Məhkəmə qərarları › İş №2-1(105)-65/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-65/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-65/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşından, yəni 08 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(118)-641/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 12 oktyabr 2021-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(118)-641/2022 nömrəli qərardadı ilə “X8” LTD məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qubadlı rayonunun Qubadlı şəhərində anadan olmuşdur. İkinci qrup Qarabağ müharibəsi əlilidir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası “X8” LTD şirkətində Yarım Dalma üzən X6 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən və fəhlə vəzifəsi təsnifatlarına uyğun olan takelajçı vəzifəsində işləmiş və hal-hazırda işləməkdə davam edir. xx.xx.2018-ci ilə kimi onun ümumi 30 ildən çox əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəni rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə əmək pensiyası hüququ yoxdur, əmək pensiyası təyin edilməsi qanunaziddir, narazı qaldıqları halda məhkəməyə müraciət edə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, qanuni qüvvədə olan sənədləri və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 00 (sıfır) ay 13 (on üç) gün təşkil edir.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X8” LTDnin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X6 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X6 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(118)-641/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia qismən təmin edilərək, İddiaçı, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, 16 yanvar 1994-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyqun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddaçının əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (574,40 manat) 80 faizi-459,52 manat məbləğində əmək pensiyası ödənilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

(xx.xx.2022-ci il tarixdən əvvəlki redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

(xx.xx.2022-ci il tarixdən sonrakı redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

18. Hazırda qüvvədə olan qanunvericilik əvvəllər qüvvədə olmuş qanunvericiklə o şəxslərə güzəştli şərtlərlə pensiya hüququ vermişdir ki, həmin şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tam əmək stajını toplamış olsun.

19. Belə ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tam əmək stajını toplması üçün lazım olan müddət 2003-cü ildən sonrakı dövrü də əhatə etdiyindən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun normalarını tətbiq etmək lazımdır.

21. Cavabdeh iddiaya etiraz ərizəsində və apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X8” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X6 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X6 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir.

22. İddiaçının qanunla tələb edilən güzəştli iş stajının 12 il 6 aydan az olması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmişdir.

23. “X8” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, X10 Ltd şirkətində Yarım Dalma, üzən X6 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 19 (on doqquz) il 00 ( sıfır) ay 13 (on üç) gün təşkil edir. Takelajçı vəzifəsi fəhlə vəzifəsi təsnifatlarına uyğundur. İddiaçı xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə rəngsaz (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 23200000-13450), xx.xx.2003-cü il tarixdən hal-hazıradək takelajçı-fəhlə (10.2 Neft, qaz və qaz kondensatının hasilatı. Xammalın, yanmfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurubboşaldıılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr) işləyir.

24. X8 LTD-in 05 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Əhmədov X7 Drilinq Kompani LTD şirkətində Xəzər dənizində Yarım Dalma üzən X6 göyərtədə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 19 (on doqquz) il 09 ( doqquz) ay 02 (iki) gün təşkil edir. Takelajçı vəzifəsi fəhlə vəzifəsi təsnifatlarına uyğundur. İddiaçı xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə rəngsaz (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 23200000-13450), xx.xx.2003-cü il tarixdən hal-hazıradək takelajçı-göyərtədə fəhlə (11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri. Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər) işləyir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu bölmə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 11-ci bölmə isə metal emalı adı ilə adlanır. Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmişdir. İş materillarından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı-göyərtədə fəhlə işləmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu bölməyə uyğundur.

27. Məhkəmə kollegiyası iddiaçının gördüyü işin, tutduğu vəzifənin və malik olduğu peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə ilə eyniliyini, işlədiyi müəssisədəki fəaliyyət sahəsini və işin konkret hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsini tələb etmək hüququ yaranmışdır.

28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə mövcud olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(118)-641/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar