Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-655/2022 03.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququnun tanınması və həmin hüququnun qeydə alınması ilə bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(118)-1882/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba bələdiyyəsinin 16 fevral 2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 500 kvadrat metr torpaq sahəsi X6 ayrılmışdır.
2. Həmin torpaq sahəsi X4 adına qeydə alınaraq JN:248 KOD 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir.
3. R.Əhmədov 10 sentyabr 2007-ci ildə vəfat etmişdir və onun arvadı İddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır.
4. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişlə ərizənin icrasından imtina etmişdir. İmtinada bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.05 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, Quba rayonu Quba bələdiyyəsi tərəfindən həyətyanı məqsədi üçün ayrılması nəzərdə tutulan 0,05 ha torpaq sahəsinə dair DTXK-nın Quba rayon şöbəsinin rəyi, Quba rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi, torpaq sahəsinin alqı-satqı aktı, 0,05 ha torpaq sahəsinin yerləşdiyi əraziyə dair 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri və Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 24 saylı qərarının qüvvədə olması barədə arayışı ərizəyə əlavə olunmamışdır. Bundan əlavə bildirilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-248 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 olan Şəhadətnamə əsasında Quba rayonun “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən fərdi yaşayış evinin tikintisindən ötrü X4 mülkiyyətinə verilmiş 500 (beş yüz) kv.metr torpaq sahəsinə X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir.
7. İddia ərizəsində göstərilir ki, hazırkı iddia tələbinin əsası olmuş, Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, N 24 saylı sərəncamı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 kodlu Şəhadətnamə əsasında Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən, fərdi yaşayış evi tikintisindən ötrü X4 mülkiyyətinə verilmiş 500 (beş yüz) kvadrat metr torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət edilmişdir. ƏMDX DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, №**********357 saylı məktubundan göründüyü kimi iddia ərizəsində göstərilən mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Cavabdehin hərəkətsizliyi qanunsuz və əsassızdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN - 248 nömrəli, KOD 30301004 kodlu Şəhadətnamə əsasında Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən, fərdi yaşayış evi tikintisindən ötrü X4 mülkiyyətinə verilmiş 500 (beş yüz) kvadrat metr torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi öhdəliyi ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Hazırkı ərizəyə əlavə edilmiş, X5 Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamının surətindən və həmin sərəncamla əlaqəli “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən ayrılmış fərdi evin tikintisi altına düşən Z - 15 saylı torpaq sahəsinin situasiya planı”-nın surətindən göründüyü kimi Quba bələdiyyəsi tərəfindən X6 fərdi yaşayış evi tikintisindən ötrü Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən 500 (beş yüz) kvadrat metr torpaq sahəsi ayrılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 248 nömrəli, KOD 30301004 olan Şəhadətnamənin əslindən göründüyü kimi Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı qərarı ilə X1 0.05 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin kitabında 1224 nömrə ilə qeydə alınmışdır. Hazırkı ərizəyə əlavə edilmiş 01 may 2003-cü il tarixli, İİ-AZ seriyalı, 031904 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi X7 ilə iddiaçı arasında nikah bağlanmış, həmin nikah Quba rayon Alekseyevka kənd sovetliyində 16 sentyabr 1967-ci il tarixdə "Nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınmışdır. X6 verilmiş həmin torpaq sahəsi əldə edildiyi vaxtdan onlar torpaq sahəsinə faktiki sahiblik edərək ondan, istifadə etmiş, torpağı əkib becərmişlər. Bu gün də həmin torpaq sahəsindən ailəsi ilə birgə istifadə edirlər. Hazırkı ərizəyə əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi X7 ağciyər ödəmindən 10 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Ölüm faktı "Ölüm haqqında akt qeydləri kitabı”nda 14 sentyabr 2007-ci il tarixdə 1167 nömrədə qeydə alnımışdır. Göründüyü kimi, Quba bələdiyyəsinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamı ilə Quba şəhərinin Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən fərdi yaşayış evinin tikintisindən ötrü X1 500 (beş yüz) kvadrat metr torpaq sahəsi onun satıldığı andan 1/2 tam hissəsinə mülkiyyət hüququ iddiaçıya mənsubdur. X7 öldükdən sonra isə ondan miras qalmış həmin torpaq sahəsinin digər 1/2 hissəsi də iddiaçıya məxsus olmuşdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. İddiaçının ərizəsinə xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubla cavab verilmişdir. Quba rayon bələdiyyəsi tərəfindən həyatyanı məqsədi üçün ayrılması nəzərədə tutulan 0.05 ha torpaq sahəsində DTXK-nın Quba rayon şöbəsinin rəyi, Quba rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi, torpaq sahəsinin alqısatqı aktı, torpağın yerquruluşu sxemi və Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 24 saylı qərarının qüvvədə olub olmaması haqqında arayışının sənədlərə əlavə edilmədiyi aşkar olunmuşdur. Bundan başqa mübahisələndirilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(118)-1882/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 olan Şəhadətnamədə öz əksini tapmış Quba rayonun Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququnun tanınması və həmin hüququnun qeydə alınması ilə bağlı müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq o da qeyd edilmişdir ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, kateqoriyası, torpaq sahəsinin faktiki ölçüləri müəyyən edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
17. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatİ Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci i tarixli qərarı
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının Quba şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.
25. Hazırkı qərarın 14-19-cu bəndlərində istinad edilən müvafiq normativ hüquqi aktların tələbləri baxımından cavabdehin imtinasının müvafiq dəlillərini əsassız hesab etməklə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edən kollegiya qeyd edir ki, apellyasiya şikayətinin müvafiq dəlili ilə əlaqədar cavabdehə sorğu verilərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 kodlu şəhadətnamə əsasında Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən, fərdi yaşayış evi tikintisindən ötrü X4 mülkiyyətinə verilmiş 500 kv.metr torpaq sahəsinin İdarənin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi barədə məlumatları özündə əks etdirən müvafiq müayinə aktının, habelə idarənin elektron-baza məlumatlarına əsasən həmin torpaq sahəsinin kateqoriyası barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********00 saylı məktubla sorğuya cavab olaraq torpaq sahəsinin müayinəsi ilə bağlı tərtib olunmuş arayışı məhkəməyə təqdim etmişdir. Arayışda göstərilmişdir ki, Quba şəhəri Qəçrəş yolu yaşayış massivində yerləşən 0,05 ha mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin hər tərəfdən mişar daşı ilə hasara alındığı, daxilində heç bir tikilinin olmadığı aşkar olunmuşdur. Torpaq sahəsinin DWJ elektron xəritələrində BEF ərazisi olduğu, yeni elektron uçot xəritələrində isə torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları və bələdiyyə mülkiyyəti kimi qeyd edildiyi, torpaq sahəsinin xəritə materialları ilə araşdırdıqda başqa vətəndaşa məxsus heç bir sənəd ilə kəsişmədiyi, üst-üstə düşmənin mövcud olmadığı aşkarlanmışdır.
27. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının mərhum ərinin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 kodlu şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun istinad olunan maddələrinə əsasən müvafiq torpaq sahəsi üzərində iddiaçının mərhum ərinin mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması üçün əsas qismində çıxış etdiyindən cavabdehin imtinasında və apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
28. Belə ki, apellyasiya baxışı zamanı əlavə olaraq təqdim edilmiş arayışda (müayinə aktında) da iddiaçının mərhum ərinin hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hər-hansı hal müəyyən edilməmişdir. İmtinanın və apellyasiya şikayətinin torpaq sahəsinə dair DTXK-nın Quba rayon şöbəsinin rəyi, Quba rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi, torpaq sahəsinin alqı-satqı aktı, 0,05 ha torpaq sahəsinin yerləşdiyi əraziyə dair 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri və Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 24 saylı qərarının qüvvədə olması barədə arayışı ilə bağlı təkrarlanan dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 kodlu şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.
30. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
31. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mərhum əri X4 məhz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməli olması ilə bağlı əsaslandırılmasını düzgün hesab edərək həmin əsaslandırma ilə razılaşır.
32. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də qərarın nəticə hissəsində “...torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququnun tanınması”nı göstərməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 olan Şəhdətnamədə öz əksini tapmış Quba rayonunun Qəçreş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kvadrat metr torpaq sahəsinin üzərində mülkiyyət qeydə alınmasını xahiş etmişdir. İddiaçının müvafiq torpaq sahəsi üzərində “mülkiyyət hüququnun tanınması” barədə tələbi olmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(118)-1882/2022 nömrəli qərarı dəyişdirilsin. Quba bələdiyyəsi sədrinin 16 fevral 2004-cü il tarixli, 24 saylı sərəncamı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-248 nömrəli, KOD 30301004 olan Şəhdətnamədə öz əksini tapmış Quba rayonunun Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kvadrat metr torpaq sahəsinin üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və həmin hüququnun qeydə alınması ilə bağlı müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.