Məhkəmə qərarları › İş №2-1(105)-652/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-652/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-652/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 19 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-778/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2020-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesttrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Rayon Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina ediiməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təqdim edilmiş sənədlərdə 0.04 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0374 ha olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 19 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 19 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, A.Mənsimov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində qanunvericiliyin tələbinə əsasən və layihəyə uyğun olaraq tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. 13 aprel 2023-cü il tarixdə həmin evin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ kimi qeydə alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 05 may 2023-cü il tarixli imtina məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsi torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi və torpaq sahəsinin sənəddə 0,04 ha olmasına baxmayaraq, faktiki olaraq 0,0374 ha olmasını əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtinası 19 may 2023-cü il tarixdə təqdim edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla mülkiyyətində olan torpaq sahəsinin sənəddə 0,04 ha olmasına baxmayaraq, faktiki olaraq 0,0374 ha olması mövcud tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasından imtina üçün əsas hesab oluna bilməz. Mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin sağ və sol qonşuları qardaşı və bacı uşaqlarının ailələrinin yaşadıqları evlərin yerləşdiyi torpaq sahələri olmaqla, həmin əksik sahə faktiki olaraq qardaşının istifadəsindədir. Bu fakt mövcud tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas deyildir. Cavabdehin imtinasının digər bir əsası isə torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə mülkiyyətimdə olan torpaq sahəsindən kənarda yerləşməsi olmuşdur ki, cavabdeh inzibati orqanın bu imtinası qeyri-müəyyən olmuşdur. Belə ki, imtinada tikilinin hansı hissəsinin və kimin torpaq sahəsində yerləşməsi qeyd olunmamışdır. Lakin, cavabdeh inzibati orqanın bu əsası fərdi yaşayış evinin divarının bacısı oğlunun ailəsinin yaşadığı ünvan 2 ünvanındakı torpaq sahəsinin sərhəddində yerləşməsi ilə əlaqədar olmuşdur ki, bu imtina da əsassız olmuşdur. Əvvəla mülkiyyətində olan torpaq sahəsinin bacısı oğlunun ailəsinin yaşadığı ünvan 2 ünvanındakı torpaq sahəsi ilə sərhəddi 1960-cı illərdən faktiki olaraq ayrılmaqla, sərhəddə daş hasar hörülmüşdür. Fərdi yaşayış evi inşa edilməmişdən əvvəl isə tikiləcək evin divarının bacısı oğlunun ailəsinin yaşadığı ünvan 2 ünvanındakı torpaq sahəsinin sərhədində yerləşməsinə və həmin divarın ortaq divar olmasına dair bacısı oğlunun ailəsinin razılığı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinə müvafiq olaraq 2020-ci il tarixdə notarial qaydada verilmiş ərizə ilə alınmışdır. Buna görə də cavabdeh inzibati orqanın bu imtinası da əsassız olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu; Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi təqdim edilmiş sənədlərdə 0.04 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0374 ha olduğu; Sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-778/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 19 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində dövlət qeydiyyatından keçmiş 0.04 ha torpaq sahəsi olsada, torpaq sahəsinin faktiki vəziyyətdə 0.0374 ha təşkil etməsini cavabdeh inzibati orqan, yaşayış evinin qeydiyyatından imtina əsası kimi qeyd etməsi başa düşülən deyil. Bu halın imtina üçün əsas təkil etməsinin hər hansı hüquqi əsalandırlılması mövcud deyil. Cavabdeh inzibati orqanın imtinasının ikinci əsasına gəldikdə isə qeyd edilən halda imtina üçün əsas təkil etməməlidir. Belə ki cavabdeh qeyd edir ki, sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Müayinə aktından görünür ki, sənəd üzrə torpaq sahəsindən kənarda yerləşən hissə cəmi 7.4 kv.m təkil edir. İddiaçı ərizəsində qeyd edir ki, mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin sağ və sol qonşuları qardaşı və bacı uşaqlarının ailələrinin yaşadıqları evlərin yerləşdiyi torpaq sahələridir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ətrafında yerləşən torpaqlara aid sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı ilə qonşuları arasında hər hansı bir mübahisənin olması müəyyən edilmir. Digər gonşularla mübahisə olmadığı halda, yaşayış evinin cəmi 7.4 kv.m hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməsinin iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaratması mütənasiblik prinsipinə ziddiyət təkil edir. Eyni zamanda həmən uyğunsuzluqları aradan qaldırmaq cavabdeh inzibati orqanın səlahiyyəti və məsuliyyəti dairəsinə şamil edilir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ..... 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;.. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:...8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq vardır, sözügedən fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təqdim edilmiş sənədlərdə 0.04 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0374 ha təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında əldə etmiş, xüsusi mülkiyyət hüququ əsasında həmin torpaq sahəsi ona məxsus olmuş, həmin hüquq qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında həmin fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına ərizə ilə 12 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən fərdi yaşayış evi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə olunmuş, həmin əmlakın texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, texniki sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,04 ha, fərdi yaşayış evinin ümumi sahəsi 125,4 kv.m. (əsas sahə 73,6 kv.m., köməkçi sahə 51,8 kv.m. olmaqla), faktiki torpaq sahəsinin ölçüsü 0,0374 ha, fərdi yaşayış evinin ümumi sahəsi eyni ölçüdə mövcud olmuş,kommunikasiya xəttləri keçmir, daş hasar daxilində yerləşir, “A” fərdi evin ölçüləri layihəyə uyğundur, yaşayış evidir, 0,0374 ha torpaq sahəsində yerləşir,7,4 kv.m. hissəsi sənədlə torpaq sahəsində kənara çıxır, sənədlə torpaq sahəsi ilə faktiki konfiqurasiya uyğun gəlmir, faktiki torpaq sahəsinin 0.0087 ha hissəsi sənədlə torpaq sahəsindən kənarda yerləşir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş həmin sahəyə aid rəngli ortofoto görünütüsündən görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası ilk növbədə imtina və etirazın torpaq sahəsinin faktiki ölçüsünün 0,0374 ha olması hissəsində dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının həmin torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədi tərtib edilmişdir. İndiki halda iddiaçı məhz fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi qimsində çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğu halda, habelə həmin hüququn cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı halda, torpaq sahəsinin ölçüsünün faktiki 0,0374 ha olması və konfiqurasiya fərqinin olması halına istinad edilməsi halı özlüyündə formal xarakter daşımaqla, əmlak hüquqlarının realizəsinin əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi həmin hallar məhz torpaq sahəsi ilə bağlı hüququn dövlət qeydiyyatına alınması halında qeyd edilə bilərdi ki, indiki halda torpaq sahəsinə dair mülkiyyət hüququ məhz cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazın dəlilləri bu hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası imtina və etirazın digər hissədə (fərdi yaşayış evinin 7 kv.m. artıq sahədə yerləşməsi hissəsində) dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda qeyd edilən fərdi yaşayış evi iddiaçının faktiki istifadəsində olmaqla, onun faktiki ölçüləri layihə üzrə eynilik təşkil etmişdir. Bununla bağlı mübahisəli hal ondan ibarət olmuşdur ki, fərdi yaşayış evinin bir hissəsi-7,4 kv.m. olan hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşir. Məhkəmədə tədqiq edilmiş müayinə aktı, sxem və rəngli ortofoto görüntüsünün məzmunundan görünür ki, indiki halda həmin fərdi yaşayış evinin faktiki yerləşdiyi vəziyyətə uyğun olaraq, iddiaçı ilə qonşular arasında mübahisə mövcud olmamış, habelə iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən istifadə edildiyindən, faktiki istifadə vəziyyətində belə uyğunsuzluq baş vermişdir Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüququna mövcud müdaxilə onun həmin torpaq sahəsində inşa edilmiş tikilinin yerləşmə vəziyyətinə təsir etmişdir. İndiki halda isə, faktiki vəziyyətə uyğun olaraq iddiaçı ilə qonşular arasında hər hansı mübahisə olmadığından, habelə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsinin də qonşu tərəfindən istifadə edildiyindən, bu halın da öz növbəsində faktiki vəziyyətə təsir etdiyindən, həmin hal iddiaçının əmlak hüquqlarının məhdudlaşıdırlmasına və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab edilməməlidir. Əks halın tətbiq edilməsi isə ilk növbədə mütənasiblik və ədalətlilik prinsiplərinin mahiyyətinə və məqsədinə zidd olmuş olardı. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın qeyd olunan hallarla bağlı mövcud inzibati praktikasına əsasən müvafiq tikililərlər bağlı faktiki istifadə vəziyyətinə dair mübahisə olmadığı oxşar vəziyyətlərdə (10 kv.m-ə qədər kənarlaşma olduğu halda) məhz mütənasiblik prinsipinin tələbləri əsas götürülməklə, bu hal imtina əsası kimi qəbul edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki haldada işin müəyyən edilmiş həmin halları hazırki iddia tələbinə məhz mütənasiblik və ədalətlilik prinsipinin tələbləri baxımından yanaşılmasını zəruri edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq fərdi yaşayış evinin tikintialtı sahəsinin 7,4 kv.m hissəsinin torpaq sahəsinin sənəd üzrə sahəsindən kənarda yerləşməsi halı həmin evin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün əsas qismində qəbul edilməməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, məhkəmə araşıdrması zamanı sözügedən tikiliyə aid yuxarıda istinad edilən qanunvericilik normasında əks olunmuş digər sənədlərin (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd) mövcud olduğu aşkar edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-778/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar