Məhkəmə qərarları › İş №2-1(105)-65/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-65/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-65/2024 19.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X5 və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzili xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçının deməsinə görə, 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı vergi ödəyicisi olmaqla (VÖEN **********) xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə 530 667,56 manat dövriyyəyə malik olmuş, 13 314,9 manat vergi ödəmişdir (vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr və kameral vergi yoxlaması nəticəsində tərtib edilmiş bəyannamələr əlavə edilmişdir) Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadının yenidən qurularaq rekonstruksiya işləri aparılan zaman iddiaçı həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixli, İ-16 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, binanın fasadı yenidən qurularaq razılaşdırılmış layihəyə uyğun olaraq rekonstruksiya işləri aparılır, bu səbəbdən mənzilin yan fasadında və baş fasadında pəncərənin qapı ilə əvəz olunaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadı yenidən qurularaq rekonstruksiya işləri yekunlaşdırılmış, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin pəncərə yerindən açılan qapısı hörülərək bağlanmışdır. İddiaçı cavabdehə yenidən eyni tələblə müraciət etsə də, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22 avqust 2016-cı il tarixli, 2-1(85)-818/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-cı il tarixli 2-1(105)-330/2016 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli, 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarının icrası ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın 22 avqust 2017-ci il tarixli 8 saylı qərarı ilə iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidən qurulması və yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və qeyrimümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığına, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq iddiaçıdan həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin tələb edilməsi qərara alınmışdır. İddiaçı 27 oktyabr 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 22 avqust 2017-ci il tarixli, 8 saylı qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2020-ci il tarixli 2- 1(105)-87/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(102)-1214/2020 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, artıq cavabdeh tərəfindən onun tələbi tam təmin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2- 1(105)-139/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı 25 yanvar 2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh 7 fevral 2022-ci il tarixli, İ-16-150 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)- 139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilin yerləşdiyi binanın fasadının ümumi təmirinə aid sənədlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışı predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 97 saylı sərəncamına əsasən, vətəndaşın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda vətəndaşa yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründyü kimi, Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək vətəndaşın tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1 (105)-139/2021 saylı Qərardadı ilə iş üzrə İcraata xitam verilmişdir. İddiaçı qeyd edir ki, təyinatı mənzil olan yaşayış sahəsindən sahibkarlıq obyekti kimi istifadə etmiş və istifadə etdiyi mağazanın qarşısını guya Şəhər İcra Hakimiyyətinin göstərişi ilə hörmüşlər. Şəhər İcra Hakimiyyəti tərəfindən hər-hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, vətəndaş İddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və zirzəmi hissəsində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının təbirincə desək, ona məxsus “qeyri-yaşayış obyektinin qapısı hörülən zaman” ona həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni iddiaçıya məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. İddia ərizəsindən görünür ki, 2014-2015-ci illərdə qapısının hörüldüyü iddia edilən sahə dövlət reyestri məlumatlarına əsasən yaşayış sahəsi olmuş, iddiaçı həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (mağaza) kimi istifadə etmək məqsədi ilə özünün də bildirdiyi kimi (öncəki məhkəmə predmeti olmuş proseslərdə) icra hakimiyyəti orqanından müvafiq icazə almadan 1995-ci ildə qapı açmışdır. Hətta cavabdeh tərəfindən qapı hörülmüş olsaydı belə, bunun nəticəsində iddaçının mülkiyyətində olan daşınmaz əmlak yaşayış sahəsi kimi təyinatını itirməmiş, iddiaçı özü mənzilin giriş qapısını bağladığından ondan yaşayış sahəsi kimi istifadə edilməsini mümkünsüz hala gətirmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. Həmçinin hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İddiaçı apellyasiya şikayətində cavabdeh inzibati orqan tərəfindən mağazanın qapısının bağlanması nəticəsində 7 il ərzində ordakı əşyaların (ayaqqabıların) sıradan çıxdığını, bağlı vəziyyətdə qaldığından mağazanın ərazisinin yararsız hala düşdüyünü qeyd edərək ona cavabdeh tərəfindən ziyan vurulduğunu iddia etmişdir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi (öncəki məhkəmə predmeti olmuş proseslərdə) 2014-2015-ci ildə mağazanın qapısı iddiaçının təbirincə desək, “cavabdeh tərəfindən bağlanarkən” içəridə qalan əşyaların götürülməsi üçün ona vaxt verilsə də, iddiaçı yalnız əşyaların bir qismini götürmüş, qalan hissəsini isə saxlamağa yeri olmadığından, həmçinin “hörgünün 2-3 gün ərzində söküləcəyini” düşündüyündən mağazada saxlamışdır. Yaxın müddət ərzində “qapının açılmadığını” görsə belə iddiaçı mənzilin giriş qapısını açaraq vurulmuş zərərin qarşısını almaq üçün əşyalarını sərbəst götürə və mənzilin illər ərzində istifadə edilmədiyi üçün yararsız vəziyyətə düşməsinin qarşısını ala bilərdi. Lakin iddiaçı bunu etməmiş, nəticədə də özünün davranışı ilə hazırki vəziyyətə, mağazadakı əşyaların (ayaqqabıların) sıradan çıxması və təmirinə çəkilmiş xərclərlə bağlı zərərin yaranmasına tam həcmdə şərait yaratmışdır. AR Mülki Məcəlləsinin 21.3cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, mübahisəli ünvanda yerləşən yaşayış binası sakinlərinin, o cümlədən vətəndaş İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 32 saylı mənzilə giriş-çıxışa hər hansı məhdudiyyət qoyulması və ya mənzildən adi qaydada təyinatına uyğun istifadə olunmasına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı məhdudiyyət tətbiq edilməsi halları baş verməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin pəncərəsinin hörülməsinə və həmin mənzilə giriş-çıxışa dair hər hansı məhdudiyyətin qoyulmasına dair Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş görülməmişdir. Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin, 32 saylı mənzilinin yerləşdiyi binanın fasadının hansı Şirkət tərəfindən təmirinin həyata keçirilməsi barədə Şəhər İcra Hakimiyyətində məlumat yaxud sənədlər aşkar olunmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh tərəfindən hörülməsi nəticəsində dəyən maddi zərərin əvəzi olaraq 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 36-cı məhəllə 1/22 saylı evin 1ci mərtəbəsində yerləşən 32 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləmiş, onu qeyri-yaşayış sahəsinə çevirmişdir. Bu hərəkəti etməzdən əvvəl o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə almışdır. Beləcə o uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. O, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsini rəsmiləşdirmək üçün dəfələrlə müraciət etsə də, bürokratik maneələr səbəbindən bunu həyata keçirə bilməmişdir. 2014-2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçiləri “şəhərin yenidənqurulması və abadlaşdırılması’’ adı altında ona hədə-qorxu gələrək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısını hörərək bağlamışlar. Lakin həmin sahənin ətrafındakı digər qeyri-yaşayış sahələri fəaliyyət göstərməyə davam etmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi 24 dekabr 2021-ci ildə iş üzrə icraata xitam vermişdir. Belə ki, işə baxılan dövrdə cavabdehin 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qeyri-dövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktına görə, komissiyanın keçirdiyi texniki baxış zamanı ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41.64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin cavabdeh tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində o, 2014-cü ildən indiyə qədər obyektindən istifadə edə bilməmişdir. 2014cü ildə obyektində xeyli sayda ayaqqabı var idi. Cavabdeh ona obyektdən istifadə etməyə icazə vermədikdə obyektin qapısını daşla hörmüşlər və onun ayaqqabıları obyektin daxilində qalmışdır. Cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar verdikdən sonra o, xərc çəkib hörgünü sökmüş və içəri daxil olduqda ayaqqabıların sıradan çıxdığının şahidi olmuşdur. Obyekt 7 il ərzində bağlı vəziyyətdə qaldığından içəri nəmişlik olmuş və orada təmir işlərini aparmağa məcbur olmuşdur. Obyektin bu vəziyyətə düşməsində cavabdehin əməkdaşlarının rolu var. Çünki onlar obyektin qapısını 2014-cü ildə bağlamışlar və həmin vaxtdan obyektə daxil ola bilməmişdir. O, obyektə dəyən zərəri ümumilikdə 70.000 manat qiymətləndirir. Bu məbləğə həm obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, həmçinin 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, 70.000 manat ziyan çəkmişdir. O, cavabdehə müraciət edərək ona dəyən zərərin əvəzi olaraq 70.000 manat məbləğin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh 7 fevral 2022-ci ildə ona məktub göndərərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerində qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışı predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 saylı sərəncamına əsasən vətəndaşın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 22 dekabr 2021-ci il tarixli, 24 saylı qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda vətəndaşa yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək vətəndaşın tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1 (105)-139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən hər hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və zirzəmi hissəsində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının guya mənzilə daxil ola bilməməsi də əsassız və həqiqətə uyğun deyildir. Belə ki, mənzilə giriş qapısı binanın ümumi istifadədə olan və bina sakinlərinin də hamısının istifadə etdiyi ümumi girişdən (blok) olduğu halda iddiaçının hansı səbəbdən mənzilinə daxil olub, iddia etdiyi kimi mənzilində olan “ayaqqabılarını” götürə bilməməsi təəccüb doğurur və bir daha onun tələbinin əsassız və süni olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində ona məxsus obyektin qapısının 2014-2015-ci illərdə hörüldüyünü qeyd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-139/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarında cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qapısı hörülən zaman ona həmin sahənin qeyriyaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni, ona məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. Yalnız 23 dekabr 2021-ci il tarixində iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında icazə verilmişdir. Belə olan halda həmin tikintinin aparılması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbini təsdiq edən hər hansı sübutu yəni, mübahisəli tikintinin həqiqətən cavabdeh orqan tərəfindən aparıldığını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, tələb olunan ziyanın məhz cavabdeh inzibati orqan tərəfindən vurulduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarında iddiaçının cavabdeh orqan tərəfindən hörüldüyünü iddia etdiyi qapının cavabdehin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıdan tələb edildiyini qeyd etmişdir. Məhkəmənin bu mövqeyi qanunsuz və əsassızdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, onun Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadından əvvəlki tarixlərdə fəaliyyətinin hansı əsaslarla həyata keçirilməsi barədə şəhər icra hakimiyyətində hər hansı məlumat mövcud deyildir. Halbuki, Sumqayıt Şəhər İH-nin xx.xx.2017-ci tarixli qərarı ilə məktubdakı məzmun ziddiyyət təşkil edir. Həmin qərarla onun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinin təmin edilməməsi və həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin onun tələb edilməsi qərara alınmışdır. Onun 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı Sumqayıt Şəhər İH-nin və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 aprel 2022-ci il tarixli məktubu ilə təsdiq edilir. Həmin vaxtdan etibarən Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Sülh küçəsində yerləşən binaların dam və üz örtükləri dəyişdirilmiş, obyektlərin fasad və konstruksiyalarının zahiri görkəminin yaxşılaşdırılması işləri görülmüşdür. Bütün bunlar şəhərin mövcud baş planına uyğun həyata keçirilmiş və cavabdeh orqan tərəfindən aparılmışdır. Məhkəmə, ümumiyyətlə, görülən işlərin hansı orqan tərəfindən həyata keçirildiyini və ona məxsus olan obyektin qapısının kim tərəfindən hörüldüyünü müəyyən etməmişdir. Onunla Sumqayıt Şəhər İH arasında əvvəllər olan məhkəmə çəkişməsi zamanı İcra Hakimiyyəti tərəfindən şəhərin mövcud baş planına uyğun Sumqayıt şəhəri 36-cı məhəllə ərazisindəki obyektlərin fasad və konstruksiyalarının yaxşılaşdırılması, binanın dam və üz örtüklərinin yenidən abadlaşdırılması işləri görülmüşdür. Həmin işlər görülən zaman ona məxsus olan obyektin qapsı məhz cavabdeh tərəfindən hörülmüş və nəticədə o, 7 il ərzində obyektə daxil ola bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2- 1(105)-651/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-999/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, məhkəmə yazılı ərizə təqdim edərək, apellyasiya şikayətinin dəlillərinə və ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında maddi ziyanın ödənilməsini məhz həmin müddətdə gəlirindən məhrum olduğundan, əldən çıxmış fayda olaraq tələb etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: Maddə 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; Maddə 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Maddə 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin Bənd 4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri ...... 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: ....... 4.9.9. yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək; 4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-999/2023 nömrəli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində ləğv edildiyindən, iş həmin hissədə təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona gəlirindən məhrum olması ilə bağlı olaraq əldən çıxmış fayda qismində vurulmuş maddi ziyanın ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının premdeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı vergi ödəyicisi olmaqla, 1995-ci ildən həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və 2014-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Müvafiq Vergi orqanının verdiyi məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə 530667,56 manat dövriyyəyə malik olmuş, 13314,9 manat vergi ödəmişdir. Bundan sonra, 2014-cü ildə mübahisələndirilən mənzilin yerləşdiyi binada yenidənqurma və təmir işləri aparılmış, binanın üzlüyü dəyişdirilmişdir. Bu zaman iddiaçının qapı açdıraraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin həmin qapısı hörülmüş və girişi bağlanmışdır. Cavabdeh mağazanın qapısının bağlanmasına dair heç bir inzibati akt qəbul etmədiyini və işçiləri tərəfindən belə bir işin icra edilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş binanın fotoşəkillərindən görünür ki, iddiaçının qeyd etdiyi divar onun obyektinə məxsusi olaraq deyil, binanın ümumi fasadının təmiri nəticəsində çəkilmişdir. Eyni zamanda bu hal iş materiallarında olan cavabdehin 07 yanvar 2020-ci il tarilxi 07 nömrəli ərizəsinin məzmununda da ehtiva olunmuşdur. Belə ki, həmin yazılı ərizənin məzmunundan qeyd edilən binanın fasadında yenidən qurma işlərinin aparılması, binanın fasadının yeni örtüklə üzləndiyindən, ərizəçinin özbaşına açdığı qapının örütüyün altında qalması halı qeyd edilmişdir. Bununla bağlı cavabdehə məktub ünvanlanaraq, həmin ziddiyyətli məlumatların aydınlaşdıırlması tələb edilsə də, cavabdeh tərəfindən həmin hallar aydınlaşdırılmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin yuxarıda istina edilən normalarının tələbinə əsasən müvafiq ərazidə yenidənqurma işlərinin həyata keçirilməsi, həmin işlərin icrasına nəzarət məhz yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin binanın fasadının dəyişdirilməsi və yenidənqurma işlərinin icrası nəticəsində bağlı iddiaçıya məxsus obyektin girişini bağlamaqla müşayiət edilən hərəkəti qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, hətta iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsində qanunvericiliyin tələbinə riayət etmədən, özbaşına yenidənqurma, rekonstruksiya işləri aparsa belə, yuxarıda istinad edilən mənzil qanunvericiliyin tələbinə əsasən cavabdehin bununla bağlı səlahiyyəti özbaşına aparılmış işlərin qanunvericiliyin tələblərinə uyğun olduqda rəsmiləşdirilməsi və ya mülkiyyətçidən əvvəlki vəziyyətin bərpa edilməsini tələb etmək, bunun üçün müddət müəyyən etmək, həmin müddət ərzində tələbini yerinə yetirmədiyi halda həmin tələbin icrası ilə bağlı məhkəmədə iddia qaldırmaqdan ibarət olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus obyektin yaşayış sahəsi olmasına baxmayaraq, hətta özbaşına rekonstruksiya işləri aparmaqla, açdığı qapını bağlamaqla bağlı səlahiyyəti olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, mübahisələndirilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması tələbinə dair iddiaçı və cavabdeh arasında başlayan inzibati məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli, 2-1(102)-822/2017 nömrəli qərarı ilə yekunlaşmışdır. Həmin qərara əsasən cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası həyata keçirilməmişdir. İddiaçı və cavabdeh arasında yenidən başlayan inzibati məhkəmə mübahisəsinin gedişatında cavabdehin 5 aprel 2021-ci il tarixli 97 saylı sərəncamı ilə mübahisələndirilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmış, 24 dekabr 2021-ci il tarixli qərardad ilə bu əsasla sonuncu inzibati iş üzrə icraata xitam verilmişdir. İndiki halda iddiaçı cavabdehin 22 aprel 2015-ci il tarixli imtinası qanunsuz hesab edildiyindən, yalnız 24 dekabr 2021-ci il tarixdə hüquqları bərpa edildiyindən, həmin dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyindən, qazancından (gəlirindən) məhrum olduğundan, əldən çıxmış fayda qismində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb edir, əsas kimi isə həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı gəlir əldə etməsi, əldə etdiyi gəlirlərə görə gəlir vergisi ödəməsi halına istinad etmiş və dəlil kimi buna dair müvafiq vergi orqanının məktubunu təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda iddiaçı mübahisəli mənzildə 1995ci ildən 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, daha sonra həmin mənzili məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 22 aprel 2015-ci il tarixdə imtina olunmuş, həmin imtina isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qanunsuz hesab edilsə də, cavabdeh həmin məhkəmə qərarını icra etməmiş, iddiaçının həmin müraciəti 2021-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi qeyd edilən hallar özlüyündə cavabdehin hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olan hal kimi çıxış etmişdir. Belə ki, məhz keçən müddət ərzində (22 aprel-24 dekbar 2021-ci il) iddiaçının yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirə bilməməsinin və nəticə olaraq isə həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsinin səbəbi məhz cavabdehin iddiaçının müraciətinə dair 22 aprel 2015-ci il tarixli imtina etməsi və həmin imtinanın qanunsuz hesab edilməsinə dair uzun müddət davam edən məhkəmə mübahisələrinin mövcud olması, yekun olaraq isə həmin imtinanın qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilsə də (qanuni qüvvəsini alsa da), cavabdeh tərəfindən həmin qərarın uzun müddət icra edilməməsi halı səbəb olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətinə dair cavabdehin 22 aprel 2015-ci il tarixli imtinası qanunsuz hesab edilsə də, iddiaçının müraciətinin uzun müddət keçdikdən sonra (2021-ci il tarixdə) təmin edilməsinin cavabdehin təqsiri olmadan (və ya hər hansı üzrlü səbəbdən) baş verməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının qeyd edilən müddət ərzində mülkiyyət hüququ əsasında ona məxsus olan mənzili qeyri-yaşayış sahəsinə keçirməklə, sahibkarlıq fəaliyyətini davam etdirməklə, gəlir əldə edə biləcəyi halda, həmin qazancdan (gəlirdən) məhrum olmuş, bu məhrumiyyət məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ortaya çıxmışdır. Başqa sözlə desək, iddaçıya əldən çıxmış fayda qismində maddi ziyan vurulması, həmin ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə bu halı təkzib edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə mülki və inzibati qanunvericiliyin tələbinə əsasən cavabdeh vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad edilən hallar tam araşdırılmamış, bununla da iddia tələbinin əsaslı olduğu hissədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən hallara istinad edərək, əldən çıxmış fayda qismində ona 70000 manat məbləğində maddi ziyan vurulduğunu qeyd etmişdir. Bu hala dair sübut qismində isə yalnız vergi orqanın müvafiq məktubunda əks olunmuş dövriyyə və gəlir vergisi mlumatlarına istinad etmişdir. Qeyd edilən hallarla bağlı məhkəmə araşdırması zamanı müvafiq vergi orqanına sorğu ünvanlanaraq, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu (hüquqlarının məhdudlaşdırıldığı dövrdən öncəki vaxtda) dövrlərlə bağlı vergi orqanına özünün təqdim etdiyi vergi ödəyicisi bəyannamələri tələb olunmaqla, tədqiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldə etdiyi gəlirlərin məbləği sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məhdudlaşdırılmadan öncə (qapı bağlanılmazdan) məşğul olduğu dövrlərdən son üç il ərzində əldə etdiyi gəlirlər əsas götürülməklə orta gəlir məbləği müəyyən edilməklə, hesablanmalıdır. Başqa sözləd esək, iddiaçının obyektin qapısı bağlanmazdan öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlə bağlı vergi orqanında 2006-2013-cü illərə aid məlumatlar mövcud olmaqla (hansı ki iddiaçının özü də həmin dövrə istinad etmişdir), məhz 2011-2013-cü illərdə iddiaçı tərəfindən bəyan edilmiş gəlirlərinin məbləği nəzərə alınmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş 2011-2013-ci illərə aid vergi ödəyicisinin gəlir vergi bəyannamələrinin məzmunundan görünür ki, iddiaçının həmin obyektdə həyata keçiridiyi sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi və özünün bəyan etdiyi gəlirləri 2011-ci il üzrə 2666,13 manat, 2012-ci il üzrə 2157,84 manat və 2013-cü il üzrə 818,64 manat olmaqla, ümumilikdə son üç il ərzində əldə etdiyi və özünün bəyan etdiyi gəlirlrin cəmi məbləği 5642,61 manat olmaqla, orta gəlirin məbləği bir ay üçün 157 manat olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırıldığı müddət 22 aprel 2015-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək olan dövrü əhatə etməklə, cəmi 6 il 8 ay təşkil etmişdir (başqa sözlə desək 80 ay). Belə olan halda, iddiaçının əldə etdiyi orta gəlir məbləği bir ay üçün 157 manat olduqda, qazancından məhrum olduğu ayların sayı 80 ay olduqda, həmin müddət üçün itirilmiş qazancın məbləği 12560 manat təşkil edir. İddiaçı tərəfindən isə həmin halı təkzib edən və ona məhz iddia tələbində qeyd edilən məbləğdə maddi ziyan vurulması halına dair heç bir dəlil təqdim edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, vurulmuş ziyanın məbləğinin qalan hissəsində isə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş ziyanın məbləğinin əvəzi olaraq 12560 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci insatnsiya məhkəməsinin qərarı apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində qismən ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. İddiaçıya əldən çıxmış fayda qismində vurulmuş maddi ziyana görə kompensasiya məbləği olaraq 12560 (on iki min beş yüz altmış) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar