Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-645/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinin yerinin bəlli olmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1196/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayonu X4 28 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı Xızı rayonu, X4 alqısatqı predmeti olan 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin 307 saylı, 30 avqut 2007-ci il tarixli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 25 aprel 2005-ci il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 660.000 manat məbləğində pul Xızı rayonu, X4 hesabına ödənilmişdir. İddiaçıya torpaq sahəsinin satılması “Torpaqların alqı-satqısı”na dair 05 may 2005-ci il tarixli aktla da rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina bildirişindən görünür ki, təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlanana təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Bundan əlavə Xızı rayon, X4 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Xızı rayonu X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həqiqətən 28 mart 2005-ci il tarixli 01 nömrəli qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Lakin 2005-ci ildən bu günədək həmin şəxs Yeni Yaşma kəndində yaşamamış və ona ayrılmış torpaq sahəsilə uzun müddətdir ki, maraqlanmasına baxmayaraq həmin torpağa çıxarış əldə edə bilməmişdir. Yeni Yaşma kəndində həmin dövrdən fərdi mənzil tikmək üçün 0.12 ha torpaq sahəsinin cəmi dəyəri 132.00 manat olmuşdur. Vətəndaş bu sxemlə ona ayrılmış yeri tanımır, lakin 2005-ci ildə ümumi ərazidə şərti olaraq DT və XK tərəfindən yer göstərilmişdir. Əfsuslar olsun ki, 2024-cü ilə qədər bu məsələ öz həllini tapmamışdır. Lakin torpaq ayrılması ilə və yerlərin konkret döngə nöqtələrinin Sumqayıt Daşınmaz Əmlak İdarəsi tərəfindən göstərilməsi, ölçülməsi barədə yerlərin dəqiqləşdirilməsi barədə aidiyyatı orqanlara çox saylı məktublar göndərilməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti problemin aradan qaldırılmasına heç bir köməklik göstərməmişdir. Bu günə kimi X4 elektron xəritəsi yoxdur və xəritə Sumqayıt 2 saylı Ərazi İdarəsində saxlanır. X5 torpaqların döngə nöqtələrinin CPS vasitəsilə təyin olunması Sumqayıt 2 saylı Ərazi İdarəsi mütəxəssisləri tərəfindən icra olunur. Ona görə də İddiaçı ayrılmış torpaq sahəsi Bələdiyyə tərəfindən heç kimə satılmamış bütün torpaqlar 2007-ci ilə qədər vətəndaşlara alqı-satqı yolu ilə satılmışdır. 2007-ci ildən sonra X5 fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahələri ayrılmamışdır. Daşınmaz Əmlakın Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən ölçülərək, 0.12 ha həyətyanı torpaq sahəsinin yerinin dəqiqləşdirdikdən sonra İddiaçı torpağa çıxarış verilməsi barədə qərar verilməsini X9 xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xızı rayonu, Yeni-Yaşma bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 aprel 2005-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Xızı rayonu, X7 müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqı və Respublika Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li qərarına müvafiq olaraq Xızı rayon, Yeni-Yaşma Bələdiyyə sədrinin 28 mart 2005-ci il tarixli 01 saylı qərarı ilə ona Xızı rayonu, Yeni-Yaşma ərazisində bələdiyyə fondunun kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydalarına müvafiq olaraq satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri tərəfindən sözügedən torpaq sahəsinin ona satılmasının rəyi alınmışdır. 05 may 2005-ci il tarixdə qeydiyyata alınmış “Torpaqların alqısatqısına dair akt”a əsasən xx.xx.2005-ci il tarixdə Xızı rayonu, Yeni-Yaşma bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Torpağın dəyəri olaraq Xızı rayonu, Yeni-Yaşma Bələdiyyəsinin ********** saylı Bank hesabına əvvəlcədən 660.000 manat məbləğində haqq ödənilmişdir. Hüquqi bilikləri olmadığına görə o zaman bu məsələyə əhəmiyyət verməmiş, sənədləşmə işlərini aparmamışdır. Hal-hazırda Xızı rayonu, Yeni-Yaşma bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Buna görə də müvafiq qaydada cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə onun ərizəsinin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Xızı rayonu, X4 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən bələdiyyə qərarında tarix, alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. İmtinanın heç bir hüquqi əsası yoxdur və cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlanana təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Bundan əlavə Xızı rayon, X4 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1196/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayon, Yeni-Yaşma Bələdiyyə sədrinin 28 mart 2005-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya ayrılmış, Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Xızı rayonu, X4 01 nömrəli, 28 mart 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 660.000 (altı yüz altmış min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Xızı rayonu, X4 28 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Alqı-satqı aktının ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin saxlancına təhvil verilməməsi, alqısatqı aktında bələdiyyə qərarının tarixi və nömrəsinin qeyd edilməməsi, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanın memarlıq xidmətinin rəyinin alınmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən yol verilmiş qeyd edilən nöqsanlar vətəndaşın ziyanına şərh oluna və ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeyri yaşayış sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddia tələbi 0,12 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş alqı-satqı aktı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin arxiv saxlanana təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmiş, bundan əlavə Xızı rayon, X4 eyni nömrəli və eyni tarixli qərarı ilə digər şəxsə torpaq sahəsi ayrılmış, təqdim edilən alqı-satqı aktında bələdiyyə qərarının tarixi və nömrəsi qeyd olunmamış, həmçinin torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki,müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasının məqsədəmüvafiq hesab edilməsi barədə rəy tərtib edilmişdir. Bələdiyyə tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, sözügedən torpaq sahəsi iddiaçıya ayrılmış, torpaq sahəsinə diar xəritə və bütün sənədlərin əsli vətəndaşın özünə verilmiş, torpaq sahəsinə dair xəritələr “Kadastr və Yerqiruluşu Layihə- Tədqiqat Mərkəzi”ndə saxlanılır, bələdiyyədə xəritə yoxdur. Cavabdeh iznibati orqan tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, torpaq sahəsinin plan və ölçü sənədi əlavə edilmədiyindən, əraziyə müayinə baxışının keçirilməsi, müayinə aktının tərtib edilməsi və torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, eyni tarixli və nömrəli bələdiyyə qərarı əsasında iddiaçı ilə yanaşı, digər şəxslərin də adına torpaq sahəsi ayrılmış, həmin şəxslərin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə sorğusu əsasında həmin sənədlər tələb edilmiş, sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən şəxslərlə bağlı torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı, alqı-satqı aktı və torpaq sahəsinə dair plan və ölçü sənədi, müvafiq torpaq şöbəsi tərəfindən rəy tərtib edilmiş, arxiv nüsxəsi saxlanılmışdır. İndiki halda iddiaçıya münaisbətdə torpaq sahəsinin ayrılmasına dar müvafiq bələdiyyə qərarı, alqı-satqı aktı mövcud olsa da, torpaq sahəsinin yerini müəyyən edən heç bir sənəd (yeruqruluşu planından çıxarış, plan-ölçü sənədi və s.) aşkar edilməmiş, habelə müvafiq bələdiyyədə də həmin hala dair heç bir sənəd mövcud olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilməsi üçün vaxt təyin edilmiş, mütəxəssilər tərəfindən tərtib edilmiş müayinə aktının məzmununda vətəndaşın torpaq sahəsinin harada yerləşdiyi barədə məlumatı olmadığını,bələdiyyə tərəfindən məlumat verilmədiyi, bu səbəbdən də torpaq sahəsinin müayinə olunması baş tutmamışdır. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmaısna dair müvafiq sənədlər mövcud olsa da, məhz torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud deyildir, iddiaçının özününü də torpaq sahəsinin yeri barədə məlumatı yoxdur, bələdiyyə tərəfindən də həmin hala dair heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, faktiki olaraq naturada mövcud olmayan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə həmin əmlakın mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması gələcəkdə həmin qərarın icrasını mümkünsüz olmasına gətirib çıxardır ki, bu hal isə qanunvericiliyin tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən imtina əsası kimi istinad edilmiş halların əsassız olması ilə bağlı gəldiyi qənaəti düzgün olsa da, yəni arxiv sənədlərin aşkar edilməməsi, müvafiq memarlıq xidmətinin rəyinin əlavə edilməməsi, eyni tarix və nömrəli qərarla başqa şəxslərin adına torpaq sahəsi ayrılması kimi hallarla bağlı işin hallarına düzgün hüquqi qiymət versə də, torpaq sahəsinin naturada mövcud olmaması, torpaq sahəsinin yerinin bəlli olmaması, nəticə etibarilə əmlakın mövcudluğunu müəyyən etmədən, həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı gəldiyi qənaəti yanlış olmuşdur. Belə ki, torpaq sahəsinin mövcudluğu müəyyən edilmədən ona dair əmlak hüququnun dövlət qeydiyyatına alınması qanunvericilik normasının tələbi baxımından yolverilməzdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd olunmalıdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsinin yerləşmə mövqeyinə aid sxemin tərtib edilməsi, onun sərhədlərinin, naturada harada yerləşməsi müəyyən edilməsi, ona dair yerləşmə cizgisi hazırlanması, təsdiq edilməsi, nautarda yeri müəyyən edildikdən sonra iddiaçıya təhvil verilməsi halı məhz torpaq sahəsini ayıran qurumun (müvafiq bələdiyyənin) səlahiyyətinə aid olmuşdur. Lakin bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinə dair yerləşmə mövqeyini əks etdirən hər hansı sənəd iddiaçıya verilməmiş, habelə hazırda da təqdim edilməmişdir. Göründüyü kimi müvafiq bələdiyyə qurumunun qərarı ilə iddiaçının adına torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerləşmə yerinə dair heç bir sənəd tərtib edilməmiş, hazırda da təqdim edilməmiş, habelə arxivə təhvil verilməmişdir. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının pozulmasına və onun realizəsinə maneçilik yaradılmasına səbəb olur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən (müvafiq bələdiyyəyə qarşı iddia qaldırmaqla) istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həlini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1196/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-645/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-645/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver