Məhkəmə qərarları › İş №2-1(105)-651/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-651/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-651/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh tərəfindən hörülməsi nəticəsində dəyən maddi zərərin əvəzi olaraq 70.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 36-cı məhəllə 1/22 saylı evin 1-ci mərtəbəsində yerləşən 32 saylı mənzil onun xüsusi mülkiyyətindədir. 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləmiş, onu qeyri-yaşayış sahəsinə çevirmişdir. Bu hərəkəti etməzdən əvvəl o, Sumqayıt şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə almış, uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. 2014-2015-ci ildən Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən “şəhərin yenidənqurulması və abadlaşdırılması’’ adı ilə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısı hörülərək bağlanmışdır. Lakin, həmin sahənin ətrafındakı digər qeyri-yaşayış sahələri fəaliyyət göstərməyə davam etmişdir. Dəfələrlə Sumqayıt Şəhər icra Hakimiyyətinə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam vermişdir. Belə ki, işə baxılan dövrdə Sumqayıt şəhər İHB-nin 05 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən onun mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22 ünvanında yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt şəhər İHB tərəfindən təsdiq edilmiş qeyri-dövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktına görə komissiyanın keçirdiyi texniki baxış zamanı iddiaçıya məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41.64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Həmçinin, Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində o, 2014-cü ildən indiyə qədər obyektindən istifadə edə bilməmişdir. 2014-cü ildə obyektində xeyli sayda ayaqqabı var idi. Cavabdeh ona obyektdən istifadə etməyə icazə vermədikdə obyektin qapısını daşla hörmüş və onun ayaqqabıları obyektin daxilində qalmışdır. Cavabdeh orqan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair qərar verdikdən sonra iddiaçı xərc çəkib hörgünü sökmüş və içəri daxil olduqda ayaqqabıların sıradan çıxdığının şahidi olmuşdur. Obyekt 7 il ərzində bağlı vəziyyətdə qaldığından içəri nəmişlik olmuş və hesab edir ki, bu hal cavabdehin hərəkətləri nəticəsində baş vermişdir. Çünki, cavabdeh obyektin qapısını 2014-cü ildə bağlamış və həmin vaxtdan o, obyektə daxil ola bilməmişdir. İddiaçı obyektə dəyən zərəri, ümumilikdə, 70.000 manat qiymətləndirir. Bu məbləğə həm obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, həmçinin 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri nəticəsində ona 70.000 manat ziyan dəymişdir. O, dəymiş zərərin əvəzi olaraq 70.000 manat məbləğin ona ödənilməsi barədə cavabehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır, ona dəymiş maddi zərərin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, cavabdehin imtinasında istinad etdiyi məhkəmə baxışının predmeti olan mübahisənin hazırkı tələbinə aidiyyatı yoxdur. O, həmin vaxt məhkəməyə müraciət edərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı müraciəti isə 7 il ərzində ona məxsus olan mağazanın cavabdehin hərəkətləri nəticəsində fəaliyyət göstərməməsinə görə çəkdiyi maddi zərərin əvəzinin cavabdehdən tələb edilməsidir. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdeh Sumqayıt Şəhər icra Hakimiyyətinə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerində qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışı predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 saylı sərəncamına əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt Şəhər İHB-nin təsdiq etdiyi 22 dekabr 2021-ci il tarixli, 24 saylı Qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında 2404 saylı, 23 dekabr 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək iddia tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)-139/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və zirzəmi hissəsində icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidənplanlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının mənzilə daxil ola bilməməsi də əsassız və həqiqətə uyğun deyildir. Belə ki, mənzilə giriş qapısı binanın ümumi istifadədə olan və bina sakinlərinin də hamısının istifadə etdiyi ümumi girişdən (blok) olduğu halda, iddiaçının hansı səbəbdən mənzilinə daxil olub, iddia etdiyi kimi mənzilində olan “ayaqqabılarını” götürə bilməməsi təəccüb doğurur və bir daha onun tələbinin əsassız olduğunu təsdiq edir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim L.Mirzəyeva). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarında iddiaçının cavabdeh orqan tərəfindən hörüldüyünü iddia etdiyi qapının cavabdehin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıdan tələb edildiyini qeyd etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi qanunsuz və əsassızdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadından əvvəlki tarixlərdə fəaliyyətinin hansı əsaslarla həyata keçirilməsi barədə şəhər icra hakimiyyətində hər hansı məlumat mövcud deyildir. Halbuki, Sumqayıt şəhər İH-nin xx.xx.2017-ci tarixli qərarı ilə məktubdakı məzmun ziddiyyət təşkil edir. Həmin qərarla İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinin təmin edilməməsi və həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin İddiaçı tələb edilməsi qərara alınmışdır. Qeyd edir ki, onun 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı Sumqayıt şəhər İHnin və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 aprel 2022-ci il tarixli məktubu ilə təsdiq edilir. Həmin vaxtdan etibarən Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Sülh küçəsində yerləşən binaların dam və üz örtükləri dəyişdirilmiş, obyektlərin fasad və konstruksiyalarının zahiri görkəminin yaxşılaşdırılması işləri görülmüşdür. Bütün bunlar şəhərin mövcud baş planına uyğun həyata keçirilmiş və cavabdeh orqan tərəfindən aparılmışdır. Məhkəmə, ümumiyyətlə, görülən işlərin hansı orqan tərəfindən həyata keçirildiyini və ona məxsus olan obyektin qapısının kim tərəfindən hörüldüyünü müəyyən etməmişdir. Onunla Sumqayıt şəhər İH arasında əvvəllər olan məhkəmə çəkişməsi zamanı İcra hakimiyyəti tərəfindən şəhərin mövcud baş planına uyğun Sumqayıt şəhəri 36-cı məhəllə ərazisindəki obyektlərin fasad və konstruksiyalarının yaxşılaşdırılması, binanın dam və üz örtüklərinin yenidən abadlaşdırılması işləri görülmüşdür. Həmin işlər görülən zaman iddiaçıya məxsus olan obyektin qapsı məhz cavabdeh tərəfindən hörülmüş və nəticədə o, 7 il ərzində obyektə daxil ola bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, 1994-cü il tarixinədək ona məxsus ünvan 2 ünvanda yerləşən 32 saylı mənzil yaşayış evi olmuş, 2004-cü ildə o, evin ümumi istifadədə olan blok tərəfdən giriş qapısını bağlayaraq mənzili qeyri-yaşayış obyektinə keçirmişdir. Obyektin qapısı binanın ön tərəfindən olmuşdur. 2014-cü ildə obyektin qarşısı cavabdeh tərəfindən hörülərkən içəridə qalan ayaqqabıların çıxarılması üçün ona vaxt verilmiş, ayaqqabıların bir qismini qutulara yığaraq çıxarmış, qalan hissəsini isə saxlamağa yeri olmadığından çıxarmamışdır. Həm də, hörgünün 2-3 gün ərzində söküləcəyini düşündüyündən qalan malları obyektdən çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində ona məxsus obyektin qapısının 2014-2015-ci illərdə hörüldüyünü qeyd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-139/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərarında cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qapısı hörülən zaman ona həmin sahənin qeyriyaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni, ona məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. Yalnız 23 dekabr 2021-ci il tarixində iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında icazə verilmişdir. Belə olan halda həmin tikintinin aparılması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbini təsdiq edən hər hansı sübutu yəni, mübahisəli tikintinin həqiqətən cavabdeh orqan tərəfindən aparıldığını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, tələb olunan ziyanın məhz cavabdeh inzibati orqan tərəfindən vurulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisə predmeti cavabdehin Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektə vurulmuş zərərə görə (obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda) 70.000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi barədədir. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə, 2014-cü ildə cavabdehin təqsirli hərəkətləri nəticəsində qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısı hörülərək bağlandığından 7 il ərzində həmin obyektin içərisində qalmış xeyli sayda ayaqqabı yararsız hala düşmüş, bundan əlavə obyektin özü uzun müddət havasız qaldığından istifadəyə yararsız olmuş, bu səbəbdən təmir işləri aparağa məcbur olmuş, həmçinin mağazanı 7 il işlədə bilmədiyindən əldən çıxmış ziyan formasında da ona zərər dəymişdir. Cavabdeh etirazının dəlillərində mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilmədiyini, bu barədə hərəkət edilmədiyini, mənzilə giriş qapısının ümumi istifadədə olan girişdən (blok) olduğunu və iddiaçının mənzildə olan ayaqqabıları götürə bilmə imkanının olduğunu qeyd etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, Sumqayıt şəhəri 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzili xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Belə ki, iddiaçının Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 22 avqust 2016cı il tarixli 2-1(85)-818/2016 nömrəli qərarı ilə rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016cı il tarixli2-1(105)-330/2016 qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin 22 aprel 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarının icrası ilə bağlı İcra Hakimiyyətində yaradılmış komissiyanın 22 avqust 2017-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidən qurulması və yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığına, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq İddiaçı həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin tələb edilməsi qərara alınmışdır. İddiaçı həmin qərarı aldıqdan sonra təkrarən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 8 saylı 22 avqust 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılan ərəfədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 05 aprel 2021-ci il tarixli 97 saylı sərəncamına əsasən, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22 ünvanda yerləşən 32 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2-1(105)-139/2021 nömrəli qərardadı ilə isə iddiaçının tələbi tam təmin edildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Belliklə, məhkəmə qərarlarından göründüyü kimi, iddiaçıya məxsus daşınmaz əmlak reyestr məlumatlarına əsasən yaşayış sahəsi olmuş, 22 dekabr 2021-ci il tarixdə cavabdehin qərarına əsasən, qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin vaxta qədər, o cümlədən mağazanın qapısının bağlandığı iddia edilən 2014-2015-ci il tarixinədək həmin sahə yaşayış sahəsi, yəni mənzil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 1100-cü maddəyə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın cavabdeh tərəfindən fasadla üzlənməsi və bunun nəticəsində iddiaçının mülkiyyətində olan mənzilində müvafiq icazə almadan açdığı qapının bağlanması baş vermişdir. Bu işin mübahisəsiz halıdır. Lakin kollegiya hesab edir ki, bu hərəkət qanunvericilik normalarının pozulması ilə baş verməmişdir. Belə ki, işin hallarından görünür ki, 2014-2015-ci illərdə qapısının hörüldüyü iddia edilən sahə dövlət reyestri məlumatlarına əsasən yaşayış sahəsi olmuş, iddiaçı həmin yaşayış sahəsindən qeyriyaşayş sahəsi(mağaza) kimi istifadə etmək məqsədilə özünün də bildirdiyi kimi icra hakimiyyəti orqanından müvafiq icazə almadan 1995-ci ildə qapı açmışdır. Cavabdeh tərəfindən qapının hörülməsi nəticəsində iddiaçının mülkiyyətində olan daşınmaz əmlak yaşayış sahəsi kimi təyinatını itirməmiş, iddiaçı özü mənzilin giriş qapısını bağladığından, ondan yaşayış sahəsi kimi istifadə edilməsini mümkünsüz hala gətirmişdir. Halbuki, zamana görə qüvvədə olan Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyriyaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. Həmçinin, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İddiaçı apelyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən mağazanın qapısnın bağlanması nəticəsində 7 il ərzində ordakı əşyaların(ayaqqabıların) sıradan çıxdığını, bağlı vəziyyətə qaldığından mağazanın ərazisinin yararsız hala düşdüyünü qeyd edərək ona cavabdeh tərəfindən zərər vurulduğunu iddia etmişdir. Kollegiya iddiaçının bu arqumenti ilə razılaşmır. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, 2014-2015-ci ildə mağazanın qapısı cavabdeh tərəfindən bağlanarkən içəridə qalan əşyaların götürülməsi üçün ona vaxt verilsə də, sonuncu yalnız əşyaların bir qismini götürmüş, qalan hissəsini isə saxlamağa yeri olmadığından, həmçinin hörgünün 2-3 gün ərzində söküləcəyini düşündüyündən mağazada saxlamışdır. Yaxın müddət ərzində qapının açılmadığını görsə belə, iddiaçı mənzilin giriş qapısını açaraq vurulmuş zərərin qarşısını almaq üçün əşyalarını sərbəst götürə və mənzilin illər ərzində istifadə edilmədiyi üçün yararsız vəziyyətə düşməsinin qarşısını ala bilərdi. Lakin iddiaçı bunu etməmiş, nəticədə də, Mülki Məcəllənin 21.3-cü maddəsində qeyd edildiyi kimi, özünün davranışı ilə hazırkı vəziyyətə, mağazadakı əşyaların(ayaqqabıların) sıradan çıxması və təmirinə çəkilmiş xərclərlə bağlı zərərin yaranmasına tam həcmdə şərait yaratmışdır. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əldən çıxan fayda formasında dəymiş ziyanla bağlı isə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasına səbəb olan qanunsuz hərəkətə yol verilmədiyindən, o cümlədən iddiaçı tərəfindən əldən çıxmış fayda formasında ziyanla bağlı hər hansı sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi bu hissədə də, tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar