, isə “Quliyev” soyadını daşıyır. O, ailəsini və vətənini çox sevir və onlara sadiqdir. İstəməz ki, ailəsində fərqlilik olsun.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: Bənd 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, iddiaçının izahatını iş dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
20. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə soyadın dəyişdirilməsi ilə bağlıdır və iddiaçı soyadının “Quliyev”dən “Yunusov”a dəyişdirilməsini xahiş edir.
21. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara əsasən qeyd edir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
22. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
23. İş materiallarından olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci tarixli cavab məktubundan görünür ki, Quliyev X1 rayon qeydiyyat şöbəsinə müraciət etməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, vətəndaş xx.xx.2017-ci il tarixdə soyadını ‘'Yunusov”dan “Quliyev”ə dəyişdirmişdir. Ərizənin məzmunundan görünür ki, vətəndaş soyadını yenidən “Yunusov”a dəyişdirmək istəyir.
24. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına çatdıqdan sonra öz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarda bununla bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə iddiaçının artıq bir dəfə soyadını dəyişdirməsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda soyadın dəyişdirilməsi məsələsi dəqiq tənzimlənmişdir. Həmin Qaydaların tələbinə görə adın, ata adının və soyadın ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmalıdır. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadının dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ərarvaddan biri soyadını dəyişdirdikdə; yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirdikdə; yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən biri soyadı dəyişdirdikdə; yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə soyadın ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı, apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-917/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.