Məhkəmə qərarları › İş №2-1(105)-645/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-645/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-645/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1770/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ümumi əmək stajının 25 il, güzəştli iş stajının isə 10 ildən çox olmasının nəzərə alınaraq, pensiyaya çıxmalı olduğu dövrdə ödənilməmiş pensiyasının və pensiyasına əlavələrin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1770/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 1974-cü ildə X4 təhsil almış və oxuduğu müddətdə 2 il hərbi xidmətdə olduqdan sonra 1979-cu ildə texnikumu bitirmişdir. 1981-ci ildə N.Nərimanov sovxozunda manqa başçısı kimi işə daxil olmuşdur. 1982-ci ildə kənd təsərrüfatının kimyalaşdırılması üzrə Quba layihə axtarış stansiyasında işə qəbul edilmiş və 1992ci ilə kimi müəsissədə işləmişdir. 1992-1994-cü illərdə Quba “Tikinti materialları” kooperativində, 1994-2001-ci illərdə X5, 2011-2022-ci illərdə isə müxtəlif fasilələrlə Qımıl kənd tam orta məktəbində işləmişdir. İşlədiyi müddət əmək kitabçasında qeyd olunmuş və bu müddətlər ərzində işlədiyi müəssisələrdən əmək haqqı almışdır. Hazırda ona 311,36 manat əmək pensiyası təyin edilmişdir. Halbuki, bu zaman kənd təsərrüfatının kimyalaşdırılması üzrə Quba layihə axtarış stansiyasında ağır şərtlərdə işləməyinə baxmayaraq, bu hal nəzərə alınmadan sadə hesablama aparılaraq pensiya hesablanmışdır. Həmin işdə işləməyini nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə iddiası rədd edilmiş və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etməsi izah edilmişdir. Bundan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsinin geri qaytarılması xahiş edir və bu barədə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizəsini təqdim edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəni və həmin müraciətə verililmiş xx.xx.2025-ci il tarixli cavab məktubu təqdim edərək bildirdi ki, iddiaçının güzəştli şərtlərə pensiya təyini barədə müraciətinə mövcud sənədlər təqdim edildikdən sonra baxılacaq və onun müraciətindən imtina olduğu halda bunu məhkəmə qaydasında mübahisələndirə bilər. Hazırkı iddia ərizəsinin geri qaytarılmasına etiraz etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatanı dinləyib, iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından - iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının hüquqi marağı xx.xx.1982-xx.xx.1992-ci illərdə kənd təsərrüfatının kimyalaşdırılması üzrə Quba layihə axtarış stansiyasında işlədiyi 10 il 4 ay 5 gün güzəştli stajının nəzərə alınması və ona “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İnzibati orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.20225-ci il tarixli məktubundan müəyyən edilir ki, mövcud sənədlər təqdim edildikdən sonra iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən baxacaq və ona 1 nömrəli Siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etdiyi təqdirdə, bunu məhkəmə qaydasında mübahisələndirə bilər. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2-1(105)-645/2025 nömrəli inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar