Məhkəmə qərarları › İş №2-1(105)-653/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-653/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-653/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçü sxemi tərtib edilərək texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-2324/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********50 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.803827 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********50 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.803827 ha torpaq sahəsinin plan və ölçü sxeminin tərtib edilərək texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 06 fevral 2023-cü il tarixli, 3-21-3-32/2-H-0020-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xx.xx.2006-cı il tarixli, **********50 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş sonradan notarial qaydada iddiaçıya bağışlanmış 1.803827 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və məlumatlar idarənin kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üstüstə düşür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən **********50 reyestr nömrəli çıxarışla 1.803827 ha torpaq sahəsinə plan və ölçü sxemi tərtib edilərək texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 1.803827 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixində notraiat kontorunda bacısı qızı X4 tərəfindən daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. O, vaxtdan həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, **********50 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi P.N.Sadıxovanın mülkiyyətində olduğu zaman torpaq sahəsinin plan və ölçü sxemi olmuşdur. Mülkiyyətində olan 1.803827 ha torpaq sahəsinin plan və ölçü sxeminin tərtib edilərək texniki pasportunun verilməsi ilə bağlı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh imtinası əsassızdır. Belə ki, həmin torpaq sahəsi mülkiyyətində və faktiki istifadəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-2324/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-5820/2023 nömrəli məktubla bildirilmişdir ki, mübahisələndirilən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan **********92, **********13, **********84, **********04, **********50 və **********92 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddiaçının tələbini qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra apellyasiya şikayətini dəqiqləşdirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-5820/2023 saylı məktuba əsaslanaraq, sözügedən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan **********92, **********13, **********84, **********04, **********50 və **********92 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşməsini, bu səbəbdən də iddianın təmin edilməsini mümkünsüz saymışdır. Qeyd edir ki, məhkəmə iddia tələbi üzrə cavabdeh qurumun imtinasında göstərilən əsasların dəqiqləşdirməsi və bununla bağlı rəy verilməsi üçün mütəxəssis olaraq maraqlı şəxs olan cavabdehin işə cəlb edilməsini qanuna uyğun hesab etmir. Belə ki, işə baxan məhkəmə sözgedən torpaq sahəsinin başqa torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi ilə bağlı daha mötəbər sübut əldə etmək üçün ən azı cavabdehlə bərabər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzini də işə cəlb edib bununla bağlı müvafiq rəy ala bilərdi. Lakin, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə proses iştirakçılarına yardım etməli olduğu halda cəmi bir dəfə məhkəmə prosesi keçirməklə, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin **********50 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.803827 ha torpaq sahəsinə dair plan və ölçü sxeminin tərtib edilərək texniki pasportun verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin hüquqi cəhətdən yüklü olması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını ümumiyyətlə araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, 11 dekabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, **********50 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.803827 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. Sonuncunun da həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq **********50 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi 1.803827 ha torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İşdən həmçinin, müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə “Daşınmaz əmlakın pasportu” sənədi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Yəni həmin torpaq sahəsinə dair 2006-cı il tarixdə P.N.Sadıxovanın adına “Daşınmaz əmlakın pasportu” tərtib edilərkən torpaq sahəsinin koordinatları hər hansı başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməmişdir. Hazırda isə cavabdeh imtina məktubu və iddia ərizəsinə etirazının dəlillərində iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə koordinatlarının başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə koordinatları ilə üst-üstə düşdüyünü bildirmişdir. İşə baxan məhkəmə cavabdehin sözügedən dəlili ilə bağlı yetərli araşdırma aparmadan hazırlıq iclasından sonra cəmi bir dəfə tərəflərin iştirakı olmadan şifahi məhkəmə baxışı keçirməklə, iş üzrə yekun qənaətə gəlmişdir. Belə ki, məhkəmə mübahisələndirilən torpaq sahəsinin müayinə aktını və müqayisəli orto-foto xəritəsini cavabdeh inzibati orqandan əldə etməklə kifayətlənmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində araşdırma aparmamışdır. Cavabdehin dəlillərində torpaq sahəsinin üst-üstə düşdüyü qeyd edilən “başqa şəxslər” in dairəsi məhkəmə tərəfindən araşdırılmamış, həmin şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirəyə çıxarılmamışdır. Bununla yanaşı, işə baxan məhkəmə tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin faktiki koordinatlarının P.N.Sadıxovanın adına tərtib edilmiş “Daşınmaz əmlakın pasportu” nda göstərilmiş koordinatların hüdudları daxilində yerləşib-yerləşməməsi, habelə sözügedən pasportda qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Habelə, torpaq sahəsinin koordinatları başqa şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü halda bu halın hansı səbəbdən yaranması araşdırılmamışdır. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Qeyd edilənlərdən əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edildikdən sonra cavabdeh tərəfindən iddiaya qarşı etiraz məktubu məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsinin **********92, **********04, **********66, **********84, **********55, **********07 reyestr nömrəli çıxarışlar, həmçininin, JN-1124 nömrəli, KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi, həmin ərazidə ümumi DWG uyğunsuzluğu olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Bununla bağlı kollegiya qeyd edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu ilə müraciət edilməli, habelə hazırda mübahisələndirilən 1.803827 ha torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatları arasında uyğunsuzluğun olub-olmaması, belə uyğunsuzluq olduğu təqdirdə onun yaranma səbəbi yuxarıda qeyd edilən qaydada araşdırılmalı, uyğunsuzluğun ərazidə koordinat sürüşmələrinin olması səbəbindən yarandığı müəyyən edildiyi halda sahənin faktiki koordinatlarının digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyi alınmalı, işin qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-2324/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçü sxemi tərtib edilərək texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar