Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-665/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-658/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 658/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2022-2023-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 31.600 manat subsidiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı 2022-2023-cü illərə görə ödənilməmiş subsidiyanın ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində müxtəlif dənli bitkilərin əkilib-becərilməsi ilə məşğul olur. Keçən il də iddiaçı tərəfindən torpaq sahələrində müvafiq əkin-biçin işləri aparılmış, lakin obyektiv səbəblərdən həmin torpaq sahəsində əkilmiş ərazidən taxıl və dənli bitkilərinin məhsullarını götürmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli 759 saylı Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydaları”na görə fermerlərə istifadəsində olan 10 ha və daha artıq olan torpaq sahələrində əkilən taxıl məhsullarına görə müvafiq subsidiyalar verilir. İddiaçı da həmin subsidiyaların alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin subsidiyanın ödənməsindən imtina edilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin əkin sahəsinin sığortalanması ilə əlaqədar tələb olunan bütün məlumatları cavabdehin yerli regional nümayəndəliyinə təqdim etmişdir. Lakin onlar həmin məlumatları elektron sistemə gec yükləmişdilər. Bu da iddiaçının günahı səbəbindən baş verməmişdir. Ona görə də hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuz olduğu üçün, iddiaçının iddiası təmin edilməli və cavabdehdən müvafiq subsidiyanın alınaraq ona ödənilməsi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə qanunsuz və əsassız olduğuna görə məhkəmənin qərarı ləğv edilərək iddianın təmin edilməməsi haqqında yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə 30 dekabr 2019-cu il tarixli 05Q nömrəli qərar ilə təsdiq edilmiş “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentin 13-cü hissəsinə görə tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə və (və ya) həmin sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda xidmətin həyata keçirilməsindən imtina edilir. Həmin Reqlamentin 16-cı hissəsinə əsasən də fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. İddiaçı tərəfindən 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən əkinə görə İddiaçı subsidiya ödənilməsi mümkün olmamışdır. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə müvafiq sənədlər ilə yanaşı kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri, əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi SİS-ə (“Subsidiya” informasiya sistemi) daxil edirlər. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 169,36 hektar yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün həmin əkinlərə görə subsidiya ödənilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti əsassız hesab etdi və izahatında bildirdi ki, İddiaçı əkin sahəsinin sığortalanması ilə bağlı tələb olunan bütün sənədləri cavabdehin yerli regional nümayəndəliyə təqdim etmişdir. İddiaçı 2023-2024-cü illər üçün subsidiya almışdır, 2022-ci il üçün isə ona subsidiya verilməmişdir. 2022-ci ildən əvvəl də iddiaçıya subsidiya ödənilmiş, o, əvvəlki kimi eyni qaydada müraciət etmişdir, lakin eyni sənədlərin təqdim edilməsinə baxmayaraq, subsidiya ödənilməmişdir. İddiaçı tərəfindən regional şöbəyə bəyənnamə təqdim edilməsinə baxmayaraq, şöbə tərəfindən təsdiq barədə xəbərdarlıq (mesaj) gəlməmiş, bu səbəbdən də sığortanı onun tərəfindən ödənilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən yoxlamalar aparılmalıdır, lakin monitorinq keçirilməmişdir. Monitorinqin keçirilməsi də bəyənnamənin təsdiq edilməsi ilə əlaqədardır. Analizlərin verilməsi ilə bağlı isə bildirmişdir ki, həmin analizlər iki ildən bir verilir, sonuncu dəfə isə 2021-ci ildə verilmişdir. Yəni, cavabdeh orqan tərəfindən monitorinq keçirilmədiyi üçün, bəyənnamə təsdiq edilməmişdir. Bəyannamə təsdiq edilmədiyi üçün, sığortanın ödənilməsi mümkün olmamışdır. Torpaq sahəsinin aqrokimyəvi analizləri 2 ildən bir verilir ki, 2021-ci ildə vermişdir və həmin il üçün subsidiya da almışdır. O cümlədən 2023-2024-cü illər üçün də subsidiya almışdır. Cavabdeh orqan monitorinqin keçirilməsi məsələsinə dair heç bir sübut təqdim etməmiş, hər hansı bir məlumat verməmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 25 may 2006-cı il tarixli JN 456, KOD 41015005 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, alqı-satqı müqavilələri əsasında ünvan 1i, Sayqan kəndi və Kalva kəndi ünvanda yerləşən 170,78 ha torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Qeyd edilən dövlət aktının qüvvədən düşməsinə dair məlumat aşkar edilməmişdir. xx.xx.2019-cu il tarixli 3M-27 nömrəli “İcarə müqaviləsi”ndən görünür ki, icarəyə verən "xxxx" ASC ünvan 3i, Sayqan kəndi və Kalva kəndi ünvanında yerləşən ümumi sahəsi 170,78 ha torpaq sahəsinin 150 ha hissəsini icarəçi İddiaçı icarəyə verilmişdir. “Elektron notariat” X1 11 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə dair elektron çıxarış. 19 avqust 2020-ci il tarixli, 3M-739 nömrəli müqavilədən görünür ki, 11 yanvar 2019-cu il tarixli, 3M-27 nömrəli “İcarə müqaviləsi”nə dəyişiklik edilərək, icarəyə verən "xxxx" ASC ünvan 3i, Sayqan kəndi və Kalva kəndi ünvanında yerləşən ümumi sahəsi 170,78 ha torpaq sahəsinin 170,78 ha hissəsini icarəçi İddiaçı icarəyə verilmişdir. İcarə müddəti 19 avqust 2025-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı 2022-2023-cü ili üzrə icarəsində olan torpaq sahəsinə dair əkin subsidiyasının ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 17 noyabr 2023-cü il tarixli 3-22-2/2-Ə-8xx-xx-1256/2023 nömrəli məktubundan görünür ki, 2022-2023-cü ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 169,36 ha torpaq yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün həmin əkinlərə görə subsidiya ödənilməsi mümkün olmamışdır. 2023-2024-cü əkin ili üzrə əkin subsidiyasından yararlanmaq üçün sığorta predmeti olan əkinlərin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanması, torpaq sahəsinin aqrokimyəvi analizlərinin verilməsi, eyni zamanda torpaq sahəsinə dair “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədlərin əldə edilərək EKTİS-ə daxil edilməsi tövsiyə edilmişdir. İşin mübahisəsiz hallarına görə JN 456, KOD 41015005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən və iddiaçıya icrarə müqaviləsi əsasında ayrılan 170,78 ha torpaq sahəsi hazırda da iddiaçının faktiki istifadəsindədir və torpaq sahəsinin koordinatları müəyyəndir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci bəndində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi fermerlərin bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyənləşdirilən müddətlərdə tələb olunan sənədləri siyahısına daxil edilmiş, bu Qaydalarda 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da tələb olunmuşdur. Hazırki tələb isə 2022-2023-cü illərə görə ödənilməmiş subsidiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən, fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən, DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 2.11. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN 456, KOD 41015005 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 170,78 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsusdur, dövlət aktının qüvvədən düşməsinə dair məlumat aşkar edilməmişdir. JN-456 nömrəli (kod ********) Dövlət aktında torpaq sahələrinin koordinatları ayrı-ayrılıqda qeyd olunmuş, Dövlət aktı alqı-satqı qaydasında ayrı-ayrı vətəndaşların pay torpaqlarının alınmasından yaranmışdır ki, pay torpaqlarıda xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin torpaq sahəsi "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya icarəyə verilmişdir və hazırda da 170,78 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və torpaq sahəsinin koordinatları da müəyyəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(102)-2925/2023 saylı qərarında qeyd olunur ki, “... Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. 53. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. 54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.
55. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. 56. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. 57. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. 58. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. ...” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-658/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.