Məhkəmə qərarları › İş №2-1(105)-658/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-658/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-658/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2-1(118)-2854/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X1 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X1 adına qeydə alınmışdır. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ləğv edilmiş, inzibati işə yenidən baxılması üçün göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tələbini dəqiqləşdirərək Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X1 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz vəs.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Qətnamənin qəbul olunmasından 4 il müddət keçməsinə baxmayaraq bu günə kimi icra olunmamışdır, icra sənədi 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş, 3-21-3-31/2- 4538/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla həmin qurum tərəfindən icra vərəqəsi icra olunmadan geri qaytarılmış, səbəb kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiK hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin qeyd edilən iş üzrə tərəf kimi cəlb edilmədiyi, eləcə də müvafiq icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəlik qoyulmadığı qeyd olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin "payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)4496/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(118)-3446/2024 nömrəli qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iəğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-2854/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə keçmiş həyat yoldaşı X2 zəruri cəibetmə qaydasında iddiam üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)- 860/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir: "işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq mənzilin naturada bölünməsi, naturada bölgü əsasında iddiaçının və digər şəxsin (X1) istifadəsinə olan yaşayış sahəsi və ümumi istifadədə olan sahə müəyyən edilmişdir, indiki halda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzilin naturada bölgüsü və həmin bölgüyə uyğun olaraq həm iddiaçının, həm də digər şəxsin adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın əldə edilməsindən ibarət olmuşdur.” Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-4496/2021 nömrəli icra sənədinin icra olunmasına dair müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd edilən məhkəmə işi üzrə tərəf kimi cəlb edilməmiş, həmçinin müvafiq icra vərəqəsi ilə İdarənin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən sözügedən mənzilə baxış keçirilərək müəyyən olunmuşdur ki, yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, yaşayış otaqlarının divarı sökülərək yeni divar inşa edilmiş, bununla da otaqların sahəsi dəyişdirilmiş, balkon sahəsi iki hissəyə bölünərək ümumi sahəyə daxil edilmiş, həmçinin əlavə qapı açılmışdır. Yenidən planlaşdırılma işlərinin nəticəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış, o cümlədən aparılmış dəyişikliklərə dair 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-2854/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 zəruri cəibetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2-1(118)-2854/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Aynur Axundova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənzilin naturada bölgüsü aparılmış, tərəflərin mənzildən istifadə qaydaları müəyyən edilmişdir. Naturada istifadə üçün müəyyən edilmiş bölgü isə əmlakın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət reyestrində qeydə alınması əsası kimi qeyd edilməmişdir. Həmçinin, reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X1 adına qeydə alınmışdır. Beləliklə, iddiaçı və üçüncü şəxs vahid əmlakın paylı mülkiyyətçiləridirlər. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçıya iddia tələbinin dəqiqiləşdirilməsi ilə bağlı şərait yaradılsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı mahiyyəti üzrə nəzərə alınmamış, həmin qərardadda yuxarı instansiya məhkəməsinin göstərdiyi xüsussatlar işə baxan hakim tərəfindən nəzərə alınmamışdır. Halbuki, həmin qərardadda birbaşa olaraq göstərilmişdir ki, "işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq mənzilin naturada bölünməsi, naturada bölgü əsasında iddiaçının və digər şəxsin (X1) istifadəsinə olan yaşayış sahəsi və ümumi istifadədə olan sahə müəyyən edilmişdir, indiki halda iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzilin naturada bölgüsü və həmin bölgüyə uyğun olaraq həm iddiaçının, həm də digər şəxsin adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə müəyyən edildiyindən məhz onun adına ayrılmış sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın əldə edilməsindən ibarət olmuşdur.” Bu qərardadda müəyyən olunmuş hüquqi mövqeyə əsasən Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı iddiasını əsaslıdır. Lakin birinci instansiya məhkəməsi onun qeyd olunan iddia tələbimi təmin etməmiş, gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Təkcə cavabdehin etirazını əsas götürərək qeyd olunan nəticəyə gəlmişdir. Maraqlısı budur ki, cavabdeh orqan bundan əvvəlki məhkəmələrdə qətnamənin icra edilməməsi ilə bağlı onların üzərinə öhdəlik qoyulmadığını əsas gətirdiyi halda qeyd olunan işdə etirazlarında qətnaməni icra etməmək səbəbi olaraq guya “sözügedən mənzilə baxış keçirilərkən yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edildiyinin müəyyən olunduğunu göstərir. Məhkəmə isə heç bir araşdırma aparmadan qeyd-şərtsiz onların mövqeyini qərara köçürməklə iddianı təmin etmişdir. Halbuki, bununla bağlı heç bir mühəndis mütəxəssi rəyi məhkəməyə təqdim edilməmiş, iş üzrə heç bir tikinti texniki ekspertiza təyin edilməmişdir. Digər tərəfdən həm cavabdeh orqan, həm də inzibati məhkəmə bununla da qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mahiyyətini heçə endirmişdir. Çünki, həmin məhkəmədə payın naturada bölgüsü tikinti-texniki ekspertiza rəyi əsasında verilmişdir. Cavabdehin qeyd etdiyi kimi mənzilin yenidən planlaşdırılması mənzilin daxilində dəyişiklərin edilmiş olsa belə bu payların ayrılmasına mane təşkil etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024cü il tarixli qərardadının 11-ci bəndində göstərilir ki, “Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.” Həmin Qərardadın 17-19-cu bəndində isə göstərilir ki, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cımaddələri, ümumi paylımülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylımülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birincicümləsi və 221-ci maddənin 2cicümləsi). 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylımülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-cimaddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət ikiardıcıl hüquqimexanizm müəyyən edilmişdir. Qeyd olunan qərardaddan göründüyü kimi, paylar naturda bölündüyü halda əmlak üzərində iştirakçıların paylı mülkiyyət hüququ qalmır, xitam olunur, “real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.” Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə tam mülkiyyət hüququ ilə fərdi mülkiyyətçi kimi hüququm pozulmuş olur. Göründüyü kimi mülki qanunvericilikdə (xüsusilə MM-nin 221-ci maddəsi) fiziki bölgü (naturada) ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi əsası kimi göstərmişdir. Mənimlə iddiaçı X2 arasında birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən 62 saylı mənzil vaxtilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aramızda ½ hissədə olmaqla bərabər paylara bölünmüşdür. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi – 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X1 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz vəs.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Buradan belə nəticəyə gəlinir ki,əmlak naturada bölündüyü üçün artıq bizim paylımülkiyyətimiz da qüvvədə qala bilməz, ona görə hər birimizə daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarış verilməlidir. 2 saylı Sumqayıt Ərazi İdarəsi isə həmin qurumun naturada bölgü ilə bağlı işə tərəf kimi cəlb edilmədiyini və onların üzərinə öhdəlik qoyulmadığı üçün bu günə kimi icra sənədini icra etməməklə mənə və iddiaçıya çıxarış verməkdən imtina edir. Məhkəmə qətnaməsi ilə naturada bölgüsü təsdiq olunmuş əmlakına mülkiyyət hüququnun dövlət qeydiyyatı cavabdeh qurum tərəfindən bu günə kimi qanunsuz olaraq həyata keçirilməmişdir. Hüquqlarının müdafiəsi ilə bağlı indiyə kimi müraciət etdiyi məhkəmələr də heç bir nəticə verməmişdir. Bununla da ədalət məhkəmə araşdırılması hüququnun pozuntusuna yol verilmişdir. Mülki və inzibati məhkəmə icraatında keçirilmiş məhkəmələr bu günə kimi heç bir nəticə verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizəsi təmin edilməmişdir. Qətnaməyə izah verilməsi ilə bağlı ərizəsinə baxan Sumqayıt şəhər məhkəməsi qətnamənin aydın və dəqiq olduğunu hər hansı bir ziddiyyət olmadığını qeyd etmişdir. Həmin qərardadda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə istinad olunmuşdur. Halhazırki işdən də göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)- 4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı iddiası təmin edilməmişdir. Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icrası kağız üzərində qalmaqda davam edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin “Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında naturada ayırılmış ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsindən ibarət hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin mənzil üzərində (naturada bölünən hissədə) mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına, buna dair müvafiq yeni çıxarışın və texniki pasportun alınmasına nail olmaqdan ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, naturada bölgünün aşağıda şəkildə həyata keçirilməsi - 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi İddiaçı, 19,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq və 4 kv.m eyvan sahəsinin X1 istifadəsinə ayrılması, kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) ümumi istifadədə saxlanılması qət olunmuşdur. Reyestr nömrəsi **********00-05101-093019, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil ½ hissədə iddiaçının, ½ hissədə X1 adına qeydə alınmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin aşağıdakıları da qeyd edir. Nəzərə alınmlalıdır ki, iddiaçının hazırki hüquqi marağı artıq paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan əmlak üzərində məhz məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş hüququnun, yəni ½ hissədə paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan payının naturada ayrılmaslna dair məlumatların dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi ilə bağlı olmuş, həmin tələb isə məhz cavabdeh inzibati orqan publik səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur. Müvafiq məhkəmə qərarı əsasında iddiaçıya münasibətdə əmlak hüququnun mövcud olması halı müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində mövcud olan hüququn dövlət qeydiyyatının aparılması əsasları isə məhz müvafiq Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normanın dispozitiv şərtində isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün müstəqil əsas kimi qeyd edilmiş, həmin məhkəmə qərarında inzibati orqanın üzərinə bununla bağlı öhdəlik qoyulmasının zəruriliyi ehtiva edilməmişdir. İndiki halda araşdırılmalı olan hal məhz cavabdeh inzibati orqanının hərəkətlərinin məhz daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair qanunvericilik normalarının tələbi baxımından qanunauyğun olub-olmaması ilə bağlı hallar təşkil etmişdir Bununla bağlı qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın paylı mülkiyyətdən çıxarılaraq naturada bölgüsü aparılmış və bu bölgü əsasında hər bir şəxsə konkret sahə ayrılmışdırsa, artıq həmin şəxsin həmin sahə üzərində tam və müstəqil mülkiyyət hüququ yaranmış hesab olunur. Belə halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən, həmin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əlavə hər hansı inzibati aktın və ya yeni razılaşmanın tələb olunması yol verilməzdir. İnzibati orqan bu prosesi yalnız qeydiyyat funksiyası çərçivəsində yerinə yetirməli, yəni hüquqi baxımdan artıq mövcud olan və məhkəmə qərarı ilə tanınmış mülkiyyət hüququnu sadəcə reyestrdə əks etdirməlidir. Əks təqdirdə, bu, mülkiyyət hüququnun müdafiəsi, məhkəmə aktlarının icrası və iddiaçının Konstitusiyaya əsaslanan əmlak toxunulmazlığı prinsipinin pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsi qərarında Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etməklə həmin qətnamə ilə mənzilin naturada bölgüsünün aparıldığını və tərəflərin mənzildən istifadə qaydalarının hüquqi cəhətdən müəyyən edildiyini qeyd etmişdir. Bununla belə, birinci instansiya məhkəməsi həmin bölgünün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeyd edilmədiyini və bu səbəbdən həmin istifadə bölgüsünün hüquqi nəticələr doğurmadığını göstərmişdir. Lakin bu yanaşma hüquqi baxımdan heç də düzgün yanaşma deyil. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin adı çəkilən qətnaməsi qanuni qüvvəyə minmiş və hüquqi baxımdan tərəflər üçün məcburi olan məhkəmə aktıdır. Qeyd edilən qətnamə ilə mənzilin faktiki istifadəsi bölgüsünün aparılması, yəni mübahisəli əmlakdan hər iki tərəfin konkret sahələr üzrə müstəqil və sərbəst şəkildə istifadəsinin müəyyən edilməsi əmlakın mülkiyyət rejiminə və tərəflərin hüquqlarına bilavasitə təsir göstərən hüquqi vəziyyətdir. Məhkəmə aktı ilə təsbit edilmiş bu bölgü yalnız dövlət reyestrində qeyd olunmaması səbəbilə hüquqi qüvvədən məhrum edilə bilməz, çünki dövlət reyestri hüquqi münasibətləri formalaşdıran deyil, yalnız mövcud hüquqi vəziyyəti rəsmi qaydada sənədləşdirən və əks etdirən inzibati qeydiyyat mexanizmidir. Bundan başqa, mübahisəli mənzilin reyestr çıxarışında hər iki tərəfin həm iddiaçının, həm də üçüncü şəxsin mülkiyyət payları qeyd edilmiş və onların hər biri 1/2 nisbətində paylı mülkiyyətçi kimi tanınmışdır. Bu isə bir daha göstərir ki, tərəflər arasında ümumi əmlak münasibətləri mövcuddur və məhkəmə qərarı ilə təsbit olunmuş faktiki istifadə bölgüsü onların mülkiyyət hüquqlarının konkretləşdirilməsinə xidmət edir. Belə olan halda, birinci instansiya məhkəməsinin həmin bölgünü yalnız reyestrdə ayrıca qeyd olunmadığı üçün hüquqi nəticəsiz hesab etməsi həm məhkəmə aktlarının icrası prinsipinə, həm də tərəflərin qanunla qorunan hüquqlarına ziddir. Həmçinin məhkəmə qərarında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzilin yarıbayarı hissəsinin iddiaçının, digər yarıbayar hissəsinin isə X1 adına qeydə alınmasını və tərəflərin vahid əmlak üzərində paylı mülkiyyətçilər olduqlarını vurğulamışdır. Məhkəmə bu faktı əsas götürərək iddianın ziyanına şərh etmişdir. Bu yanaşma hazırki işin hallarına uyğun gəlmir. Belə ki, paylı mülkiyyət vəziyyətində hər bir şəxsin konkret sahə üzrə mülkiyyət hüququnun müəyyənləşdirilməsi və təsbit edilməsi vacibdir. Məhkəmə tərəfindən naturada bölgünün aparılması və hər bir tərəfə ayrılmış sahənin göstərilməsi məhz bu məqsədə xidmət edir. Dövlət reyestrində isə hələ ki, ümumi paylı mülkiyyət forması saxlanılır və ayrıayrı hissələrin ayrılıqda qeydiyyatı hələ ki təmin edilməmişdir. Bu isə tərəflərin hüquqlarının tam şəkildə müəyyənləşdirilməsi və qorunması baxımından kifayət etmir. Ona görə də, sadəcə reyestrdə payların qeydiyyatı ilə məhdudlaşmaq və naturada bölgünün dövlət qeydiyyatında ayrıca əks olunmaması səbəbindən iddiaçının hüquqlarını qeydə almamaq düzgün deyil. Məhkəmə qərarı ilə təsbit edilmiş naturada bölgü tərəflərin konkret mülkiyyət hüququnu müəyyən edir və bu hüququn dövlət qeydiyyatına alınması məcburidir. Birinci instansiya məhkəməsinin yalnız reyestrdəki ümumi pay qeydini əsas götürərək, bu bölgünü nəzərə almaması və iddianı rədd etməsi, həm məhkəmə aktlarının icrasının prinsipinə, həm də tərəflərin qanunla qorunan hüquqlarına uyğun gəlmir. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyanın iki növ bölgüsü mövcuddur: ideal bölgü – əşyanın fiziki olaraq bölünmədən, mülkiyyət paylarının müəyyən edilməsi, və real (naturada) bölgü – əşyanın fiziki olaraq bölünərək hər bir mülkiyyətçinin öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmasıdır. Qərardadda həmçinin qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi (naturada bölgü) zamanı paylı mülkiyyət hüququ sona çatır və hər bir mülkiyyətçi fərdi mülkiyyətçi kimi öz hissəsinin tam sahibinə çevrilir. Mülki Məcəllənin 220 və 221-ci maddələrinə əsasən, bu proses ya tərəflərin razılığı ilə, ya da mübahisə olduqda məhkəmə qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində mənzilin naturada bölgüsü aparılaraq hər iki tərəfə konkret sahələr ayrılmış və bu qətnamə ilə onların (iddiaçının və üçüncü şəxsin) paylı mülkiyyət hüququ sona çatmış, fərdi mülkiyyət hüququ yaranmışdır. Beləliklə, qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən mülkiyyət hüququnun müdafiəsi üçün tərəflərin öz hissələri üzərində fərdi mülkiyyət hüququnun tam şəkildə tanınması və dövlət qeydiyyatına alınması təmin edilməlidir. Bu səbəbdən, mübahisəli işdə mövcud qətnamə mülki qanunvericiliyin tələblərinə tam uyğundur və tərəflərin hüquqlarını düzgün qoruyur. Cavabdehin imtinanın əsasını təşkil edən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd edilən məhkəmə işi (2(060)-4496/2021 saylı iş) üzrə tərəf kimi cəlb edilməmiş, həmçinin müvafiq icra vərəqəsi ilə İdarənin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bu baxımdan kollegiya qeyd edir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin qeyd edilən mülki iş üzrə tərəf kimi cəlb edilməməsi və ona icra vərəqəsi ilə xüsusi vəzifə verilməməsi onun məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməkdən boyun qaçırması üçün əsas hesab oluna bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi məhkəmə qərarları bütün dövlət orqanları və vəzifəli şəxslər üçün məcburi olub, onların icrası dövlət tərəfindən təmin edilir və hər hansı səbəb olmadan icradan yayınmaq qanun pozuntusu sayılır. Kollegiya onu da qeyd edir ki, cavabdeh iddia ərizəsinə etirazında isə qeyd etmişdir ki, sözügedən mənzilə baxış keçirilərək müəyyən olunmuşdur ki, yenidən planlaşdırılma nəticəsində mənzilin daxilində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, yaşayış otaqlarının divarı sökülərək yeni divar inşa edilmiş, bununla da otaqların sahəsi dəyişdirilmiş, balkon sahəsi iki hissəyə bölünərək ümumi sahəyə daxil edilmiş, həmçinin əlavə qapı açılmışdır. Yenidən planlaşdırılma işlərinin nəticəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış, o cümlədən aparılmış dəyişikliklərə dair 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin həmin dəlili də əsaslı deyil, çünki mövcud vəziyyətdə, mübahisəli mənzilin naturada bölgüsü barədə müvafiq qətnamə ilə hər iki tərəfə konkret sahələr ayrılıb və həmin qərar hüquqi qüvvəyə minmiuşdir. Belə ki, məhkəmə tərəfindən təsbit olunmuş fiziki bölgü ilə tərəflər artıq fərdi mülkiyyətçi statusuna malikdirlər, dövlət reyestrində qeydiyyatın aparılmaması və lazımi sənədlərin təqdim edilməməsi sadəcə texniki məsələdir və mülkiyyət hüququnun mövcudluğunu və qorunmasını şübhə altına ala bilməz. Dövlət orqanları məhkəmə qərarına əsasən qeydiyyatı təmin etməli və hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi iddiaçının qanuni hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2-1(118)-2854/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. “Sumqayıt şəhər Məhkəməsinin “payın naturada bölgüsü” tələbinə dair iş üzrə qəbul etdiyi 2(060)-4496/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin 17 kv.m yaşayış sahəsindən ibarət bir otaq və 4 kv.m eyvan sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar