Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-66/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(118)-1736/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin Cavabdeh mərhum əri X4 xx.xx.1985-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək müvafiq ödənişlər edilmişdir.
2. 19 dekabr 2019-cu il tarixli, AZ-İİ seriyalı, 052850 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən V.M.Mustafayev xx.xx.2019-cu tarixdə ölmüşdür.
3. İddiaçı orqan tərəfindən V.M.Mustafayevin ölümündən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il il tarixədək sonuncunun bank hesabına pensiya ödənişləri edilmişdir.
4. Cavabdeh 13 aprel 2021-ci il tarixdə ərizə ilə iddiaçı orqana müraciət edərək əri V.M.Mustafayevin ölümü ilə əlaqədar ona dəfn xərcinin ödənilməsini xahiş etmişdir.
5. Bundan sonra iddiaçının 21 aprel 2021-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ilə V.M.Mustafayevin ölümü ilə əlaqədar ona ödənilən 582,72 manat məbləğində əmək pensiyası dayandırılmışdır.
6. İddiaçı 03 fevral 2022-ci il tarixdə cavabdehə **********5 nömnrəli məktub ünvanlayaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonraki ayın 1-dən dayanır. X5 08 dekabr 2019-cu il tarixində vəfat etmiş, lakin, bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2019-cu ilin dekabr (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən xx.xx.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum V.M.Mustafayevə 3595,78 manat artıq pul vəsaiti ödənilmişdir. Onun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. Mərhum V.M.Mustafayevin müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 3595,78 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 2995,78 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir.
7. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 4644,48 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə iddiaçı orqana müraciət edərək, həyat yoldaşı X3 xx.xx.2019-cu il tarixində vəfat etməsi ilə əlaqədar dəfn xərcinin ona ödənilməsini xahiş etmişdir. Müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh mərhum həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 5244,48 (beş min iki yüz qırx dörd manat, qırx səkkiz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X14 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 5244,48 manat məbləğindən çıxılmış, qalan 4644,48 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Tərəflərindən cavabdehə yaranmış 4644,48 manat borcu, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə müraciət edilmiş, əks halda, qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-1736/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov).
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş Kapital Bank ASC-nin 2024/111/12857 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin saxlanma müddəti bitdiyindən görüntülərin təqdim olunması mümkün deyil, yəni bankomatlardan 1 il öncə formalaşmış görüntülər avtomatik sistem tərəfindən silinir. Digər məlumatlar məhkəmə qərarı (əsli) təqdim edildiyi təqdirdə təqdim edilə bilər. Göründüyü kimi, cavabdeh sözügedən məbləğin onun tərəfindən almadığını bildirmiş, iddiaçı da həmin məbləğin cavabdeh tərəfindən almasına dair sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən pul vəsaitinin əldə edilməsi sübut olunmamışdır. Nəzərə alınmalıdır ki, mərhuma verilmiş pensiya kartı onun vəfatından sonra onun vərəsələrində olmaması istisna deyil və həmin kartdan qeyd olunan vəsaitin cavabdeh tərəfindən bir hissəsinin çıxarılması və ya ümumiyyətlə çıxarılmaması mücərrəd xarakterlidir. Belə olan halda, iddiaçının müraciətinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
12. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini cavabdehin pul vəsaitini əldə etməsinə dair hər hansı sübutun məhkəməyə təqdim olunmadığı ilə əsaslandırmışdır. Bununla bağlı bildirirlər ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə prosesi zamanı cavabdeh artıq ödənilmiş pul vəsaitinin özü tərəfindən götürüldüyünü etiraf etmişdir. Lakin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına zidd olaraq bu məsələyə heç bir münasibət bildirilməmişdir. Etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-ci va 67.6.3-cü maddalərinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz oldugunu bildiyi va ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda, etimadın qorunması hüququna istinad eda bilmaz. Məhkəmələr etimad huququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almadan əsassız olaraq iddianı tamin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mərhum əri X2 vəfat etməmişdən əvvəl bankdan kredit götürməsi barədə məlumatı var. Mərhum ərinin mülkiyyətində daşınar və yaxud daşınmaz əmlak olmamış, sadəcə Təhsil İdarəsi tərəfindən onun vəfatı ilə əlaqədar olaraq, dəfn xərci verilmişdir. Mərhum ərinin pensiya kartından pulu qardaşı çıxarmış, o da, qardaşının yanında olmuşdur. Cavabdeh şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. ...
17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ... Maddə 42. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi ... 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ...
19. İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
23. İşin hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan halları ilə müəyyən olunur ki, cavabdehin əri xx.xx.2019-cu il tarixdə vəfat etməsinə baxmayaraq, iddiaçı bu barədə məlumatlı olmamış, nəticədə, həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan 10 aylıq müddət üzrə pensiya məbləği cavabdehin mərhum ərinin pensiya bank kartına tam məbləğdə köçürülmüşdür. İddiaçı yalnız 13 aprel 2021-ci il tarixdə cavabdehin onun ərinin vəfatı ilə bağlı dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumatlanmışdır.
24. Hazırda iddiaçı tələbinin əsası olaraq cavabdehin ərinin vəfat etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il il tarixədək olan dövr üzrə onun pensiya kart hesabına ümumilikdə 5244,48 manat pul vəsaitinin köçürüldüyünü bildirir və qeyd olunan məbləğdən 600,00 manat dəfn müavinəti çıxılmaqla, 4644,48 manat artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edir.
25. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan iddia olunan pul vəsaitinin cavabdeh tərəfindən əldə edilməsinin sübut olunmadığı qənaətinə gələrək bu əsasla iddianı rədd etmişdir.
26. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
27. Apellyasiya icraatı zamanı kollegiyanın sorğusuna əsasən, "xxxx" ASC-nin Mərkəzi Filialı tərəfindən təqdim edilmiş V.M.Mustafayevə məxsus pensiya kart hesabından çıxarışdan, eləcə də, 05 mart 2025-ci il tarixli 2025/204/4962 nömrəli məktubdan görünür ki, kart hesabına iddiaçı orqan tərəfindən xx.xx.2019-cu il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində hər dəfə 582,72 manat olmaqla, ümumilikdə, 5.820,72 manat nağdsız mədaxil edilmiş, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində müvafiq olaraq 348,64 manat, 0,55 manat, 45,20 manat, 255,40 manat, 0,12 manat, 34,32 manat, 203,94 manat, 0,46 manat, 28,22 manat, 208,19 manat, 25,80 manat, 212,53 manat, 25,76 manat, 216,96 manat, 23,28 manat, 221,48 manat, 23,25 manat, 226,09 manat, 21,01 manat, 230,80 manat, 20,98 manat və 231,84 manat olmaqla, cəmi 2.604,82 manat məbləğində pul vəsaiti kredit borcu üzrə tutulmaya yönəldilmiş, xx.xx.2020-ci il tarixdə 234,00 manat, xx.xx.2020-ci il tarixdə 282,00 manat, xx.xx.2020-ci il tarixdə 344,00 manat olmaqla, ümumilikdə, 860,00 manat pul vəsaiti çıxarılmış, yerdə qalan 2.362,85 manat pul vəsaiti bank hesabında qalmışdır. Pensiya kart hesabından çıxarışda göstərilən vəsaitlərin təyinatlarından göründüyü kimi vəsaitlər bankla müştəri arasında bağlanmış kredit müqaviləsi üzrə akseptsiz (razılıq olmadan) silinmişdir.
28. Cavabdeh də məhkəmə iclasında qeyd olunan halları təsdiq edərək, izahatında mərhum əri V.M.Mustafayevin bankla kredit müqaviləsi bağladığını, onun vəfatından sonra pensiya kartından cəmi 860,00 manat pul vəsaitini onun yanında qardaşının çıxardığını bildirmişdir.
29. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdehin mərhum əri V.M.Mustafayevin xx.xx.2019-cu il tarixdə vəfatından sonra onun hesabından cavabdeh tərəfindən pensiya ödənişləri üzrə 860,00 manat pul vəsaiti çıxarılmış, 2.604,82 manat məbləğində ödənişlər isə mərhumun kredit borcu üzrə bank tərəfindən tutulmaya yönəldilmişdir.
30. Hazırda iddiaçı həm kredit borcu üzrə tutulmaya yönəlmiş, həm də mərhumun pensiya kartından çıxarılmış pensiya ödənişlərinin geri qaytarılmasını tələb edir.
31. Kredit borcu üzrə tutulmaya yönəlmiş pensiya ödənişlərinin geri qaytarılıbqaytarılmaması məsələsinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir:
32. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
35. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
36. Mülki Məcəllənin tələblərindən, eləcə də, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məzmunundan göründüyü kimi borclunun ölümü ilə onun kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər üzrə miras qoyanın vərəsələri onlara çatan miras payı həcmində məsuliyyət daşıyırlar.
37. Bu baxımdan, mərhum ərinin kredit borcuna görə bank qarşısında cavabdehin hansı həcmdə məsuliyyət daşıdığının, başqa sözlə, mərhumdan ona miras qalmış əmlakın araşdırılması məqsədilə kollegiya tərəfindən cavabdehin adına açılmış vərəsəlik işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisindən tələb olunmuşdur.
38. Kollegiyanın sorğusuna cavab olaraq təqdim edilən V.M.Mustafayevdən miras qalmış əmlaka dair xx.xx.2019-cu il tarixli, 8V-187 reyestr nömrəli vərəsəlik işindən görünür ki, V.M.Mustafayevdən ölümündən sonra vərəsələri olaraq – hazırkı iş üzrə cavabdeh (arvadı), X11 (qızı) və X9 (oğlu) müəyyən edilmiş, V.M.Mustafayevdən ölümü ilə əlaqədar onun vaxtilə işlədiyi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən sonuncunun oğluna 1269,00 manat dəfn xərci ödənilmişdir.
39. X1 mərhumdan miras qalmış ona çatası paydan imtina etmiş, digər vərəsələr – cavabdeh və X6 adına 25 yanvar 2020-ci il tarixli, 2V-14 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərək, şəhadətnamə üzrə verilən miras əmlak kimi yalnız Təhsil İnstitutu tərəfindən verilmiş 1269,00 manat dəfn xərci göstərilmişdir.
40. Həmçinin, “Elektron Məhkəmə” informasiya sisteminin həm V.M.Mustafayev, həm də cavabdeh barəsində olan məlumatlarından görünür ki, onların heç birinin mülkiyyətində daşınar və ya daşınmaz əmlak olmamışdır.
41. Cavabdeh də məhkəmə iclasında izahatında V.M.Mustafayevin mülkiyyətində daşınar və yaxud daşınmaz əmlak olmadığını, bu baxımdan, ona miras əmlak qalmadığını, yalnız Təhsil İnstitutu tərəfindən onun vəfatı ilə əlaqədar olaraq dəfn xərcinin verildiyini bildirmişdir.
42. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, V.M.Mustafayevdən vərəsələrinə, o cümlədən, cavabdehə heç bir miras əmlak qalmamışdır.
43. 1269,00 manat pul vəsaiti isə mərhumun vəfatı ilə əlaqədar onun işlədiyi müəssisə tərəfindən dəfn xərci olaraq verildiyindən kollegiya hesab edir ki, dəfn xərci kimi ödənilmiş pul vəsaiti mərhumun borc öhdəlikləri üzrə vərəsələrin məsuliyyət həcmini müəyyən edən miras əmlak toplusuna daxil deyildir.
44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin vərəsə olaraq mərhum ərinin kredit borcuna görə məsuliyyətini şərtləndirən qanuni əsas yoxdur.
45. İddiaçı 2.604,82 manat pensiya ödənişlərini mərhumun kredit borcu üzrə tutulmanı həyata keçirən bankdan tələb edə bilər.
46. Bu baxımdan, hazırkı iddia tələbi mərhumun kredit borcu üzrə tutulmaya yönəldilmiş 2.604,82 manat pensiya ödənişlərinin geri qaytarılması hissəsində əsassızdır.
47. Mərhumun pensiya kartından xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində çıxarılmış ümumilikdə 860,00 manat pensiya ödənişlərinin geri qaytarılıbqaytarılmaması məsələsinə münasibətdə kollegiya qeyd edir ki, pensiya kartından qeyd olunan məbləğin cavabdeh tərəfindən çıxarıldığı onun tərəfindən mübahisələndirilmir.
48. İşin hazırkı qərarın 27-ci bəndində qeyd olunan hallarından göründüyü kimi iddiaçı tərəfindən artıq pensiya ödənişləri 2020-ci ilin yanvar, fevral və mart aylarında ödənilmiş, iddiaçı ödənişlərin geri qaytarılması tələbi ilə bundan üç il müddətində - 03 fevral 2022-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdehin tutulmalara razılığı olmadığından bununla bağlı məhkəmədə iddia qaldırmışdır.
49. Göründüyü kimi, cavabdehin ona son üç il üzrə ödənilmiş pensiya ödənişlərinin geri qaytarılmasına razılığı olmadığından iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə müvafiq olaraq bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
50. Bir məsələni də nəzərə almaq lazımdır ki, qeyd olunan 860,00 manat ödənişdən 600,00 manat vəsait ərinin vəfatı ilə əlaqədar cavabdehə “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsində təsbit edilmiş dəfn üçün müavinət olaraq hesablanmışdır. Lakin, həmin 600,00 manat dəfn üçün müavinət cavabdehə verilməmiş, onun ərinin pensiya kartından çıxartdığı 860,00 manat vəsaitin hesabına silinmişdir. Cavabdeh yalnız 260,00 manat vəsaiti iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən, cavabdeh hazırkı iddia tələbi üzrə istifadə olunmuş 260,00 manat vəsait həcmində məsuliyyət daşıyır.
51. Qeyd olunan 600,00 manat dəfn üçün müavinəti almaq cavabdehin Qanundən irəli gələn hüququ olduğundan həmin məbləğ ona ödənilmiş 860,00 manat ödənişlərdən çıxılmalı, cavabdehə 260,00 manat (860,00 manat - 600,00 manat) məbləğində artıq pensiya ödənişləri edildiyi qəbul edilməlidir. Cavabdeh iddiaçının hesabına 260,00 manat həcmində əsassız varlanmışdır.
52. Mülki Məcəllənin hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaların tələbindən göründüyü kimi əsassız varlanmanın qanuni əsas və ya müqavilə əsası olmur və bu formada varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
53. İddiaçının özü də hazırkı tələbində sözügedən 600,00 manat dəfn üçün müavinət istisna olmaqla, artıq ödənilmiş pensiya ödənişlərinin geri qaytarılmasını tələb edir.
54. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırkı halda, cavabdehin etimadın qorunması hüququndan da söhbət gedə bilməz.
55. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə görə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz.
56. Həmin Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, hazırkı halda cavabdehin etimad hüququnun qorunmağa layiq olubolmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
58. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan, etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qərarın 61-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.
59. Kollegiya qeyd edir ki, cavabdehin onun ərinin vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin ərinə ödənilirdi. Cavabdehin ərinin vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə ərinin vəfatı barədə cavabehi məlumatlandırmaq əvəzinə, ərinin vəfatından sonra da pensiyanı almaqda davam etmişdir.
60. Odur ki, hazırkı halda, cavabdeh etimadının qanunla qorunması hüququna malik deyildir.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, artıq ödənilmiş 260,00 (iki yüz altmış) manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilir. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-1736/2024 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. Artıq ödənilmiş 260,00 (iki yüz altmış) manat pensiya məbləğinin iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. İddia qalan hissədə rədd edilir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.