Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-651/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5284/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.metr torpaq sahəsinin İddiaçı icarəsinə verilməklə müqavilə bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 5284/2025 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarına istinad edərək gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə tərəflər arasında icarə müqaviləsinin bağlanmasına dair münasibətdən irəli gələn hüquq və öhdəlikləri ilə bağlıdır. Hazırda iddiaçının tələbi Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.metr torpaq sahəsinin icarəsinə verilməsindən ibarətdir. İddiaçının müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. Çünki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Bununla yanaşı iş üzrə İddiaçı MMC hüquqi şəxs olduğundan, həmçinin hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan kommersiya mübahisələri, kommersiya məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5284/2025 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməməklə prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh iddia olunan 237 kv.metr sahəyə dair öncə cizgi və qeydiyyat vəsiqəsi versə də, hazırda icarə müqaviləsi bağlamaqdan imtina etmiş, bu səbəbdən cavabdehin hərəkətsizliyinin götürülməklə, öhdəliyin qoyulmasına dair iddia qaldırmışdır. Mövqeyinə əsasən mülkiyyət hüququnun tanınması və sair oxşar xarakterli tələblərə inzibati məhkəmə baxır. İnzibati orqan qarşısında onun səlahiyyəti daxilində olan müqavilə bağlamaq üzrə hərəkətsizliyinin götürülməsi öhdəliyin məcbur edilməsi mülki məhkəmə icraatından daha artıq inzibati məhkəmə səlahiyyətidir. Ona görə də, şikayət təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-in qanuni təmsilçisi Nümayəndə məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə etdi və izahatında bildirdi ki, birinci instansiya məhkəməsində 3 ay müddətində tələbi icraata qəbul edilib baxılarkən iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ona hüquqi yardım göstərilməmişdir. Ona iddia tələbinin dəqiqləşdirilməsi barədə hüququ izah edilsəydi, məhkəmə iddia tələbini mümkün hesab edib tələbinə mahiyyəti üzrə baxa bilərdi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir, eyni zamanda mübahisənin həlli məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi məktub ünvanlamışdır. İddiaçı MMC-in hüquqi marağı qanuni istifadəsində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 220 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbində mövcud xətaların aradan qaldırılması barədə iddiaçıya düzgün hüquqi yardım göstərməmişdir. Hazırda İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “faktiki istifadəsindəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini qısa müddət ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edəcəkdir. Şikayətin təmin edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında şikayəti əsassız hesab etdi və izahatında bildirdi ki, İddiaçı MMC faktiki istifadəsindəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə cavabdeh ola bilməz. Odur ki, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı iş üzrə İddiaçı MMC-in hüquqi marağı istifadəsində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.metr torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hazırda İddiaçı MMC iddia tələbini dəqiqləşdirmiş və İddiaçı MMC-in hüquqi marağının qanuni istifadəsində olan Sumqayıt şəhəri 42ci məhəllədə yerləşən 220 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsindən ibarət olduğunu bildirir. Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə ərizə göndərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yuxarı inzibati orqan olduğuna görə iddiaçının yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməsinə zərərət yoxdur. Həmin ərizə yuxarı inzibati orqan tərəfindən aidiyyatı üzrə baxılması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməlidir. Məhkəmə kollegiyasının hüquqi yardım göstərməsindən sonra İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı MMC-nin qanuni istifadəsində olan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 220 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda İddiaçı MMC bu tələbinə baxılmasını tələb edir, tələb mümkün iddia tələbi olmaqla, mübahisə inzibati mübahisədir və mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını düzgün qiymətləndirmədən onun arzuladığı məhkəmə aktının qəbul edilməsi üçün düzgün iddia tələbinin yazılması və əsl cavabdehə qarşı verilməsi üçün iddiaçıya düzgün hüquqi yardım göstərməmiş, iddia tələbinin kommersiya məhkəməsinə aid olması əsassı ilə iddianı mümkün saymayarkən səhvə yol vermiş, düzgün olmayan nəticəyə gəlmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5284/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-651/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-651/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver