Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-642/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı "əlillik dərəcəsinin bərpa olunması və pensiyanın ödənilməsinin kəsildiyi vaxtdan ödənilməsi" tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4069/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının hərəkətlərinin-cavabının əsassız olması, ona 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması, pensiyanın ödənilməsinin kəsildiyi vaxtdan ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanda yaşayır. 1990-cı ildən epilepsiya diaqnozu ilə İİ qrup əlildir. Hər gün irilixırdalı 10 dəfə qıc olur və irili-xırdalı dedikdə, yəni qıc olub yıxılma və ya dalğalar gələndə tez yıxılmamaq üçün özünü çarpayıya çatdırır. Artıq 31 ildir ki, bu vəziyyətdə yaşayır. Ailəsi 2005-ci ildə Xırdalan şəhərinə köçmüş, onun sənədlərini isə 2018-ci ildən Abşeron poliklinikasına təhvil verərək orada qeydiyyata alınmışdır. Dəfələrlə növbəti komissiyaya sənədlərini təqdim etmiş, lakin onu getgələ salaraq yekunda sənədlərini bilərəkdən itiriblər. xx.xx.2024-cü il tarixdə iyun ayında müalicə həkiminin tövsiyəsi ilə Abşeron rayon Mərkəzi xəstəxanasında stasionar müalicə olunmuş və həmin göndərişi əsasında Sumqayıt Psixiatriya xəstəxanasında xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur. Bundan başqa, müalicə həkiminin göndərişi ilə xx.xx.2024-cü il tarixdə X6 Baş beyin MRT-dən keçməklə müvafiq sənəd əldə etmişdir. xx.xx.2017-ci ildə Nevroloji Klinikasında EEQ, xx.xx.2018-ci ildə Nevroloji Klinikasında EEQ, xx.xx.2018-ci ildə Nevroloji Klinikasında EEO, xx.xx.2024-cü ildə Abşeron rayon Mərkəzi Xəstəxanası EEQ – yoxlanışlarından keçmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh orqana müraciəti olmadığından iddianın mümkünsüz hesab olunmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4069/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və icraatın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması ona münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, ona əlillik təyin olunması üçün səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Məhkəmə iddiaçının ikinci iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdehin həmin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin həmin iddia tələbi üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Məhkəmənin gəldiyi bu nəticəni tam əsassız hesab edir. Məhkəmə bir dəfə dəqiqləşmə aparmağın zəruriliyini izah etməmiş və istəyini soruşmadan dəqələşdirmədən bu əsassız qərardadı çıxarmışdır. Bəli o səhvə yol vermiş. İki iddianı bir ərizədə qeyd etmişdir. Ona qanunvericlyin tələblərini tam izah edilmiş olsaydı iddia ərizəsinə dəqiqləşmə verə bilərdi. Onun əsas tələbi TSEK tərəfindən süründürməçiliyə yol verilməsi, hərəkətlərin qanunsuz hesab olunması olmuşdur. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə isə bunu etməmiş, iddiaya dəqiqləşmə aparılması üçün zəruri şərait yaratmamış, əsassız bir qərardad qəbul etmişdir. Bu qərardad ləğv edilməli iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün qaytarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının: 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2 Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmeti əlillik dərəcəsinin bərpa olunması və pensiyanın ödənilməsinin kəsildiyi vaxtdan ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.1997-ci ildə iki il müddətinə, xx.xx.2008-ci ildə bir il müddətinə, xx.xx.2014-cü ildə bir il müddətinə xx.xx.2016-ci ildə təyinat tarixi xx.xx.2015-ci il olmaqla, beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, daha sonra onun barəsində hər hansı müvafiq tibbi göndəriş tərtib edilməmiş, əlillik təyinatı aparılmamışdır. İndiki halda iddiaçının hüquqi marağı onun barəsində əlillik təyinatının aparılmasından (əlilliyə görə pensiya ödənilməsindən) ibarət olmuşdur. Bununla bağlı kollegiya onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əllik müddəti bitdikdən sonra şəxs barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilməklə, cavabdeh inzibati orqana göndərilir, cavabdeh inzibati orqan tərəfindən həmin göndəriş əsasında şəxsin əlilliyinin yenidən qiymətləndirilməsi həyata keçirilməklə, əlilliyin təyin edilməsi və ya təyin edilməsindən imtina barədə qərar qəbul edilir. İndiki halda isə iddiaçı barəsində əlillik müddəti bitdikdən (xx.xx.2020-ci ildən) sonra tibbi müəssisəsi tərəfindən Forma-088 tibbi göndərişin rəsmiləşdirilməklə,cavabdehə göndərilməsi həyata keçirilməmiş, cavabdeh tərəfindən də tibbi göndəriş olmadığı halda əlilliyin qiymətləndirilməsinin aparılmamışdır. Nəticə etibarilə iddiaçı tərəfindən əlilliyin təyin edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müraciəti və cavabdeh inzibati orqanın əlilliyin təyin edilməsi ilə bağlı hər hansı qərarı olmadığından, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən hazırki halda iddianın mümkünlük şərtləri ödənilməmişdir. Bundan əlavə, kollegiya iddia tələbinin digər hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı ona əlilliyə görə pensiyanın ödənilməsini də tələb etsə də, həmin tələb məhz ona əlilliyin təyin edilməsi nəticəsində ortaya çıxır. Başqa sözlə desək, şəxsin barəsində əlillik təyinatının aparılması halı özlüyündə ona əlilliyə görə pensiyanın təyin edilməsinə səbəb olur (əlillik təyinatının aparılması halı əlilliyə görə pensiyanın ödənilməsinə əsas verir). Həmçinin, əlilliyə görə pensiya ödənişlərinin həyata keçirilməsinə cavabdeh inzibati orqan məhz Dövlət sosial Müdafiə Fondur çıxış edir. Bu baxımından kollegiya qeyd edir ki, iddiaçının barəsində əlillik təyinatının aparılması ilə bağlı məsələ həll edilmədiyindən, digər hissədə tələbə baxılması mümkünlük şərtləri baxımından yolverilən deyildir. Kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağına uyuğun olan tələb iddianın mümkünlük şərlərinə cavab vermədiyindən (müvafiq tibbi göndəriş rəsmiləşdirilməklə, cavabdehə müraciət edilmədiyindən), İPM-in 13-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməsi halı belə iddianın mümkün hesab edilməsinə səbəb olmur. Başqa sözlə desək, hətta iddia tələbi hüquqi marağına uyuğun olaraq dəqiqləşdirilmiş olsa idi belə, cavabdehə müraciət etmədiyindən iddia tələbi mümkün sayılmacaqdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçı onun barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğunu ehtimal etdiyi halda, bu barədə “Forma-88” tibbi göndərişin rəsmiləşdirilməsi və həmin tibbi göndərişin cavabdeh inzibati orqana göndərilməsi məqsədilə müvafiq tibb müəssisəsinə müraciət etməli, tibbi göndərişin rəsmiləşdirilməsindən imtina edildiyi halda, həmin tibb müəssisəsinə qarşı qanunla müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) iddia tələbi ilə, habelə tibbi göndəriş rəsmiləşdirildiyi halda, əlilliyinin həmin tibbi göndəriş əsasında yenidən qiymətləndirilməsi zamanı onun müraciətindən imtina olunduğu halda, cavabdeh inzibati orqana qarşı qanunla müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4069/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-642/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-642/2025
29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver