Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-650/2025 18.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-3148/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçıya səlahiyyətli inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə xx.xx.2026-cı il tarixədək “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. İmişli rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 39 nömrəli sərəncamına əsasən iddiaçı üçüncü qrup Qarabağ müharibəsi əlili kimi 3 nəfərdən ibarət ailə üzvü ilə (həyat yoldaşı – Mehdizadə Aytac sahib qızı, oğlu - X2, qızı - X3) mənzil növbəsinə qəbul edilmişdir.
3. 05 avqust 2024—cü il tarixdə iddiaçı ünvan 1ində (özünün deməsinə görə atasının əmisi oğlunun evinə) qeydiyyata düşmüş, bundan sonra isə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, üçüncü qrup Qarabağ müharibəsi əlili kimi Abşeron rayonu üzrə mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-29/2-M-355-068/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Abşeron rayonunda mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə mənzil uçotuna o halda götürürlər ki, azı son 5 il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olmuş olsunlar. Yaşayış müddəti Abşeron rayonunda daimi pasport qeydiyyatında olması ilə müəyyən edilir.
5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü qrup Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər, yəni ünvan 1inə köçənədək Abşeron rayonunun Məhəmmədi kəndində yaşamış və yaşadığı Məhəmmədi kəndindən Azərbaycan Respublikası işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü qrup əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixədək İmişli rayonu Cəfərli kəndində qeydiyyatda olmuş və İmişli rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 39 nömrəli sərəncamına əsasən üçüncü dərəcəli Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 1inə köçməyi ilə əlaqədar Abşeron rayonu, Masazır kəndi ünvanına qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən ünvan onun yaşayış yeridir. Ona görə də Qanunun tələblərinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Abşeron rayonu üzrə mənzil uçotuna alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-3148/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Aynur Axundova).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyinin olması, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli rayonunun Cəfərli kəndində, xx.xx.2020-ci il tarixdən hazıradək Abşeron rayonu, Masazır kəndində yaşayış yeri üzrə qeydiyyatda olması işin mübahisə olunmayan tərəfidir. Məhkəmə qeyd edir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndi şəxsin azı son beş il ərzində Abşeron rayonunda pasport qeydiyyatının olması şərtilə yaşamış olmasını tələb etsə də, hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərancamının verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanununun 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə atasının əmisioğlunun evinə, yəni Abşeron rayonu, Masazır kəndində yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Həftəiçi İmişli rayonunda məktəbdə işləyir, cümə günləri günortadan sonra məktəb direktorunun icazəsi ilə Abşeron rayonu, Məhəmmədli kəndində yaşayan yoldaşının yanına gəlir. Uşaqları isə ümumiyyətlə, İmişli rayonunda yaşayır, orada məktəbə gedirlər. X1 Xəstəxanasında müalicə alır, psixoloji vəziyyəti yaxşılaşsa da, hələ də səs-küyə qarşı dözümü olmadığından uşaqlarını özündən uzalaşdırmışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ...
14. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli, 153 nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
20. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
21. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
22. İşin hazırkı qərarın 1-2-ci bəndlərində qeyd olunan hallarından göründüyü kimi iddiaçı İmişli RİHB-nin xx.xx.2022-ci il tarixli, 39 nömrəli sərəncamına əsasən müharibə əlili kimi 3 nəfərdən ibarət ailə üzvü ilə (həyat yoldaşı – Mehdizadə Aytac sahib qızı, oğlu - X2, qızı - X3) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
23. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 1ində qeydiyyata alınması və həmin kəndə köçərək yaşaması faktına istinad edərək, İmişli rayonunda qeydə alınmış mənzil uçotunun dəyişdirilərək Abşeron rayonu üzrə mənzil uçotuna alınmasını tələb edir. İddiaçı tələbində birbaşa Abşeron rayonu üzrə mənzil uçotuna alınmasını qeyd etsə də, işdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mənzil uçotunun İmişli rayonundan Abşeron rayonuna dəyişdirilməsidir.
24. Cavabdehin bununla bağlı iddiaçının müraciətindən imtinasının səbəbi - XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Abşeron rayonunda mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinin tələbi baxımından iddiaçının Abşeron rayonu üzrə mənzil uçotuna alınması üçün son 5 il ərzində həmin rayonda yaşamadığı və daimi pasport qeydiyyatında olmadığı halıdır.
25. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi qaydaların hazırda qüvvədə olmadığına istinad edərək imtinanı əsassız hesab etmiş və iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kateqoriyasından olduğundan hazırkı iddianı təmin etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Qaydaların hazırda qüvvədə olmadığını düzgün qeyd etsə, Mənzil Məcəlləsinin müddəalarını hazırkı işin hallarına dügün tətbiq etməmiş, iddiaçının həqiqətən də, Abşeron rayonu ərazisində daimi yaşadığını araşdırmamışdır.
27. Belə ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.
28. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
29. Mənzil Məcəlləsinin yaşayış sahəsinə uçota alınma ilə bağlı hazırkı qərarın 13-cü bəndində qeyd olunan normaların qarşılıqlı təhlilindən görünür ki, mənzil uçotuna alınmanın əsas prinsipi şəxsin məhz daimi yaşadığı yer üzrə aparılmalı olmasıdır.
30. Belə ki, Məcəllənin 51.3-cü maddəsində aydın şəkildə qeyd edilir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir.
31. Bu, o deməkdir ki, vətəndaş yalnız daimi yaşayış yeri üzrə uçota durmaq hüququna malikdir. Bu qaydanın məqsədi şəxsin real olaraq harada yaşadığını və dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinə ehtiyacı olan əhali üzrə bölgüsünü düzgün planlaşdırmaqdır. Məhz bu səbəbdən, şəxsin yaşadığı ərazidə yaşayış sahəsinə ehtiyacı olduğu təsbit edildikdə, yerli icra hakimiyyəti orqanı tərəfindən bu məsələlər tənzimlənir.
32. Hazırkı işin hallarından görünür ki, iddiaçının daimi yaşadığı ünvan İmişli rayonu olmuş, 2022-ci il tarixdə həmin rayonda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, hazırda da ailəsi ilə birgə daimi olaraq İmişli rayonunda yaşayır. xx.xx.2024-cü il tarixdən iddiaçının ünvan 1ində yaşayış yeri üzrə qeydiyyata alınması isə tam formal xarakter daşıyır və yeganə məqsədi yaşayış yeri üzrə uçotun Abşeron rayonuna dəyişdirilməsidir.
33. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin iddiaçıya dair “gəlir məlumatları” bölməsindən müəyyən edilir ki, o, hazırda əmək müqaviləsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsində işləyir.
34. İddiaçı da məhkəmə iclasında izahatını bu faktı təsdiq edərək bildirmişdir ki, həftəiçi iş günlərində İmişli rayonunda orta məktəbdə işlədiyini, həftənin yalnız cümə günləri Abşeron rayonu, Məhəmmədli kəndinə gəldiyini, uşaqlarının isə ümumiyyətlə, İmişli rayonunda yaşadığını və orada orta məktəbdə təhsil aldıqlarını bildirmişdir.
35. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının məhz İmişli rayonu, Cəfərli kəndində 5 nəfərdən ibarət şəxslə birlikdə ümumi birgə mülkiyyətində 0,12 ha həyətyanı və 1,5604 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
36. Həmçinin, xx.xx.2021-ci il tarixli 61 saylı arayışa əsasən, iddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.
37. İddiaçıya məxsus xəstəlik tarixindən çıxarışa əsasən, müharibə zamanı aldığı xəsarətlə bağlı iddiaçı F07 diaqnozu ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə İmişli rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur.
38. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Belə ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
40. Sadalanan qanunvericilik normalarını hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən Abşeron rayonu, Masazır kəndinə qeydiyyata alınması onun daimi olaraq həmin ünvanda yaşaması anlamına gəlmir. Məhkəmə araşdırması nəticəsində əksinə müəyyən edildi ki, iddiaçı daimi olaraq İmişli rayonunda yaşamaqla, onun ümumi həyat fəaliyyəti, işlədiyi, müalicə aldığı, uşaqlarının təhsil aldığı yer məhz bu rayonla bağlıdır. Abşeron rayonunda qeydiyyat isə tam formal və məqsədli xarakter daşıyır.
41. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
42. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
43. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-3148/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.