Məhkəmə qərarları › İş №2-1(105)-666/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-666/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-666/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı iş üzrə (Açar sözlər:əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-944/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Araşdırma məlumatına əsasən bildiririk ki, sizin əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyətiniz yenidən qiymətləndirilərkən sizə xx.xx.2022-ci il tarixindən əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizin pensiya ödənişiniz 26 aprel 2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz dövrdə əlillik dərəcəniz mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə sizə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlillik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailı ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən cavabdeh əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2013-cü ildə (İkitərəfli koksar tros diaqnozu ilə) 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2016-cı ildə təkrar həkim əmək ekspert komissiyası əlilliyini 3-cü qrupa endirmişdir. xx.xx.2021-ci ildə əlillik müddəti başa çatmışdır. Həmin müddətdən sonra o, dəfələrlə tibbi komissiyalardan keçmişdir. 31 mart 2022-ci ildə müayinələri tam keçib onun nəticələrini tibbi kartı və əlliliyi ilə əlaqədar tibbi sənədlərini əlillik dərəcəsini müəyyən edən müvafiq mərkəzinə göndərimişdir. 6 aylıq müddət 1 aprel 2022ci ildə tamam olmuşdir. xx.xx.2021-ci ildən dayandırılmış pensiyanın ödənişi 26 aprel 2022-ci ildən bərpa edilmişdir. 01 oktyabr 2021-ci ildən 26 aprel 2022-ci ilə qədər müddət üçün pensiyanın ödənilməsindən imtina edildiyindən Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh 17 avqust 2022-ci il tarixli, **********8 nömrəli məktubunda əlilliyin qiymətləndirilməsinin dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əlillik" altsistemi vasitəsilə həyata keçirildiyini, əlillik vəziyyəti yenidən qiymətləndirilərkən xx.xx.2022-ci ildən əlilliyinin müəyyən edilməsini, müraciətində qeyd etdiyi dövrdə, yəni xx.xx.2021-ci ildən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsinin qanunvericiliklə mümkün olmadığı göstərilmişdir. Halbuki, o, təkrar müayinələrin hamısından keçmiş və nəticələrin hamısını xx.xx.2022-ci ildə müvafiq ərazi səhiyyə qurumuna vermişdir. Həmin qurumun mövcud elektron rabitə vasitələri işləyir. Buna görə də nəticələri dərhal iddiaçıya göndərmək bu qurumun borcu idi. Başqasının səhlənkarlığına görə onsuz da ağır maddi durumda yaşadığından 6 aydan çox olan bir müddətdə pensiyasından məhrum olması bəhanəsi qanunlarımızın hümanistliyinə və ədalətə ziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 2-ci dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı illərdə keçirilən növbəti müayinələrdə qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Bununla belə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona əlilliyinin dayandırıldığı dövrlər, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********8 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən əlillik müəyyən edilmiş, müraciətində qevd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021 -ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-944/2023 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməyən əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun təkrarən əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. İddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lazımi müayinələrdən keçmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dar qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət (əlilliyin dayandırıldığı müddət) üçün əlillik pensiyasının ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən əlillik müəyyən edilmiş, müraciətində qevd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün olmadığından əmək pensiyasının ödənilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra növbəti dəfə xx.xx.2014-cü il tarixdə bir illik, xx.xx.2015-ci il tarixdə bir illik, xx.xx.2016-c il tarixlərdə beş il müddətinə əlillik təyin edillmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə baxılaraq, xx.xx.2022-ci il tarixdə əllilik təyin edilmişdir. Həmçinin, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi hallardan görünür ki, iddiaçı əllik müddətinin bitdiyi tarixdən 2021-ci ildən tibbi komissiyalar keçməyə başlamış, dəfələrlə müayinə və müalicə olunmuşdur. İddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı tibbi sosial ekspertiza müayinəsinə göndəriş xx.xx.2022-ci il tarixdə rəsmilışdirilərək, göndərilmişdir. Göründüyü kimi, iddiaçıya əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, onun barəsində müvafiq göndəriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. TSEK tərəfindən isə həmin göndəriş əsasında xx.xx.2022-ci il tarixdə əlillik təyin edilmişdir. İddiaçı tərəfindən isə həmin halları mübahisələndirilməmişdir. İndiki halda isə iddiaçının əlillik müddətinin bitdiyi vaxtdan onun bərpa edildiyi vaxtadək 6 aydan çox bir müddət (7 ay) keçmişdir. Bu halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, qeyd olunan hüquq normasının məzmunundan görünür ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, şəxsin ötürülümüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab olunması üçün şəxsin əlilliyinin məhz 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində yenidən müəyyən edilməsi şərtinin olması imperativ norma kimi qeyd edilmişdir. Həmçinin, qeyd olunan qanunvericilik normasında həmin normadan istisna halı müəyyən edən hər hansı norma nəzərdə tutulmamışdır. İndiki halda isə iddiaçının əlilliyinin təkrar qiymətləndirilərək, əlilliyinin müəyyən edilməsi məhz 7 ay müddət keçdikdən sonra baş vermiş, habelə ona qədər olan müddətdə isə əlliyin təyin edilməsi ilə bağlı müvafiq tibbi göndəriş rəsmişləşdirilərək, təqdim edilməmiş, əlllik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciət olunmamış, bunun nəticəsində isə müvafiq qiymətləndirilmə aparılmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları əsasında müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq norması düzgün tətbiq edilməmiş, cavabdehin imtinası qanunvericiliyin qeyd olunan normalarının tələbinə uyğun olduğu halda, əsassız hesab edilmiş, bununla da iddia tələbini təmin etməklə bağlı iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-944/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar