Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-650/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:52 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən 29 iyul 2022-ci il tarixədək ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1333/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona Mərkəzi Filial tərəfindən tərəfindən 11 oktyabr 2022-ci il tarixində 240,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası hüququ yarandığı 29 iyun 2022-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, əz-ələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 56160,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33061,42 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “52 yaşı tamam olduğu xx.xx.2019cu il tarixdən 29 iyul 2022-ci il tarixədək ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-cu il tarixli, **********5 nömrəli məktubuna əsasən, xx.xx.2019-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nömrəli güzəştli şərtlərlə pensiya təyinatı haqqında olan Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-cu il tarixli **********5 nömrəli nömrəli məktubuna məktubunun məzmunu aşağıdakı kimidir: Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 05.10 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə Mərkəzi Filial tərəfindən 11.10 2022-ci il tarixində 240,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası hüququnuzun yarandığı 29 iyun 2022-ci il tarixindən hesablanmışdır. Hesab edir ki, imtina qanunsuz və əsasızdır. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. TƏBİB Sumqayıt Tibb Mərkəzi X5 1 nömrəli Xəstəxananın xx.xx.2022-ci il tarixli 422 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1988-ci il tarixdən hal-hazıradək 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir və bilavasitə xəstələrlə ünsiyyətdədir. Ümumi iş stajı 34 il 10 ay və zərərli iş stajı 33 il 4 aydır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanununu 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir.Yəni 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”qanuna istinad edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 31 dekabr 2005-ci il tarixinədək ümumi iş stajı 20 ildən artıqdır. 20 il 2 ay 11 gün iş stajına malikdir. xx.xx.1984-xx.xx.1984 xx.xx.1985-xx.xx.1985 xx.xx.1986-xx.xx.1986 xx.xx.1986-xx.xx.1988 xx.xx.1988-xx.xx.2005. Onun 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər mənim 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməyi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56160,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33061,42 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1333/2023 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddianın təmin edilməsi, İddiaçı, onun 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyuması (İddiaçının hazırda güzəştli şərtlərlə əmək pensiyası alması nəzərə alınaraq, onun 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən inzibati orqanın əvvəl pensiya təyin etdiyi dövrə qədər olan müddətdə ödənilməmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq İddiaçı ödənilməlidir) qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz və iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi əsassızdır. Belə ki, bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543- VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bundan əlavə hazırkı mübahisəyə əvvəllər qüvvədə olan qanunvericilik tətbiq edilməsə belə, qanunvericiliyə son olan dəyişikliklər ilə bu kateqoriya işlərdə pensiya kapıtalı tələbi nəzərdə tutulmamışdır. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən inzibati orqanın pensiya təyini etdiyi və ödədiyi dövrə qədər olan müddətdə ödənilməmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ona ödənilməlidir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1333/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən X1 55 yaşdan, minimum 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı tələbi ilə 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 9.8-ci maddəsinə cavabdeh orqan tərəfindən əməl edilərək yaşa və staja görə əvvəlki qanunvericiliyin tələbləri çərçivəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə həmin pensiyanın xx.xx.2019-cu il tarixdən təyin edilməli olduğunu iddia ərizəsində qeyd etmişdir. 9.8-ci maddədə pensiya kapitalı tələbinə münasibətdə köhnə qanunvericiliyin tətbiq edilməsi ilə bağlı heç bir şey nəzərdə tutulmamışdır. Bu da o mənaya gəlir ki, pensiya kapitalı ilə bağlı tələbə hər bir halda cari qanunvericilikdə nəzərdə tutumuş şəkildə baxılmalıdır. xx.xx.2019-cu il tarixdə qüvvədə olan qanunvericilikdə pensiya kapitalı tələbi yaş və staj tələbi ilə birgə icbari idi. İddiaçının isə həmin dövrdə pensiya kapitalı tələb olunanan minimum pensiya kapitalından aşağıdır. Bu səbəbdəndir ki, inzibati orqan iddiaçıya 29 iyun 2022-ci il tarixdən, yəni pensiya kapitalı tələbinin çıxarıldığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bütün bunlara baxmayaraq məhkəmə qərarında 9.8-ci maddəni səhv tətbiq etmiş və əvvəllər qüvvədə olan qanunvericilikdə pensiya kapitalı tələbinin olmadığını əsas gətirərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: ... qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi məhz 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və xx.xx.2019-cu il tarixdən 29 iyul 2022-ci il tarixədək olan dövr üzrə pensiya ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın imtinasının əsası ondan ibarətdir ki, iddiaçıya münasibətdə pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş pensiya kapitalına dair tələb ödənilmədiyindən, iddiaçının qeyd etdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi mümkün olmamış, çünki həmin dövrdə qüvvədə olan qanunvericilikdə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərdən biri də məhz pensiya kapitalı ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, xx.xx.2019-cu ildə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 52 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması və 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajı və güzəştli iş stajına malik olması halı işin mübahisəsiz halı olmaqla, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhz iddiaçının 52 yaşı tamam olduğu tarixdən pensiya təyin eidlməsindən imtina olunmasının əsası ondan ibarət olmuşdur ki, həmin dövrdə pensiya təminatına imkan verən pensiya kapitalının məbləğinin 56160,00 manat hesablandığı halda, iddiaçıya münasibətdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33061,42 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından onun 52 yaşının tamam olduğu həmin tarixdə mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi dəlillərlə bağlı qeyd edir ki, indiki halda iddiaçının güzəştli şərtlər yaşa görə pensiya hüququnun yaranmasının əsası qismində məhz “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b bəndinin normaları çıxış etmişdir. Qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər yalnız 01 yanvar 2006-cı il tarixədək qanunvericiliklə müəyyən edilmiş qaydada 20 il iş stajı, 10 ilgüzəştli iş stajına malik olması və qanunla müəyyən edilmiş yaş həddinə çatması şərtləridir. Göründüyü kimi hazırki iş üzrə iddiaçının pensiya hüququnun yaranmasının əsası qismində çıxış edən qeyd edilən qanunvericilik normalarında minimum pensiya kapitalı ilə bağlı şərt nəzərdə tutulmamışdır. Belə olan halda isə cavabdeh inzibati orqanın həmin hala istinad etməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 52 yaşı tamam olduğu vaxtdan yox, pensiya kapitalı ilə bağlı şərtin qanunvericilikdən çıxardıldığı tarixdən təyin edilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda pensiya təyin edilməsi ilə bağlı iddiaçı tərəfindən inzibati orqana 18 may 2022-ci il tarixdə müraciət edildiyindən, birinci instansiya məhkəməsi ödənilməmiş pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi ilə bağlı hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-650/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-650/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver