Məhkəmə qərarları › İş №2-1(105)-654/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-654/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-654/2022 06.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X5 qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X22 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X5 qarşı “cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-198/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.1981-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.1982-ci il təvəllüdlü Elxan, xx.xx.1984-cü il təvəllüdlü Əntiqə, xx.xx.1986-cı il təvəllüdlü Elşən, xx.xx.1989-cu il təvəllüdlü Elşad və xx.xx.1991-ci il təvəllüdlü Elvin adında 5 uşağı vardır.

3. İddiaçının əri X3 məxsus xx.xx.1956-cı il tarixli lİE N056503 seriya saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 onun anasıdır.

4. AZ-İ№ 858012 seriyalı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadənamədən görünür ki, X12 xx.xx.2000-ci ildə vəfat etmişdir.

5. Xaçamz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X1 “1910-cu il təvəllüdlü X9 1981-ci ildən vəfat etdiyi günədək yəni xx.xx.2000-ci ilədək X4 öhdəsində olması faktı müəyyən edilmişdir.

6. Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1/265 saylı qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. İddiaçının əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə dayandırılmışdır.

8. İddiaçı pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Xaçmaz rayon xidmət nümayəndəliyində xx.xx.2017-xx.xx.2021-ci illəri əhatə edən dövr üçün audit yoxlaması zamanı pensiya işində olan Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə əsasən o, xx.xx.1981-ci il tarixdə ailə həyatı qurmuş və Köhnə Xaçmaz kəndində yaşamışdır. Həmçinin ailə həyatı qurduqdan sonra qaynanası ilə birlikdə yaşamış, xəstə olduğu üçün ona qulluq etmiş və bu səbəbdən heç bir yerdə işləyə bilmədiyi qeyd edilmişdir. Onun əmək kitabçasına əsasən isə xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1985-ci illər ərzində Rusiya Federasiyasında işlədiyi qeyd edilmişdir. Qeyd edilən illər üzrə əmək stajının düzgünlüyünün yoxlanılması üçün müvafiq sorğu yazılmamışdır. Qeyd olunan illər sığorta stajı kimi nəzərə alınmadıqda onun əmək pensiyası hüququ olmur. Odur ki, onun əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

9. xx.xx.1982-cü il tarixdə X10 adına açılmış əmək kitabçasından görünür ki, o, 25.06 1982-xx.xx.1983-cü illərdə RSFSR İrkutsk Vilayət enerji istismar idarəsində və xx.xx.1985-xx.xx.1985-ci illərdə Kuybışevsk Mənzil Təsərrüfatı trestində xadimə, xx.xx.2003-xx.xx.2005-ci illərdə “Şamil “ MMC-də fəhlə işləmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması barədə 31 mart 2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilib ona təyin edilmiş əmək pensiyasının ödənişinin 01 aprel 2022-ci il tarixdən başlayaraq bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə verərək cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il təvəllüdlüdür, 5 uşaq anasıdır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1497/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının şəxsin öhdədə olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək 1910-cu il təvəllüdlü qaynanası X8 1981-cı ddən vəfat etdiyi günədək, yəni 22 dekabr 2000-ci il tarixdədək onun öhdəsində olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinə müraciət etmiş, həmin şöbənin əmək pensiyası təyin edən komissiyanın 08 iyun 2018-ci il tarixli 1/265 saylı qərarı ilə ona 4 iyun 2017-ci ildən başlayaraq əmək pensiyası təyin edilmişdir. Komissiya ona pensiya təyin edərkən iddiaçının 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi, əmək kitabçasında olan qeydlərə gorə 1 il 6 ay gün sığorta stajımın olmasını, həmçinin yuxarıda göstərilən məhkəmə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qulluq illərinin 8 il 11 ay 21 gün müddət, nəzərə almaqla ümumi sığorta stajının 10 il 5 ay olmasını nəzərə almışdır. 2021-ci ilin aprel ayında o, pensiya kartına əmək pensiyası məbləğinin yüklənmədiyini görüb DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Sonradan ona bildirilmişdir ki, əmək pensiyası təyin edilərkən stajı düzgün hesablanmadığından əmək pensiyası əsassız təyin edilmiş və bu səbəbdən pensiyanın ödənilməsi dayandırlılmışdır. Halbuki, məhkəmənin qasnuni qüvvəyə minmiş qətnaməsi ilə ahıla qulluq etdiyi dövr 8 il 11 ay 21 gün deyil, 18 il 11 ay 21 gün təşkil edir və həmin müddət mübahisəsiz iddiaçıya 5 uşaqlı ana kimi əmək pensiyasının təyin edilmçəsinə əsas verir.

Cavabdehin etirazının dəlilləri

13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. İddiaçıya xx.xx.2017-ci il tarixdən 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar olaraq, yaşa görə əmək pensiyası yaşı 5 il azaldılaraq ona əmək pensiyası təyin olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubla imtina edilmişdir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2-265/2018 nömrəli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq olunan 8 il 11 ay 21 gün müddətinə ahıla qulluq etməsi faktı onun mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ümumi iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi işlədiyi dövr müddətidir (1 il 6 ay 9 gün). İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır (10 il 6 ay 15 gün). İnzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. Həmçinin Fondun xx.xx.2017-xx.xx.2021-ci illəri əhatə edən audit yoxlaması zamanı iddiaçının pensiya işində mübahisələndirilən illərə dair müvafiq sorğuların yazılmadığı aşkar olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

14. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-198/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməlklə pensiya ödənişini dayandıra bilməz.

16. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin arxiv arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçının əmək kitabçasında qeyd olunmuş və cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr arxiv arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçı X4 “yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

19. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tədbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardar: ... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatn başlanılması, aparıklması və yekunlaşdırılmasına dair normaların tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməlklə pensiya ödənişini dayandıra bilməz.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2018-ci il tarixli 1/265 saylı qərar qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradır.

27. Belə ki, “Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir.

28. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələblərini pozulması ilə yanaşı, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini də şübhə altına almış olur.

29. Apellyasiya baxışı zamanı zamanı iddiaçıya pensiyanın ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

30. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-198/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar