Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-65/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov X4 Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı əmək pensiyasının bərpa olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2-1(118)-439/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarına əsasən iddiaçıya 05 may 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 23.10.2019-cu ilədn 05.11.2019-cu ilədək DSMF Abşeron rayon Şöbəsində pensiyaların təyinatı vəziyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, onun əmək stajı 20 il 10 ay 03 gün təşkil edir. Bu səbəbdən 05.05.2019-cu ildən 01.11.2019-cu il tarixədək olan dövrdə təyin edilmiş əmək pensiyası düzgün hesablanmadığı üçün artıq alınmış vəsait şöbənin hesabına geri qaytarılmışdır. İddiaçı pensiyanın bərpası üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh **********3 saylı, 25 noyabr 2019-cu il tarixli məktub ilə imtina cavabı verərək bildirmişdir ki, əmək kitabçasında qeyd edilmiş 04.02.1997-01.02.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd edilən dövrlərə aid əmrlər kitabının saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlanılan əmək haqqı cədvəllərində 01.01.2002-ci ildən 31.12.2005-ci ilədək iddiaçının adına rast gəlinmişdir. Buna görə də, iddiaçının 20 il 10 ay 03 gün əmək stajı vardır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, ilk əvvəl 04.02.1997-ci ildən 01.02.2006-cı ilə qədər “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi üçün əmək stajının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək, 05 may 2019-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bu günə kimi müxtəlif işlərdə işləmiş və bütün işlədiyi idarələr əmək kitabçasında qeyd edilmişdir. 25 ildən artıq sığorta stajına malikdir. “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində əmrlər kitabının saxlanılmaması onun təqsiri deyil. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2-1(118)-439/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-422/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 04.02.1997-ci il tarixindən 01.02.2006-cı il tarixinə kimi, “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyində işlədiyini iddia etsə də, iş yerində saxlanılan əmək haqqı cədvəlllərində vətəndaşın adına yalnız 01.01.2002-ci il tarixindən 31.12.2005-ci il tarixinə qədər rast gəlinir. Bu dövrlər də şəxsin sığorta stajına daxil edilib. “Ümid Yeri” Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimova da iddiaçının yalnız 01.01.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək əmək haqqı aldığını təsdiq etmişdir. Həmçinin cəmiyyətin sədri Nigar Mənsimova birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda cəmiyyətin əvvəllər Yasamal rayonunda yerləşdiyini, binanın söküldüyünü və seyflərinin oğurlandığını və bu səbəbdən də sənədlərin itdiyini bildirmişdir. Lakin İddiaçı 04.02.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək işlədiyini iddia edir və sənədlərin itirildiyi əsas arqument kimi göstərilir. Lakin İddiaçı adının 01.01.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək olan dövrdə əmək haqqı cədvəllərində olduğu müəyyən edilmişdir. Göründüyü kimi işlədiyi müddət ilə əmək haqqı aldığı müddət üst-üstə düşmür. Həmçinin seyf oğurlandıqda sənədlərin müəyyən qisminin (04.02.1997-01.01.2002 və 31.12.2005-01.02.2006) itirilməsi özü-özlüyündə İddiaçı 04.02.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək fasiləsiz həmin cəmiyyətdə işləməsi ilə bağlı şübhə doğurur. İddiaçı əmək kitabçasına müvafiq olaraq onun ümumilikdə 27 il 10 ay 10 gün sosial sığorta stajı vardır. “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi dövr ərzində (04.02.1997-01.02.2006) onun 08 il 11 ay 27 gün sosial sığorta stajı vardır. Lakin İddiaçı adının “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində 01.01.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək əmək haqqı cədvəllərində öz əksini tapdığından həmin illər üzrə onun sosial sığorta stajını 03 il 12 ay təşkil edir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 22 il 10 gün 13 gün təşkil edir. Müəssisə Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq sənədləri mühafizə etmədiyinə görə, həmçinin yalnız müəyyən dövrlər üzrə əmək haqqı cədvəlləri mövcud olduğuna görə əmək kitabçasının mötəbərliyi istisna edilir. Çünki bir çox normativ aktlarda işçiyə işlədiyi dövr ərzində əmək haqqı ödənilməsi məcburi şərt kimi qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu faktı nəzərə almamış, vətəndaşın əmək haqqı cədvəllərinin müəyyən hissəsində adının olmasını mübahisəli illərin sığorta stajına daxil edilməsi üçün əsas hesab etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti iə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 04.02.1997-ci ildən 31.12.2005-ci ilə qədər “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil etməklə ona pensiya hüququnun yarandığı 05.05.2019-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxs “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (61) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınsa da, sonradan audit yoxlaması nəticəsində iddiaçının sığorta stajının 25 il təşkil etmədiyi müəyyən edildiyindən pensiyanın ödənişi dayandırılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 04.02.1997-ci ildən 01.02.2006-cı ilədək “Ümid Yeri” Xeyriyyə cəmiyyətində iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. Eyni zamanda “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin 04.02.1997-ci ildən hal-hazıradək fəalyyətinin olması, dövlət sosial müdafiyə fonduna müvafiq ödənişlərin edilməsi, əmək haqqı cədvəllərinin müəyyən hissəsinin olması iddiaçının əmək kitabçasında göstərilən dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmasına əsas verir. Cavabdeh isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, iddiaçının “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi dövr ərzində (04.02.1997-01.02.2006) onun 08 il 11 ay 27 gün sosial sığorta stajı vardır. Lakin İddiaçı adının “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində 01.01.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək əmək haqqı cədvəllərində öz əksini tapdığından, həmçinin əmrlər kitabı saxlanılmadığından həmin illər üzrə onun sosial sığorta stajı 03 il 12 ay təşkil edir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 22 il 10 gün 13 gün təşkil edir. Beləliklə işin mübahisə edilən məqamı 04.02.1997-ci ildən 01.01.2002-ci il tarixədək iddiaçının “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi dövrün sığorta stajına daxil edilməsi ilə bağlıdır. Əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilən iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatınverdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İş materiallarına əlavə edilən, iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, iddiaçı 06.12.1979-cu il tarixdə Bakı Mebel Yığma Kombinatının elektrik sexində elektrik yükü daşıyıcısı sürücünün şagirdi işinə işə qəbul edilmiş, 01.03.1980-ci ildə 3-cü dərəcəli sürücü ilə təltif edilmişdir, 26.09.1982-ci ildə öz xahişinə əsasən işdən azad edilmişdir. 25.10.1982-ci ildə Süd Birliyinin Bakı şəhəri Süd zavoduna pəhriz sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Aqrar Sənaye Komitəsinin 22.01.1991-ci il tarixli 40 saylı əmri ilə Süd Birliyinin Bakı şəhəri Süd zavodu-Bakı şəhəri Süd Kombinatı adlandırılmışdır. 18.11.1996-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 04.02.1997-ci ildə “Ümüd yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzində xadimə vəzifəsinə işə qəbul edilmiş, 01.02.2006-cı ildə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 23.07.2019-cu il tarixli aktdan görünür ki, DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən əmək kitabçasında qeyd edilmiş 04.02.1997-01.02.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd edilən dövrlərə aid əmrlər kitabının saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlanılan əmək haqqı cədvəllərində 01.01.2002-ci ildən 31.12.2005-ci ilədək iddiaçının adına rast gəlinmiş, ödənilmiş məbləğdən sosial sığorta ayırmaları aparılmışdır. “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti ictimai Birliyinin sədri Nigar Mənsimova tərəfindən məhkəməyə ünvanlanmış 79 №-li 12.04.2021-ci il tarixli məktubdan görünür ki, həqiqətən də xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 04.02.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək “Ümid Yeri” Xeyriyyə Cəmiyyətinin Uşaq Sığınacağında xadimə vəzifəsində çalışaraq küçə həyatından uzaqlaşdırılmış yetim və kimsəsiz uşaqlara xidmət göstərmişdir. “Ümid Yeri” X3 rayonu, C.Məmmədquluzadə 9 ünvanında yerləşirdi. Həmin ünvandakı binaları dövlət planına düşdüyü üçün onlar həmin ünvandan başqa ünvana köçmüşlər və köçmə prosesi zamanı təşkilatlarına məxsus və içərisində rəsmi sənədləri olan dəmir seyf oğurlanmışdır. Bu səbəbdən təşkilatlarına məxsus 04.02.1997-ci il tarixdən 01.02.2006-cı il tarixədək dövrü əhatə edən sənədlər itirilmişdir. Bu sənədlər içərisində işçilərin əmək haqqının hesablanması kitabları da olmuşdur. Həmin səbəbdən də İddiaçı aid çıxarışları təqdim edə bilmirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 04.02.1997 - 31.12.2005-ci illərdə “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti Birliyində işləməsi onun əmək kitabçasında əks olunduğundan sənədlərin yerində qarşılıqlı yoxlanması zamanı əmrlər kitabının, həmçinin 01.01.2002-ci ilədək əmək haqqının ödənilməsi kitablarının saxlanılmaması iddiaçının təqsiri üzündən baş verməmiş, qeyd edilən hal təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas deyildir. Odur ki, iddiaçının 04.02.1997-ci ildən 31.12.2005-ci ilədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı 25 ildən artıq sığorta stajına malik olduğundan cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını dayandırmaqda haqlı olmamış, birinci instansiya məhkəməsi pensiyanın bərpa olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 04.02.1997-ci ildən 31.12.2005-ci ilə qədər “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi müddətlər sosial sığorta stajına daxil etməklə, 05.05.2019-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2-1(118)-439/2020 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2-1(118)-439/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 04.02.1997-ci ildən 31.12.2005-ci ilə qədər “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə iddiaçıya pensiya hüququnun yarandığı 05.05.2019-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının həmin tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxs 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-65/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-65/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver