Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-65/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı ”güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı ”güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)- 99/2021 saylı qərarından İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Quba rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək 52 yaşdan, yəni 09 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1964-cü ildə doğulmuş, 12 mart 1985-ci ildən əmək fəaliyyətinə başlayaraq 31 oktyabr 2006-cı il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. O, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Bu qanunsuzdur və sosial təminat hüququnu pozmuşdur.
Cavabdehin etirazları:
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 21.09.2020-ci il tarixli etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (a) bəndinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. “Azmənzilsənayetikintitəmir” birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsinin arayışından görünür ki, iddiaçı 02.09.1985 - 30.12.1998-ci ilədək işlədiyi peşə Nazirlər Kabinetinin qərarının 1 nömrəli siyahısı üzrə 1080A010 şifrəsi ilə güzəştli pensiya hüququ verən peşələrə aiddir. Lakin həmin arayışda nömrə və tarix, iddiaçının işlədiyi peşənin adı qeyd edilməmiş, bundan başqa həmin qeydlər əmək kitabçasındakı qeydlərlə üst-üstə düşmür. Beləliklə, iddiaçının tələb olunan 10 il xüsusi staja malik olması təsdiq olunmadığından onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki ilk icraat
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(085)- 1022/2019 saylı qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia təmin edilərək İddiaçı 52 yaşdan, yəni 09 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Quba rayon şöbəsi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(085)-1022/2019 saylı qərarından apellyasiya şikayəti verilərək İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 591/2019 saylı, 08 oktaybr 2019-cu il tarixli qərardadı (hakimlər H.Ç.Babayeva – sədrlik edən və məruzəçi, N.M.Nəsibov və Z.İ.Məmmədov) ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Quba rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 591/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərardadı (hakimlər H.Ç.Babayeva – sədrlik edən və məruzəçi, N.M.Nəsibov və Z.İ.Məmmədov) ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(085)- 1022/2019 saylı qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
c) Birinci instansiya məhkəməsində ikinci icraat:
8. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-99/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-99/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
10. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan sənədlərdən (əmək kitabçası, iş yerindən verilmiş arayışlar) və apellyasiya şikayətinə əlavə etdikləri arayışlardan görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən çox ümumi iş stajı və 10 ildən çox zərərli iş stajı mövcuddur. Məhkəmənin öz qərarında istinad etdiyi arayışla bağlı qeyd olunmalıdır ki, məhkəməyə təqdim olunmuş arayışda texniki qüsurların (nömrə və tarixin qeyd olunmaması) mövcudluğu ilə bağlı onlara hər hansı bir xəbərdarlıq və irad vaxtında bildirilməmiş, əgər bildirilsəydi həmin arayışın kargüzarlıq qaydalarına uyğun şəkildə tərtib edilmiş və uzun müddətdir onlarda mövcud olan əsli məhkəməyə təqdim edilərdi. Həmçinin həmin arayışla bağlı qeyd olunmalıdır ki, tərtib edilmiş arayışda müəssisənin rəhbər şəxslərinin imzası və müəssisənin möhürü mövcud olmuşdur. Lakin, məhkəmə həmin halı nəzərə almamışdır. Eyni zamanda işə baxan məhkəmə iddianın rədd olunması ilə bağlı gətirdiyi digər əsas da, iddiaçının işlədiyi peşələrin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda öz əksini tapmadığı olmuşdur. İş materillarında iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, onun 10 ildən çox olmaqla zərərli iş stajı mövcuddur. Məhkəmə isə həmin arayışı düzgün şəkildə təhlil etməmişdir. Belə ki, məhkəmə iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahının 8-ci bölməsində əks olunmadığını qeyd etməklə iddianı rədd etmişdir. Lakin işə baxan məhkəmə çox primitiv və anlaşılan bir nüansı nəzərdən qaçırmışdır. Belə ki, adı çəkilən siyahıda kimya sənayesi yeganə bölmədir ki, orada vəzifələr adbaad qeyd olunmamışdır. Həmin bölmədə fəhlələr, mütəxəssislər və rəhbərlər ümumilikdə qeyd olunmaqla yalnız işlədiyi kimyəvi materiallar və məmulatlar əsasında güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun yaranması qeyd olunmuşdur. İşə baxan məhkəmə göstərdikləri nüansı nəzərə almayaraq qanunsuz və əsassız yerə iddiaçının hüquqlarını pozmuşdur. Göründüyü kimi iddiaçının ümumilikdə 20 il ümumi, 10 il zərərli iş stajı mövcuddur. Lakin məhkəmə həmin halı nəzərə almamaqla iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəillərinə uyğun izahat verərək onu da vurğuladı ki, Təmir Tikinti Təchizat idarəsi tərəfindən verilmiş arayışlar 2006-cı ildə iddiaçıya verilmişdir. İddiaçı ona bildirmişdi ki, müəssisə fəaliyyətini dayandırana qədər işçilərə həmin arayışlar təqdim olunub. Arayışlar təqdim edilərkən işçilərə bildirilib ki, arayışları özlərində saxlasınlar. Ola bilər ki, müəssisə nə vaxtsa fəaliyyətini dayandırsın. Ancaq kiminsə nə vaxtsa güzəştli şərtlərlə pensiya hüququ yaranarsa həmin sənədlərdən istifadə oluna bilər. Əlavə olaraq vurğuladı ki, iddiaçının əmək kitabçasında işləməsi faktı öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, həmin müəssisəni tapa bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, əvvəlki dövrlərdə müəssisələr necə fəaliyyət göstərirdi. Yəni hazırda cavabdehin irəli sürdüyü tələblər 21-ci əsrin tələbləridir. İşçi hardan bilə bilərdi ki, onun işlədiyi müəssisə kargüzarlıq qaydalarına riayət edib, ya etməyib. Əsas Əmək Məcəlləsinin 87-ci maddəsidir. Həmin maddədə qeyd edilmişdir ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Eyni zamanda onların məhkəməyə təqdim etdikləri arayışdan da görünür ki, iddiaçının zərərli işdə işləməsi faktı öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iki əsasa önəm vermişdir. Birincisi arayışın nömrəsinin və verildiyi tarixin göstərilməməsi, ikincisi isə iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıya uyğun gəlməməsi. Arayışla bağlı qeyd edə bilər ki, onlar əlindən nə gəlirsə edib, həmin sənədi əldə edib məhkəməyə təqdim etmişlər. İkinci məsələ ilə bağlı bildirə bilər ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda hüquqlarını müdafiə etdiyi şəxsin işlədiyi Kimya Sənayesi yeganə bölmədir ki, orada vəzifələr üzrə deyil, işlədiyi kimyəvi məhsullar üzrə vətəndaşlara güzəştli şərtlərlə pensiya hüququ yaradır. Orada sadəcə bir cümlə yazılır, fəhlələr, rəhbərlər, mütəxəssislər. yəni həmin siyahıya hər kəs daxildir, sadəcə işlədiyi kimyəvi məhsulun nə qədər zərərli olmasından asılıdır. Bununla da bağlı işlədiyi müəssisə tərəfindən sənəd təqdim edilmişdir. Həmçinin onu da vurğulayır ki, müəssisə 2006-cı il tarixdən fəaliyyət göstərməsə də, möhür və ştamplar müəssisənin fəaliyyət göstərdiyi dövrdə olan son direktorundadır. Həmin şəxs tərəfindən məhkəməyə təqdim edilən arayışa möhür vurulmuşdur. Əlavə olaraq bildirdi ki, arayışda qeyd edilən tarixlər, ola bilsin ki, əmrlər kitabı, əmək haqqı cədvəli və şəxsin əmək kitabçası əsasında yazılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edirlər.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdeh tərəf rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının nümayəndəsi ilk məhkəmə iclasında iştirak etsə də, növbəti iclaslara gəlməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə 24.02.2022-ci il tarixdə ərizə ünvanlayaraq göstərmişdir ki, məhkəmə proseslərində iddiaçı bildirmişdir ki, vaxtilə işləmiş olduğu Azərbaycan Respublikası "Azmənzilsənayetikintitəmir" birliyi təmir tikinti təchizat idarəsi hazırda fəaliyyət göstərmir. 16.12.2021-ci il tarixli arayış isə 16.12.2021-ci il tarixdə imzalanıb və möhür vurulmuşdur. Vergilər Nazirliyinin internet səhifəsində olan "bir pəncərə" sistemindən belə bir adda hüquqi şəxs qeydiyyatdan keçməmişdir. Belə bir hüquqi şəxsin hazırda mövcud olması və fəaliyyət göstərməsi barədə məhkəmə özü də Vergilər Nazirliyinə sorğu verə bilər. İddiaçı tərəfindən müəssisənin VÖEN-i, əgər varsa, təqdim edilmədiyi üçün, onlar müəssisə barədə məlumatları əldə edə bilmirlər. Hesab edirlər ki, təqdim edilən arayış mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə praktikasında analoji işlər üzrə belə hallar olmuşdur ki, fəaliyyətini dayandırmış müəssisənin rəhbəri müəssisənin möhürü özündə saxlamış və istədiyi formada və məzmunda arayışlar, məktublar və s. sənədləri təsdiqləyərək məhkəmələrə təqdim etmişlər. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-99/2021 saylı 01.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və qərarın qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edirlər. Həmçinin, nümayəndə Vəkil2 16.05.2022-ci il tarixdə məhkəməyə bir daha elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq 24.02.2022-ci il tarixdə təqdim etdikləri ərizədəki mövqelərini müdafiə etdiklərini, hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
29. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
30. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
31. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;
32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hazırki qərarın 15-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyərək apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında haqlı olaraq iddiaçı tərəfindən təqdim edilmiş arayışlar mötəbər sübut kimi qəbul edilməmişdir.
35. Belə ki, hazırkı qərarın 30-32-ci bəndində istinad edilən qanun normalarının tələblərinə əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavəsində (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
36. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kimi 12.03.1985-ci il tarixdən 31.10.2006-cı il tarixədək “Azmənzilsənayetikintitəmir” Birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsində işləməsinə əsaslanır. Lakin, iddiaçı ilkin olaraq birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışda “Az MSTT” birliyinin Təmir Tikinti Təchizat İdarəsində 02.09.1985-30.12.1998-ci ilə kimi “SK” zavodunun müxtəlif sexlıərində işləməsi göstərilsə də, arayışda nömrə və tarix qeyd edilməmiş, həmçinin İddiaçı işlədiyi peşənin adı da göstərilməmişdir(i.v.11).
37. İddiaçı tərəfindən 12.02.2020-ci il tarixində ərizə ilə birinci instansiya məhkəməsinə təqdim etdiyi yeni arayışların 1-cisində “Az MSTT” birliyinin Təmir Tikinti Təchizat İdarəsində təmirçi çilingər sənətində 02.09.1985-30.12.1998-ci ilə kimi “SK” zavodunun müxtəlif sexlıərində işləməsi(i.v.66), 2-ci arayışda 12.03.1985-30.12.1999-cu illərdə kimya obyektlərində zərərli və xüsusi zərərli iş şəraitində işləməsi (i.v.68), digər bir arxiv arayışında isə 12.03.1985-2006-cı illərdə TTTİ-si tərəfindən əmək haqqı ödənişinin hansı qaydada aparılması göstərilsə də (i.v.67), nə arayşların tarixi və nömrəsi, nə də ki, Arxiv arayışının hansı sübutlar əsasında verilməsi müəyyən deyildir. Eyni zamanda birinci instansiya məhkəməsinə təqdim edilmiş tarixi və nömrəsi qeyd edilməyən digər bir arayşda isə İddiaçı TTTİ-də işlədiyi qeyd edilən 03.09.1985-30.12.1998-ci illər üzrə faktiki işləmiş günlərin sayı əvvəlki arayışda qeyd edilən günlərin sayı ilə də ziddiyyət təşkil etməsi müəyyən edilir(i.v.155).
38. İddiaçı tərəfindən apellyaiya şikayətinə əlavə edilmiş arayışlarda həmin arayışların “Azmənzilsənayetikintitəmir” birliyinin Təmir Tikinti Təchizat İdarəsi tərəfindən №65, 11.11.2006-cı il və №67, 12.11.2006-cı il tarixlərilə tərtib edilməsi, apellyasiya baxışı zamanı isə əvvəllər məhkəməyə təqdim edilmiş tarixsiz və nömrəsiz arayşıların 16.12.2021-ci il tarixilə yenisinin təqdim edilməsi özü-özlüyündə həmin arayışların hüquqverən rəsmi sənəd kimi qəbul edilməsi yolverilməzdir ona görə ki, həmin arayışların verilməsinin hansı mötəbər əmr və digər sənədlər əsasında verildiyi məlum deyil, eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 da qeyd etdi ki, iddiaçının işləmiş olduğu TTTİ-si 2006-cı ildən fəaliyyət göstərməsə də, İdarənin sənədləri və möhürləri idarənin direktorunda olduğundan o, həmin arayışları yazıb iddiaçıya təqdim etmiş bu səbəbdən də həmin sənədlərin qəbul edilməməsinə əsas görmürlər(i.v. 190-191).
39. Məhkəmə kollegiyası iş üzrə əldə edilmiş sübutlarla bağlı onu da qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında aparılan qeydlərə görə İddiaçı 12.03.1985-ci il tarixdən 31.10.2006-cı il tarixədək eyni idarədə, yəni “Azmənzilsənayetikintitəmir” Birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsində təmirçi çilingər vəzifəsində işləmişdirsə, həmin müəssisə tərəfindən verilən arayışlarda hansı səbəbdən onun yalnız 02.09.1985-ci ildən 30.12.1998-ci il tarixədək işlədiyi dövrün güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilməsi anlaşılan deyildir.
40. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilən Siyahının 8-ci bölməsi üzrə müvafiq peşə və vəzifə kimi fəhlə, rəhbər və mütəxəssislər nəzərdə tutulmuşdur. İddiaçının əmək kiabçasında isə onun təmirçi çilingər işləməsi qeyd olunmuşdur.
41. Belə olan halda iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Beləliklə müəyyən olunur ki, iddiaçının 20 ildən yuxarı ümumi iş stajı olsa da, 1 saylı siyahı üzrə xüsusi iş stajı 10 il təşkil etmir ki, bu da 52 yaşdan 1 saylı Siyahı üzrə pensiya hüququnun yaranmasına (10 il xüsusi iş stajı olmadığından) əsas vermir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsinin fəaliyyətilə bağlı vergi ödəyicisi olub-olmaması barədə birinci instansiya məhkəməsi tərəfindən edilmiş sorğulara cavab olaraq Sumqayıt şəhərində yalnız Birliyin Cəbrayıl Təmir Tikinti İdarəsinin aşkar edildiyi bildirilmişdir(i.v.142).
43. İddiaçı əmək kitabçasına əsasən 31.10.2006-cı ilədək işləməsinin qeyd edilməsilə bağlı məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 28.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 31.03.2011-ci il tarixində dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir(i.v.209).
44. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün təqdim etdiyi sənədlər, o cümlədən əmək kitabçasında qeyd edilən 31.10.2006-cı ildə işdən azad edilməsinə dair qeydlər iş üzrə əldə edilmiş digər sübutlarla ziddiyyət təşkil etdiyindən, eyni zamanda iddiaçı tərəfin həmin sənədlərin yuxarıda qeyd edilən qaydada əldə edilməsi barədə göstərilənlərə əsasən məhkəmə kolllegiyası hesab edir ki, iddiaçının işləmiş olduğu TTTİ-i 2006-cı ildən fəaliyyətini dayandırdığından onun əvvəlki rəhbəri olmuş şəxs tərəfindən təqdim edilən hər-hansı sənəd-arayış mötəbər sübut kimi qiymətləndirilə bilməz, ona görə ki, fəaliyyətini dayandırmış müəssisənin rəhbəri müəssisənin möhürünü özündə saxlayaraq istədiyi formada və məzmunda arayışlar, məktublar və s. sənədləri təsdiqləyə bilər. Digər tərəfdən 1 yanvar 2006-cı il tarixdən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət sosial sığorta şəhadətnamələrinə əsasən müəyyən edildiyindən, hazırkı iş üzrə iddiaçının adına dövlət sosial sığorta şəhadətnaməsinin 31.03.2011-ci il tarixindən açılması da, özü-özlüyündə İddiaçı əmək kitabçasında aparılan son qeydin də “güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair” məhkəməyə təqdim etdiyi arayışların tərtib edildiyi qaydada əldə etməsi anlamını verir.
45. Yəni, hazırkı qərarın 38-ci bəndində qeyd edilən “Azmənzilsənayetikintitəmir” birliyinin Təmir Tikinti Təchizat İdarəsinin №67, 12.11.2006-cı il tarixli arayışı rəis A.H.Zeynalov və kadr üzrə müvəkkil A.İ.Məmmədova tərəfindən imzalansa da, iddiaçının adına tərtib edilmiş, iş materiallarına əlavə edilmiş əmək kitabçasını isə kadr üzrə müvəkkil A.İ.Aslanova tərəfindən imzalanması müəyyən edilir, hətta hər iki “kadr üzrə müvəkkilin” imzaları vizual olaraq eyni olması da görünür.
46. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin olunmamışdır. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri əsassızdır ona görə ki, istinad edilən həmin dəlillərin iddiaçıya şamil edilməsini təsdiq edən mötəbər sübutlar mövcud deyil, bu baxımdan apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2- 1(118)-99/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-99/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.