Məhkəmə qərarları › İş №2-1(105)-646/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-646/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-646/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə məhkəmə qərarının izah edilməsi ilə əlaqədar ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-416/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti ilə xx.xx.2005-ci il tarixindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirərək xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona əmək pensiyası təyin olunduğu gündən sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 667,4 manat məbləğinə çatdırılmışdır. İddiaçı yenidən hesablanmış pensiya məbləği ilə razılaşmayaraq ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılmasını xahiş etmişdir. Cavabdeh orqan 11 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin olunduqdan sonra fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı məktubuna cavab olaraq iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarının icrası tərəflərindən tam başa çatdırılmışdır. Belə ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi yenidən hesablanaraq 376,24 (243,30+132,94) manat müəyyən edilmiş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (424,10 manat) həmin artım qədər (132,94 manat) azaldılmışdır. Sonradan iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrası nəticəsində iddiaçının pensiyasının ümumi məbləği artmamışdır. Ona görədə qərara izah verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-416/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarına qərarın təsviri-əsaslandırıcı hissəsinə uyğun “iddiaçının pensiya kapitalına əsasən pensiyasının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablansın” kimi izah verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarının nəticə hissəsində yalnız iddiaçının pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixdə, **********3 nömrəli qərarla yenidən hesablanma aparılmış, yəni qərar icra olunmuşdur. Göründüyü kimi, məhkəmə qərarı tərəflərindən icra edildikdən sonra iddiaçı məhkəmə qərarına izah verilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-416/2022 nömrəli qərardadının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Halbuki, “Əmək pensiyaları haqqında’’ Qanunun 29.2-ci maddəsinə əsasən 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Qanunla nəzərdə tutulan yenidən hesablanma hallarına isə qulluq əlavəsi ödənilən şəxslərin dövlət məvacibindəki (təminat xərcliyindəki) sonrakı artımlar, eləcə də onların əmək pensiyalarının Qanunun 37.3.1-ci və 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmaları aiddir. Buna görə də 01 01.2023-cü il tarixinədək Qanunun 37.3.1 və 37.3.2-ci maddələrinə əsasən pensiyanın yenidən hesablanması zamanı Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 06 aprel 2006-cı il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla, iddiaçının əmək pensiyası 667,40 manat məbləğində, aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: - əmək pensiyasının sığorta hissəsi- 243,30 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə-424,10 manat. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən "bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviriəsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, "Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 19675,20 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Mərkəzi Filiala müraciət etdiyi tarixdə 19675,20 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 148 ay (19675,20:148 (65 il - 58 il 8 ay = 76 ay + (144 ay-72) = 132,94 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 376,24 (243,30 + 132,94) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluyq stajına görə əlavənin məbləği (424,10 manat) həmin artım qədər (132,94 manat) azaldılmışdır. Nəticədə iddiaçının əmək pensiyasının sığorta hissəsi 376,24 manat, qulluq stajına görə əlavə hissəsi isə 291,16 (424,10- 132,94) manat təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunmuşdur. Bundan başqa məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirir ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda, məhkəmə Qanunun 29.2-ci maddəsinin ləğvini Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmamışdır. Bu dəyişikliklər hesablanma qaydasında olmaqla, sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. İddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə oluynmuşdur. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək ərizə ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi (-) 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. (-). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 5.3-cü bənd. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-) 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. (-) 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçıya 2005-ci ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiya təyin olunduqdan sonra 6 ildən çox işləməklə pensiya kapitalı toplamışdır. Bu hala istinadla iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 667,4 manat məbləğinə çatdırılmışdır. İddiaçı yenidən hesablanmış pensiya məbləği ilə razılaşmayaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya təyin olunduqdan sonra fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarı cavabdeh orqan tərəfindən icra edilmiş, icra zamanı iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi tətbiq edilməklə qulluq stajına görə əlavələrin məbləği azaldılmaqla yenidən hesablanmışdır. Bu səbəbdən, iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək pensiyası yenidən hesablandıqdan sonra onun məbləğində artım olmadığını bildirərək məhkəmə qərarının izah edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsi təmin edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası zamanı qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamalı olduğu kimi izah verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin müvafiq qərara verdiyi izahın məzmunu ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndindən görünür ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi, məhkəmə qərarında qeyrimüəyyənliklər, ziddiyyətlər, həmçinin, məhkəmə qətnaməsinin icrası zamanı çətinlik yaradan hallar olduqda məhkəmə öz qərarına izah verir. Hazırkı işdə də məhkəmə qərarına izah verilməsi zərurəti qərarın icrası zamanı yaranan çətinlik, başqa sözlə pensiyanın yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış fikir ayrılığı barədədir. Ona görə də, hazırki iş üzrə qəbul edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi zamanı məhkəmənin istinad etdiyi qanunvericilik normalarına izah verilməsi (pensiya yenidən hesablanarkən məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarının hansı qaydada şərh edilməsi) həmin məhkəmə qərarının məzmununa təsir kimi və ya yeni iddia predmetinin müzakirəsi kimi deyil, normanın kazual təfrisi (izahı) kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında hüququn təfsirin müxtəlif meyarlara əsasən bir neçə növü fərqləndirilir. Təfsirin nəticələrinin hüquqi qüvvəsinə görə, rəsmi və qeyri-rəsmi hüquq təfsiri vardır. Rəsmi təfsir, yəni səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir özü də bir neçə növə ayrılır; autentik təfsir - hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi; leqal təfsir - hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir; normativ təfsir - müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir; kazual təfsir - konkret hüquqi işlərin baxılması üçün edilən təfsir. Məhkəmə baxılan işlə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait - pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür ("Əmək pensiyaları haqqında" Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (Həmin Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. 9-cu maddədə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil oian qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt "Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Məhkəmə kollegiyası yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarı qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, iddiaçının şəxsində güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi Qanunun 37.3.1-ci müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz yaşa görə əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, hərbi qulluqçuya ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır: 1) Əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə gön əlavənin məbləği artım qədər azaldılır; 2) Həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda - bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1 -ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir. Qeyd edilənlərdən aydın olduğu kimi, həmin norma yaşa görə əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra 6 il və daha çox müddət ərzində işlədiyi dövr üzrə fərdi hesabında toplanan kapital əsasında yenidən hesablanmasını deyil, yalnız pensiyanın sığorta hissəsi indeksləşdirildikdə və ya yenidən hesablandıqda qulluq stajına görə əlavələrin yenidən hesablanması barədə olmaqla, əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. İşdən görünür ki, iddiaçı 6 ildən çox müddət ərizndə işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsini Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Qanunun 37.3.1-ci maddəsinin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur. Belə ki, 1) şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya 2) pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğu, o cümlədən, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, onun pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Cavabdeh orqanın isə Qanunun 29.2-ci maddəsinə (indeksləşdirməyə) istinad edərək pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğini azaltması baxılan işin mahiyyətinə ziddir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(118)-416/2022 nömrəli qərarının icrasının tərəflərindən başa çatdırılmasıdır. Şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh orqan isə məhkəmənin həmin qərarını icra edərkən iddiaçıya münasibətdə Qanunun 29.2-ci maddəsini tətbiq edərək qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması qaydasını müəyyən etməklə, pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi halında qulluq stajına görə əlavənin məbləğinin azaldılmasını nəzərdə tutan 29.2-ci maddənin həmin məhkəmə qərarına aidiyyatı yoxdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən icra edilməmişdir. İşin sadalanan xüsusatlarına əsasən məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş qərarına iddiaçının yaşa görə əmək pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamaqla yenidən hesablanmalı olması kimi izah verməklə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-416/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar