Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-665/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarının ləğv edilərək, ona ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-603/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 iyul 2011-ci il tarixli, 519 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü il tarixdə aldığı və Silahlı Qüvvələrin Məhkəmə X6 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmalarından sonra sol təpə nahiyəsində, sağ baldırın orta 1/3-nin bayır səthində və sağ ayağın üst səthində çapıq toxumaları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2011-ci il tarixdə TSEK-də müayinədən keçmiş və ona “Kəllə beyin travmasının qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişilməsi və depressiv daxil olmalarla” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra A.İddiaçı əlilliyi TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: əlavə ixtisaslaşmış müalicə tövsiyə olunur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra A.İddiaçı barəsində Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, A00054392FXR nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, A.İddiaçı son 1 il ərzində - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində XBT 10 F07.0, F07.8, F06.8 və F32 kodlu xəstəliklərlə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında F32 kodlu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək F07.0, F06.8 və F06.3 , S06.0 kodlu, xx.xx.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda M24.5, R26.0, M42, M41.0, L91 və W32 kodlu, xx.xx.2022-ci il tarixdə X3 Y36.4 kodlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxilolmalarla”, ağırlaşma: F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”, yanaşı xəstəliklər: S06.0 “Baş beynin silkələnməsi, kəllə-beyin travmasının qalıq əlamətləri”, Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması. Təpə nahiyəsinin, baldırın orta 1/3-nin, sağ pəncənin üst səthinin ağrılı dartıcı çapıq toxuması. Sağ baldırın, pəncənin əzələ atrofiyası. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artrozu. Kəskin kontrakturası (bükmə 100 dərəcə, açma 90 dərəcə) aşıq baldır oynağının tamlığının pozulması. Ətrafın funksiya pozğunluğu. Ağrı sindromu” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə A.İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından A.İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 26 dekabr 2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən 09 yanvar 2023-cü il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, A.İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilikdən şikayətlənmiş, anamnestik məlumatlarda özünə xəsarət yetirmək istədiyini ifadə etmişdir, obyektiv baxış zamanı sol təpə nahiyəsində, sağ baldırın orta 1/3-də yumşaq toxuma çapığı, büzdüm nahiyəsində keçirilmiş əməliyyata müvafiq olaraq çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuş, nevroloji ocaqlı patologiya aşkar edilməmişdir. Xəstə psixi statusunun araşdırılması zamanı zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, intellektual mnestik sferası yaşam tərzinə və aldığı təhsilə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu aşkarlanmamış, şəxsiyyət dəyişikliyi müəyyənləşməmişdir. Əyani müayinə zamanı nevroloji defisit, kobud davranış pozuntusu, aktiv psixopraduktiv əlamətlər aşkar edilməmişdir. Nəticədə, AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən 1994-cü il atəşkəsin elan olunduğu vaxtadək Qarabağda döyüşmüşdür. Döyüş əməliyyatları zamanı üç dəfə yaralanmış və kontuziya almışdır. Aldığı yara və kontuziyalar səbəbindən və əsəbi davranışlarının iş fəaliyyətinə mənfi təsiri olduğundan vəzifəsindən azad edilmişdir. xx.xx.2011-ci il tarixdən ona əlillik təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ona təyin edilən diaqnozla əlilliyə görə əmək pensiyası və prezident təqaüdü almışdır. xx.xx.2011-ci il tarixdən başlayaraq beş ildən bir müayinədən keçmiş və xx.xx.2021-ci il tarixədək əlil hesab edilmişdir. xx.xx.2012-ci il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli müayinə sənədlərində ona müharibə ilə əlaqədar ikinci qrup əlillik təyin olunduğu, kontuziya və yaralarının Qarabağ müharibəsi ilə əlaqədar olduğu və onda üzvi mənşəli şəxsiyyət pozuntusunun, kəllə beyin travmasının qalıq əlamətlərinin, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliklərinin depressiv daxil olmalarla mövcudluğu müayinələrlə sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Əlilliyə görə əmək pensiyası almasıyla bərabər hər il müalicələrdə olmuşdur. Əlilliyinin müddəti bitdiyindən 2022-ci ilin avqust ayında yenidən müayinədən keçmiş, müayinədən keçdikdən sonra yenidən bir kursluq müalicəyə göndərilmiş və 1 nömrəli Psixiatrik Xəstəxanasında onun əlil olduğu və diaqnozunun doğruluğu təsdiqlənmişdir. Yenidən Abşeron rayonunda komissiyadan keçmiş, əlillik diaqnozu təsdiqlənmiş və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasına komissiyadan keçmək üçün göndərilmişdir. Komissiyadan keçdikdən sonra əlilliyi təsdiqlənmiş və əlillik diaqnozu sistemə daxil edilmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən 2022-ci ilin dekabrında yoxlanış komissiyasından keçmək üçün çağırılmışdır. Nəticəsi barədə ona məlumat veriləcəyi bildirilsə də, cavabdeh ona hər hansı məlumat bildirməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və ona “Kəllə beyin travmasının qalıq əlamətləri, kəskin ifadə olunmuş kəskin ifadə olunmuş şəxsiyyət dəyişilmiəsi və depressiv daxil olmalarla” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra 3 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında ona eyni diaqnozla bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəllə beyin travmaşının qalıq əlamətləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyə olunur” səbəbi ilə imtina edilmişdir. Daha sonra Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Daha sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirərək, sonuncu ərizəsində cavabdehin 09 yanvar 2023-cü il tarixli, **********1 nömrəli qərarının ləğv edilərək, ona xx.xx.2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-603/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin **********1 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçıya 14 dekabr 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı alınmış ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 14 mart 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə zidd qərar qəbul edərək səhv nəticəyə gəlmişdir. Belə ki, anoloji işlərdə ekspert rəyinə zidd olaraq qərar qəbul edilməsi yolverilməzdir. Şəxsin əyani müayinəsi zamanı müəyyən edilmişdir ki, onun şikayətlərinə uyğun instrumental müayinə nəticələri əvvəlki müayinələri zamanı nevroloji ocaqlı əlamətlər müəyyən edilməmişdir. Yəni, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona NK-nın xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının” hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Həmçinin bildirir ki, anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə təyinatı aparıla bilsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan əlavə, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, NK-nın xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Qeyd edir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə isə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, iddiaçının verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək qeyd etmişdir ki, NK-nın xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymtələndirilməsi qaydası” nın 4.2-ci bəndində qeyd edilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş nəzərə alınmaqla, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş A00054392FXR nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxilolmalarla”, ağırlaşması F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”, habelə yanaşı xəstəliklər kimi S06.0 və Y36.4 kodlu xəstəliklər mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, T 867/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, A.İddiaçı Kliniki Psixiatriya Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinə əsasən o, hazırda “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. Kobud davranış pozuntuları ilə və davamlı depressiv pozuntular ilə” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Ona 2011-2022-ci illər arasında əlillik təyin edilərkən göndərişlərində qeyd edilmiş (üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri ilə və davamlı depressiv pozuntu ilə (XBT V sinif- psixi pozğunluqlar və davranış pozğunluqları = F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar - F07 - baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi ...) diaqnozu onda hazırda müşahidə olunur. Bu xəstəliklər onda 2011-2022-ci illər aralığında ikinci dərəcə əlillik təyin edilərkən qoyulmuş diaqnozdakı xəstəliklərlə ümumən eynilik təşkil edir. Onun əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəsinə ehtiyac yoxdur, belə ki, bu xəstəliyə düçar olmuş şəxslər dispanser qeydiyyatında olurlar, təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər, həmin xəstəliklər tam reabilitasiya olunmurlar. Ekspert rəyindən göründüyü kimi iddiaçıda A00054392FXR nömrəli göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxil olmalarla” xəstəliyi ilə yanaşı, onun ağırlaşması olan F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyi müşahidə edilir, həmin xəstəliklər tam reabilitasiya olunmurlar. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin sözügedən ekspert rəyinə zidd olaraq qərar qəbul etdiyini, şəxsə əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu bildirsə də, ekspert rəyindən göründüyü kimi iddiaçıda göndərişdə göstərilən həm əsas, həm də onun ağırlaşması olan xəstəliklər aşkar edilir. Eyni zamanda işin hallarından göründüyü kimi iddiaçıya 2011-ci il tarixdə əlilliyin təyini, daha sonra müddətinin uzadılması zamanı qoyulan diaqnoz ilə hazırda qoyulan diaqnozlar eynidir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2011-ci il tarixdən etibarən 10 il müddətində ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun ikinci dərəcə əlillik təyini üçün əsas olmadığını bildirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2011-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- 4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, A00054392FXR nömrəli göndərişdə (Forma 88) qeyd edilən XBT F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin zədələnməsi (kəllə-beyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxilolmalarla” və əsas diaqnozun ağırlaşması kimi qeyd edilən F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəlikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2 və 7.6.2.2-ci bəndlərinə, F62.0 kodlu xəstəlik isə (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) həmin bölmənin 7.7.1 və 7.7.1.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, müəyyən edilir ki, A00054392FXR nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş F07.0 kodlu və onun ağırlaşması olan F62.0 xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının hərbi travma olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmalarından sonra sol təpə nahiyəsində, sağ baldırın orta 1/3-nin bayır səthində və sağ ayağın üst səthində çapıq toxumaları” diaqnozlu xəstəliyi nəticəsində onda A00054392FXR nömrəli göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 kodlu xəstəlik yaranmışdır. Belə ki, həmin xəstəliyin patofunksional əlamətlərindən göründüyü kimi iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi baş beynin zədələnməsi (kəlləbeyin travması) nəticəsində şəxsiyyət və davranış pozuntusu, depressiv daxil olmalarla müşahidə edilir. Hansı ki, cavabdeh tərəfindən həmin diaqnozlu xəstəliklə iddiaçıya xx.xx.2011-ci il tarixdən 2021-ci ilədək olan 10 illik müddət ərzində davamlı olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, iddiaçı sonuncu dəfə 14 dekabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik müddəti 2021-ci ilin dekabr ayının 14-də bitsə də, yuxarıda qeyd edilən səbəblərdən sonuncu, yəni 14 dekabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz həmin göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir. Bu baxımdan, iddiaçı haqlı olaraq əlilliyin sonuncu göndəriş nəzərə alınmaqla, 14 dekabr 2022-ci il tarixdən təyin edilməsini xahiş etmiş, işə baxan məhkəmə iddiaçının bu məzmunda tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya iddiaçıya hüquqi yardım edərək, tələbin dəqiqləşdirilməsini təklif etmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş nəzərə alınmaqla, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-603/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş A00054392FXR nömrəli göndəriş nəzərə alınmaqla, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.