Məhkəmə qərarları › İş №2-1(105)-641/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-641/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-641/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu(sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi, B-2678 ünvanda yerləşən 605 kv.m. torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-449/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Mübahisə predmeti olan Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sənəd üzrə sahəsi 0.12 ha olan B-2678 saylı bağ sahəsi “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 10604 saylı, 12 oktyabr 1989-cu il tarixli müqavilədə əsasında İddiaçı uzunmüddətli icarəyə verilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında mübahisə predmeti olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 22 fevral 2023-cü il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı torpaq sahəsinin sərhəd ölçülərini təyin edən yerquruluşu planından çıxarışın ərizəyə əlavə olunmadlğı müəyyən olunmuşdur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin yerinin ərazinin sxematik planına uyğun olmadığı, həmçinin faktiki torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə göstərilən sahə arasında fərq olduğu müəyyən olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivi, B-2678 ünvanda yerləşən 605 kv.m. torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-2678 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2023- cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin torpaq sahəsi üzrəində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından xx.xx.2023-cü il tarixli bildirişlə imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, “Sumqayıt şəhəri, Saray bağlar massivi, B- 2678 ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli məktubunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, sənədlərin araşdırılması zamanı torpaq sahəsinin sərhəd ölçülərini təyin edən yerquruluşu planından çıxarışın ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüqqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin yerinin ərazinin sxematik planına uyğun olmadığı, həmçinin faktiki torpaq sahəsinin Ölçüsü ilə sənəd üzrə göstərilən sahə arasında fərq olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasında ərizənizin icrasından imtina edilmişdir.” Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddia ərizəsinə etiraz etmiş, yazılı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Saray bağ massivi B-2678 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı torpaq sahəsinin sərhəd ölçülərini təyin edən yerquruluşu planından çıxarışın ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin yerinin ərazinin sxematik planına uyğun olmadığı həmçinin faktiki torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə göstərilən sahə arasında fərq olduğu müəyyən olunmuşdur. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqiəyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-449/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-2678 ünvanda yerləşən 605 kv.m. torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Hazırki işdə də iddiaçıya torpaq sahəsi “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 10604 saylı, 12 oktyabr 1989-cu il tarixli müqavilə əsasında verilmişdir. Qeyd olunan sənədlər məhkəmə sorğuları əsasında da məhkəməyə təqdim edilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasında göstərdiyi dəlili araşdırmaq məqsədilə mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktının məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəməyə soğu əsasında daxil olmuş mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair 30 yanvar 2023cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin sahəsi hüquqmüəyyənedici sənıəd üzrə 0.12 ha, faktiki isə 0.0605 ha-dır. Göründüyü kimi iddiaçıya sənəd üzrə ayrılmış bağ sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında ölçü fərqi vardır. Lakin iddiaçı hal-hazırda faktiki ölçüsü 0.0605 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Hazırki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir.” Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri- mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar AR MM-nin 139-1.1.7-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə 2007-ci ilin mayın 2-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdnində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinə dair icarə müqavilələri, sərəncamlar və orderlər, kollekktiv bağçılıq yoldaşlıq təsərrüfatının siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və ya üzvlərin protokollardan çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Eyni qayda Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.7-ci maddəsində göstərilir və təsbit olunur. 1997-ci ildə qəbul edilmiş “Torpaq islahatı haqqında “AR Prezidentinin sərəncamında göstərilir ki, həmin vaxta qədər vətəndaşların qanuni istifadəsində olmuş torpaq sahələri əvəzssiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən məhz bu və qərarda göstərilən maddi hüquq normalarına istinad etmiş, torpaq sahəsinə İddiaçı mülkyyət hüquqlarının qeydə alınaraq çıxarışın və plan cizginin verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Taranə Quliyevanın adına verilmiş icarə müqaviləsi vardır, həmin müqavilənin verilməsinə əsas olmuş sənədlər barədə arxiv sənədləri Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən cavabdeh təşkilata təhvil verilmişdir. AR inzibati icraat haqqında qanunun 13.1-ci maddəsinə əsasən tərəflər arasında qarşılıqlı etimad hüququ qanunla qorunur və vətəndaş müvfiq qərarlar qəbul etmiş dövlət orqanlarının sənədlərinin doğruluğuna etimad edir və arxiv məlumatlarının qorunub saxlanmasına məsuliyyət daşımır. Cavabdehin plan-ölçü məlumatlarının sənədlərə əlavə edilməməsi isə AR Prezidentinin xx.xx.2016-cı il tarixli fərmanının və torpaq məcəlləsinin 43-cü maddəsinə habelə Dövlət reyestri haqqında Əsasnaməyə görə cavabdehin özünün vəzifələrinə aiddir. Torpaq sahəsinin müayinəsi zamanı torpağın ölçüsünün 0.12 ha deyil, 605 kv.m olmasına gəlincə, iddiaçı notarial qaydada ərizə verərək real istifadəsində olan torpaq sahəsinin sənədləşməsinə razılığını bildirmişdir. Cavbdehin məhkəmə tərəfindən prossesual hüquq normalarının pozulmasına dair fikirləri tamamilə məntiqsiz və əsassızdır. Ona görə ki, Daşınmaz əmlakın üzərində hüquqların qeydiyyata alınması vəzifəsi ona aid olmaqla bərabər iddiaçıya 2 saylı Sumqayıt ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məltubu ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə almaqla, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati məhkəməsinin 2-1(118)- 449/2024 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən, sənəd üzrə sahəsi 0.12 ha olan “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 10604 saylı, 12 oktyabr 1989-cu il tarixli müqavilə əsasında İddiaçı uzunmüddətli icarəyə verilmiş B-2678 saylı bağ sahəsinin iddiaçının faktiki istifadəsində olan 605 kv.m. hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. İddiaçının hüquqi marağı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apelyasiya şikayətinin dəlili sənədlərin araşdırılması zamanı torpaq sahəsinin sərhəd ölçülərini təyin edən yerquruluşu planından çıxarışın ərizəyə əlavə olunmadığı, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin yerinin ərazinin sxematik planına uyğun olmadığı, həmçinin faktiki torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə göstərilən sahə arasında fərq olduğunun müəyyən olunmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki: “Hazırki işdə də iddiaçıya torpaq sahəsi “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 10604 saylı, 12 oktyabr 1989-cu il tarixli müqavilə əsasında verilmişdir. Qeyd olunan sənədlər məhkəmə sorğuları əsasında da məhkəməyə təqdim edilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasında göstərdiyi dəlili araşdırmaq məqsədilə mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktının məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəməyə soğu əsasında daxil olmuş mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair 30 yanvar 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin sahəsi hüquqmüəyyənedici sənıəd üzrə 0.12 ha, faktiki isə 0.0605 ha-dır. Göründüyü kimi iddiaçıya sənəd üzrə ayrılmış bağ sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında ölçü fərqi vardır. Lakin iddiaçı hal-hazırda faktiki ölçüsü 0.0605 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Hazırki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab etmişdir.” Məhkəmə Kollegiyasə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Hazırki işdə də iddiaçıya torpaq sahəsi “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 10604 saylı, 12 oktyabr 1989-cu il tarixli müqavilə əsasında verilmişdir. Qeyd olunan sənədlər birinci instansiya məhkəməsinin sorğuları əsasında da iş materiallarına əlavə edilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən qanun pozuntusuna yoldiyi müəyyən edilmir. Bu eyni zamanda işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı idarəsi” ilə onun arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 10604 nömrəli, xx.xx.1989-cu il tarixli müqaviləyə əsaslanır. İstinad olunan həmin normada 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə 10604 nömrəli, xx.xx.1989-cu il tarixli müqavilə iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinin sənəd üzrə ilə faktiki sahə arasında fərq olduğu, belə ki, sənəd üzrə verilmiş 0,12 ha faktiki olaraq 0,0605 ha-dır. Torpaq sahəsi üzərində 1 mərtəbəli 2 fərdi yaşayış evi var. Hər iki fərdi yaşayış evi vahid torpaq sahəsi daxilində ayrı-ayrılıqda m/daşı ilə hasarlanmışdır. Torpaq sahəsi üzərindən YGEX keçmir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılaraq sahə yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsinin 0,12 ha faktiki olaraq 0,0605 ha olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin iki əsası qeyd edilir. Birincisi səbəb torpaq sahəsinin planı və ölçüsü sənədinin müraciətə əlavə olunmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması iddiaçını qanuni sənəd üzrə müəyyən edilən mülkiyyət hüququndan məhrum edə bilməz. İddiaçının faktiki istifadəsində qanuni sənəd üzrə torpaq sahəsinin olması cavabdeh inzibati orqanın özü tərəfindən müəyyən edilmişdir. Buna görədə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi birinci hal imtina üçün əsas təşkil edə bilməz. İkinci səbəb isə torpaq sahəsinə müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin yerinin ərazinin sxematik planına uyğun olmadığı və faktiki torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə göstərilən sahə arasında fərq olduğunun müəyyən olunmasıdır. Məhkəmə bu halıda imtina üçün əsas hesab etmir. Belə ki, inzibati orqan özü torpaq sahəsində inventarlaşdırma işləri aparıb və müəyyən edib ki, torpaq sahəsinin sənəd 0,12 ha faktiki olaraq 0,0605 ha-dır. Torpaq sahəsi üzərində 1 mərtəbəli 2 fərdi yaşayış evi var. Hər iki fərdi yaşayış evi vahid torpaq sahəsi daxilində ayrı-ayrılıqda m/daşı ilə hasarlanmışdır. Torpaq sahəsi üzərindən YGEX keçmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sənəd üzrə deyil, faktiki istifadəsində və daha az olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını istisna edəcək hər hansı qanuni və faktiki məhdudiyyət mövcud deyil. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(118)-449/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar