Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-65/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X4, Üçüncü şəxs “X14” Şirkətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X6 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(118)- 173/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamına əsasən Xırdalan şəhəri, Xocəsən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan sahəsi kimi istifadə edilən 600,00 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün təqdim edilmiş cizgi əsasında X6 ayrılması qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin memarı tərəfindən sözügedən 600 kv.m. torpaq sahəsinin cizgisi tərtib edilmiş, həmin sənəd Binəqədi rayon İH Xocəsən qəsəbəsi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmişdir. AZ-İ 777236 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən mərhum X3 birinci növdən vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müyyən olunmuşdur. İddiaçı 02 iyun 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, mərhum X6 məxsus 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan səhərində yerləşən 0,06 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi, arxiv əsaslarında saxlanılan məlumatla təqdim edilmiş sənəd arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamına əsasən faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən X3 adına olan 0,06 ha (600kv.m.) torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsinə dair cavabdehin imtinasının dəlili əsassızdır. Belə ki, hal-hazırda həmin ərazidə minlərlə fərdi yaşayış evi tikilmiş, yaşayış sahələrinin ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmuşdur. Cavabdehin gətirdiyi digər arqumentə münasibətdə bildirir ki, iddiaçının təqdim etdiyi sənədlərlə arxivdə saxlanılan sənədlər arasında uygunsuzluğun olması da mümkün deyil. Belə ki, cavabdeh məlumatlar arasında uygunsuzluğun olmasına istinad etsə də, heç bir dəqiq və əsaslı arqument göstərməmişdir. Bundan başqa, həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə eyni əsaslarla verilmiş 0,06 ha torpaq sahəsi ilə eyni hasarın daxilində yerləşir Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(118)-173/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000ci i tarixli, 1869 nömrəli sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum anası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Təqdim edilmiş ortofoto xəritədən və iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri yerləşir, eyni zamanda, həmin torpaq sahəsinə bitişik iddiaçının atasına ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin ev üzərində mülkiyyət hüququnu qeydə alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atası X8 həmin ərazidən (mübahisəli torpaq sahəsi ilə eyni hasar daxilində yerləşən) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli (eyni tarixli) 1871 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən torpağın ayrılmasına dair sərəncam məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilən sərəncamla eynilik təşkil edir. Torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, arxiv arayışına əlavə olunan sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yer ilə iddiaçı tərəfindən təqdim edilmiş sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yer ayrı-ayrı torpaq sahələridir. Əlavə olaraq bildirir ki, mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşdiyi məhkəməyə məlum olsa da, qeyd olunan qurum iş üzrə icraata cəlb edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərardadı ilə “X16” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X19 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunda onun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Qeyd edir ki, iddia olunan torpaq sahəsi ARDNŞ-nin balansında olmaqla, "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Hesab edirlər ki, iddiaçı tərəfindən təqdim olunmuş Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 saylı sərəncamı özü-özlüyündə etibarsız inzibati aktdır. Belə ki, 901 saylı Qanuna əsasən Saziş qanun statusunu aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Həmçinin, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1869 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı da Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən əvvəl qəbul edildiyindən etibarsızdır. Əlavə olaraq qeyd edirlər ki, vətəndaş R.R.İsayevaya ayrılan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən “Azərqaz” İB-nə məxsus qaz xəttinin və "xxxx" ASC-nə məxus elektrik xəttlərinin mühafizə zonası daxilində yerləşir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X6 məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir və aşağıdakılardan ibarətdir: 1) Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşməsi; 2) Arxiv əsaslarında saxlanılan məlumatla təqdim edilmiş sənəd arasında uyğunsuzluq olduğu, arxiv arayışına əlavə olunan sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yerlə iddiaçı tərəfindən təqdim edilmiş sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yerin fərqli olması. Şikayətin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xx.xx.2024-cü il tarixli, 14-2/2-5299/2024 nömrəli məktubu ilə bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən ‘‘X14” Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Qeyd olunan məktubdan göründüyü kimi mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə müvafiq Saziş əsasında ‘‘X14” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyindən həmin şirkət kollegiya tərəfindən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X14” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə X6 bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, kollegiya hesab edir ki, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində vətəndaşın mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. Eləcə də, həmin hüququn qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)- 1984/2024 nömrəli qərarında da eyni mövqe ifadə olunmuşdur. Nəzərə almaq lazımdır ki, X1 torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin sərəncamın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmin sənədin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənəd mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən görünür ki, **********88, **********75 reyestr nömrəli çıxarışlara əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşir. Neft şirkətinin kontrakt ərazisinə daxil edilən həmin qonşu torpaq sahələri kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə mərhum X3 hüququnun tanınmasından cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin 1-ci dəlili əsassızdır. Arxiv arayışına əlavə olunan sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yerlə iddiaçı tərəfindən təqdim edilmiş sxemə əsasən torpaq sahəsinin yerləşdiyi yerin fərqli olması ilə bağlı cavabdehin 2-ci dəlilinə münasibətdə isə kollegiya bildirir ki, qeyd edilən dəlilin əsası olaraq cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində icraat zamanı bununla bağlı cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Həmin rəydən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təxminən təqdim edilən hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdə - 0,0601 ha ölçüdə olduğu müəyyən edilir. Bundan əlavə, işdən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, müvafiq olaraq 1869 və 1871 nömrəli sərəncamlarına əsasən iddiaçının anası X6 və atası X9 ayrı-ayrılıqda 600 kv.m. torpaq sahələri ayrılmışdır. Həmin sahələr bir-birinin qonşuluğunda yerləşir. Eyni zamanda, X9 ayrılmış həmin torpaq sahəsində aiddiyyəti orqanların razılıqları əsasında yaşayış evi inşa edilmiş, yaşayış evi üzərində onun mülkiyyət hüququ 2004-cü ildə reyestrdə qeydiyyata alınmışdır. Hazırda həmin torpaq sahəsində yerləşən yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ 2022ci ildə reyestrdə qeydiyyata alınaraq adına **********88 nömrəli çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq yoxdur. Bu baxımdan, kollegiya cavabdehin 2-ci dəlilini də əsassız hesab edir. Üçüncü şəxs iddia tələbinə yazılı etirazında mübahisəli torpaq sahəsinin “Azərqaz” İB-nə məxsus qaz xəttinin və "xxxx" ASC-nə məxus elektrik xətlərinin mühafizə zonası daxilində yerləşdiyini bildirmişdir. Həmin dəlilə münasibətdə kollegiya ilk növbədə bildirir ki, qeyd olunan məsələ cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, imtina məktubu, etiraz və ya şikayətinin dəlillərində bununla bağlı hər hansı məlumat verməmişdir. Bununla belə, kollegiya qeyd edir ki, hətta torpaq sahəsinin qaz və ya elektrik xətlərinin mühafizə zonasında yerləşdiyi qəbul edilsə belə, bu hal torpaq sahəsi üzərində hüququn qeydə alınmasından imtinaya əsas vermir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(118)-173/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-65/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-65/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver