Məhkəmə qərarları › İş №2-1(105)-657/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-657/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-657/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-701/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 701/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayon Pirqulu-oba Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Xaçmaz rayonu Yeni Sudur kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzinbati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Suduroba kəndi ərazisində yerləşən 0.10 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Pirqulu-oba Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən ona ayrılmış Xaçmaz rayonu Yeni Sudur kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Pirqulu-oba bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Torpağın dəyəri olaraq 400.00 manat haqq ödəməyi barədə qəbz, DT və XK-nin Xaçmaz rayon şöbəsinin hazırladığı torpaqayırma sənədləri və xx.xx.2007-ci il tarixli 1/1 saylı rəyin nəzərə alınması, Pirqulu-oba bələdiyyəsinin prespektiv inkişaf üçün saxlanılan torpaqlardan Yeni- Sudur kəndinin ərazisindən 0.10 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi, onun adına Torpaq kadastrı planının hazırlanıb verilməsi DT və XK-nin Xaçmaz rayon şöbəsindən xahiş edilməsi, satılacaq torpaq sahələri üçün xüsusi nümunədə qiymət arayışının verilməsinin DT və XK-nin Xaçmaz rayon şöbəsindən xahiş edilməsi, DT və XK-nin Xaçmaz rayon şöbəsindən xahiş edilərək, torpaqların alqı-satqısına dair aktın 3 nüsxədə tərtib edilməsi və qeydiyyata salınması, satın alınmış torpaq sahəsində tikinti işlərinin Xaçmaz rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşmış layihə əsasında aparılması, qərarın icrasına nəzarətin bələdiyyənin X5 və Torpaq məsələləri daimi komissiyasına tapşırılması qərara alınmışdır. Xaçmaz rayonu Suduroba kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün iş üzrə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, Əzizov X3 rayonu Suduroba kəndi ərazisində 1 yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0.10 ha torpaq sahəsinə dair Xaçmaz rayon Pirquluoba Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyənin ehtiyat fondu torpaqları ərazisində yerləşir, torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyənin ehtiyat fondu torpaqları ərazisində yerləşir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci iltarixli qərarınna əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx.xx.2006-cı il tarixli 12 nömrəli kassa mədaxil qəbzindən görünür ki, Əzizov X1 bələdiyyəsi əraaisindən 0.10 ha torpaq sahəsi alınması məqsədi ilə bələdiyyənin hesabına 400,00 manat ödəniş etmişdir. Xaçmaz rayon Pirquluoba Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni-Sudur kəndinin ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. DT və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 81/1 nömrəli rəyi ilə təsdiq edilir ki, iddiaçıya satılmış torpaq sahəsi Pirquluoba bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla, həmin məqsəd üçün satılması qanuna müvafiq olmuşdur. Yəni, cavabdehin iddiasıya satılmış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmasını qeyd etməsi əsasızdır. Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Xaçmaz rayon Pirquluoba Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı Pirquluoba bələdiyyəsi tərəfindən ayrılmış 0.10 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 2982 nömrə ilə qeydiyyata alınmışdır. Xaçmaz rayon Pirquluoba bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışından görünür ki, Pirquluoba bələdiyyəsi tərəfindən İddiaçı “kəndin perspektiv fondu”na aid torpaq sahələrindən fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş xx.xx.2007-ci il tarixli 06 saylı bələdiyyə qərarı ilə hal-hazırda qüvvədədir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1616/2023 nömrəli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. İşin araşdırılan hallarından göründüyü kimi, torpaq sahəsi bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla, fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Qərar hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə 06 nömrəli qərarla ayrıldığı və torpaq sahəsinin alqısatqısına dair aktın xx.xx.2007-ci il tarixdə tərtib edildiyi halda, həmin aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınması, torpaq sahəsinin elektron xəritədə bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmasını göstərilməsi, torpaq sahəsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Çünki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İddiaçının tələbində faktiki istifadəsində olan və bələdiyyənin qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarış və torapaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktının sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi qanuni əsaslarla ayrılmış, ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ayrılmış torpaq sahəsini onun adına ilkin huquqi qeydiyyata almaqdan imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-701/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar