Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-647/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ona məxsus Xızı rayonu Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-81/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayonu Xələnc bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarından çıxarışın surətindən görünür ki, bələdiyyə fondunun alqı-satqı predmeti olan perspektiv inkişaf fonduna ayrılmış torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün 0,12 həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xızı rayonu Xələnc bələdiyyəsi tərəfindən İddiaçı 0,12 ha torpaq sahəsi satılmışdır. 12 sentyabr 2005-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 134 manat bələdiyyənin hesabına köçürülmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı əvvəlki ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xələnc rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 sorğu ünvanlanmışdır. Belə ki, dayandırmanın müddəti bitənədək, X5 sorğuya cavab verilmədiyi üçün ərizənin icrasından imtina edilmiş və iddiaçının ünvanına hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə **********94 nömrəli, xx.xx.2022ci il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olan 09/5-10 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunan qərarın X7 aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayonu Xələnc kəndi ərazisində meşə fondu yoxdur, həmin ərazilər Altıağac Milli Parkına aiddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən ərazi Xızı inzibati rayonu ərazisində olmaqla, 4 saylı X12 Mərkəzinin Qarabulaq meşəbəyliyinin 25-ci kvartalından 1470 m məsafədə yerləşir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim etdiyiniz koordinatlar əsasında araşdırma aparılmış, sözügedən torpaq sahəsinin Altıağac Milli Parkının sərhədlərinin hüdudundan kənara (milli parkın sanitariya-mühafizə zonasına) düşdüyü məlum olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Xızı rayönu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair və X10 məxsus Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı qismində yalnız onun saxlanılmasını və “ona məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayonunun Xələnc bələdiyyəsinin 03.10 2005-ci il tarixli 10 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikilməsi üçün Xızı rayonunun Xələnc kəndi ərazisindən 1200 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahələrinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixində torpaq sahəsinin plan və ölçüsünü tərtib edilməsi barədə müvafiq sənədlər tərtib edilmiş və X14 Kitabında 56 və 57-ci nömrə ilə uçota alınmışlar. Bu yaxınlarda həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakın cavabdeh orqan ərizələrin təmin edilməsindən imtina etmiş və əsas kimi də bu topraq sahəsinə dair bələdiyyə qərarlarının AR Ədliyyə Nazirliyinin X7 aşkar edilməməsini göstərmişlər. Təbii ki, həmin sənədlərin AR Ədliyyə Nazirliyinin X9 göndərilməsi onun vəzifəsi olmadığı və həmçinin səlahiyyətinə aid olmadığı üçün bu əsasla ərizəsinin təmin edilməsindən imtina olunması tamamilə qanunsuzdur. İmtinanın heç bir hüquqi əsası yoxdur və cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı əvvəlki ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xələnc rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X9 sorğu ünvanlanmışdır. Belə ki, dayandırmanın müddəti bitənədək, X5 sorğuya cavab verilmədiyi üçün ərizənin icrasından imtina edilmiş və iddiaçının ünvanına hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə **********94 nömrəli, xx.xx.2022ci il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olan 09/5-10 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunan qərarın X7 aşkar olunmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-81/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya ayrılmış Xızı rayonu, Xələnc kəndində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Xızı rayonu Xələnc bələdiyyəsinin 10 nömrəli, 03 oktyabr 2005-ci il tarixli qərarı və torpaqların alqısatqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqanın mübahisəli torpaq sahəsinin meşə zolağı ərazisində yerləşməsinə münasibətdə bildirir ki, qeyd olunan halın araşdırılması üçün məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlərin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 18 oktyabr 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, eyni tarixli bələdiyyə qərarı ilə ayrılmış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri “yaşayış məntəqələri” torpaqları kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin əlavə edilmiş sənədlərdən və ortofoto görüntülərindən çıxarışlar da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı təyinatlı istifadə edilmir. Bundan əlavə sənədlərdən görünür ki, iddiaçı ilə eyni illərdə bələdiyyə qərarı əsasənda vətəndaşlara ayrılan, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri də “yaşayış məntəqələri torpaqları” kimi reyestrdə qeydə alınmışdır. Həmçinin yuxarıda adıçəkilən bələdiyyə qərarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi “fərdi yaşayış evi tikintisi” məqsədilə ayrılmışdır. İddiaçıya torpaq sahəsi satılan zaman fərdi yaşayış evi tikintisi məqsədilə satılması, lakin hal-hazırda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kimi qeydə alınması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olur. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi hal tamamilə əsassızdır və formal xarakter daşıyır. Hazırki iş üzrə ilkin iddia ərizəsində iddiaçı ilə birgə iddiaçı qismində iştirak etmiş və bələdiyyənin eyni tarixli qərarı ilə 1200kv.m torpaq sahəsi ayrılmış X8 torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşu torpaq sahələridir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə X8 yuxarıda qeyd edilən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına çıxarış verilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, faktiki torpaq sahəsi iddiaçıya ayrıldığı dövrdə Xızı rayon Xələnc kəndinə aid kompleks yerquruluşu xəritəsində və baza məlumatlarında mövcud olan Xızı rayon Xələnc kəndinə aid kompleks yerquruluşu xəritəsində bələdiyyə mülkiyyətinə aid meşə zolağında (3601) göstərilmişdir. Lakin Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı Xızı rayonu, Xələnc bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün sahəsi 0.12 ha olan həyətyanı torpaq sahəsi satılmışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Xızı rayonu Xələnc bələdiyyəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır, bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır da. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0,12 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və müvafiq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq bələdiyyə qərarı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, onun adına alqı-satqı aktı, kadastr planı (plan və ölçü sənədi) tərtib edilmiş, kassa mədaxil qəbzi mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasının məqsədəmüvafiq hesab edilməsi barədə rəy tərtib edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, müvafiq torpaq şöbəsinin, bələdiyyənin və müvafiq icra hakimiyyəti orqanının möhürü ilə təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmiş, kadastr kitabında uçot nömrəsi ilə qeydə alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya satılmasına dair müvafiq bələdiyyə qərarı və onunla əlaqədar olan digər sənədlərin arxiv nüsxələri mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə qərarının X3maması əsası ilə hüquqların dövlət qeydiyyatından imtina oluna bilməz, çünki qanunvericilikdə hüquqların dövlət qeydiyyatından imtinanın əsasları birmənalı olaraq göstərilmişdir. Bundan əlavə, bələdiyyə qərarının X9 təqdim edilməsi iddiaçının öhdəliyi, vəzifəsi olmamaqla, təqdim edilməməsinə görə də o məsuliyyət daşıya və bu hal onun vəziyyətini ağırlaşdıra bilməz. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bələdiyyə qərarının həqiqiliyinin yoxlanılması üçün X9 sorğu göndərməsi istiqamətində apardığı araşdırmaya münasibətdə onu qeyd edir ki, hər hansı bələdiyyə qərarının X9 təqdim edilməsi və mərkəzdə qeydiyyata alınması həmin bələdiyyə qərarının mötəbər, qanunauyğun olması anlamına gəlmir. Həmçinin bələdiyyə qərarının X9 təqdim edilməməsi də həmin qərarın həqiqi olmadığına əsas ola bilməz. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi müvafiq bələdiyyə qərarının aşkar edilməməsi halına formal olaraq istinad etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamnaı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olan sənədlər tələb edilərək, tədqiq edilmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri eyni hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış və həmin torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi meşə fonduna aid olmamaqla, müvafiq Milli Parkın sərhəd hüdudlarından kənarda yerləşir. bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan meşə torpaqlarına aid olması ilə bağlı istinad etdiyi arqumenti iş materialları əsasında təkzib olunduğundan, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya torpaq sahəsinin satılması barədə müvafiq bələdiyyə qərarı qüvvədə olmaqla, iddiaçının mülkiyyət hüququ mövcud olmuşdur, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu aşkar edilməmişdir. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-81/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-647/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-647/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver