Məhkəmə qərarları › İş №2-1(105)-659/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-659/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-659/2025 18.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək kitabçasında qeyd olunun xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi iş stajının onun sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-654/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi).

2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Baş Yol İdarəsinin 836 nömrəli Tikinti İdarəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl təsərrüfatlararası təmir-tikinti müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Dədə Qorqud” kənd orta məktəbində işləmişdir.

3. İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixində cavabdeh orqana yaşa görə əmək pensiyasının verilməsi tələbi ilə müraciət etmişdir.

4. Cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-38960/2023 nömrəli məktubu ilə iddiaçının əmək kitabçasına əsasən sığorta stajının 22 il 03 ay 05 gün təşkil etdiyini və bu müddətin qanunla nəzərdə tutulan müddətdən az olduğunu əsas gətirərək yaşa görə əmək pensiyasının təmin edilməsindən imtina etmişdir.

5. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixində tarixdə ərizə ilə cavabdehə müraciət edərək əmək kitabçasında yazılmış xx.xx.1980-cı il tarixli iş stajının xx.xx.1980-cı il kimi oxunmasını xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçının həmin müraciətinə yazılı cavab verilməmiş, lakin, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-264697/2023 nömrəli əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir.

7. Verilən imtina qərarı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd olunun xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər əmək fəaliyyəti ilə məşğul olmuş, pensiya yaşı tamam olsa da, əmək kitabçasında üzləşdiyi problemə görə ona pensiya təyin edilməmişdir. xx.xx.1980-ci il tarixdən başlayan iş stajı əmək kitabçasında qaralama ilə yazıldığı üçün maneə yaratmışdır. Bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin bu günə kimi onun müraciətinə bir cavab verilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında iddiaçının işlədiyini iddia etdiyi 01 fevral 1980-cı il tarixdən 06 aprel 1983-cü il tarixədək olan dövrü əhatə edən qeydlərdə işə daxil olma barədə qeyddə düzəliş olması səbəbilə qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməmiş və buna görə ona yaşa görə əmək pensiyasınının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçıya “sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək olan redaksiyasına əsasən 20 yanvar 2017-ci il tarixdən ona yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Həmçinin, iddiaçının yaşa görə pensiya hüququ 63 yaşında - xx.xx.2023-cü il tarixində yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına uyğun olaraq iddiaçının ümumi sosial sığorta stajı 22 il 03 ay 05 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 6 ay 5 gün sığorta stajına uyğun olaraq 19,926,38 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 225,88 manat olmaqla, ümumilikdə 20.152,26 manat təşkil edir. Qeyd edilən məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qanunvericiliklə tələb olunan pensiya kapitalı məbləği xx.xx.2023-cü il tarixdən 40320 manat, minumum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrü əhatə edən qeydlərdə əmək kitabçasının doldurulma qaydası pozulduğuna görə yəni işə daxil olma tarixində düzəliş olması səbəbilə həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-654/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, əmək kitabçasında qeyd olunun xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Rahim Həsənov).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçasında xx.xx.1980-cı il tarixinə münasibətdə cüzi qaralamanın olması iddiaçının günahı ucbatından olmamışdır. Həmin kitabçada mübahisələndirilən dövrlərə aid əmrlərə nəzər saldıqda görünür ki, iddiaçı 13/k nömrəli, xx.xx.1980-ci il tarixli əmrlə işə daxil olmuş və 47/k nömrəli, xx.xx.1983-cü il tarixli əmrlə müvafiq işdən azad edilmişdir. Həmçinin, əmək kitabçasının işçinin mükafatlandırılması haqqındakı qrafasında həmin illərə dair əmrlər verilərək, iddiaçı mükafatlandırılmışdır. Cavabdehin qeyd etdiyi texniki səhvlərin işəgötürənin səhlənkarlığı, peşəkarsızlığı ucbatından olması işin hallarına əsasən müəyyən olunur. Ona görə də iddiaçının işlədiyi müvafiq illər onun iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmamış və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilmişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildə çox sosial sığorta staja malik olması müəyyən olunur (cavabdehin mübahisələndirmədiyi müddət 22 il 3 ay + 3 il 2 ay (xx.xx.1980-xx.xx.1983-cü illər)). Yaş həddinə gəlincə isə qanunun tələblərini əsas götürdükdə iddiaçının 63 yaşı xx.xx.2023-cü ildə tamam olmuş olur.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının 2-ci səhifəsindəki 1-ci qeyddə yazılan işə girmə tarixinin əvvəlcədən 1983-cü il yazılması, daha sonra isə qaralanaraq 1980-cı il tarixə dəyişdirilməsi müşahidə olunur. Əmək kitabçası xx.xx.1983-cü il tarixdə açılmışdır. Mübahisələndirilən dövrlə bağlı verilmiş sorğuya cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-4/2-2685/2023 nömrəli arxiv arayışındada Baş Yol İdarəsinin 836 nömrəli Tikinti idarəsinin arxiv sənədlərinin saxlanılmadığı bildirilmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən azdır. Lakin iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixədək pensiya kapitalı qeydə alınmışdır. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçıya yaşa görə sosial müavinət təyin olunmuşdur. İstinad olunan Qanuna uyğun olaraq iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə müavinət təyin edilmişdir. Ona xx.xx.2015-cı il tarixdə sosial müavinət təyin edildiyi üçün avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, inzibati icraat materiallarında eyni nömrəli, eyni tarixli, lakin birinci qeydi fərqli olan əmək kitabçasının surəti mövcuddur. Həmçinin, cavabdeh orqanda iddiaçının əmək kitabçasında mübahisələndirilən 1980-1983-cü il tarix hissəsinin qaralanmadığı, “1983-cü il” yazısının aydın göründüyü surəti də mövcuddur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

22. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

27. “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22- 1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

28. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır.

29. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olsa da, ona xx.xx.2015-cı il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşa görə sosial müavinət təyin edildiyi üçün avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Qanuna əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

31. Bu baxımdan, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 63 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması.

32. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 63 yaşına çatması işin mübahisə edilməyən halıdır.

33. Həmçinin, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Baş Yol İdarəsinin 836 nömrəli Tikinti İdarəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl təsərrüfatlararası təmir-tikinti müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Dədə Qorqud” kənd orta məktəbində işləmişdir (25 il 01 ay 25 gün).

34. Cavabdeh iddiaçının əmək kitabçasında 01 fevral 1980-cı il tarixdən 06 aprel 1983-cü il tarixədək olan dövrə münasibətdə işə daxil olma barədə 1980-ci ilin qeydinə qaralanaraq düzəliş olması səbəbilə həmin dövrü iddiaçının sığorta stajına daxil etməmiş və apellyasiya şikayətinin dəlillərində də bu dövrü qəbul etməyini bildirmişdir.

35. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu hal iddiaçının həmin idarədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir, belə ki, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir.

36. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarında qeyd olunan məsələlər tənzimlənmişdir. Qaydaların: - 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 3.2.1. 2-ci bölmədə – əmək kitabçasının seriya nömrəsi, təsdiqedici sənədlərə əsasən işçinin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il), təhsili (o cümlədən başa çatdırılmamış), peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası verən məsul şəxsin imzası. Bu məlumatları işçi imzası ilə təsdiq edir; 3.2.2. 3-cü bölmədə – 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). İşəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. - 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. - 3.7-ci bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində 3-cü bölmədə qeydin dəyişdirilməsi zəruri olduqda onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”.

37. Sadalanan normaların tələbindən göründüyü kimi işçinin əmək kitabçasına işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi, işdən azad edildiyi barədə qeydlər məhz bununla bağlı işəgötürən tərəfindən edilmiş müvafiq əmr əsasında edilir. Bu qeydlərdə səhv olduqda isə kitabçaya işəgötürən tərəfindən düzəliş edilir.

38. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasının 3-cü bölməsinin 4-cü qrafasında cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1980-ci il tarixli işə daxil olma barədə qeydin edilməsi əsası kimi idarə rəhbərinin xx.xx.1980-ci il tarixli, 13/k nömrəli əmri göstərilmişdir, hansı ki, iddiaçı həmin əmrlə işə daxil olmuş və xx.xx.1983-cü il tarixli, 47/k nömrəli əmrlə isə vəzifəsi dəyişdirilmiş, 156/k nömrəli, xx.xx.1991-ci il tarixli əmrlə də işdən azad edilmişdir.

39. Odur ki, kollegiya iddiaçının məhz xx.xx.1980-ci il tarixli əmrlə Baş Yol İdarəsinin 836 nömrəli Tikinti İdarəsinə işə qəbul edildiyini nəzərə alaraq, hesab edir ki, əmək kitabçasında xx.xx.1980-ci il tarixə münasibətdə düzəlişin edilməsi iddiaçının həmin tarixdə işə qəbul edilməsinə şübhə yaradan hal deyildir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni inzibati orqanlara qadağan edir. Belə ki, həmin Qanunun 15.2 və 15.2-cü maddələrinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

41. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

42. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

43. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

44. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

45. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

46. Mübahisələndirən dövrlər ərzində də iddiaçının Baş Yol İdarəsinin 836 nömrəli Tikinti İdarəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

47. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48-4/2-2685/2023 nömrəli məktubda Baş Yol İdarəsinin 836 nömrəli Tikinti idarəsinin arxiv sənədlərinin Dövlət Arxivinə və Arxivin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir.

48. Nəzərə almaq lazımdır ki, sözügedən idarə hazırda fəaliyyətdə olan idarə deyildir.

49. Kollegiya hesab edir ki, idarənin sənədlərinin arxiivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və 01 fevral 1980-cı il tarixdən 06 aprel 1983-cü il tarixədək həmin idarədə işlədiyinə dair qeydlərin həqiqiliyini şübhə altına ala bilməz.

50. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

51. Odur ki, iddiaçının 01 fevral 1980-cı il tarixdən 06 aprel 1983-cü il tarixədək işlədiyi dövr də nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir.

52. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-654/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar