Məhkəmə qərarları › İş №2-1(105)-646/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-646/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-646/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(118)-712/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 10 avqust 2022-ci il tarixli, 10-08/74/1 nömrəli arayışından görünür ki, həkim-stomatoloq İddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərə X3 Mərkəzində nümunəvi tibbi xidmət göstərmişdir. Qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 1 dekabr 2020-ci il tarixə kimi X3 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-nin 4 oktyabr 2020-ci il tarixli “Ezamiyyətə göndərilməsi haqqında” məktubundan görünür ki, "xxxx" MMC-nin həkim xidməti üzrə mütəxəssisi (üzçənə cərrəhı) İddiaçı 10 gün müddətində Füzuli rayonunda yerləşən Füzuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur. Əsas “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apardığı mücadilədə yaralananlara könüllü olaraq yardım etməsi üçün müraciəti” olaraq qeyd edilmişdir. “X4” MMC-nin 4 oktyabr 2020-ci il tarixli “Ezamiyyətə göndərilməsi haqqında” məktubundan görünür ki, “X4” MMC-nin “Assistans” xidməti üzrə mütəxəssisi (üz-çənə cərrəhı) İddiaçı 10 gün müddətində Fizuli rayonunda yerləşən Fizuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur. Əsas “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apardığı mücadilədə yaralananlara könüllü olaraq yardım etməsi üçün müraciəti” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin 5 iyun 2023-cü il tarixli, 4/35173 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 4 aprel 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayon Mərkəzi xəstəxanasının müvafiq arayışı və məktubu ilə iddiaçı tərəfindən 4 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixinədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində yaralı hərbçilərə X3 Mərkəzində nümunəvi tibbi xidmət göstərilmişdir. İddiaçıya məxsus hərbi biletdə də qeyd edilmişdir ki, o, həqiqətən X3 Mərkəzində 4 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində yaralı hərbiçilərə X3 Mərkəzində tibbi xidmət göstərmişdir. Bununla bağlı ona TƏBİB tərəfindən təşəkkürnamə və X3 Mərkəzi tərəfindən Fəxri Fərman da təqdim edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından 5 iyun 2023-cü il tarixli məktubla imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara istinad edərək, iddiaçının iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(118)-712/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz müraciətinə əsasən könüllü olaraq yardım etməsi üçün "xxxx" MMC və “X4” MMC tərəfindən 10 gün müddətində Füzuli rayonunda yerləşən Füzuli rayon Tibb Mərkəzinə ezam olunmuşdur. Göründüyü kimi, hazırkı halda iddiaçı ilə cavabdeh arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti mövcud deyildir. Bu səbəbdən də, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmununu nəzərə alaraq, hazırkı iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi deyildir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq da qeyd etmişdir ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AR Nazirlər Kabinetinin 187 nömrəli 13 may 2015-ci il tarixli qərarının ikinci bəndində müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı dövlət orqanlarının siyahısı verilmişdir. Həmin siyahıda TƏBİB- in adı yoxdur. Yəni TƏBİB müharibə veteranı adı ilə bağlı komissiya təşkil etmək və rəy vermək səlahiyyətinə malik deyil. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Kollegiya qeyd edir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Əsasnamənin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri (döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur) üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normanın məzmunundan müəyyən edilir ki, “müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların (tibbi təminat daxil olmaqla) yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə onların ezam olunduqları yerdən asılı olaraq, yəni xidmət keçdiyi, qulluq etdiyi, işlədiyi inzibati orqanın müvafiq komissiyasının rəyinə əsasən verilməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 2 iyul 2024-cü il tarixli, 181- 36/2-710/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 44 günlük Vətən müharibəsi zamanı Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X3 Mərkəzinə) ezam olunmuşdur. Vətən müharibəsi zamanı Bakıdan bir çox özəl xəstəxanalardan tibbi briqadalar Füzuli rayonuna ezam olunmuşdur. Vətən müharibəsi başlayandan 27 sentyabr 2020-ci il tarixdən 1 dekabr 2020-ci il tarixə kimi Füzuli Mərkəzi rayon Xəstəxanasında (keçmiş X3 Mərkəzi) mülkü şəxslər deyil, yalnız yaralı hərbi qulluqçulara tibbi xidmət göstərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 19 iyul 2024-cü il tarixli, 18-1/2-664/2024 nömrəli məktubundan görünür ki, 44 günlük “Vətən müharibəsi” zamanı “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə (X3 Mərkəzi) yalnız TƏBİB tabeli tibb müəssisələrindən həkim-mütəxəssislər ezam olunmuşdur. Özəl tibb müəssisələrində çalışan mütəxəssislər X3 Mərkəzinə TƏBİB tərəfindən ezam edilməmişdir. Lakin bəzi həkimlər öz şəxsi təşəbbüsləri ilə könüllü olaraq yaralılara xidmət göstərmişdir. Əlavə olaraq qeyd edilir ki, X3 Mərkəzində müharibə dövründə yalnız yaralı hərbi qulluqçulara tibbi xidmət göstərilmişdir. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı könüllü şəkildə "xxxx" MMC və “X4” MMC tərəfindən Füzuli rayon Tibb Mərkəzinə 10 günlük ezamiyyətdə olmuşdur. Lakin onun ilə cavabdeh arasında hər hansı rəsmi əmək və ya xidməti münasibətin mövcud olmadığına görə qanunvericiliyin müvafiq normalarına əsasən, hazırkı iş üzrə iddiaya cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınması məqsədəuyğun deyil. Göründüyü kimi iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana, yəni qarşı qaldırılmamışdır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı könüllü şəkildə yaralılara tibbi xidmət göstərmək məqsədilə ezam olunduğundan, bu halda iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi deyil, məhz könüllülərin ezam olunması və onların statuslarının müəyyən edilməsi səlahiyyətinə malik olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalıdır. Çünki iddiaçı hazırki cavabdehlə rəsmi əmək və ya xidməti münasibətdə olmamaqla yanaşı, yalnız könüllü surətdə iştirak etdiyi üçün cavabdeh kimi həmin orqanın tanınması qanunvericiliyə uyğundur və bu səbəbdən hazırki iddia yalnız həmin orqana qarşı qaldırıla bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən məcburetmə (öhdəliyin icrası) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur. Bu mənada, iddiaçının həmin tələblə bağlı əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur. Kollegiya iddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ona müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin olmaması və cavabdehin imtinasının olmamasını nəzərə alaraq iddiaçdan cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddia tələbinə dəqiqləşmə alınması ilə bağlı hüquqi yardım gösdərilməsinə lüzum görmür. Bir sözlə, iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi halda iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmiş olar. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından iddia mümkün deyildir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(118)-712/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar