Məhkəmə qərarları › İş №2-1(105)-66/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-66/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-66/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı Həmdulla oğlunun, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Yoxlamanın nəticələri barədə **********191675 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-66/2021 nömrəli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə 18 mart 2022ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 30.05.2018-ci il tarixli **********152166 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı barəsində 2015-ci il aprel ayından 2018-ci ilin mart ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 23.08.2019-cu il tarixli **********179590 nömrəli səyyar vergi yoxlaması aktına görə istixananın tikintisi zamanı vergi ödəyicisi tərəfindən 9043.44 manat ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aşkar edilmişdir.

3. 2 saylı Ərazi Vergilər İdarəsinin 25.10.2019-cu il tarixli **********191675 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı 2018-ci ilin 1-ci rübü üzrə 9043,44 manat ödəmə mənbəyindən tutulan vergi məbləği, həmin məbləğin 50 faizi məbləğində 4721,72 manat maliyyə saksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin səyyar vergi yoxlaması üzrə tərtib edilmiş **********191675 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi 30.05.2019-cu il tarixdə **********152166 saylı qərara əsasən onun mülkiyyətində olan Abşeron rayonu , X29ndə yerləşən istixanada fəaliyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlamasına başlamışdır. Yoxlama zamanı yoxlamaya kömək məqsədilə 07.06.2018-ci il tarixli **********152852 saylı qərar əsasında bağlanmış müqavilə ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyindən mütəxəsis qismində X14 dəvət edilmişdir. X14 hesablamalarını tam reallıqdan kənar olaraq cavabdehin sifariş və göstərişi əsasında hesablamışdır. Belə ki, mütəxəsis hesablaması zamanı istixana kompleksinin tikintisinə çəkilən əmək haqqı xərcinin qiymətləndirmə cədvəlində olan hesablamanın birinci, ikinci, dördüncü və onuncu sətrlərində düzgün hesablama aparılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh vergi orqanının 30.05.2018-ci il tarixli **********6179590 nömrəli qərarına əsasən iddiaçıda aprel 2015 - mart 2018 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” 30.05.2018-ci il tarixli **********6179590 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY181255437 saylı Çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 31.05.2018-ci il tarixli **********152237 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş, sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi ilə məşğul olmuşdur. İddiaçı keçirilən səyyar vergi yoxlamanın nəticəsi olaraq 23.08.2019-cu iul tarixdə **********179590 nömrəli akt tərtib olunmuş və 25.10.2019-cu il tarixdə **********191675 nömrəli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmış və 25.10.2019-cu il tarixdə vergi ödəyicisinə poçt vasitəsi ilə təqdim olunmuş, 22.11.2019-cu il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi olan X9 tərəfindən qərar imzalanaraq əlbəəl təqdim olunub. Cavabdeh vergi orqanının 25.10.2019-cu il tarixli **********191675 nömrəli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə vergi ödəyicisinə 2018-ci ilin 1-ci rübü üzrə 9043,44 manat ödəmə mənbəyindən tutulan vergi məbləği, 4721,72 manat maliyyə saksiyası, cəm olaraq 13765,16 manat məbləği olmaqla məsuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ticarət və X5 Birliyi tərəfindən təqdim edilmiş 12.12.2018-ci il tarixli 519 saylı mütəxəssis rəyinə əsasən, Abşeron rayonu X29ndə yerləşən 2.5 ha ərazidə istixananın tikintisi və quraşdırılmasına 237926,0 manat əmək haqqı xərcinin çəkilməsi müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən , o cümlədən qarşılıqlı əlaqələrə dair təqdim olunmuş sənədlərə əsasən qeyd olunan ərazidə istixananın tikintisinin yalnız montaj işlərini 03.10.2017-ci i tarixli müqavilə əsasında Green Con MMC (VÖEN: **********) şirkəti həyata keçirmiş və göstərilən xidmətin dəyəri 170000,0 manat vergi ödəyicisi tərəfindən MMC-yə ödənilmişdir, o cümlədən vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrində (01.04.2015- 31.12.2017) muzdlu işə cəlb olunmuş fiziki şəxslərə 3330.0 manat əmək haqqı hesabladığı müəyyən olunmuşdur. Beləliklə istixananın tikintisi zamanı vergi ödəyicisi tərəfindən 9043.44 manat (237926-170000-3330=64596*14%) ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən bəyannamə təqdim etməməklə 2018-ci ilin 1cü rübü üzrə 9043.44 manat məbləğində ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə 50% məbləğində, yəni 4521.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli 2-1(118)-66/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 25.10.2019-cu il tarixli **********191675 saylı qərarı ÖMV üzrə 8.007,36 manat, maliyyə sanksiyası üzrə 4.003,68 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim C.Məmmədov).

8. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın qismən təmin edilmiş hissəsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanının istinad etdiyi Azərbaycan Respublikası Ticarət və X5 Birliyi tərəfindən təqdim edilmiş 12.12.2018-ci il tarixli 519 saylı mütəxəsis rəyi əsassızdır və sübut qismində istifadə oluna bilməz. Həmçinin, məhkəmə tərəfindən iki dəfə təyin edilmiş ekspertiza qarşısında qoyulmuş suallar torpağın yerquruluşu, relyefi haqqında heç bir sənəd olmaması səbəbindən cavablandırılmamışdır.

11. Bütün bunlara baxmayaraq məhkəmə işdə olan hər hansı sübutlara əsaslanmadan vergi məbləğini ÖMV üzrə 8007,36 manat, maliyyə sanksiyası üzrə 4003,68 manat hissəsində azaltmışdır.

12. Cavabdeh hesab edir ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəlb edilmiş təkrar ekspertin rəyinə əsaslanaraq 0.20*0.15*1M ölçülü xüsusi qabların və həmin qablara daxil edilmiş xüsusi məhlulun istixana daxilinə daşınması və quraşdırılması üçün çəkilən əmək haqqı xərclərinə mütənasib olaraq ödəmə mənbəyində vergi hesablanmalı öhdəliyini müəyyən etmişdir. Hesab edir ki, hesablama cəlb edilmiş ekspertiza tərəfindən düzgün və reallığa uyğun aparılmamışdır. Belə ki, eyni iş üçün iki dəfə hesablama aparıla bilməz. Həmin qabların və onlara daxil olan məhlulun daşınması fiziki olaraq çox əmək sərfi tələb etmədiyindən hesablanmış xərclə müqayisədə çox az əmək haqqı xərci tələb edərdi. Lakin, işin həqiqi tərəfi budur ki, həmin qablar və ora daxil olan məhlul orada gündəlik əmək müqaviləsi müqabilində işləyən işçilər tərəfindən gündəlik əmək prosesi zamanı daşınır və ya yenisi ilə əvəz edilir. Həmin iş orada işləyən işçilərin günlük iş öhdəliyinə daxil olduğu üçün bu işlərə görə əlavə haqq ödənilmir. Bu səbəbdən də cəlb edilmiş ekspert hesablanmasını qeyri dəqiq və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, vergi bəyannaməsi verilməsi ilə bağlı tətbiq edilmiş 200 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla yoxlamanın nəticələri barədə qəbul olunmuş **********191675 saylı qərarı qismən ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. İddiaçının və cavabdehin apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apelyasiya şikayəti isə rədd edilməlidir.

22. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

23. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

24. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı faktiki olaraq tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi ilə məşğul olur. Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Ticarət və X5 Birliyi tərəfindən verilmiş 12.12.2018-ci il tarixli 519 saylı mütəxəsis rəyinə əsasən, iddiaçının fəaliyyət göstərdiyi Abşeron rayonu X29ndə yerləşən 2.5 ha ərazidə istixananın tikintisi və quraşdırılmasına 237926,0 manat əmək haqqı xərcinin çəkilməsi müəyyən edilmişdir. Mütəxəsis rəyinə əlavə edilmiş cədvələ əsasən həmin məbləğə: 1) sahənin tikintiyə hazırlanması üçün 25.000 manat; 2) tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması üçün 17.622 manat; 3) sahənin alt sisteminə drenaj sistemin qurulması üçün 16.000 manat; 4) əkinə yararlı torpağın istixanaya daşınması üçün 20.800 manat; 5) əkin sahəsinə plasmas su borularının çəkilməsi üçün 36.000 manat; 6) istixananın dəmir konstruksiya ilə quraşdırılması üçün 52.200 manat; 7) istixanada istilik sisteminin quraşdırılması üçün 35.000 manat; 8) istixanada hava ventilyatorunun quraşdırılması üçün 4.500 manat; 9) istixanada elektrik işlərinin quraşdırılması üçün 6.804 manat; 10)istixana daxilində beton döşəmənin salınması üçün 24.000 manat-ümumilkdə 237.926 manat əmək haqqı xərci müəyyən edilmişdir.

27. İş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 03.10.2017-ci il tarixli müqaviləyə əsasən, istixana tikintisinin montaj işləri "xxxx" MMC şirkəti tərəfindən həyata keçirilmiş və göstərilən xidmətin dəyəri 170000,0 manat müəyyən edilərək iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə iddiaçı tərəfindən muzdlu işə cəlb olunmuş fiziki şəxslərə 3330.0 manat əmək haqqı hesablandığı müəyyən olunmuşdur.

28. Mütəxəssis rəyinə əsasən hesbalanmış məbləğdən (237926 manat) vergi orqanı tərəfdən müqavilə üzrə ödənilən 170000 manat və fiziki şəxslərə ödənilən 3330 manat əmək haqqı çıxılmaqla 9043.44 manat (237926-170000-3330=64596*14%) ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aşkar edilmişdir. Bunun əsasında cavabdehin 25.10.2019-cu il tarixli **********191675 nömrəli qərarı ilə iddiaçıya ÖMV üzrə 9043,44 manat və maliyyə sanksiyası üzrə 4721,72 manat vergi borcu hesablanmışdır.

29. İddiaçı səyyar yoxlama zamanı alınmış mütəxəssis rəyinə əlavə edilmiş cədvəlin 1,2,4 və 10-cu bəndlərində aparılmış hesablamanı, yəni sahənin tikintiyə hazırlanması, tikinti sahəsindən yararsız materialın qazılıb 25 km məsafəyə daşınması, əkinə yararlı torpağın daşınması və istixana daxilində beton döşəmənin salınması üçün hesablanmış məbləğləri mübahisələndirərək, qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir.

30. Bununla bağlı birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keşirilməsi Azərbaycan Respublikası Ticarət və X5 Birliyinə həvalə edilmiş və ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı məxsus Abşeron rayonu, X29 sovxoz evi ünvanında inşa edilən istixana kompleksinin tikintisi zamanı tikinti sahəsindən yararsız materialların aparılması üçün çəkilən əmək haqqı xərcləri nə qədərdir? 2.Əkinə yararlı torpağın daşınması üçün çəkilən əmək haqqı xərcləri nə qədərdir? 3.İstixana daxilində beton döşəməsinin salınması üçün çəkilən əmək haqqı xərcləri nə qədərdir?

31. “Azərekspertiza” Birliyinin eksperti Hüsaməddin Yaqubov tərəfindən tərtib edilmiş 21.04.2021-ci il tarixli 096 saylı rəydən görünür ki, tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi haqqında heç bir sənəd, məlumat olmadığı üçün iddiaçıya məxsus Abşeron rayonu, X29, sovxoz evi ünvanında inşa edilən istixana kompleksinin tikintisi zamanı tikinti sahəsindən yararsız materialların aparılması üçün çəkilən xərcləri müəyyən etmək mümkün olmamış, əkinə yararlı torpaq xüsusi qablarda (daş düyünü- 0,20x0,15x1 m) 0,03 m3 təşkil etdiyindən 1m3-na çəkilən əmək haqqı xərci 2.20 AZN, beton döşəmənin salınması üçün 1m2 əraziyə çəkilən əmək haqqı xərci isə 2.0 AZN müəyyən edilmişdir.

32. Daha sonra birinci instansiya məhkəməsinin qərardadı ilə əlavə mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmışdır.

33. “Azərekspertiza” Birliyinin eksperti Hüsaməddin Yaqubov tərəfindən tərtib edilmiş 23.06.2021-ci il tarixli 66 saylı ekspert rəyindən görünür ki, istixana kompleksinin inşasında: metal konstruksiyalardan ibarət sütunlar, fermalar və rigellər quraşdırılmış, yan tərəflərin xüsusi plyonka material ilə örtülmüş, istixana daxilində su boruları (isti və soyuq su), işıqlandırma xəttləri çəkilmiş, ventilyasiya sistemi quraşdırılmış, (3,10x12,80x17) 674,56 m2 beton döşəmə salınmış, plastmas tipli asma üsulu ləklər quraşdırılmış və bu ləklərin daxilində xüsusi qablarda daş yunu (torf), idxal olunmuş 0,20x15x1 m ölçülü orqanik xüsusi torpaq yerləşdirilmiş və s. işlər yerinə yetirilmişdir.

34. Həmçinin, sözügedən ekspert rəyi ilə mütəxəssisə tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi haqqında heç bir sənəd təqdim edilmədiyi üçün iddiaçıya məxsus Abşeron rayonu, X29 sovxoz evi ünvanında inşa edilən istixana kompleksinin tikintisi zamanı tikinti sahəsindən yararsız materialların aparılması üçün çəkilən əmək haqqı xərclərinin müəyyən edilməsi, o cümlədən istixana daxilində yararlı torpağın daşınma xərci, həmçinin istixana kompleksi quraşdırılmamışdan öncə 2,5 ha torpaq sahəsinin tikintiyə hazırlanması, yerin hamarlanması üçün çəkilən əmək haqqı xərci barədə suallara cavab vermək imkan xaricində olmuşdur. Eləsə də, ekspert rəyi ilə istixana daxilində beton döşəmənin salınması üçün çəkilən əmək haqqı xərci 1m2 üçün - 2.0 AZN müəyyən edilmiş, istixana daxilində yetişdirilən məhsulların xüsusi qablarının bərkidildiyi dəmir konstruksiyanın sağ və sol tərəfi torpaq örtüyüdür və həmin torpağın üstünün bərkidilməsi üçün ağ bez parça materialdan istifadə edilməsi və istixanada yetişdirilən məhsulların idxal olunmuş 0,20x15x1m ölçülü daş yunu (torf) xüsusi qablarda əkildiyi müəyyən edilmişdir.

35. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, vergi orqanının iddiaçıya ÖMV hesablanarkən istinad etdiyi 12.12.2018-ci il tarixli 519 saylı mütəxəssis rəyi istixana kompleksi tam hazır olduqdan sonra verilib və həmin torpaq sahəsinin relyefi və yerquruluşu barədə hər hansı bir sənəd mövcud olmadığı təqdirdə sahənin tikintiyə hazırlanması, o cümlədən tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı dəqiq məlumatın verilməsi mümkün deyil. Bu səbəbdən sahənin tikintiyə hazırlanması üçün əməkhaqqı xərcinin 25.000 manat deyil, iddiaçı tərəfindən 26.10.2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində etiraf etdiyi 8.100 manat kimi qəbul edilməlidir. Tikinti sahəsindən yararsız materilların qazılıb 25 km məsafəyə daşınması və beton döşəmənin 12.000 kv.m əraziyə salınması öz təsdiqini tapmadığına görə həmin iş üçün hesablanmış ÖMV və maliyyə sanksiyaları silinməlidir. Nəzərə alınmalıdır ki, istixana daxilinə yararlı torpaq sahəsi deyil, 0,20x0.15x1m ölçülü xüsusi qablara mövcud olan məhluldur. Vergi orqanı tərəfindən hesablanmış ÖMV həmin məhlulun satışı ilə deyil, məhlulul yerləşdiyi xüsusi qabların istixanaya daşınması və quraşdırılması üçün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə çəkilən əmək haqqı xərci ağlabatandır. Keçirilmiş ekspertizanın və məhkəmə baxışının nəticəsi olaraq, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, istixana daxilində beton döşəmə 12.000 kv.m deyil, 663 kv.m sahəyə salınıb və həmin beton döşəmənin salınması üçün 1 kv.m üçün 2 manat əmək haqqı xərci çəkilib.

36. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, sahənin tikintiyə hazırlanması üçün vergi orqanı tərəfindən hesablanmış məbləğdən 2.366 manat (25.000-8.100=16.900x14=2366), tikinti sahəsindən yararsız materilların daşınması üçün hesablanmış məbləğdən 2.467 manat (17.622x14=2.467) və beton döşəmənin salınması üçün hesablanmış məbləğdən 3.174,36 manat (24.000-1326=22.674x14=3174,36) silinməklə iddia qismən təmin edilməlidir.

37. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır:

38. Sahənin tikintiyə hazırlanması ilə bağlı çəkilən əmək haqqı xərci ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə kollegiya qeyd edir ki, mütəxəssis rəyində həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə sahənin tikintiyə hazırlanması üçün 25000 manat məbləğində əmək haqqı xərc çəkildiyini qeyd etmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, mütəxəssisə rəy verərkən istixanada tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında, yerin quruluşu, relyefi haqqında heç bir sənəd və məlumat təqdim edilməmişdir. Belə olduğu halda, mütəxəssisin sahənin tikintiyə hazırlanması ilə bağlı hesabladığı əmək haqqı xərcini kollegiya ağlabatan hesab etmir və bu hissədə vergi orqanın qərarı ilə tam razılaşmır.

39. Bununla yanaşı kollegiya qeyd edir ki, sahənin tikintiyə hazırlanması işlərinin görülməsi "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 03.10.2017-ci il tarixli müqaviləyə əsasən, istixana tikintisinin montaj işlərinə daxil olmaması işin mübahisə doğurmayan halıdır.

40. Belə ki, iddiaçı bununla bağlı birinci instansiya məhkəməsinə 05.05.2017-ci il tarixli PO-M-01 saylı podrat müqaviləsi təqdim edərək, sahənin tikintiyə hazırlanması ilə bağlı podratçı X15 ilə müqavilə bağladığını və görülmüş işlərə görə 4500 manat məbləğində ödəniş etdiyini bildirmişdir.

41. Lakin kollegiya təqdim edilən müqaviləni mötəbər sübut kimi təqdim etmir. Əvvəla qeyd edilən müqavilə səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanına təqdim edilməmiş, həmin müqavilə üzrə C.Nərimanova görülmüş işlərin müqabilində ödəniş edilməsinə dair sənəd təqdim edilməmiş, eləcə də, həmin məbləğdən vergi tutulmamışdır.

42. Bununla yanaşı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı 26.10.2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində sahənin tikintiyə hazırlanması(yer səthinin bərkidilməsi) işlərinin görülməsinə çəkilən xərcin 8100 manat olduğunu etiraf etmişdir. Odur ki, kollegiya bu hissədə çəkilən əmək haqqı xərcinin 8100 manat məbləğində qəbul edilməsini ağlabatan və ədalətli hesab edir.

43. Tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə kollegiya qeyd edir ki,mütəxəssis rəyində həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı 17622 manat məbləğində əmək haqqı xərc çəkildiyini qeyd etmişdir. Bundan əlavə qərarın 31 və 33-cü bəndlərində sadalanan birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəylərindən görünür ki, istixana ərazisinin tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi(orada olan materialın qaya, yumşaq torpaq) haqqında heç bir sənəd, məlumat olmadığı üçün tikinti sahəsindən yararsız materialların aparılması üçün çəkilən xərclərin müəyyən edilməsi mümkün olmamışdır.

44. İddiaçı özü də bu hissədə hesablanmış məbləğ ilə razılaşmayaraq, ərazidə ümumiyyətlə yararsız materialın olmadığını və heç bir əraziyə daşınmadığını bildirmişdir.

45. Qeyd edilənlərə əsasən, bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, istixananın tikintisi zamanı vergi orqanının iddia etdiyi kimi tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması öz təsdiqini tapmadığından, 17622 manat məbləğində əmək haqqı xərcinin hesablanması düzgün olmamışdır.

46. Əkinə yararlı torpağın istixanaya daşınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə kollegiya qeyd edir ki, mütəxəssis rəyində digər bəndlərdə olduğu kimi, həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə əkinə yararlı torpağın istixanaya daşınması üçün 1 m3 4 manatdan hesablamaqla 5200 m3 əraziyə 20.800 manat məbləğində əmək haqqı xərci çəkildiyini qeyd etmişdir.

47. Halbuki, qərarın 31 və 33-cü bəndlərində sadalanan birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəylərindən görünür ki, əkinə yararlı torpaq xüsusi qablarda (daş düyünü-020x0.15x1m) 0.03 m3 təşkil etdiyindən daşınması üçün 1m3-na çəkilən əmək haqqı xərci 4 manat deyil, 2.20 AZN müəyyən edilmiş, təkrar alınmış rəydə isə istixana ərazisinin tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi(orada olan materialın qaya, yumşaq torpaq) haqqında heç bir sənəd, məlumat olmadığı üçün torpağın daşınmasına dair sualın cavablandırılması mümkün olmamışdır.

48. İddiaçı bu hissədə hesablanmış məbləğ ilə razılaşmayaraq, əkini qara torpaqda deyil, hazır qabların içində olan kokavitdə əkdiyini və həmin qablarda torpağın daşınmasının isə əmək müqaviləsi üzrə istixanada işləyən fəhlələr tərəfindən həyata keçirildiyini, bunun işçilərin əmək funksiyasına daxil olan fəaliyyət olduğunu və fəhlələrə ödənilən 3330.0 manat əmək haqqı məbləğindən vergi ödədiyini bildirmişdir.

49. İddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X4, X6, X16, X1, X11, X7, X2, X3, X22, X23 və X17 iddiaçının fəaliyyət göstərdiyi istixanada əmək müqaviləsi üzrə əsas iş yeri olmaqla fəhlə işləyirlər.

50. İşin sadalanan xüsusatlarını, vergi orqanının istinad etdiyi mütəxəssis rəyindən fərqli olaraq istixana daxilinə əkinə yararlı qara torpaq daşınmadığını nəzərə alaraq, məhkəmə kollegiyası xüsusi qablarda olan torpağın istixanaya fəhlələr vasitəsilə daşınmasına dair iddiaçının gətirdiyi arqumenti daha ağlabatan hesab edir.

51. Qeyd edilənlərə əsasən, bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, hesab edir ki, istixana daxilində əkinə yararlı torpağın istixanaya daşınması öz təsdiqini tapmadığından, 20800 manat məbləğində əmək haqqı xərcinin hesablanması düzgün olmamışdır.

52. İstixana daxilində beton döşəmənin salınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə kollegiya qeyd edir ki, mütəxəssis rəyində digər bəndlərdə olduğu kimi, həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə 1 m2 2 manatdan hesablamaqla 12000 m2 əraziyə beton döşəmə salınması üçün 24.000 manat məbləğində əmək haqqı xərci çəkildiyini qeyd etmişdir.

53. İddiaçının özü 26.10.2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində hər kvadrat metrinə 2 manatdan ödəməklə istixanada 12000 m2 ərazidə deyil, cəmi 663 m2 ərazidə beton üzlük saldığını etiraf etmişdir.

54. İddiaçının şikayət ərizəsində göstərdiyi xüsusat birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertin rəyi ilə də qismən təsdiq edilmişdir. Belə ki, həmin rəydən görünür ki, həqiqətən də, istixana daxilində vergi orqanın istinad etdiyi mütəxəssis rəyində göstərildiyi kimi 12.000 kv.m deyil, 674,56 m2 (3,10x12,80x17) beton döşəmə salınmış və beton döşəmənin salınması üçün 1m2 -na 2.0 AZN əmək haqqı xərci çəkilmişdir.

55. İstixana daxilində beton döşəmənin salınması xərci barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, beton döşəmənin sahəsi ilə bağlı ekspertin rəyində qeyd edilən sahəni(674.56 m2) deyil, iddiaçının şikayət ərizəsində qeyd etdiyi (663m2) sahəni nəzərə alaraq, ümumilikə, 1326 manat xərc çəkildiyini müəyyən etmişdir.

56. Odur ki, kollegiya beton döşəmənin 1 m2-nin salınmasında 2,0 AZN əmək haqqı xərci çəkildiyini nəzərə alaraq, qeyd edir ki, istixana daxilində beton döşəmənin çəkilməsi üçün ümumilikdə, 1349.12 AZN /(674,56 x 2,0 = 1349,12) əmək haqqı xərci çəkilmişdir.

57. Beləliklə, məhkəmə kollegiyasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ümumilikdə iddiaçıya məxsus istixana kompleksinin tikintisi ilə bağlı iddiaçı tərəfindən montaj işlərinə görə "xxxx" MMC-yə 170000 manat, sahənin tikintiyə hazırlanmasına 8100 manat, beton döşəmənin salınmasına 1349 manat, muzdlu işə cəlb edilmiş fiziki şəxslərə 3300 manat ödəniş edilmiş, bununla da ümumilikdə 182779 (170.000+3330+8100+1349= 182.779) manat xərc çəkilmişdir.

58. Həmin məbləğdən iddiaçının özünün bəyan etdiyi məbləğlər çıxıldıqda (182.779- 170.000-3330= 9449) 9449 manat məbləğində əmək haqqı xərcinin vergidən yayındığı müəyyən edilir.

59. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdeh vergi orqanının 25.10.2019cu il tarixli **********191675 nömrəli qərarı 1322 (182.779-170.000-3330= 9449 x 14% = 1322) manat ödəmə mənbəyindən tutulan vergi və onun 50 faizi məbləğində 661 (1322 x 50% = 661) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslıdır.

60. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, yoxlama zamanı 2017-ci ilin gəlir vergisi, 2017-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergisi, 2017-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin, 2017-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə bəyannaməsinin, 2018-ci ilin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 40 manat olmaqla ümumilikdə iddiaçıya 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddiaın dəyişdirilməsinə dair ərizədə iddia tələbinin həcmini azaldaraq, bu hissədə 25.10.2019-cu il tarixli qərarla razı olduğunu bildirmişdir. Ona görə də, qərarın vergi hesabatının vaxtında verilməməsinə dair hissəsi hazırkı mübahisənin predmeti deyildir.

61. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

62. Beləliklə, yuxarıda qeyd olunan hüquq normalarını və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdeh vergi orqanının 25.10.2019-cu il tarixli **********191675 nömrəli qərarı 1322 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 661.00 manat və 57.1-ci maddəsinə əsasən 200 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməli, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(118)-66/2021 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. 2 saylı Ərazi Vergilər Departamentinin 25.10.2019-cu il tarixli **********191675 nömrəli qərarı qismən – 1322 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 661.00 manat və 57.1-ci maddəsinə əsasən 200 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar