Məhkəmə qərarları › İş №2-1(105)-662/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-662/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-662/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin olunması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)- 364/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı X.X.1957-ci il təvəllüdlüdür (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). Н3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən İddiaçı 1975-1977-cı illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi 153098 nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1989-xx.xx.1991-ci illərdə “Mərkəzi elektrotökmə” zavodunda, xx.xx.1991xx.xx.1994-cü illərdə “Loğman” kooperativində, xx.xx.1994-xx.xx.2004-cü illərdə “R.D.Trest” kiçik müəssisəsində işləmişdir. Abşeron Rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli, 2(012)-1216/2013 nömrəli qətnaməsi ilə İddiaçı 20 iyun 1977-ci ildən 1988-ci ilin noyabr ayınadək “Qacaran Mis- Molibdin” Kombinatında fəhlə işləməsi faktı müəyyən edilmişdir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan 05 yanvar 2023-cü il tarixli, **********8 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 3 ay 12 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.2001-ci il tarixdə işdən azad olunma barədə qeyddən sonra xx.xx.1991-ci il tarixdə işə qəbul edilmə barədə qeyd mövcuddur) xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, əlilliyə görə əmək pensiyası işinə daxil olan 15.01 2014-cü il tarixli arayışa əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “R.D.TREST” kiçik müəssisəsində işlədiyi müddətdə xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ona əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş stajının 25 ildən çox olması nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixində yaşa görə əmək pensiyası hüququ yaranmış, bununla bağlı ərizə ilə cavabdehə (DSMF-nin Abşeron-Xızı regional filialı) müraciət etmiş, lakin cavabdeh onun müraciətinin icrasından imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının 22 il 03 ay stajı olduğu əsas gətirilmişdir. Nəticədə ona əmək pensiyası təyin olunmamış, 180 manat məbləğində sosial yardım təyin edilmişdir. Cavabdehin imtinasının bir dəlili əmək kitabçasının doldurulma qaydasının pozulduğu ilə bağlıdır və bu baxımdan, xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı, bildirir ki, əmək kitabçasında xx.xx.2001-ci il tarixində işdən azad olunmaq barədə qeyd mövcuddur. Lakin, həmin tarix qeyd kimi daxil edilmiş, onun işlədiyi "Mərkəzi elektrotökmə" zavodunun bazasında "Bakı Elektriktökmə” ASC-nin yaradıldığı qeyd edilmişdir. Həmin tarixin onun əmək stajına aidiyyəti yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən əmək kitabçasında qeyd edilənlərə diqqətsiz yanaşılmış, bununla da əsassız olaraq imtina cavabı verilmişdir. Digər tərəfdən, iddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “R.D.Trest" kiçik müəssisəsində işlədiyi müddətdə hər ay vaxtlı-vaxtında əmək haqqı almışdır. Qeyd edilən tarixlərdə əmək haqqının hesablanıb ödənilməməsi faktı həqiqətə uyğun deyildir. Əmək kibtabçasına və məhkəmə qətnaməsi ilə təsdiq edilmiş Ermənistan Respublikasında əmək stajına (11 il 4 ay) əsaslanaraq, o, 27 il 3 ay 19 gün sosial staja malikdir. Bunun əsasında pensiya hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-364/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasının 3-cü səhifəsində “Mərkəzielektrotökmə” zavodunun bazasında "xxxx" ASC-nin yaradılması barədə qeyd yazılmışdır. Belə bir qeydin yazılması iddiaçının təqsiri olmamaqla, məlumat xarakteri daşıyan və işəgötürən tərəfindən yazılan bir qeyddir. İddiaçının 2004-cü il tarixədək əmək kitabçası ilə təsdiq edildiyi iş stajı, ümumilikdə, 28 il 7ay 20 gün müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh iddiaçının xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasında olan dövrlərdə işləməsini əmək stajına daxil etməmişdir. Məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən “Loğman” kooperativinin xx.xx.1989-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Ona görə də həmin illər də əmək stajı kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ əmək stajının (25 il) və yaşının (65 yaş) tamam olduğu 01 iyul 2022-ci il tarixindən hesablanmalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********730000 nömrəli məktubunda iddiaçının işlədiyini iddia etdiyi “Loğman" kooperativi adlı kommersiya qurumunun aşkar edilmədiyi, eyni zamanda iddiaçının işlədiyini iddia etdiyi “R.D.Trest” kiçik müəssisəsinin (VÖEN **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı və xx.xx.2021-ci il tarixdə ləğv edilərək kommersiya qurumlarının dövlət reyestrindən çıxarıldığı qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 21-3/2-7468/2023 nömrəli məktubunda iddiaçının işlədiyini iddia etdiyi “Loğman" kooperativi və “R.D.Trest” kiçik müəssisəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48- 4/2-1081/2023 nömrəli məktubunda da iddiaçı “Loğman" kooperativi və “R.D.Trest” kiçik müəssisəsinin arxiv sənədlərinin mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən “Loğman" kooperativinin xx.xx.1989-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə həmin illərin iddiaçının əmək stajı kimi qəbul edilməli olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi “Loğman” kooperativinin və “R.D.Trest” kiçik müəssisəsinin müvafiq dövlət orqanlarında qeydiyyatdan keçməsi iddiaçının həmin müəssisələrdə işləməsi faktının müəyyən olunması ilə bağlı qənaətə gəlməyə əsas deyildir. Eyni zamanda, məhkəmə tərəfindən Mərkəzi Filialın “yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında" məktubunda qeyd olunan xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasını təkzib edən hər hansı sübut müəyyən olunmamış və məhkəmə qərarında bu məsələ ilə bağlı qeyd mövcud deyildir. İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”:

7. Əmək kitabçasının dublikatı

7.1. Bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. ...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı

İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş (65 yaş) pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı X.X.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarının 2.26-cı bəndinin tələbinə görə şəxsin doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydində ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Bu baxımdan, iddiaçı 65 yaşında, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İkinci şərtlə bağlı qeyd edilməlidir ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması işin mübahisəsiz halıdır. Bu baxımdan, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin və əmək kitabçasının qeydlərinə əsasən o, 1975-1977-cı illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş (02 il), xx.xx.1989-xx.xx.1991-ci illərdə “Mərkəzi elektrotökmə” zavodunda, xx.xx.1991xx.xx.1994-cü illərdə “Loğman” kooperativində, xx.xx.1994-xx.xx.2004-cü illərdə “R.D.Trest” kiçik müəssisəsində işləmiş (15 il 01 ay 28 gün), Abşeron Rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli, 2(012)-1216/2013 nömrəli qətnaməsi ilə onun xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (11 il 04 ay 12 gün), “Qacaran Mis- Molibdin” Kombinatında fəhlə işləməsi faktı müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) Əmək kitabçasında xx.xx.2001-ci il tarixdə işdən azad olunma barədə qeyddən sonra xx.xx.1991-ci il tarixdə işə qəbul edilmə barədə qeydin mövcud olması, bununla da əmək kitabçasının doldurulması qaydası pozulduğundan xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığı; 2) xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “R.D.TREST” kiçik müəssisəsində işlədiyi müddətdə xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001ci illərdə ona əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilmədiyi. Məhkəmə kollegiyası şikayətin hər iki dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçının mübahisələndirən xx.xx.1991-xx.xx.1994-cü illərdə “Loğman” kooperativində, xx.xx.1994-xx.xx.2004-cü illərdə isə “R.D.Trest” kiçik müəssisəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Loğman” kooperativində işlədiyi dövrün cavabdeh tərəfindən staja daxil edilməməsinin əsası əmək kitabçasında 2001-ci ildə işdən azad olunma barədə qeyddən sonra 1991-1994-cü illər üzrə əmək fəaliyyətinin göstərilməsidir. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, əvvəla əmək kitabçası məlumatlarından görünür ki, iddiaçı xx.xx.1989-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Mərkəzi elektrotökmə” zavodunda işləmiş, xx.xx.2001-ci il tarixdə isə cavabdehin bildirdiyi kimi işdən azad olunmamış, yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli, 166 nömrəli sərəncamına əsasən “Mərkəzi elektrotökmə” zavodunun bazasında "xxxx" ASC-nin yaradılması barədə “Qeyd” daxil edilmiş, daha sonra iddiaçının xx.xx.1991-ci il tarixdə “Loğman” kooperativinə işə qəbul edildiyi göstərilmişdir. Eləcə də, işdə olan sözügedən 153098 nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2012-ci il tarixli dublikatdır. Əmək kitabçasının dublikatının doldurulması qaydaları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” nın 7-ci fəslində tənzimlənir. Belə ki, həmin Qaydaların: - 7.1-ci bəndinin 2-ci hissəsinə əsasən əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. - 7.2-ci bəndinə görə əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. - 7.3-cü bəndinə görə əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Qeyd olunan normaları hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, mübahisələndirilən dövrlə bağlı qeydlərin daxil edildiyi əmək kitabçasının dublikatı olduğundan əvvəlcə iddiaçının 1989-1991-ci illərdə, “Mərkəzi elektrotökmə” zavodunda işlədiyi, eləcə də həmin müəssisənin təşkilatı-hüquqi formasının 2011-ci ildə dəyişdiyi ilə bağlı qeydlər, daha sonra isə 1991-1994-cü illərdə “Loğman” kooperativində işlədiyi dövrlərlə bağlı məlumatlar əmək kitabçasının dublikatında ümumi qayda üzrə doldurulmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********818500 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyindən təhvil alınmış “Loğman” kooperativinə məxsus qeydiyyat iş qovluğundakı sənədlərə əsasən onun xx.xx.1989-cu il tarixdə ƏN-də qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Eləcə də, sorğuya cavaba həmin kooperativinin uçota alınması haqqında 191 nömrəli arayış əlavə edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1991-xx.xx.1994-cü il tarixlərində vaxtilə fəaliyyətdə olmuş “Loğman” kooperativində işləmiş və həmin dövrlərlə bağlı qeydlər qanunvericiliyin tələbinə uyğun qaydada onun əmək kitabçasının dublikatında qeyd edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, bu hissədə cavabdehin dəlili əsassızdır və həmin dövrlər iddiaçının iş stajına daxil edilməlidir. İddiaçının xx.xx.1994-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlərdə isə “R.D.Trest” kiçik müəssisəsində işləməsi haqqında əmək kitabçasındakı məlumatların mötəbərliyi cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh yalnız xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci tarixləri arasındakı 2 illik dövrdə əməkhaqqı hesablanıb ödənilmədiyindən həmin dövrləri staja daxil etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya əməkhaqqının ödənilməməsinə əsaslanaraq, ümumilikdə, 1996-1997-ci il və 2000-2001-ci illərin iş stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz. İddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajıa malik olduğu müəyyən edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş şərtin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-364/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar