Məhkəmə qərarları › İş №2-1(105)-665/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-665/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-665/2022 20.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2058/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ümumi xəstəlik ilə əlaqədar xx.xx.2018-ci ildə 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. Lakin heç bir pensiya ilə təmin edilməmişdir. 2021-ci ilin may ayında elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. Cavabdeh onun əlil hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsində göstərilir ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, xx.xx.2018-ci ildə qiymətləndirilmişdir və 5 il müddətinə yəni xx.xx.2023-cü ilədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar əlildir. Cavabdeh əsassız olaraq əlilliyini ləğv etdiyi üçün etibarlı hesab edilməli və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 il müddətinə yəni xx.xx.2023cü ilədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2058/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, azırki iddia ilə bağlı iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsini və ya inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım edilmiş və ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini. iddianın mümkün sayılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, cavabdeh onun əlil hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə xidməti vəzifələrini icra etmədən (ona heç bir hüquqi yardım göstərmədən) iddia tələbini mümkünsüz hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, onun barəsində yeni göndəriş tərtib edilməli və yenidən qiymətləndirilmə aparılmalıdır, ancaq o, məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, o, 2018-ci ildə qiymətləndirilmişdir və cavabdeh orqan tərəfindən ona 5 illik əlillik təyin edilmişdir, bu 5 il müddət bitmədən əlilliyi əsassız etibarsız hesab edilmişdir, cavabdehin bu kimi qanuna zidd hərəkətlərinə görə Ali Məhkəmənin bir analoji qərarları mövcuddur, Ali Məhkəmənin bir çox analoji qərarlarını iddia ərizəsinə əlavə etsə də, Sumqayıt İnzibati Məhkəməsi bu qərarları nəzərdən keçirməmişdir. “Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 4.2-ci maddəsinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2- 1(118)-2058/2022 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının hüquqi marağı əlil stausunun bərpa edilməsinə yönəlmişdir. İddia öhdəliklərin icrası haqqında iddia növünə aiddir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əsasla iddianı mümkün saymamışdır. Qərardaddan və məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə uyğun olaraq yardım edilərək ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci qrup ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş əlilliyin etibarlı hesab edilməsini xahiş etmişdir. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin iddiaçıya ünvanladığı 14 iyun 2022-ci il tarixli, **********9 saylı məktubun məzmunundan görünür ki, əlilliyin bərpa edilməsi ilə bağlı daxil olmuş müraciətə baxılmış və bildirilmişdir ki, əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACP8 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə yoxlamanın nəticəsi üzrə ona dair rəsmiləşdirilmiş 4110003AACP8 nömrəli göndəriş “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Həmin məktubla iddiaçıya bildirilmişdir ki, qeydiyyatda olduğu dövlət səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağı və düzgün tərtib edilmiş göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İddiaçının qeyd edilən müraciətindən, cavabdehin isə cavab məktubundan görünür ki, iddiaçı hazırkı tələblə əlaqədar olaraq ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. Bu səbəbdən də kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Bu səbəbdən də apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2058/2022 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar