Məhkəmə qərarları › İş №2-1(105)-650/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-650/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-650/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(118)-372/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli, 173 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən onun 2020-ci ilin oktyabr ayında aldığı “F06.6, F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommosion sindromla təzahür edən nəticəsi. F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Sağ budun kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili işlənməsi cərrahi əməliyyatından və vad cismin xaric edilməsindən (xx.xx.2021) sonrakı bərkimiş dəri çapığı, yumsaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Xroniki dekompensasiyalı tonzilli” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İddiaçı barəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 2574003AATDN nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: əlavə ixtisaslaşmış müalicə tövsiyə olunur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində F43.1 kodlu xəstəliklə ambulator müalicədə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə F43.1, F07.2 və F06.3 kodlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. Bundan sonra İddiaçı barəsində Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2022-ci il tarixli, X0044818LAS nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, İddiaçı TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 F07.2 “Postkontuzion sindrom, Postkommosion sindrom, depressiv daxilolmalarla”, ağırlaşmalar: F43.1 "Posttravmatik stress pozuntusu” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 16 dekabr 2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən 12 yanvar 2023-cü il tarixli, 3-17-4/3-4-627/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarın 20-ci bəndində qeyd edilmişdir ki, İddiaçı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Uzungedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin qabarması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin yanvar ayından müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olmuş, İİ Vətən Müharibəsi başlayan gündən döyüşə qatılmış, xx.xx.2020-ci il tarixdə yaralanmışdır. Əvvəl Fizuli hospitalında bir həftə müalicə aldıqdan sonra Neftçala xəstəxanasında müalicəsini davam etdirmiş, müalicə bitdikdən sonra yenidən döyüşə qatılmış, şiddətli baş ağrıları bədənində qəlpə olmasına baxmayaraq döyüşdə sonadək iştirak etmişdir. Müxtəlif tibb müəssisələrində müalicə almışdır, lakin heç bir iynə-dərmanın ona müsbət təsiri yoxdur. Əmək qabiliyyətini itirmişdir. Uzun müddətdir xəstə olduğuna görə işləyə bilmir. Ona “F43.1 Müəyyən dərəcədə ifadə olmuş uzun müddətli posttravmatik stress pozuntusu, F07.2 Posttkommosion sindrom” diaqnozu qoyulmuşdur. Lakin, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bildirir ki, qeydiyyatda olduğu səhiyyə müəssəsində onun xəstəlikləri haqqında bütün məlumatlar var. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və ona “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina edilmişdir. Daha sonra Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Postkontuzion sindrom. Posttravmatik stress pozuntusu. Baş beynin silkələnməsi” diaqnozu ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçı əyani müayinədə olmuş və onda əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları aşkar edilmədiyindən 12 yanvar 2023-cü il tarixli, 3-17-4/3-4- 627/2023 nömrəli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(118)-372/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya tibb müəssisələrinin qoyduğu diaqnozlar və T109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən də görünür ki, onun xəstəlikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan psixi və davranış pozuntuları xəstəliyi bölməsinin 7.5.1-ci bəndinin posttravmatik stres pozuntusu meyarına və 7.6.2-ci bəndin postkontuzion sindromuna uyğundur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozu olması səbəbindən ona əlillik təyin edilməsinin zəruriliyini vurqulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə, şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Agentliyin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun təyin edilməsinin mümkün olmaması bildirilsə də, məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasını hüquqa zidd aparmışdr. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, ona əlillik təyinatı aparıla bilsin. Hazırkı iş üzrə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyləri ilə də təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş X0044818LAS nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 F07.2 “Postkontuzion sindrom, Postkommosion sindrom, depressiv daxilolmalarla”, ağırlaşmalar: F43.1 kodlu "Posttravmatik stress pozuntusu” xəstəlikləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə ilkin, daha sonra əlavə məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş müvafiq olaraq 21 avqust 2023-cü il tarixli, T 574/2023 nömrəli və 20 fevral 2024-cü il tarixli, T 109/2023 nömrəli ekspert rəylərində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, postkommosion sindrom, posttravmatik stress pozuntusu, baş beynin silkələnməsi” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. Həmin diaqnoz nəzərə alınmaqla, onun əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na dair Əsasnamənin maddələrini aid etməyə əsas verməmişdir. Həmçinin, işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində müayinə olunmuş və ona “F43.1 Posttravmatik stress pozuntusu, F07.2 Postkommosion sindrom” diaqnozu qoyulmuşdur. Habelə, cavabdehin özü tərəfindən iddiaçının əyani müayinəsi qaydasında qəbul edilmiş yuxarıda qeyd edilən 12 yanvar 2023-cü il tarixli, 3-17-4/3-4-627/2023 nömrəli qərardan da görünür ki, müayinə zamanı iddiaçının diaqnozu “Uzungedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin qabarması” kimi müəyyənləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin sözügedən ekspert rəyinə zidd olaraq qərar qəbul etdiyini, şəxsə əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu bildirsə də, iş üzrə təyin edilmiş ilkin və əlavə məhkəmə-tibbi ekspertizasının rəyləri, həmçinin, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş rəy, eləcə də cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən qərarından müəyyən edilir ki, iddiaçı X0044818LAS nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmasından əziyyət çəkir. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli, 173 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də iddiaçının F07.2 və F43.1 kodlu xəstəlikləri “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, X0044818LAS nömrəli göndərişdə (Forma 88) qeyd edilən XBT 10 F07.2 “Postkontuzion sindrom, Postkommosion sindrom, depressiv daxilolmalarla” və əsas diaqnozun ağırlaşması kimi qeyd edilən F43.1 "Posttravmatik stress pozuntusu diaqnozlu xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, F07.2 kodlu xəstəlik (postkontuzion sindrom) “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2-ci bəndində, əsas diaqnozun ağırlaşmaları olan F43.1 kodlu (posttravmatik stres pozuntusu) xəstəlik isə həmin bölmənin 7.5.1-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. F07.2 kodlu xəstəlik bölmənin 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə, F43.1 kodlu xəstəlik isə bölmənin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərinə müvafiq olaraq orqanizmin funksiyalarının 35-60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, müəyyən edilir ki, X0044818LAS nömrəli Forma 88 göndərişdəki əsas diaqnoz kimi qeyd edilmiş F07.2 kodlu və onun ağırlaşması olan F43.1 kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya orqanizmin funksiyalarının 35- 60 və 65-80 faiz pozulmasına əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş “Xəstəlik haqqında Şəhadətnamə” dən göründüyü kimi şəhadətnamədə qeyd olunan ”F06.6, F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommosion sindromla təzahür edən nəticəsi. F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” diaqnozlu xəstəliyi 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmçinin, işdən görünür ki, iddiaçı cavabdehin “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qəbul etdiyi 12 yanvar 2023-cü il tarixli, 3-17-4/3-4-627/2023 nömrəli qərarı əldə etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 12 yanvar 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 12 yanvar 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(118)-372/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 12 yanvar 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar