Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-66/2023 09.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1329/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 04 fevral 2022-ci il tarixli, **********84 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir.
3. X2, X1, X8 oğlu, X3, X9 oğlu, X7 oğlu və Sumqayıt şəhəri İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********84 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillər özəlləşdirilmir. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina tamamilə əsassızdır. Belə ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun əmri ilə təyinat əsasında Sumqayıt şəhər prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmişdir və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri Mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirlməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının xx.xx.1994-cü il tarixli 40 nömrəli protokolundan çıxarışa əsasən hal-hazırda yaşadığı və qeydiyyatda olduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/5, mənzil 4 yeddi nəfər ailə üzvləri ilə yaşamaq üçün xidməti order əsasında iddiaçının istifadəsinə verilmişdir. Yaşadığı mənzilə xidməti orderin verilməsindən 10 il keçdiyindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən iddiaçıya yaşadığı həmin mənzilə dair 19 iyul 2005-ci il tarixli 7/1 nömrəli order verilmişdir. İddiaçı 7 nəfərlik ailə üzvləri ilə birlikdə 1994-cü ildən həmin mənzildə yaşayır və 2017-ci ilin aprel ayından prokurorluq orqanından prokurorluq orqanında qulluq keçmənin son yaş həddinə çatma əsası ilə təqaüdə çıxmışdır.
5. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Dövlət Arxivinin Sumqayıt fililalına sorğu verilməsi zərurəti yaranmış və təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 7/1 nömrəli orderin verilməsinə əsas olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın təsdiq olunmuş surətinin idarəyə təqdim edilməsi barədə **********35 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. Habelə, Dövlət Arxivinin Sumqayıt fililalının daxil olan sorğuya xx.xx.2022-ci il tarixli, 24/2 nömrəli cavab məktubunda, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının xx.xx.1994-cü il tarixli, 40 nömrəli protokoldan çıxarışa əsasən, sözügedən mənzil iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim edilmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yekun olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll- İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
6. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaya münasibətində göstərmişdir ki, iddia predmeti olan, yaşayış sahəsi 30.65 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nıömrəli mənzili Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 66 saylı sərəncamı ilə xidməti yaşayış sahəsi kimi ayrılmış və həmin sərəncam əsasında göstərilən yaşayış sahəsinə dair adına xidməti rejimli order verilmişdir. Bildirirlər ki, iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər mənzil sahəsi verilmədən çıxarıla bilməyən şəxslərə aiddir. Beləliklə, orderin verilməsindən 10 il keçdikdən sonra qanunun tələbləri gözlənilərək həmin mənzilə dair iddiaçının adına daimi qaydada 19.01 2005-ci il tarixli 7/1 saylı order verilmişdir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilə dair İddiaçı adına 1995-ci ildə xidməti rejimli order, 2005-ci ildə həmin mənzilə dair adına daimi order verildiyinə görə qaldırılan məsələyə iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin) müddəaları tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər.
7. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1329/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə məhkəmənin hüquqi mövqeyinə görə iddiaçının yaşadığı mənzilə xidməti order verilməsindən 10 il vaxt keçdiyindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən iddiaçıya yaşadığı həmin mənzilə dair xx.xx.2005-ci il tarixli 7/1 nömrəli order verilən zaman iddiaçının hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslər mənzil sahəsi verilmədən çıxarıla bilməyən şəxslərdir. Məhkəmənin qeyd olunan mövqeyi qanunaziddir. Belə ki, iş üzrə üçüncü şəxs qismində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaya münasibətdə bildirmişdir ki, iddia predmeti olan Sumqayıt şəhəri, 1-ci mikrorayon 7/5 saylı evin 4 nömrəli mənzil İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 66 nömrəli sərəncamı ilə xidməti yaşayış sahəsi kimi ayrılmış və həmin sərəncam əsasında göstərilən yaşayış sahəsinə dair adına xidməti rejimli order verilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhəri, 1-ci mikrorayon 7/5 saylı evin 4 nömrəli mənzilin iddiaçıya xidməti yaşayış sahəsi kimi ayrılmasını qeyd etmiş və həmin yaşayış sahəsinin iddiaçıya daimi qaydada keçməsi ilə bağlı hər hansı qərarın olmadığını bildirmişdir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun “Ümumi müddəalar" adlanan 1-ci fəslində qeyd edilir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfin etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun”un 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər ki, o da bu hüquqdan istifadə etmək üçün müraciət etmişdir. Bundan əlavə qanunun 8-ci maddəsində göstərilmişdir ki. vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərzəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (forma №2), mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (...)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan tərəfindən iddiaçının yaşadığı ev xidməti rejimdən çıxarılmışdır. Bu halda, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 nömrəli evdə yerləşən 4 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair çıxarışın verilməsindən imtinası təşkil edir.
22. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 7/1 nömrəli, 19 iyul 2005-ci il tarixli orderə istinad etmişdir.
23. Həmin orderdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 nömrəli evdə yerləşən 4 nömrəli mənzil Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının 25 yanvar 1995-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən iddiaçıya xidməti yaşayış sahəsi kimi verilmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi mənzil xidməti yaşayış sahəsi kimi ona verildiyindən həmin mənzil üzərində onun mülkiyyət hüququ qeydə alına bilməz.
25. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
26. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mənzilin xidməti rejimdən çıxdığına istinad etsə də, bu hal ilə bağlı araşdırma aparmamışdır.
27. İş materiallarında olan üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin iddia tələbinə münasibətində qeyd edilmişdir ki, iddia predmeti olan, yaşayış sahəsi 30,65 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzili Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 66 saylı sərəncamı ilə xidməti yaşayış sahəsi kimi ayrılmış və həmin sərəncam əsasında göstərilən yaşayış sahəsinə dair adına xidməti rejimli order verilmişdir. Orderin verilməsindən 10 il keçdikdən sonra həmin mənzilə dair iddiaçının adına daimi qaydada xx.xx.2005-ci il tarixli 7/1 saylı order verilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edilən halın araşdırılması məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu vermiş, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair İddiaçı adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsi haqqında sənədlərin (sərəncam, qərar və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
29. Məhkəmənin sorğusuna üçüncü şəxsin 27 dekabr 2022-ci il tarixli, 2048 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair İddiaçı adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsi haqqında sənədlər (sərəncam, qərar və s.) aparılmış araşdırma nəticəsində aşkarlanmadığından məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır.
30. Beləliklə, müəyyən olunur ki, iddia tələbinin təmin edilməsi əsası kimi Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair İddiaçı adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsinə istinad edilsə də, həmin əvəz etmə barədə hər hansı sənəd aşkar olunmamışdır.
31. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən 7/1 nömrəli, 19 iyul 2005-ci il tarixli orderin verilməsinə əsas Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 25 yanvar 1995-ci il tarixli 66 saylı sərəncamı olmuşdur.
32. Həmin sərəncama dair protokoldan (səh.39) çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzili İddiaçı müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim olunmuşdur.
33. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzilə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin, bunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçıya xidməti qaydada ayrılmış mənzilin daimi əsaslarla ayrılması təsdiqini tapmadığından, xidməti mənzillərin özəlləşdirilməsi isə qanunla qadağan olunduğundan mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.
35. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2-1(118)- 1329/2022 nömrəli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
36. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1329/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.