Məhkəmə qərarları › İş №2-1(105)-661/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-661/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-661/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən 7 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağrılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının 18 oktyabr 2022-ci il tarixli 12356 nömrəli qərarı ilə Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması müəyyən edilmiş və idiaçı ordu sıralarından təxris edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı göndərilmiş 6 dekabr 2023-cü il tarixli, 3-43-94/2- Ə-1095/23 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 2022-ci ilin iyul çağırışına cəlb edilərək, Xidmətin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən çağırışçılar üçün nəzərdə tutulmuş bütün məcburi diaqnostik müayinələrdən keçirilmişdir, lakin yastıayaqlılıqla bağlı əlavə tibbi müayinəyə göndərilmədən barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin 68 “ç” maddəsinin İ qrafasına əsasən “A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı” hesab edilərək, 7 iyul 2022-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Tibbi şəhadətləndirilməsi zamanı qeyri-obyektivliyə yol vermiş hərbi həkim komissiaysının üzvləri – 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının poliklinika şöbəsinin həkimləri Elçin Zeynalov və Amirə Abiyevanın intizam məsuliyyətinə cəlb edilməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır. Bildirilmişdir ki, müddətli həqiqi hərbi xidmətə göndərildiyinə görə İddiaçı kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının səhhətində problem olmasına baxmayaraq, müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün 8.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə səhhətində problem olmasına baxmayaraq, müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün kompensasiya ödənilməsi barədə müraciət etmişdir. Cavabdeh 6 dekabr 2023-cü il tarixli, 3-43-94/2- Ə1095/23 saylı imtina məktubu ilə müraciətini cavablandırmışdır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh orqanın Sumqayıt şəhər İdarəsi yastıpəncəlik diaqnozu ilə iddiaçını hərbi xidmətə göndərmişdir. Bütün qüsurlarında, hərbi xidmətə yararlı olmamağına, hərbi xidmət vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı halda 7 iyul 2022-ci il tarixdən hərbi xidmətə çağrıldığı zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən həqiqətəuyğun olmayan, səthi şəkildə müayinə edilərək şəhadətləndirilmiş, hərbi xidmətə yararlıq qərarı verilmişdir. Hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqlılığı olduğu halda sol ayaq birinci dərəcəli, sağ ayaq ikinci dərəcəli diaqnozu qoyulmuşdur. 18 oktyabr 2022-ci il tarixdə, N nömrəli hərbi hissənin komandirinin N oktyabr 2022-ci il tarixli, 3325 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən aşağıdakıları qeyd etməklə şəhadətləndirilmişdir: “xx xxxxx 2001-ci il təvəllüdlü İddiaçı 7 iyul 2022-ci il tarixdən Silahlı Qüvvələrdədir. Hərbi rütbəsi-əsgər, hərbi-uçot ixtisası atıcıdır. SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən 7 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağrılmışdır. Boyu 161 sm, bədən çəkisi 56 kq, döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 96 sm. Şikayətləri: hər iki ayağında olan ağrılardan, şişkinlikdən hərəkət məhdudluğundadır. Anamnezi: deməsinə görə uşaq yaşlarından özünü xəstə hesab edir, 7 iyul 2022-ci il tarixdə hərbi xidmətə çağrılan zaman SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsi tərəfindən səthi müayinə edilmiş şəhadətləndirilərək "Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Ayaqlarında ağrı və şişkinlik artmış, hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Oradan N nömrəli hərbi hissəyə gödərilmişdir. N nömrəli hərbi hissədə "Hər iki ayağın üçüncü dərəcəli yastıayaqlılığı” aşkar edilmişdir. 4 oktyabr 2022-ci il tarixdə MN BKH-na göndərilmişdir. MN BKH-da hər iki ayağın yük altında R-sı olunmuş "Aşıqqayıqvarı oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki üçüncü dərəcəli boylama yastıayaqlılığı” diaqnozu qoyulmuş, müvafiq sənədlərdə HHK-na göndərilməsi məsləhət görülmüşdür (əsas tibb kitabçası). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın uroloqu, travmatoloqu ilə konsultasiya olunmuşdur. 12 oktyabr 2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı normal inkişaf etmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Periferik limfa vəziləri böyüməmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulvar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 76 vurğudur. A/T 110/70 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Dili nəm təmizdir. Palpasiya zamanı qarnı yumşaq ağrısızdır. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status localis: hər iki ayaqda ayaq tağı qısalıb. Pəncələr ön tərəfdə enliləşmiş, barmaqların ucları bayıra əyilmiş, dabanlar içəri tərəfə çevrilmişdir. Ayaq və baldır əzələlərində atrofiya qeyd edilmir. Nevroioji status: huşu aydın, kəllə-beyin sinirləri patologiyasızdır. Palpator olaraq paravertebral nöqtələr zəif ağrılıdır. Romberq vəziyyətində davamlıdır, cüzi distal hiperhidroz qeyd olunur. Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 6 metr məsafədəndir. Visus OU=1,0. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi analizi (13 oktyabr 2022-ci il) Hgb-13q/İ, Leyk- 5,09x10. RBC-5,13x10/1, EÇS5mm/saat, qanın ümumi analizi (13 oktyabr 2022-ci il): 1 İbsAg-mənfi (-) mənfi. Anti-HCV İgG-mənfı (-), Qiçs-İHİV 1+2-neqativ Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi: (13 oktyabr 2022-ci il) xüsusi çəkisi-1018, rəngi-sarı, reaksiyasıturş, zülal-yoxdur, şəkəryoxdur. EKQ (13 oktyabr 2022-ci il): sinus rilmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (13 oktyabr 2022-ci il): mədəaltı vəzi, dalaq, sidik kisəsi, öd kisəsi, qaraciyər patologiyasızdır. DQOF: (14 oktyabr 2022-ci il) ürək norma daxilindədir. Hər iki pəncənin R-sı (5 oktyabr 2022): sağ pəncə L=155mm. h=14mm. A=160. Sol pəncə L=155mm, h=İ4mm, a=160. Hər iki pəncənin üçüncü dərəcəli boylama yastıayaqlılığı var. Aşıqqayıqvari oynaqlarda osteoartrozu birinci mərhələdə qeyd edilir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı. Aşıq-qayıqvari oynaqların birinci mərhələ ostcoartrozu ilə fəsadlaşmış hər iki ayağın üçüncü dərəcəli boylama yastıayaqldığı. Xroniki vazomotor rinit. Sol böyrəyin mikroliti (3 mm). Ümumi xəstəlikdir.” HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə vəs. yararlılıq haqqında qərarı, “xəstəliklər cədvəlimin 68-ci maddənin 2-ci qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddia tələbinin cavabdeh orqana münasibətdə mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 593 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən, həmin Qanunun 2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1-ci, 6.1-ci maddələrində, 6.2-ci maddəsində birinci halda, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.3-cü maddələrində, 8.1-ci maddəsində hər iki halda, 8.2.1-ci, 8.2.2-ci maddələrində, 8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2-ci maddə istisna olmaqla), 13.1.1-ci, 15.1-ci, 37.1.1-ci maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmetə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçiririrlər. Qeyd olunan normanın məzmunundan aydındır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bildirilir ki, iddiaçının hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim K.Həbibova). Məhkəmə qeyd etmişdir ki:. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 593 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən, həmin Qanunun 2.0.5-ci maddəsinin birinci cümləsində, 4.2-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1ci, 6.1-ci maddələrində, 6.2-ci maddəsində birinci halda, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.3-cü maddələrində, 8.1-ci maddəsində hər iki halda, 8.2.1-ci, 8.2.2-ci maddələrində, 8.3cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2ci maddə istisna olmaqla), 13.1.1-ci, 15.1-ci, 37.1.1-ci maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmetə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçiririrlər. “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsidir. Məhkəmə iddiaçının məhkəmə iclasında izahatında istinad etdiyi Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(118)-2673/2023 nömrəli qərardadı ilə bağlı bildirir ki, məhkəmə aktının məzmununa əsasən iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qarşı “təzinatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia qaldırmışdır. İddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması əsası ilə iş üzrə icraata xitam verilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Belə ki, məhkəmə İPM-in 13-cü madddəsini və qanvericiliyin normaları əsas götürülməklə (§ 16-18) qeyd edir ki, iddiaçı hazırki tələblə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə müraciət edə bilər. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün hesab olunması və icraata götürülməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə ona izah olunmuşdur ki, cavabdeh kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünün yox, onun yerli İdarə və ya Şöbəsini qeyd etməlidir. Lakin məhkəmə iclasında da bildirdiyi kimi o, bundan əvvəl də İnzibati Məhkəməyə müraciət etmişdir və cavabdeh kimi Xidmətin Sumqayıt şəhər Baş İdarəsini qeyd etmişdir. Lakin məhkəmədə ona cavabdehin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarəsinin cavabdeh olduğu bildirilmiş və ona iddia ərizəsi geri götürülərək bu düzəlişin edilməsi və yenidən müraciət etmək hüququnun olması izah edilmişdir. Yəni iddia ərizəsinin geri götürmək onun iradəsi ilə baş versə də, məhkəmə tərəfindən ona bu tövsiyyə verildikdən sonra bu qərara gəlmişdir. Göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsinin hakimlərinin bu iş üzrə fərqli mövqedə olması onun iddia tələbinə baxılmasını bu günə qədər qeyri-mümkün etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2780/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadını qanunsuz hesab edərək mövcud məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil etdiyi qənaətindədir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın iddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinin 1.6-cı bəndinə əsasən xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirildiyindən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi əsl Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2- 1(107)-130/2023 nömrəli, N oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev/sədrlik edən və məruzəçi/,V.Məlikov və G.Cavadov) apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanınn ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə öhdəlik qoyulması hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanınn ödənilməsi öhdəliyi qoyulmuşdur. AR Ali Məhkəməsinin 2-1(102)-606/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 130/2023 nömrəli, N oktyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi bu tip iddialarda xidmətin özünün cavabdeh kimi qoyulması yuxarı instansiya məhkəmələri tərəfindən qərara alınmışdır. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2780/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı məhkəmə təcrübəsinə ziddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmənin suallarına cavab olaraq bildirdiki, cavabdehin hansı orqan olması yox, onun iddiasına mahiyyəti üzrə baxılması onun üçün əhəmiyyətlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirdi ki, iddiçının iş materiallarına əlavə etdiyi məhkəmə qərarı olsada, əksər məhkəmə işlərində cavabdeh kimi idarənin yerli qurumları qəbul edilir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. 33.3. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. 33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 13 Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ziyana görə kompensasiya ilə bağlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırki iddiaya cavab verməli olmaması əsası ilə iddianı mümkün saymamışdır. Eyni zamanda iddiaçıya hüquqi yardım edərək qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən düzgün nəticəyə gəlinməmiş və iddiaçıya edilən hüquqi yardım səmərəsiz və prosessual qənaət prinsipinə zidd olmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququna əlçatanlığının göstərilən yolu inzibati məhkəmə icraatının məhkəmənin yardım etmə vəzifəsi ilə müəyyən edilmiş institutun mahiyyətinə zidd olmuşdur. Belə ki, iddiaçı hərbi xidmətə yararsız olduğu halda onun hərbi ximətə aparılmasında məsuliyyət daşıyan dövlət qurumundan ziyana görə kompensasiya əldə etmək niyyətindədir. Məhkəmə qərarında qeyd edilir ki: Məhkəmə iddiaçının məhkəmə iclasında izahatında istinad etdiyi Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(118)-2673/2023 nömrəli qərardadı ilə bağlı bildirir ki, məhkəmə aktının məzmununa əsasən iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qarşı “təzminatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia qaldırmışdır. İddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması əsası ilə iş üzrə icraata xitam verilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı ilkin olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qarşı iddia qaldırmış, eyni məhkəmənin hüquqi yardımından sonra hazırkı iddianı qaldırmış, hazırda həmin məhkəmə hesab etmişdir ki, əvvəl qaldırdığı iddia ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu halın baş verməsi məhkəmənin İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmək vəzifəsinə düzgün əməl edilmədiyini göstərir və iddiaçının məhkəmə müdafiəsi hüququ pozulmuş olur. Məhkəmə kolegiyası geyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmış və iddianı cavabdehin cavab verməli orqan olmaması əsası ilə mümkünsüz hesab etmişdir. Halbuki, həmin cavabdeh inzibati orqan iddiaçının müraciətinə səlahiyyətli orqan kimi cavab vermiş və onun tələbinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin istnad etdiyi normalarda cavabdeh kimi yerli qurumların olması qeyd edilsə də, hər bir halda həmin yerli qurumlar hazırkı iş üzrə cavabdeh inzibati orqanın tabeliyində olan qurumlardır və formalaşmış məhkəmə təcrübəsində də baş idarələrin imtina etdiyi hallarda yerli qurumlar cavabdeh kimi nəzərə alınır və iddiaya mahiyyəti üzrə baxılır. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin yerli qurum olmasına əmin olduğu halda, iddiaçıya düzgün hüquqi yarım edərək müvafiq ərizə almalı, hazırkı iş üzrə cavabdehin imtinasını nəzərə alaraq, yerli qurumu cavabdeh kimi işə cəlb edərək, iddiaya mahiyyəti üzrə baxmalı idi. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və məhkəmə praktikasından görünür ki, bu kateqoriya iddialarda cavabdeh kimi baş idarə və yerli qurumların cavabdeh olduğu hallar mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə təcrübəsini araşdırmalı, işin hallarını nəzərə alaraq müvafiq qərar qəbul etməli idi. Məhkəmə təcrübəsində bu kimi hallarda həm baş idarənin, həm də yerli qurumun cavabdeh kimi nəzərə alınması, əsl cavabdeh müəyyən ediləndən sonra digər cavabdehin proses iştitakçısı kimi iştirakına xitam verildiyi hallar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, tabelilik baxımdan eyni quruma aid olan dövlət təşkilatlarının cavabdehliyi məhkəmə tərəfindən müəyyən edilməli və iddiaya mahiyəti üzrə baxılmalıdır. Bu kimi hallarda inzibati orqanların cavabdehliyi üzərindən atmaq formasında etdiyi hərəkətlər yolverilməzdir. Formal əsaslarla məhkəmə müdafiəsinin qarşısının alınması və ya həmin hüququn formal əsaslarla yubadılması, konstitusiya ilə müəyyən edilmiş dövlətin vəzifələri ilə ziddiyət təşkil edir və vətəndaşların hüquqlarını pozur. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsi aiddiyyətlə bağlı tənzimləmə müəyyən edir. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi qeyd edilən normanın tətbiqi ilə hazırkı işdə cavabdehliyin müəyyən edilməsi imkanıda mövcuddur. Bundan əlavə qeyd edilən qanunun 33-cü maddəsi ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi hallarını müəyyən edir. 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. 33.3. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. 33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh orqaqn özünü səlahiyyətli saymadıqda imtina verməli deyil, ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməli idi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdeh inzibati orqan subordinasiya baxımından yuxarı orqan olması inzibati orqanların praktikası baxımındanda bu imtina əsasında iddiaya baxılmasının yolverilən olduğunu müəyyən edir. Hər bir halda məhkəmə kolegiyası hesab edir ki, hazırkı vəziyyət inzibati orqanların öz hüquqlarından vicdanla istifadə etməməsi kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarlar isə inzibati məhkəmə icraatının məqsədinə uyğun olmaması kimi qiymətləndirilməli, iddiaçının səmərəli məhkəmə müdafiə hüquq təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Odur ki, kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla iddiaya cavab verməli olan inzibati orqanın müəyyən edilməsi ilə bağlı aidiyyəti orqanlara, o cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə və yerli qurumlara müvafiq sorğu ilə müraciət edilərək cavabdeh müəyyən edilməli və bundan sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməklə və ya əsl iddiaçını cavabdeh kimi nəzərə aldıqdan sonra digər cavabdehin iştirakına xitam verməklə iddiaya mahiyyəti üzrə baxılmalıdır. Hər bir halda bütün bunlar edilərkən Ali Məhkəmənin formalaşdırdığı məhkəmə praktikası ətraflı araşdırılmalıdır. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(118)-2780/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar