Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-656/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ATSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin sədri Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ATSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1394/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 11 yanvar 2024-cü il tarixli **********539100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, "xxxx" ATSC-yə 1790,77 manat vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 57841,06 manat ümidsiz borca görə hesablanmış 4856,54 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ATSC 21 sentyabr 1998-ci ildə Sumqayıt Santexniki hissələr zavodunun bazasında yaradılmışdır. 14 oktyabr 1998-ci ildə X5 adı keçən səhmdar cəmiyyətinə sədr təyin olunmuş, elə həmin vaxtdan keçmiş zavodun debitor və kreditor məbləğlərin araşdırılmasına başlamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ”Əcəmi” və “İğlim” kiçik müəssisələri tərəfindən veriləcək 57841,06 AZN debitor borc məbləğləri saxtadır. Bu müəssisələr zavoda verilən kreditin yuyulması üçün yaradılmışdır və tezliklə də ləğv olunmuşdur. Ləğv olunmasına baxmayaraq bu məbləğ müəssisənin debitor borcundan silinməmişdir. Borcu olan müəssisələrin VÖEN-i bağlanmamalı olmasına baxmayaraq, o vaxt həmin müəssisələrin VÖEN-ləri bağlanmışdır. Ümidsiz borc olan 57841,06 AZN məbləğin silinməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023 il tarixli məktubla imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, idarədə vergi ödeyicisi kimi qeydiyyatda olan "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1790,77 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2- ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*20%/4=2771,64 manat vergidən yayınma riski yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023- cü il tarixli **********801200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə əlavə 2698,76 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********729100 nömrəli AVİSdən kənar kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə debitor borclar üzrə qarşı tərəflərlə tərtib edilmiş debitorkreditorlar üzrə üzləşmə aktları, bağlanılmış müqavilələr, təhviltəslim aktları və zəruri hesab edilən digər təsdiqedici sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixli **********010100 nömrəli və xx.xx.2023-cü il tarixli **********278100 nömrəli məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********075200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı uçot metodunun dəyişildiyi müəyyən edilmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021 -ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2-ci sətirdə 57841,06 manat və Sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*5%=2771,64 manat vergidən yayınma riski yaranmışdır. 18159,86 manat debitor borc nəzərə alınmış və 907,99 manat vergi məbləği azaldılmışdır. Nəticədə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********539100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1394/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" ATSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərar ləğv edilmiş və 1790,77 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki münahisə üzrə vergi orqanı Vergi Məcəlləsinin 130.4-cü maddəsini (Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər) belə şərh etmişdir ki, iddiaçı il ərzində vergi uçot metodunu dəyişdirə bilməz. Halbuki, həmin maddədə iddiaçının vergi uçot metodunun dəyişdirilə bilməməsi deyil, il ərzində fərqli metodlardan istifadə imkanı istisna edilmişdir. İddiaçı müəssisə 2021-ci ildə kassa metodunu tətbiq etmişdir. 2022-ci ildə isə hesablama metodunu tətbiq etmiş lakin dərhal dəqiqləşdirilmi bəyannamə təqdim etdikdə cavabdeh bu dəyişikliyi qəbul etməkdən imtina etmiş və nəticədə iddiaçıya əlavə vergi borcun hesablamışdır. Vergi orqanı həmin bəyannaməni kameral qaydada yoxlayarkən, artıq 2022-ci il üzrə iddiaçının bank hesabına mədaxil və bank hesabından məxaric olunan vəsaitləri görmək imkanına malik idi. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan məsələlər araşdırılmadan, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi hesablanmış, bununla da“İnzibati icraat haqqında” Qanunun 24.2ci maddəsinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qeyd edir ki, iddiaçı müəssisə 2021-ci ildə kassa metodunu tətbiq etmişdir. 2022-ci ildə isə hesablama metodunu tətbiq etmiş lakin dərhal dəqiqləşdirilmi bəyannamə təqdim etdikdə cavabdeh bu dəyişikliyi qəbul etməkdən imtina etmiş və nəticədə iddiaçıya əlavə vergi borcun hesablamışdır. Vergi orqanı həmin bəyannaməni kameral qaydada yoxlayarkən, artıq 2022-ci il üzrə iddiaçının bank hesabına mədaxil və bank hesabından məxaric olunan vəsaitləri görmək imkanına malik idi. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan məsələlər araşdırılmadan, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi hesablanmış, bununla da“lnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. İlk növbədə bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslana dəlildir. Həmçinin, vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5- ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərar ləğv edilmiş və 1790,77 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin sədri Nümayəndə izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. (əvvəlki redaksiyada) Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Maddə 131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Maddə 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində 2022-ci il üzrə əlavə mənfəət vergisinin hesablanması ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və hesablanmış əlavə vergi məbləğinin silinməsi ilə bağlı tələb təşkil edir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən uçot metonunun dəyişməsi (2021-ci il üzrə kassa metodu və 2022-ci il üzrə hesbalama metdou), 2021-ci il üzrə sair debitor borclarə sətrində 57841,06 manat, sair kreditor borcları sətrində 2408,27 manat əks etdirilmiş, fərq kimi 55432,79 manat müəyyən edilsə də,uçot metdounun dəyişilməsi nəticəsində yaranan gəlir üzrə gəlir məbləği göstərilməmiş, bu hal vergidən yayaınma kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən vergi orqanının əsaslandırması ilə razılaşmır və həyata keçirilmiş hesablamanı qanuna zidd hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2021-ci il üzrə əldə etdiyi gəlirə münasibətdə kassa metodunu tətbiq etmişdir. Daha sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, uçot metodunun dəyişdirilməməsi, texniki yanlışlıq olması və 2022-ci il üzrə debitor borclar üzrə ödəniş olmaması barədə məlumat verərək, dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən həmin məlumatları inzibati icraat çərçivəsində yoxlamaq imkanı olduğu halda, bu istiqamətdə yoxlama aparmamış, həmin məlumatları heç bir əsas olmadan qəbul etməkdən imtina etmişdir. Nəticə etibarilə iddiaçı barəsində gəlirin olmasını təsdiq edən heç bir sənəd (məlumat) mövcud olmadan, habelə metod dəyişikliyi baş vermədiyi halda bu hala istinad etməklə əlavə vergi məbləği hesablamışdır ki, bu hal qanunvericiliyin tələbinə uyğun olmamışdır. Başqa sözlə desək, indiki halda cavabdeh inzibati orqan iddiaçının debitor borcu kimi qeyd edilmiş məbləği onun gəliri kimi nəzərə almaqla, ona əlavə vergi məbləğini hesablamışdır. Halbuki, qeyd edilən hal müvafiq sənədlərlər (elektron qaimə faktura və digər sənədlər) əsasında müəyyən edilə bilərdi. İndiki halda isə həmin hallar mövcud olmamışdır. Nəticə etibarilə cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əlavə mənfəət vergisi məbləğinin hesablanmasının heç bir qanuni əsası olmamış, həmin hesablama ilə bağlı hərəkətləri və qəbul etdiyi inzibati akt vergi haqqında qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan debitor borc kimi qeyd edilmiş məbləğlərdən bir qismini-18159,86 manat məbləği nəzərə almış və hesablanmış vergi məbləğini 907,99 manat hissədə azaltmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş debitor borcunun bir hissədə qəbul edildiyi halda, bir hissədə qəbul edilməməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin hal əsaslandırılmamışdır. Bu hal da özlüyündə cavabdeh inzibati orqanın hərəkətlərinin qanunauyğun olmamasını deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1394/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-656/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-656/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver