Məhkəmə qərarları › İş №2-1(105)-653/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-653/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-653/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-753/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon İHB-nin Fatmayi-Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997ci il tarixli, 07 nömrəli sərəncamına əsasən Abşeron rayon İHB-nin 8 yanvar 1994-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Fatmayı və Görədil kəndlərində yaşayan, evi və həyətyanı torpaq sahəsi olmayan, mənzil tikintisinə ciddi ehtiyacı olan ailələrə, hər birinə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınaraq nümayəndəliyin mənzil-torpaq komissiyasının aktları, vətəndaşların ərizələri və toplanmış sənədləri nəzərə alınaraq İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılması və həmin sahədə 90 kv.m.dən ibarət yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X6 04 noyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Görədil kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə iddiaçının nümayəndəsinin müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Görədil kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədin oxunaqlı vəziyyətdə olmadığı, həmin sənədə dair arxiv arayışı və torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə əlavə edilmədiyi və torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xettinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Fatmayı-Görədil kəndləri üzrə iddiaçının adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İHB-nin Fatmayi-Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi bugünədək onun sahibliyində və istifadəsindədir. Lazımi hüquqmüəyyənedici sənəd - Abşeron rayon İHB-nin Fatmayi- Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamı və həmin sərəncama dair arxiv arayışı inzibati orqana təqdim edilmişdir. Sərəncam kiril əlifbası ilə yazılsa da, tamamilə oxunaqlı vəziyyətdədir. Sərəncama dair təqdim edilmiş arxiv arayışında isə tamamilə aydın şəkildə İddiaçı torpaq sahəsinin ayrılması öz əksini tapmışdır. Belə olan halda, onun hüquqlarının cavabdeh orqan tərəfindən qeydiyyata alınmaması üçün əsas yoxdur. Bundan başqa, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi ilə bağlı bildirir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.1997-ci il tarixli sərəncam verilən vaxt yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağı həmin ərazidə mövcud deyildi. Sözügedən sərəncam daha əvvəl qəbul edilmiş və onun həmin torpaq sahəsi üzərində hüquqları daha əvvəl müəyyən edilmişdir. Hazırda həmin mühafizə zolağının mövcud olması iddiaçının hüqularımın rəsmiləşdirilməsindən imtina üçün əsas ola bilməz. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 04 noyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixində verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-753/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu, Fatmayı Görədil kəndləri üzrə İddiaçı adına verilmiş 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar 439 nömrəli fərmanla təsdiq edilmiş siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsinə dair cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, məhkəmənin sorğusuna caavb olaraq Azərişıq ASC 15 noyabr 2023-cü il tarixli məktubunda həmin torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədiklərini qeyd etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətinin dəlilləri dörd hissədən ibarətdir: 1) Abşeron rayon İHB-nin Fatmayi-Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamına dair arxiv arayışının müraciət ərizəsinə əlavə edilmədiyi; 2) Mübahisə predmeti olan 0,10 ha torpaq sahəsinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədin oxunaqlı vəziyyətdə olmadığı; 3) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının əlavə edilmədiyi; 4) Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xettinin (6 KVT) mühafizə zolağında yerləşdiyi. Məhkəmə kollegiyası cavabdehin 1-ci və 2-ci dəlilinə münasibətdə qeyd edir ki, əvvəla hüquqmüəyyənedici sənədə dair arxiv arayışın iddiaçıdan tələb edilməsi yolverilməzdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu madddəsində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydası təsbit edilmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Normanın tələblərindən göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün təqdim edilən sənədlərin konkret dairəsini müəyyən etmişdir. Hansı ki, bu sənədlərə müvafiq hüquqmüəyyənedici sənədin qüvvədə olması barədə arayış aid edilməmişdir. Digər tərəfdən, Qanunun 10.3-1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Kollegiya sadalanan normaları hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş nümayəndəliyin sərəncamının hüquqi qüvvəsi cavabdeh inzibati orqana şübhə yaradırsa, orqan inzibati icraat qaydasında aiddiyyəti orqanlara sorğular verərək sözügedən sərəncamın qüvvədə olub-olmaması məsələsini araşdıra bilərdi. Abşeron rayon Dövlət Arxivi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, F359 nömrəli arxiv arayışından müəyyən edilir ki, Abşeron rayon İHB-nin Fatmayi-Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamı ilə iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. “İnzibati icraat haqqında” Qanunun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin həmin dəlillərini əsassız hesab edir. Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının əlavə edilmədiyinə dair cavabdehin 3-cü dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 05 dekabr 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,1267 ha olduğu, torpaq sahəsində bağ evi və həyət tikilisinin olduğu müəyyən edilmişdir. Eləcə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən 06 fevral 2024-cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi yenidən müayinə edilərək iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları göstərilmiş, faktiki istifadədə olan torpaq sahəsinin koordinatlarının digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər hansı inzibati icraat çərçivəsində sənədləşmə işinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin sonuncu, yəni torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli, 13- 13/2-2/06-4-R-9621-5/2023 nömrəli arayışdan, eləcə də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 28 noyabr 2023-cü il tarixli, 13-13/2-1/16-10602/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın 5 a saylı bəndinə əsasən iddiaçıya məxsus Abşeron rayonu Görədil yerləşən 0,10 ha torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən həmin sahə üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Digər tərəfdən, belə məhdudiyyətlər binaların və qurğuların tikintisi, əkin işlərinin aparılması və s. fəaliyyətlərin həyata keçirilməsi zamanı mühafizə zonalarında yerləşən şəbəkələrin istismarçılarının rəsmi razılığı ilə şərtləndirilmişdir. Hazırki halda da, mübahisəli torpaq sahəsinin mühafizə zonasında yerləşdiyi elektrin xəttinin istismarçısı olan "xxxx" ASC yuxarıda qeyd olunan məktubları ilə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına rəsmi razılığını bildirmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur və cavabdeh tərəfindən də mübahisələndirilmir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 2.7-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayon İHB-nin Fatmayi-Görədil kəndi üzrə nümayəndəsinin 14 avqust 1997-ci il tarixli, 07 nömrəli sərəncamına əsaslanır. “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri baxımından, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(118)-753/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar