Məhkəmə qərarları › İş №2-1(105)-643/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-643/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-643/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iddiaçının xx.xx.1979-cu ildən 1980-ci il tarixədək Kəlbəcər rayonunun Milli kəndində və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrünün iş stajı hesab edilərək iddiaçıya xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-913/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iddiaçının xx.xx.1979-cu ildən 1980-ci il tarixədək Kəlbəcər rayonunun Milli kəndində və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi iş dövrün iş stajı hesab edilərək iddiaçıya xx.xx.2020-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Məcburi köçkün kimi Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ünvanında məskunlaşmışdır. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamışdır. Həmin vaxt Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmişdir. 1980- 1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-1993-cü illərdə yenidən həmin məktəbdə (Milli kəndi) işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildiyindən Abşeron rayonuna gəlmiş və Pirəkəşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunduğundan ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhətilə əlaqədar olaraq xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Pensiya təyini üçün sənədlərini 1 saylı regional ərazi filialına təqdim etmişdir. Ona məlumat verilmişdir ki, xx.xx.1979-cu il tarixdən 1980-ci il tarixinədək və xx.xx.1982-xx.xx.1993-cü illərə dair sığorta stajının yoxlanması mümkün olmamışdır. Həmin illərdə o, Kəlbəcər rayonunda işləmişdir və əmək kitabçası işğal zamanı Kəlbəcər rayonunda qalmışdır. Yuxarıda adı çəkilən məktəbdə onun müəllim işləməsini eyni zamanda həmin məktəbdə işləmiş X1, X6 və X5 təsdiq edə bilərlər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir, lakin iddiaçının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona münasibətdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25800.00 manatdan azdır. Buna görə də, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ və İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin eyni anda mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1, 12.1, 13.3-cü maddələrinin, həmçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniİməsi Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə əsasən, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün azı 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 58 yaş - 15 əmək qabiliyyəti olmayan yaş dövrü = 43 il. 43 il x 4 ay = 172 ay = 14 il 4 ay) və 25800 manat pensiya kapitalı (tələb olunan sığorta stajı 14 il 4 ay - 172 ay, 172 ay : 192 = 0.896 (sığorta davamiyyət əmsalı), 0.896 x 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 129, PSK = 129 x 200 (xx.xx.2020-ci il tarixə minimum pensiya məbləği) = 25800 manat) tələb edilir. İddiaçı isə tələb edilən 14 il 4 aydan artıq sığorta stajına malik olsa da (xx.xx.2006-ci ilə qədər: hərbi xidmət müddəti (xx.xx.1980-xx.xx.1982), əmək fəaliyyəti dövrü (xx.xx.1993-xx.xx.2006) daxil olmaqla ümumilikdə 14 il 4 ay; xx.xx.2006-cı ildən sonra məcburi dövlət sosial sığorta haqları ödənilməsi şərtilə 2008-2020-ci il dövrü), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21589.65 manat (xx.xx.2006-cı il tarixədək olan sığorta stajı Qanunun 27 və 29-cu maddələrinə uyğun indeksasiya edilməklə və xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 11234.20 manat) olmaqla tələb edilən 25800 manatdan az olub, ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (PSK 21589.65/129=167,36 manat, 167,36 manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci və 29.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı əlilliyə görə pensiya təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-913/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, İddiaçı xx.xx.1979-cu ildən 1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun Milli kənd məktəbində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25801,00 manat sığorta kapitalına qarşı 22108,65 manat sığorta kapitalı olması səbəbindən, əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, ikinci qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 14 il 4 ay sığorta stajı olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti yerinə yetirilir. Belə ki, AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər rayon təhsil şöbəsinin xx.xx.2021ci il tarixli, 191 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də 1979-cu ildə Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1982-ci ildə V.Lenin adına Pedeqoji universitetinə qəbul olmuş və həmin ildən 1993-cü ilə qədər Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim işləmişdir. PB № 16967 saylı diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildən 1987-ci ilədək V.Lenin adına Pedoqoji Universitetində təhsil almışdır. İddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin məktubundan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, ona İİ dərəcə əlillik xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. İddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 14 il 4 ay (əlillik təyin olunan 58 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=43 yaş x 4 ay =172 ay : 12 ay = 14 il 4 ay) sığorta stajı olmalıdır. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı ilə bağlı şərt ödənilmiş olur. Cavabdeh də iddiaçının xx.xx.2020-ci il tarixdə 14 il 4 ay sığorta stajına malik olduğunu qəbul edir. Cavabdeh tərəfindən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilir. İş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25801 manat təşkil etməlidir. Cavabdeh orqan isə idiaçının 21589,65 manat pensiya kapitalının olduğunu qəbul etsə də, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993cü illərdə Kəlbəcər rayonu Milli kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamış və onun pensiya kapitalına hesablanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrdə işləməsi əmək kitabçasındakı qeydlərlə təsdqini tapır və əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Belə olan halda, cavabdeh inzibati orqanın iş dövrünün yoxlanılmasının mümkün olmaması əsası ilə iddiaçının həmin tarixlərdə Kəlbəcər rayonu Milli kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassızdır. İnzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının 18 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci ildən xx.xx.1993cü il tarixədək dövrlər 11 il 08 ay təşkil edir və sığorta kapitalına çevrildikdə 8428,86 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müddət də iddiaçının sosial sığorta stajına daxil edildikdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-913/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar