Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-658/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı Quba rayonu Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1985-28 mart 1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2-1(118)-1624/2022 nömrəli qərarından cavabdeh Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Quba rayonu, Tüləkəran Sovetinin icraiyyə komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1982-ci il tarixdən 28 mart 1995-ci il tarixə kimi ödənilməmiş məzuniyyət pulunun və son haqq hesabın verilməsi öhdəliyinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu, Tüləkəran Sovetinin İcraiyyə Komitəsi sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1985-28 mart 1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 1982-ci il tarixdə kənd soveti icraiyyə komitəsinin sədri vəzifəsinə seçilmiş və Quba rayonu Tüləkəran kənd sovetinin sədri vəzifəsində işə başlamışdır. 07 yanvar 1992-ci ildə Quba Rayon İcra Hakimiyyəti başçısı Tüləkəran kənd sovetliyi vəzifəsinə təyin edilmiş, 28 mart 1995-ci il tarixə kimi Tüləkəran kənd icra nümayəndəsi olmuşdur. İşlədiyi dövrdə məzuniyyətə çıxmamışdır. Buna baxmayaraq ona məzuniyyətə çıxmadığına görə kompensasiya ödənilməmişdir. Dəfələrlə bu barədə şifahi müraciət etsə də, nəticəsi olmamışdır. 28 mart 1995-ci ildə işdən azad edilmişdir. Hazırda o, pensiyaçıdır. 28 iyun 1982-ci il tarixdən 28 mart 1995-ci il tarixə kimi məzuniyyət pulunun və son haqq hesabın verilməməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSRİ Əmək Qanunlarının 107-ci maddəsinə əsasən fəhlə və qulluqçulara hər il üçün və ya əlavə məzuniyyətlər verilərkən məzuniyyətin başlamasına ən geci üç gün qalmış onlara bütün məzuniyyət vaxtı üçün orta əmək haqqı verilir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1624/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı Quba rayonu, Tüləkəran sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx.1985-xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdeh Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət təsisatıdır. Həmçinin, rayon icra hakimiyyəti dövlət təsisatı olaraq dövlət büdcəsindən maliyyələşir, işçilərə əmək haqqı və digər ödənişlərin ödənilməsi dövlət büdcəsi vasitəsilə həyata keçirilir və rayon icra hakimiyyətinin bununla əlaqədar müstəqil qərar vermək səlahiyyəti yoxdur. “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri dövlət orqanlarının, büdcədən maliyyələşən idarə və təşkilatların strukturunun, ştatlarının, işçilərin vəzifə (tarif) maaşlarının və onlara əlavələrin mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilməsi, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı əməkhaqqı fondu üzrə tələbatın dəqiq müəyyən edilməsi məqsədilə bu təşkilatların ştat cədvəllərini, habelə ştat cədvəllərinə dəyişiklikləri həmin Qaydalara uyğun olaraq qeydiyyatdan keçirirlər. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində iddia qaldıra bilər. Hazırda iddiaçı qeyd olunan müddəti də ötürmüşdür. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, iddia olunan vəsaitin mənbəyini və məbləğini müəyyən etmədən, bununla əlaqədar müddətləri nəzərə almadan rayon icra hakimiyyətinin üzərinə icrası onun səlahiyyətlərinə aid olmayan vəzifəni qoymuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qərarını “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, qeyd olunan qanun 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Quba Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (01 iyul 1999-cu ilədək qüvvədə olmuş: Maddə 228. İddia müddətləri Fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar yaranan əmək mübahisələrinin həlli üçün isə bir ay ərzində müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab kitabçasının (vərəqəsinin) verildiyi, həmçinin fərdi və ya kollektiv əmək müqaviləsinin (kontraktın, sazişin) mühüm şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində əmək mübahisələrinə baxan orqana müraciət edə bilər. Həmin müddətlər üzürlü səbəblərdən (özünün xəstələnməsi, yaxın qohumunun ölməsi, işçinin ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması və s.) ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda qeyd olunan Əmək Qanunları Məcəlləsinin 228-ci maddəsindən görünür ki, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində əmək mübahisələrinə baxan orqana müraciət edə bilərdi. İşdən isə görünür ki, iddiaçı 28 mart 1995-ci ildə işdən azad edilmiş, lakin iddiaçı 28 iyun 1985-ci il tarixdən 28 mart 1995-ci il tarixə kimi ona məzuniyyət pulunun və son haqq hesabın verilmədiyini mübahisələndirərək 15 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında bildirmişdir ki, cavabdeh inzibati orqan məzuniyyət pulunun ona ödəniləcəyini bildirdiyindən qeyd olunan müddət ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqqhesab pulunun ödənilməsini mübahisələndirmədiyindən iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1624/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı Quba rayonu Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1985-28 mart 1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-658/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-658/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver