Məhkəmə qərarları › İş №2-1(105)-652/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-652/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-652/2025 19.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs İddiaçı2 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-601/2025 nömrəli qərarından İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov (əvvəlki adı Mojaysk) küçəsi, bina 16, mənzil 21 ünvanında yerləşən mənzilin üzərində İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə ərizə təqdim edərək, “Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Fərrux Qayıbov (əvvəlki adı Mojaysk) küçəsi bina 16, mənzil 21 ünvanında yerləşən mənzilin üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Fərrux Qayıbov (əvvəlki adı Mojaysk) küçəsi bina 16 mənzil 21 ünvanında yerləşən mənzilin order əsasında sahibidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının qəsəbəsində sakinlər evlərini özəlləşdirmək üçün aidiyyəti üzrə müraciət edir, iddiaçı da həmçinin müraciət etmişdir. Aldığı cavab məktubundan görünür ki, müraciətinə imtina verilmişdir. İmtina onunla əsaslandırılıb ki, arxivdən çıxarış yoxdur. Halbuki həmin ev iddiaçının qanuni sahibliyindədir. Həmçinin arxivdə saxlanılmayan və ya arxivə təhvil verilməyən sənədlərə görə iddiaçı cavabdeh deyil. Bundan ötrü iddiaçı öz əmlak hüquqlarından, mülkiyyət hüququndan məhrum qalmamalıdır. Buna görə də hesab edir ki, imtina cavabı əsassızdır. Onu da qeyd edir ki, qonşu binalar, yaşadıqları bina sakinləri demək olar ki, doxsan faizi evini özəlləşdirib. İddiaçı mənzilini Sumqayıt İcraiyyə Komitəsinin Mənzil Məişət Komissiyasının Protokolu əsasında almışdır. Orderdə bununla bağlı qeyd mövcuddur. İddiaçı fəhlə işləmiş, öz işinin mütəxəssisi olmuşdur, vaxtilə həmin protokolun Sumqayıt İcraiyyə Komitəsinin Mənzil Məişət Komissiyasının məsul şəxsləri tərəfindən arxivə təhvil verilməməsi səbəbindən mülkiyyət hüququndan məhrum qala bilməz. Bu iddiaçının Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüququnu pozur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 22 sentyabr 2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X2 bildirilmişdir ki, təqdim edilən Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 403 nömrəli, xx.xx.2023-cü il tarixli 3-48-DA-1OF/2-408-2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-476-2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-590-2023 nömrəli məktublarında Sumqayıt şəhər XDS İK-nin 1972-ci və 1974-cü illər aralığı iclas protokollarında sözügedən daşınmaz əmlaka dair məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-601/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı2 nümayəndəsi Nümayəndə qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı tərəflərə hüquqi yardım edilmiş, iddiaçı İddiaçı2 nümayəndəsi Nümayəndə “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsində iddiaçı qismində göstərilən İddiaçı2 iddiaçı qismində iştirakının üçüncü şəxs qismində iştirakı ilə əvəz edilməsini və üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-652/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı2 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ümumi olaraq birinci instansiya məhkəməsində işə xx.xx.2023 tarixdən etibarən baxmağa başlanılmış və xx.xx.2025 tarixdə yekun qərar qəbul edilmişdir, bu faktı qeyd etməkdə məqsədi odur ki, 1 il 5 ay ərzində məhkəmə tərəfindən bir neçə dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Mənzil İstismar Xidmətinə və Sumqayıt Şəhəri Hacı Zeynalabdin Qəsəbəsi Mənzil İstismar hissəsinə sorğu verilərək ünvan 2 ünvanında yerləşən mənzilin xidməti rejimli olması faktını təsdiq edən hüquqmüəyyənedici sənədlərin verilməsini tələb etsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Məhkəməyə yalnız mənzilin açıq hərbi şəhərcikdə yerləşməsi barədə məlumat verilib. Sorğu verilən qurumlar tərəfindən məhkəməyə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Fərrux Qayıbov küçəsi bina 16 mənzil 2 ünvanında yerləşən mənzilin xidməti rejimli olması barədə verilmiş arayışların hansı hüquqmüəyyənedici sənədlər əsasında verilməsi haqqında məlumat məhkəməyə təqdim edilməyib. Müdafiə nazirliyinin baş mənzil istismar xidməti tərəfindən arayış verilib ki, ünvan 2 ünvanında yerləşən mənzil xidməti rejimli mənzildir. Lakin həmin arayışı hansı sənəd əsasında tərtib edib məlumat vermir. Baxmayaraq ki, məhkəmə bununla bağlı rəsmi sorğu verib. Maraqlı olan digər hal ondan ibarətdir ki, analoji iş üzrə eyni qəsəbənin sakininə arayış verilib ki, onun mənzili xidməti rejimli deyil. Bunun əsasında Sumqayıt Apellyasiya Məhkəməsində iddiaçının tələbi təmin edilmişdir. Maraqlı olan digər hal odur ki, həmin iddiaçının orderində mənzilin xidməti rejimli olması barədə məlumat əl yazısı ilə yazılmışdır və həmin iddiaçıya Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi mənzil istismar hissəsi tərəfindən arayış verilib ki, onun mənzili xidmət rejimlidir. Sonradan iddiaçı apellyasiya şikayəti verərək Müdafiə Nazirliyinin baş mənzil istismar xidmətinə müraciət etmiş və ona mənzilin xidmə rejimli olmadığına dair arayış verilib. Maraqlı olan digər hal isə odur ki, o, Müdafiə Nazirliyinin Baş Mənzil İstismar Xidmətinə müraciət etdikdə ona məlumat verilib ki, həmin qurumda hər hansı mənzilin xidməti rejimli olması barədə məlumat bazası yoxdur. Müdafiə Nazirliyinin Baş Mənzil İstismar Xidməti tərəfindən ona məlumat verilib ki, mənzilin xidməti rejimli olması barədə məlumat Hacı Zeynalabdin qəsəbəsi mənzil istismar xidmətindədir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin Müdafiə Nazirliyinin Baş Mənzil İstismar Xidmətinə göndərilmiş sorğularına əvvəlcə elə həmin qurum cavab versə də, sonradan məhkəmənin ünvan 3 ünvanında yerləşən mənzilin xidməti rejimli olması barədə hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı sorğusuna baxmaq əvəzinə həmin sorğuya cavab verilməsi üçün məhkəmənin sorğusunu Sumqayıt şəhəri Hacı Zeynalabdin Qəsəbəsi Mənzi İstismar hissəsinə göndərib. Nəticədə, məhkəmənin sorğusuna cavab verilməmişdir, müdafiə nazirinin Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən hərbi şəhərciklərin açıq hərbi şəhərcik statusuna keçirilməsi barədə əmrin surəti təqdim edilmişdir. Təqdim edilən sənədin sorğuya heç bir aidiyyəti yoxdur. Məhkəmə dəqiq sorğu verib, məhkəmənin sorğusuna cavab verilməmişdir. İddiaçı ömür boyu zəhərli sexdə işləmişdir, 30 il ömrünü həyat yoldaşı ilə birlikdə həyat və sağlamlıq üçün təhlükəli olan işlərlə keçirmişdir. İllər sonra iddiaçı ilə birlikdə eyni zavodda işləyənlər evini özəlləşdirə bilir, iddiaçı isə yox. Birinci instansiya məhkəməsi sorğuya cavab ala bilmədiyi halda iddia tələbini rədd etdi. Eyni zamanda məhkəmə tərəfindən sorğular göndərilməsi üçün tədbirlər görüldü, lakin məhkəmə sorğuya cavab verilmədiyini gördüyü və bildiyi halda iddia tələbini rədd etdi. Yaşadığı binada yerləşən mənzillər zavodda işləyənlərə verildiyi kimi, iddiaçıya da eyni qaydada verilmişdir. İddiaçının mənzilinin orderində xidməti rejimli olması barədə məlumat yoxdur. Belə olan halda hansı hüquqmüəyyənedici sənəd əsasında mənzilin xidməti rejimli olması barədə arayış verilib?! Mənzilin xidməti rejimli olması barədə arayış veriləndə hansı rəsmi sənədə istinad edilib?! Hər bir arayış hansı qurum tərəfindən verilməsindən asılı olmayaraq ilkin istinad mənbəyinə malikdir. Arayış hansısa rəsmi məlumat mənbəyindən əldə olunur. İddiaçının mənzili xidməti rejimlidirsə, niyə orderdə bununla bağlı məlumat yoxdur?! İddiaçının mənzili xidməti rejimlidirsə, niyə mənzilin verilməsi mənzil məişət komissiyasının protokolu əsasında baş verib?! Əgər mənzil xidməti rejimlidirsə, bununla bağlı rəsmi təsdiqedici sənədlər məhkəməyə verilməlidir. Müdafiə Nazirliyinin Baş Mənzil İstismar Xidməti tərəfindən bir vətəndaşa arayış verilir ki, onun mənzili xidməti rejimli deyil, digər vətəndaşa arayış verir ki, xidməti rejimlidir, sonra məhkəmənin sorğusuna cavab verilməsi üçün həmin birinci vətəndaşa arayış verdiyi halda hansısa naməlum mənbə əsasında həmin iş üzrə məhkəmə sorğusunu icra edilməsi üçün qəsəbə mənzil istismar hissəsinə göndərir. Məhkəmə sorğusuna verilmiş cavablar hərtərəfli araşdırılmayıb. Məhkəmənin sorğu nəticəsində əldə etdiyi sənədlər arayış və müşayiət məktubudur. Arayış və müşayiət məktubu hansı hüquqmüəyyənedici sənədlərin əsasında tərtib edilib, məhkəmə tərəfindən yoxlanılmayib. Həmin arayışlarda və müşayiət məktubunda istinad mənbəyi göstərilmədiyi halda məhkəmə həmin faktın müəyyən edilməsi üçün zəruri tədbirlər görmədi. Məhkəmə qərarında məhkəməyə təqdim edilən sübutlar sadalanmır. Məhkəməyə təqdim edilən iddiaçı tərəfindən sübutlar ümumiyyətlə məhkəmə qərarında yazılmayıb. Həmçinin iddiaçı öz mülahizələrini məhkəməyə təqdim edilən həmin müşayiət məktubunu görmədiyi üçün bildirmək hüququndan istifadə edə bilməmişdir. İddiaçı ümumiyyətlə həmin müşayiət məktubunun məzmunu ilə tanış edilməyib. İddiaçı həmin müşayiət məktubunu görməyib. Müşayiət məktubu şəxsi mülahizələr əsasında tərtib olunmuşdur. Çünki rəsmi istinad mənbəyi barədə birinci instansiya məhkəməsinin qərarında məlumat yoxdur. Mənzilin xidməti rejimli olması faktını təsdiq edən hüquqmüəyyənedici sənədlər əldə edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Fərrux Qayıbov (əvvəlki adı Mojaysk) küçəsi bina 16, mənzil 21 ünvanında yerləşən mənzilin üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ünvanlanmış 12 may 2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri XDS İK-nın xx.xx.1973-cü il tarixli, 8 saylı protokolunda və 12 iyul 1973-cü il 16 saylı protokolunda vətəndaş İddiaçı1 mənzil ayrılması barədə məlumat mövcud deyil. Tərəflərindən Sumqayıt şəhər XDS İK-nın 5 yanvar 1973-12 iyul 1973-cü ilə dair iclas protokollarına baxılmış, sorğu olunan məsələ barədə məlumat aşkar olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 24 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 13 aprel 1973-cü il tarixli 16 nömrəli protokolla bağlı Birlik arxivində heç bir sənəd tapılmamışdır. Bu səbəbdən Sumqayıt şəhər Arxiv İdarəsinə və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust 2023cü il tarixli, 376 nömrəli məktubundan görünür ki, N () hərbi hissədə Mənzil-Təsərrüfat Komissiyasına aid sənədlər olmadığı üçün müraciətə dair məlumat verə bilmirlər. Ona görə də, bu məsələ ilə əlaqədar Z.Tağıyev Mənzil-İstismar Hissəsinə müraciət edilməsi məqsədə müvafiqdir. Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin 29 may 2024-cü il tarixli, 2481 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin 25 oktyabr 2024-cü il tarixli, 5510 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır, açıq tipli hərbi şəhərcikdə yerləşir və xidməti mənzil statusuna malikdir. Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 08 sentyabr 2023-cü il tarixli, 913 nömrəli məktubundan görünür ki, F.Qayıbov küçəsi, bina 16, ev 21 ünvanında yaşayan İddiaçı1 verilən xx.xx.1973-cü il tarixli, 06/277 nömrəli orderə dair mənzil sahəsinin bölüşdürülməsi üzrə komissiyasının iclas protokolları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir. Eləcə apellyasiya baxışı zamanı kollegiya tərəfindən zəruri sorğular edilməklə mübahisəli mənzilin xidməti rejimdə olması ilə bağlı sübutlar tələb edilmişdir. Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin N avqust 2025-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır, İddiaçı1 Müdafiə Nazirliyinin Mənzil İstismar xidmətinin tabeliyində olan H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin daxili qərarı ilə ayrılmış və xidməti mənzil statusuna malikdir. Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin 03 sentyabr 2025-ci il tarixli məktubundan qeyd edilir ki, ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır, açıq hərbi şəhərcikdə yerləşir, xüsusi təyinatlı və xidməti rejimlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və iddia tələbinə etirazın əsasını təşkil edən dəlili müvafiq hüquq müəyyənedici sənədə dair arxiv məlumatlarının olmaması ilə bağlıdır. Kollegiya həmin dəlili təkbaşına imtina üçün yetərli əsas hesab etməməklə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 12 may 2023-cü il tarixli məktubundan Sumqayıt şəhəri XDS İK-nın xx.xx.1973-cü il tarixli, 8 saylı protokolunda və 12 iyul 1973-cü il 16 saylı protokolunda vətəndaş İddiaçı1 mənzil ayrılması barədə məlumatın mövcud olmaması görünsə də, Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 08 sentyabr 2023-cü il tarixli, 913 nömrəli məktubundan görünür ki, F.Qayıbov küçəsi, bina 16, ev 21 ünvanında yaşayan İddiaçı1 verilən xx.xx.1973-cü il tarixli, 06/277 nömrəli orderə dair mənzil sahəsinin bölüşdürülməsi üzrə komissiyasının iclas protokolları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir. Eyni zamanda iddiaçının ailə üzvləri ilə birlikdə 1973-cü il tarixdən mübahisə olunan mənzildə yaşaması və qeydiyyatda olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında şahid kimi dindirilən Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-X5 Oqtay Saday oğlu da orderin mötəbərliyini qəbul etmiş, sadəcə mənzilin xidməti rejimli olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçıya 16 aprel 1973-cü il tarixində verilmiş orderin mötəbərliyinə hər hansı bir şübhə mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, yalnız təqdim edilən orderin arxivinin saxlanılmaması mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri baxımından da iddiaçı zəruri sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı işdən də görünür ki, iddiaçı 16 aprel 1973-cü ildə verilmiş orderin əslini cavabdeh orqana təqdim etmişdir, həmin orderin mötəbərliyi hər hansı bir şübhə doğurmur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina dəlili əsassız olmaqla iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtina əsası olmasa da, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini mübahisəli mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, bu səbəbdən də özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən təqdim edilmiş 16 aprel 1973-cü il tarixli, 6/277 nömrəli orderdə mübahisəli mənzilin xidməti mənzil statusu barədə məlumat qeyd edilməmişdir. Məhkəmə praktikasındanda bilinir ki, mənzillər xidməti rejimdə verilən zaman orderdərdə bir qayda olaraq xidməti rejimdə verilmə ilə bağlı xüsusi qeyd aparılırdı. Lakin iddiaçıya mənzilin xidməti rejimlə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar Hissəsinin müvafiq arayışında qeyd edilənləri əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən idarədən mənzilin xidməti rejimdə verilməsi ilə bağlı sübutlar tələb edilmiş, eyni zamanda Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin nümayəndəsi Şahid kimi dindirilmişdir. Lakin məhkəməyə mübahisəli mənzilin xidməti rejimdə verilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, bu kateqoriya orderlərin xidməti rejimdə verildiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş orderin üzərində mənzilin xidməti rejimdə verilməsi ilə bğlı qeyd olmadığından və iddiaçı 1973-cü ildən mübahisəsiz olaraq mənzildən istifadə etdiyindən qeyd edilən mənzilin iddiaçıya xidməti rejimdə verilməsi istisna edilir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, hazırkı şərtlərdə iddiaçının itimad hüququnun qorunmasını istisna edəcək hər hansı bir əsas mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının hüquqları bərabərlik prinsipi baxımından da qorunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən sorğu edilməklə mübahisəli mənzilin olduğu binada yerləşən digər mənzillərə dair müvafiq çıxarışların verilməsi müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, həmin binada yerləşən mənzillər də müvafiq orderlər əsasında şəxslərə ayrılmış və həmin sənədlər əsasında sözügedən mənzillər üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, həmin binada yerləşən qonşu mənzillərə dair mülkiyyət hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı zəruri sənədləri təqdim etmişdir və kollegiya hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün yuxarıda qeyd edilən əsaslar müəyyən olunduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-601/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Fərrux Qayıbov (əvvəlki adı- Mojaysk) küçəsi bina 16, mənzil 21 ünvanında yerləşən mənzilin üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar