Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-640/2025 16.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-574/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 18870,66 manat manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının (minik avtomobili) satılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh X2 Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün cavabdehə bildiriş verilsə də, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə vergi orqanı xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 18907,19 manat borcuna görə 25000,0 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğlərindən dövlət büdcəsinə 18870,66 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-574/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan 18.870,66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının (1 ədəd minik avtomobili) satılması, satışdan əldə edilən vəsait hesabına borc çıxıldıqdan sonra yerdə qalan vəsaitin Cavabdeh qaytarılması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunmuş iş materialları ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə fiziki şəxs Cavabdeh xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 18870,66 manat məbləğində borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən cavabdeh vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023cü il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında dövlət büdcəsinə 18870,66 manat borcuna görə 25000 manat məbləğində əmlakı siyahıya alınaraq, bu barədə 21 avqust 2023-cü il tarixdə protokol tərtib edilmişdir. Həmin Protokolda vergi ödəyicisinə məxsus “Mercedes Benz C220” markalı minik avtomobili - qiyməti 25000 manat məbləğində vergi ödəyicisinin iştirakı ilə siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri qeyd edilmiş, lakin cavabdeh həmin sənədlərin hazırlanması və imzalanmasında iştirak etməmişdir. Həmçinin, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (89.1.). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (90.1). Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər (90.3-1). Beləliklə, təhlil olunan normalardan da göründüyü kimi dövlət büdcəsinə 18870,66 manat məbləğində borc ödənilmədiyi üçün 21 avqust 2023-cü il tarixli, **********2 nömrəli protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus əmlakın satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslı hesab edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Cavabdeh qərardan apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələblərinə əməl etməyərək işin hallarını ətraflı araşdırılmasını aparmamış, əlaqəli iş üzrə halları nəzərə almamışdır. Belə ki, faktiki olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tairixli **********847000 saylı, 05 may 2023cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023cü il tarixli **********891900 saylı, 18 may 1323-cü il tarixli **********165000 saylı qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-468/2025 nömrəli qərarı ilə tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarları ləğv edilməsi qərara alınmışdır. Daha sonra həmin qərardan cavabdeh apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-413/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-468/2025 nömrəli qəran isə qüvvədə saxlanılmışdır. Əsas iddia tələbi ilə yanaşı, o həmçinin müvvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15(118)-2/2024 saylı, xx.xx.2024cü il tarixli il qərardadı ilə ərizəsi qismən təmin edilmiş, 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may -cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi ilə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisələndirilən qərarlarla bağlı onun hesablarının 105 faiz həcmində dondurulması xaric, hər hansı digər sərəncamların qoyulması 3 saylı Ərazi Vergilər İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Sumqayıt İnzibati Məhkəməsinin ərarı ilə onun əmlakının satılması baradə qərar qanunsuz şəkildə, onun hüquqlarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun vergi borcunun yaranmasına səbəb olan kameral vergi qərarlarının icrası artıq dayandırılmış, həmin qərarların ləğv edilməsi ilə irəli sürülmüş iddia isə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin olunmuşdur. Bu şəraitdə onun əmlakının satışına dair verilmiş qərar onun hüquqlarının əsaslı şəkildə müdaxilə edilməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ ....İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalıdır, yalnız bu halda iddia mümkün sayılmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbinə əsasən vergi ödəyicisi müvafiq vergi öhdəliklərini icra etmədiyi halda, məhz ona məxsus olan əmlak siyahı alınmaqla, satılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh vergi ödəyicisinin 18870,66 manat vergi borcu olmasını əsas gətirərək, həmin borc öhdəliyinin icrasının təmin edilməsi üçün ona məxsus olan 25000 manat məbləğində olan siyahı alınmış əmlakının satılmasını, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini istəyir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələbin əsası kimi istinad etdiyi vergi borcu cavabdeg vergi orqanının xx.xx.2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, xx.xx.2023-cü il tarixli **********893300 saylı, xx.xx.2023cü il tarixli **********891900 saylı, xx.xx.2023-cü il tarixli **********165000 saylı qərarları əsasında hesablanmışdır. Cavabdeh vergi ödəyicisi tərəfindən həmin qərarlar məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-468/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, sözügedən qərarların ləğv edilməsi qərara alınmış, həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Nəticə etibarilə cavabdeh vergi ödəyicisinin hazırki iş üzrə mübahisə predmeti olan vergi borc öhdəliyinin mövcudluğu aradan qalxmış, iddia predmetinin əsasını təşkil edən borc öhdəliyi mövcud olmamışdır. Başqa sözlə desək, hazırki iş üzrə cavabdehin iddiaçı qarşısında siyahıya alınmış əmlakın satılması ilə əldə olunan vəsaiti hesabına iddiaçının xeyrinə ödənilməli olan vergi borc öhdəliyi mövcud olmamışdır. Hansı ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən məhz vergi borc öhdəliyinin mövcud olması və həmin öhdəliyin icra edilməməsi halı vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması və satılması üçün əsas ola bilər. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında (icra edilməyən vergi borc öhdəliyinin mövcud olmaması) iddianın mümkünlüyü baxımından iddiaçının hüququnun pozulması və hüquqi müdafiəyəyə ehtiyacının olmasının əsasları mövcud olmamışdır. Bu hal isə özlüyündə iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin mübahisəli halları ətraflı araşdırılmamış, iddianın mümkünlük şərtlərini yoxlamadan, mahiyyəti üzrə baxaraq,iddia tələbinin təmin olunması barədə qərar qəbul etmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, indiki halda iddia mümkün sayılmadığından, cavabdehin şikayəti məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından “tələbin rədd olunması” hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-574/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-640/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-640/2025
16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver