Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-648/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(118)-1746/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin hərəkətələrinin qanunsuz hesab edilməklə ona və ailə üzvlərinə ünvanlı sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşı Balcı Mehmet Mustafa oğlu ilə 2006-cı ildə nikaha girmişdir. Birgə nikahdan xx.xx.2006-cı ildə Volkan Balcı adlı uşaqları anadan olmuşdur. Türkiyə Respublikası X10 Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bunu xx.xx.2014-cü il tarixli, AZ- 1 № 189918 saylı “Nikahın pozulması haqqında şəhadətnamə” təsdiq edir. X10 Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2013-cü il tarixli, 10(102)-102/13 saylı qərardadı ilə vəsatəti təmin edilmiş, Türkiyə Respublikası X10 Məhkəməsinin 17 iyul 2009cu il tarixli qətnaməsi Azərbaycan Respublikasında tanınmışdır. Keçmiş həyat yoldaşı Balcı Mehmet Mustafa 25 yanvar 2015-ci ildə vəfat etmişdir. İddiaçı ünvanlı sosial yardım almaq məqsədilə xx.xx.2022-ci ildə **********00901 saylı müraciətlə cavabdehə müraciət etmiş, cavabdeh “Ünvanlı sosial yardımın alınmasından imtina edilməsi barədə” bildirişdə müraciətindən imtina etmişdir. İmtinaya səbəb kimi bildirişdə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməsi” qeyd edilməmişdir. xx.xx.2006-cı ildə anadan olmuş oğlu Volkan Balcı Mehmet onkoloji xəstə olduğuna görə və özü də onkoloji xəstə olduğuna görə işləmir. Mərhum həyat yoldaşı vəfat etmişdir. Ailəsində işləyən yoxdur. Heç bir yerdən gəlir əldə etmir. Həyat yoldaşı vəfat etdiyi halda cavabdehin onun aliment almaq üçün müraciət etməməsi səbəbindən ona yardım təyin etməkdən imtina etməsi absurddur. Ailə vəziyyəti ağır olduğuna, maddi cəhətdən çətinlik çəkdiyinə görə ünvanlı sosial yardım təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Yeganə qazanc mənbəyi oğluna xəstəliyi ilə əlaqədar olaraq ödənilən müavinətdir. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X11 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Eyni zamanda həmin Qaydalarda qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 1) əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 2) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 3) işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur. Xarici valyuta ilə əldə olunan gəlir bu gəlirin əldə edildiyi tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Qaydaların 7.1-ci bəndində qeyd olunur ki, Qaydaların 1.3-cü bəndində göstərilən qurumların “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək həmin arayış və məlumatlar təmsilçi tərəfindən kağız formasında alınır və VEMTAS-a daxil edilir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş müayinə və monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audio-videofoto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial vardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, müayinə və monitorinq zamanı ailə üzvünün rəsmi nikahda olması barədə şifahi qaydada soruşulur. Əgər nikaha rəsmi qaydada xitam verilməsi bildirilərsə, aliment iddiasının olub-olmaması məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Aliment iddiası olmadıqda imtina verilmir. Aliment iddiası olub, lakin aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim edən ailədə aliment gəlirləri arayışa əsasən nəzərə alınır. Nikaha rəsmi qaydada xitam verilməsi halında, aliment iddiasının olub-olmamasını müəyyən etmək üçün məhkəmə qətnaməsi təqdim edilmədikdə, imtina verilir. Hal-hazırkı iş üzrə İddiaçı aliment iddiasının olub-olmaması barədə məhkəmə qətnaməsi təqdim etməmişdir. Həmçinin iddiaçı aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim etməyərək, maddi-məişət şəraitinin yoxlanılması zamanı da bu barədə heç bir şey qeyd etməmişdir. Bu fakt isə maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı Əhmədaqa qızının iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(118)-1746/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının 28 fevral 2022-ci il tarixində müraciətini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, ailənin gəlirləri barədə məlumat düzgün göstərilməmişdir. Daha sonra, cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial vardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, müayinə və monitorinq zamanı ailə üzvünün rəsmi nikahda olması barədə şifahi qaydada soruşulur. Əgər nikaha rəsmi qaydada xitam verilməsi bildirilərsə, aliment iddiasının olub-olmaması məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Aliment iddiası olmadıqda imtina verilmir. Aliment iddiası olub, lakin aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim edən ailədə aliment gəlirləri arayışa əsasən nəzərə alınır. Nikaha rəsmi qaydada xitam verilməsi halında, aliment iddiasının olub-olmamasını müəyyən etmək üçün məhkəmə qətnaməsi təqdim edilmədikdə, imtina verilir. Hal-hazırkı iş üzrə İddiaçı aliment iddiasının olub-olmaması barədə məhkəmə qətnaməsi təqdim etməmişdir. Həmçinin iddiaçı aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim etməyərək, maddi-məişət şəraitinin yoxlanılması zamanı da bu barədə heç bir şey qeyd etməmişdir. Cavabdehin imtina əsası və apellyasiya şikayətinin eyni dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Türkiyə Respublikası X10 Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Balcı Mehmet Mustafa oğluna qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli 10(102)- 102/13 saylı qərardadından görünür ki, X3 vəsatəti təmin edilmiş, Türkiyə Respublikası Ailə Məhkəməsinin 17 iyul 2009-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması qərara alınmışdır. AZ-İ 189918 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Balcı Mehmet Mustafa oğlu ilə X5 arasındakı nikah 13 aprel 2014-cü il tarixdə pozulmuş, qadına Ramazanova soyadı verilmişdir. İş materiallarından görünür ki, 17 sentyabr 2006-cı il təvəllüdlü X12 oğlu sağlamlıq imkanları məhdud uşaqdır. İşə əlavə edilmiş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş ölüm haqqında sənəddən görünür ki, Balcı Mehmet Mustafa oğlu 25 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının keçmiş əri Balcı Mehmet Mustafa oğlu vəfat etdiyindən iddiaçının aliment iddiası ilə məhkəməyə müraciət etməsi və aliment tələb etməsi mümkün deyil və iddiaçının ərinin ölməsi barədə sənədi təqdim etdiyi halda cavabdeh inzibati orqan tərəfindən onun aliment alıb-almaması barədə arayış təqdim edilməsini tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır. Odur ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(118)-1746/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-648/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-648/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver