Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-656/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, mübahisələndirmə haqqında iddia növü,iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X9 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəis müavini, X1 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrinin və X6 X2 Komandanının xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək, əvvəlki işi ilə bərpa olunmağı” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-1(118)-2198/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Dövlət Sərhəd Xidmətinin rəis müavini, X1 xx.xx.2021-ci il tarixli və 719 s/h əmrinin və X6 X2 Komandanının xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək, əvvəlki işi ilə bərpa olunmağı”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Hazırda Abşeron rayonunda yerləşən Nübar qəsəbəsində yaşayır. Orta təhsilini Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayon, Xanlıq 3 saylı tam orta məktəbdə başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. Bundan sonra xx.xx.2013cü il tarixdə № 2 saylı Bakı Baza Tibb Kollecinin müalicə iş fakültəsinə qəbul olub, xx.xx.2016-cı ildə həmin fakültədən məzun olmuşdur. Məzun olduqdan sonra bir müddət fərdi işlə məşğul olmuş, xx.xx.2018-ci il tarixdən isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin № N saylı hərbi hissəsində ferşel vəzifəsində işə başlamışdır. Hərbi hissə Qazax rayonunun Daş Salahlı kəndində yerləşirdi. Ailəli olduğuna və valideyininin xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edib, xidməti yerinin yaşadığı əraziyə yaxın bir regiona dəyişilməsi xahiş etmişdir. Həmin dövrdə o, Sərhəd Xidmətinin Sərhəd X4 Sərhəd Diviziyasında gizir rütbəsində, orta tibb mütəxəssisi - feldşer vəzifəsində daim işinin başında olmuş, İİ Qarabağ Müharibəsində ferşel vəzifəsində hərbi xidmətdə olmuş və vəzifə təlimatına uyğun olaraq işini icra etmişdir. Lakin, səbəbini bilmədiyi bir halda Dövlət Sərhəd Xidmətinin rəis müavini, X1 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X7 X2 Komnadanmın xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 41,0.6-cı maddəsinə əsasən - xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Əmrin surətini hazırki vaxtadək onaə təqdim edilməmiş, işlədiyi dövrün son haqq-hesabı isə aparılmadan işindən uzaqlaşdırılmışdır. Hazırda peşəsi ilə bağlı işləmək üçün müraciət etdiyi bütün orqanlarda, xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə iş ilə təmin oluna bilmir. Halbuki işlədiyi dövrlərdə xidmətində heç bir qüsur olmamış, əksinə bir neçə dəfə xidmətinə görə təşəkkürnamə almışdır. “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən - xidmətə uyğunsuzluğumun nə ilə ifadə olunduğunu bilmək məqsədilə Dövlət Sərhəd Xidmətinin rəis müavini, X1 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X7 X2 Komnadanmın xx.xx.2021-ci il tarixli əmrinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə etdiyim müraciətlərə cavab olaraq hərbi qulluqçuya məxsus məffi hesab edilən məlumatların məhkəmənin müvafiq sorğusu əsasında alına bilinəcəyi vurğulanaraq əmrin surətinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, Dövlət Sərhəd Xidmətinin rəis müavini, X1 xx.xx.2021-ci il tarixli və 719 s/h əmri, X6 X2 Komnadanının xx.xx.2021-ci il tarixli əmri qanunun tələblərini pozulmaqla verilmişdir, əsassız olduğu üçün ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2198/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın həm etirazında, həm də məhkəmədə vermiş olduğu ifadəsində qeyd edildiyi kimi onunla 2 dəfə söhbət aparılmamış, sadəcə bir dəfə, xx.xx.2021-ci il tarixdə komandir B.Babayevin qəbulunda olmuş, xidməti yerinin nə üçün dəyişmək istədiyini ifadə etmişdir. Həmin görüşdən 1 ay sonra isə xidmətə uyğunsuzluq ilə ehtiyyata buraxıldı. Bundan əlavə xx.xx.2021-ci il tarixdə baş tutan söhbət zamanı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə bu əmrin gələcək əmək fəlaiyyətində ona nə kimi çətinliklər törədə biləcəyi barədə heç bir xəbərdarlıq edilməmiş, üzləşəcəyi çətinliklər barədə heç bir məulmat verilməmişdir. Digər tərəfədən məhkəmə, onun təyinat vərəqənin xx.xx.2021-ci il tarixdə aldığı, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ona elan olunduğu və şəxsi işinin SHXÇDX-nın Cəbrayıl rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olduğu halda, məhkəməyə 16 aydan sonra, yəni xx.xx.2023-cü il tarixində etdiyi müraciətə iddia müddətini tətbiq etmiş və prosessual müddətin üzrlü səbəblərdən ötürməyini təsdiq edən əsasları göstərmədiyini bildirmişdir. Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi tərəfindən ona, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmağına dair X1 xx.xx.2021 -ci il tarixli, 719 ş/h nömrəli əmrinin 1 il keçdikdən sonra məhkəmə müraciət edib əmri ləğv etdirə biləcəyi bildirildi. Keçən dövr ərzində əmrin surətinin ona təqdim edilməsi barədə dəfələrlə həm rəsmi, həm də şifahi şəkildə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2198/2023 saylı və xx.xx.2023-cü il tarixli qərardadı onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri X5 və X11 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ehtiyata buraxılma barədə xx.xx.2021-ci il tarixli Əmr təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsası kimi iddiaçı tərəfindən müvafiq əmrin qanunvericiliklə müəyyən edilmiş müddətdə mübahisələndirilməməsi, nəticə etibarilə inzibati icraat haqqında qanunvericiliklə və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərlə bağlı tələblərə əməl edilməməsi halına istinad olunmuşdur. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmr haqqında məlumatlar iddiaçıya məxsus hərbi biletdə ətraflı və aydın şəkildə qeyd edilmiş, habelə iddiaçıya həmin Əmr haqqında məlumat verilmişdir. Həmçinin, iş materiallarında olan müvafiq qeydiyyat kitabının məzmunundan görünür ki, iddiaçı tərəfindən həmin əmrin surəti xx.xx.2021-ci il tarixdə təhvil alınmış, qəbul edən qismində iddiaçı özü tərəfindən imzalanmışdır. Qeyd olunan hal iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Həmçinin, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onun tərəfindən müvafiq əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinə səbəb cavabdeh tərəfindən ona əmri yalnız 6 ay keçdikdən sonra mübahisələndirə biləcəyi, habelə 1 il keçdikdən sonra məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verildiyindən, bununla bağlı məhkəməyə gec müraciət etmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin əmr haqqında artıq 2021-ci il tarixdən məlumatlı olmuşdur. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-ci il tarixdə 1 ildən artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda həmin prosessual müddətin ötürülməsinə səbəb olan hallar İPM-nin 24.4-cü maddəsində nəzərdə tutulmuş istisna hallarla bağlı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı onu qeyd edir ki, iddiaçının müddətin ötürülməsi ilə bağlı istinad etdiyi hal öz təsdiqini tapmamaqla yanaşı, həmin hal müddətin ötürülməsi halının üzrlü hesab edilməsi üçün əsas olmamaqla yanaşı, İPM-in 24.4-cü maddəsində nəzərdə tutulmuş istisna hallara aid olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, inzibati prosessual qanunvericiliyin müvafiq normasının tələbinə əsasən inzibati aktın mübahisələndiriməsi ilə bağlı başlanğıc müddət inzibati aktın təqdim edilməsi və elan edilməsi vaxtı əsas götürülməklə müəyyən edildiyindən, indiki halda isə iddiaçı müvafiq inzibati akt barəsində məlumatlı olma vaxtı (2021-ci ildən) artıq aşkar olduğundan, iddia müddətinin axımı da məhz həmin tarixdən (2021-ci il tarixdən) hesablanmalıdır. Göründüyü kimi, iddiaçı müvafiq Əmr barədə məlumatlı olsa da, qeyd edilən halları mübahisələndirməmiş, həmin Əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxtı bildiyi halda, qanunla müəyyən edilmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının indiki halda qeyd edilən hala istinad etməsi və həmin tarixdən 1 ildən artıq müddətin keçməsi, bu müddət ərzində həmin inzibati aktı mübahisələndirməməsi, indiki halda isə dəlil kimi həmin hala istinad etməsi onun hüquqdan sui-istifadə etməsi halı kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, qeyd olunmalıdır kii, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərədə tutulmadıqda belə, şəxsin həmin inzibati aktdan onun qanuni qüvvəyə mindiyi gündən 6 ay ərzində şikayət vermək hüququ vardır. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən şəxs qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdükdə, 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə vermək hüququnu da itirmiş olur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini . “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd eidlmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2198/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-656/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-656/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver