Məhkəmə qərarları › İş №2-1(105)-661/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-661/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-661/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əks-göstəriş sertifikatının verilməsi, buraxılmış müddətə görə əmək haqqının verilməsi maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2022ci il tarixli, 2-1(118)-1080/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, vaksinə əks-göstəriş sertifikatının verilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-11528/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslanıdırılmışdır ki, o, Covidə görə vaksin vurdurmaması səbəbindən 01 sentyabr 2021-ci il tarixindən işə buraxılmamışdır. Ondan əvvəl allergiyaya görə arayış alınması barədə müraciətlərinə Quba mərkəzi xəstəxanasından onlara göstəriş verilmədiyi bildirilmişdir. Hesab edir ki, tibbi kartası da qəsdən itirilmiş, yalnız rəsmi orqanlara müraciətlərindən sonra onlara 5 saylı xəstəxanaya göndəriş verilmişdir. Lakin, həmin dövlət xəstəxanasında da avandanlıqların olmaması səbəbidən öz hesabına özəl klinikada analizləri verdikdən sonra iddiaçıda allergiyanın normadan həddən artıq olduğu müəyyən edilmişdir. Ona iki aylıq müalicə təyin edilmiş və həkim-allerqoloq bildirmişdir ki, ona vaksin vurmaq olmaz. İddiaçı “əks-göstəriş sertifikatı” nın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2-1(118)-1080/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən Konstitusiyanın, İPM-nin normalarına əməl olunmamış, tərəflərin iştirakı olmadan və iş tələb olunmadan qərardad qəbul edilmişdir. Hansı ki, hakim tərəfləri dəvət edərək sübutları araşdırmalıdır. Qanunvericiliyə görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə ekspertiza təyin olunur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsi və birinci intansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” AR Nazirlər Kabinetinin 27 noyabr 2021ci il tarixli, 371 nömrəli qərarına 1 nömrəli əlavə “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması” Qaydası. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın mümkünlüyü ilə bağlı məsələnin yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün saymamışdır ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələbinə zidd olaraq iddia ərizəsini şikayət ərizəsi adlandırmış, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı aydın olmayan müxtəlif tələblər irəli sürmüş, məhkəmə tərəfindən ərizənin dəqiqləşdirilməsi üçün vaxt ayrılmasına baxmayaraq ərizəsini dəqiqləşdirməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, məhkəmə, qərardadında iddiaçının İPM-nin 46-cı maddəsinin tələbinə zidd olaraq iddia ərizəsini şikayət ərizəsi adlandırdığnı qeyd etsə də, işdən görünür ki, iddia ərizəsinin forması ilə bağlı qeyd edilən nöqsana yol verilməmiş, ərizə “iddia ərizəsi” adlandırılmış, həmçinin, iddia ərizəsində İPM-nin 46-cı maddəsinə müvafiq olaraq ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh haqqında məlumatlar və iddiaçının tələbi qeyd edilmişdir. İddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi göstərilməklə cavabdehə qarşı 3 tələb irəli sürülmüşdür: 1) əks-göstəriş sertifikatının verilməsi; 2) buraxılmış müddətə görə əmək haqqının verilməsi; 3) vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Hazırkı işdən görünür ki, məhkəmə yardım etmək vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya hüquqi yardım edilməsi məqsədilə ünvanlanan 13 iyun və 22 iyun 2022-ci il tarixli bildirişlərdə iddianın mümkün sayılmamasına səbəb olan halları barədə ətraflı məlumat verilməmiş, həmin halların aradan qaldırılması üçün ağlabatan müddət verilməmişdir. Halbuki, iddiaçının dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün bildirişin məzmunu ilə bağlı tələblərə də riayət olunmalıdır. Məhkəmə yalnız hüquqi yardım məqsədilə tərəfi dəvət etməməli, bildirişdə baxılmaqda olan iş barədə məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, iddiaçı işin faktiki və hüquqi vəziyyəti, o cümlədən iddianın mümkün sayılmamasına əsas olan hallar barədə dolğun məlumat sahibi olsun. İddiaçı yalnız bu qaydada məlumat sahibi olduqda məhkəmənin gözlədiyi şəkildə iddia tələblərini dəqiqləşdirə bilər. Bunlan əlavə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün sayılmaması nəticəsinə gəlsə də, irəli sürülən hər bir tələbin mümkünlük şərtlərinə ayrıca hüquqi qiymət verməmişdir. Halbuki, yuxarıda qeyd edilən Plenum Qərarının 10.1-ci bəndində qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İşdən görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmə səbəbi peyvəndləməyə əks göstərişi sertifikatını ala bilməməsi olmuşdur. Qeyd edilən tələbə münasibətdə kollegiya qeyd edir ki, “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” AR Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli qərarına 1 nömrəli əlavə “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması” Qaydasının: - 1.1-ci bəndinə əsasən bu Qayda ölkə ərazisində peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyindən sağalaraq immunitetə malik olan şəxslərə verilən təsdiqedici sənədlərin beynəlxalq səviyyədə tanınması, habelə dövlətlər tərəfindən verilmiş COVİD sənədlərinin Azərbaycan Respublikasında tanınması məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır və ölkə ərazisində həmin sertifikatların tanınması qaydasını müəyyən edir; - 2.1.1-ci bəndinə əsasən COVİD Sertifikatı – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVİD-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir; - 4.1 və 4.1.2-ci bəndinə əsasən peyvəndləməyə əks göstərişi təsdiqləyən Sertifikatda:

1. Azərbaycan və ingilis dillərində sertifikat sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi;

2. sertifikat sahibinin doğum tarixi;

3. sertifikat sahibinin fərdi identifikasiya nömrəsi və sərhədkeçmə sənədinin nömrəsi (olduğu halda);

4. sertifikatın unikal nömrəsi;

5. sertifikatın qüvvədə olma müddəti;

6. sertifikatı verən dövlət;

7. sertifikatı verən dövlət qurumu barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə “Əks-göstəriş Sertifikatı”nın forması təsdiq edilmşdir. Həmin formadan görünür ki, “əks göstəriş sertifikatı” Səhiyyə Nazirliyi yanında xüsusi komissiyanın rəyinə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilir. İşdən görünür ki, iddiaçı mobil telefon nömrəsinə göndərilən SMS mətnin foto-şəklini iddia ərizəsinə əlavə etmişdir. Həmin mətndə qeyd edilir ki, iddiaçının təqdim olunmuş tibbi sənədlərə əsasən COVİD-19-a qarşı vaksinasiyaya əks-göstəriş təsdiq olunmamışdır. Peyvənd olunmaq üçün müraciət etməsi tövsiyə edilmişir. İddiaçı verilən imtina cavabı ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan qanunvericilik normalarına müvafiq olaraq birinci tələbin mümkünlüyünə, ümumiyyətlə, hüquqi qiymət verməmişdir. Birinci tələblə yanaşı, birinci instansiya məhkəməsi buraxılmış müddətə görə əmək haqqının və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələblərinin də hər birinin inzibati məhkəmə icraatında baxılmasının mümkün olub-olmadığına lazımi hüquqi qiymət verməmiş, əmək haqqının ödənilməsinə dair tələbin əsl cavabdehə qarşı yönəlibyönəlmədiyi, həmin tələbin mülki məhkəmə icraatında baxılmalı olub-olmadığını, vurulmuş ziyanla bağlı tələb üzrə isə cavabdehə müvafiq tələblə müraciət edib-etməməsi ilə bağlı məsələləri araşdırılıb müvafiq hüquqi qiymət verilməmişdir. Sadalanan xüsusatları araşdırmadan isə ümumilikdə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin yardım etmə vəzifəsinə uyğun olaraq iddaçıya irəli sürdüyü tələbləri dəqiqləşdirməsi təklif edilməklə və iddiaçının dinlənilmə hüququ təmin edilməklə iddia ərizəsində irəli sürülən tələblərin hər birinin mümkünlük şərtlərinin yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla yenidən yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2-1(118)-1080/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əks-göstəriş sertifikatının verilməsi, buraxılmış müddətə görə əmək haqqının verilməsi maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar