Məhkəmə qərarları › İş №2-1(105)-659/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-659/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-659/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-538/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Nazirliyə ünvanlanmış xidməti məktuba əsasən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə orta aylıq əməkhaqqı 856,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (776,98 manat) ilə 01 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (856,12 manat) arasındakı fərq məbləğinin (79,14 manat) 39,44 faizi-31,21 manat 01 mart 2018-ci il tarixədək 497,40 manat məbləğində hesablanmalı olduğu halda, 421,80 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 453,60 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 122,35 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 270,42 manat olmaqla orta aylıq əməkhaqqı 1287,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (856,12 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (1287,77 manat) arasındakı fərq məbləğinin (431,65 manat) 39,44 faizi-170,24 manat 01 mart 2019-cu il tarixədək hesablanmış pensiyanın (497,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 667,64 manat məbləğində hesablanmalı olduğu halda, 548,84 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 2732,40 manat əskik pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı 26 aprel 2024-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 3186,00 manat pul vəsaitinin ödənilmədiyinə görə ona maddi və mənəvi zərərə görə 6100 manat pul məbləğinin ödənilməsini xahiş etmişdir. İnzibati orqan tərəfindən İddiaçı müraciətinə yazılı formada cavab verilməmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı 548,84 manat məbləğində əmək pensiyası xx.xx.2019-xx.xx.2021-ci illər üzrə 667,64 məbləğində müəyyən edilməklə, artırılmış, həmçinin, qeyd olunan dövrlər üzrə, ümumilikdə, 3186,00 manat fərq məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, 5452,44 manat pul məbləğinin cavabdehdən xeyrinə tutulmasını və xx.xx.2022-ci il tarixdən pulun birdəfəlik tam ödəniləcəyi tarixədək hər ay 95,59 manat əlavə pul məbləğinin hesablanaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 mart 2019-cu il tarixdən hər ay 667,64 manat pensiya məbləği ödənilməli olduğu halda, 548,84 manat ödənilmiş, nəticədə 3186 manat əksik ödəmə yaranmışdır. Hesab edir ki, 01 mart 2019-31 iyul 2021ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləği hissə-hissə yox, müvafiq kart hesabına birdəfəlik ödənilməlidir. Bundan əlavə 01 iyul 2021ci il tarixinə 1310,54 AZN dəbbə pulu və həmin tarixdən 01 may 2022-ci il tarixinə qədər 955,90 AZN, ümumilikdə xx.xx.2022-ci il tarixinə qədər 3186+1310,54+955,90= 5452,44 AZN, eyni zamanda həmin tarixdən tam ödəniləcəyi tarixə qədər hər ay üçün 95,59 AZN əlavə hesablanaraq ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 3186,00 manat fərq məbləği 17 may 2022-ci il tarixdə onun kart hesabına köçürülmüşdür. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək 5452,44 manat pul məbləğindən 3186 manatın çıxılaraq qalan 2266,44 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8597/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Orxan Həsənov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2- 1(103)-980/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8597/2023 nömrəli qərarı ləğv edilərək, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim Cahangir Yusifov). Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı iddiaçı tələbini yenidən dəqiqləşdirərək ödənilməmiş 2226.44 manat məbləğində pul vəsaitinin və ödənilmiş 3186 manat pulun indeksləşdirilmiş fərqinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar 01 avqust 2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Eyni zamanda, bildirir ki, tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 dekabr 2013-cü il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı 776,98 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 11 il 10 ay 08 gün qulluq stajına uyğun olaraq orta əməkhaqqının (776,98 manat) 60 faizi - 466,19 manat məbləğində hesablanmışdır. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il 01 iyul tarixədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 10 ay 08 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,44 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı 856,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (776,98 manat) ilə 01 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (856,12 manat) arasındakı fərq məbləğinin (79,14 manat) 39,44 faizi-31,21 manat 01 mart 2018-ci il tarixədək 497,40 manat məbləğində hesablanmalı olduğu halda, 421,80 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 453,60 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı 1287,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (856,12 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (1287,77 manat) arasındakı fərq məbləğinin (431,65 manat) 39,44 faizi- 170,24 manat 01 mart 2019-cu il tarixədək hesablanmış pensiyanın (497,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 667,64 manat məbləğində hesablanmalı olduğu halda, 548,84 manat müəyyən edilməklə xx.xx.2019-31,07.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 2732,40 manat əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin edilmiş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə, ümumilikdə, hesablanmış 3186,00 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə müvafiq kart hesabına köçürülməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-538/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ona vurulmuş zərərin konkret nədən ibarət olduğunu müəyyən etməli və zərərin məbləğini müəyyən etməyə imkan verən real sübutlar təqdim etməmişdir. Bundan əlavə aylıq ödənişlərin ödənilməsi ilə bağlı tələbin də təmin əsası mövcud deyildir. Belə ki, iddiaçı həmin məbləğin hər ay ona ödənilməsini tələb etsə də, həmin tələbin qanuni əsası kimi çıxış edə biləcək norma mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının zərərininin məbləği heç bir sübutla təsdiq edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənilməmiş 3186,00 manat fərq məbləği ona ödənilmişdir. Birinci instansiya məhkəməsi qərarında qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqənin sübut edilmədiyini qeyd etsə də, ona ödənilməli olan pul məbləği cavabdeh tərəfindən ödənilmiş, bununla da, cavabdeh öz hərəkətlərini etiraf etmişdir. O, tələbində dəbbə pulu yox, ödənilməli məbləğin ödənişinin gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsinə əsasən pul məbləğini tələb etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona vurulmuş zərərin konkret nədən ibarət olduğunu müəyyən etməli və zərərin məbləğini müəyyən etməyə imkan verən real sübutlar təqdim etməmişdir. Hesab edirlər ki, iddiaçıya vurulan zərərin məbləği heç bir sübutla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin onun barəsində qəbul etdiyi “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ona ödənilməli olan 3186 manat fərq məbləği ona vaxtında ödənilmədiyindən ona vurulmuş maddi zərərə görə 34 manat, mənəvi zərərə görə 1700 manat və AR Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış faizi - 179,21 manat pul məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-) Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının məbləği inzibati orqanın təqsiri nəticəsində 2019-2021-ci illər üzrə yanlış hesablanmış, nəticədə ona ümumilikdə, 3186,00 manat pul vəsaitinin əskik ödənildiyi müəyyən edilmiş, məhkəmə icraatının gedişində qeyd olunan məbləğ inzibati orqan tərəfindən iddiaçıya ödənilmişdir. Hazırkı mübahisə də məhz 3186,00 manat pul vəsaitinin iddiaçıya gec ödənilməsi nəticəsində yaranmışdır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçı tələbini dəqiqləşdirərək, əmək pensiyasının yenidən hesablanması nəticəsində ödənilməli olan 3186 manat fərq məbləği ona vaxtında ödənilmədiyindən vurulmuş maddi zərərə görə 34 manat, mənəvi zərərə görə 1700 manat və AR Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış faizi - 179,21 manat pul məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələbi 3 hissədən ibarətdir: 1) 3186 manat pul vəsaitinin ona vaxtında ödənilməməsinə görə maddi zərərə görə 34 manat; 2) mənəvi zərər üçün 1700 manat; 3) Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış faizi - 179,21 manat pul məbləğinin ona ödənilməsi. Kollegiya iddiaçının 1-ci və 2-ci tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir-birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxs ona dəymiş zərərin əvəzini inzibati orqandan mülki qanunvericilik müddəalarının tələbləri baxımından tələb etmək hüququna malikdir. Lakin, həmin zərərin mövcudluğunun təsdiq edilməsi mütləqdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da formalaşmış hüquqi mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyyarları tətbiq etmək zəruridir, o cümlədən zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd). Hazırkı işdən isə cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Odur ki, kollegiya iddiaçının hər iki tələbini əsassız hesab edir. İddiaçının 3-cü yəni, ödənilməmiş pul vəsaitinin Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faizi - 179,21 manat pul məbləğinin ona ödənilməsi tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edildiyi kimi, qeyd edilən maddə mülki qanunvericilik öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Hazırkı halda isə tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibətindən irəli gəlir. Ona görə də, Mülki Məcəllənin 449-cu maddəsinin hazırkı mübahisəyə tətbiq ediə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının 3-cü tələbi də əsassızdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-538/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar