Məhkəmə qərarları › İş №2-1(105)-666/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-666/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-666/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-142/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Torpaqların alqı-satqısına dair 152 saylı, 19 iyun 2003-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı tərəfindən Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli, 15 nömrəli qərarı ilə ona satılmış 0.10 ha torpaq sahəsi müqabilində Quba rayonu Təngəaltı bələdiyyəsinin hesabına 640429 manat məbləğində pul vəsaiti ödəmişdir. 13 iyun 2003-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Quba rayonu Təngəaltı bələdiyyəsinin hesabına 640429 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan JN-365F ( kod-********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəhtəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, mübahisəli torpaq sahəsin elektron kadastr xəritələrində bələdiyyə mülkiyyəti kimi göstərilmişdir və özgəninkiləşdirilməmişdir. Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quba rayonunun Təngəaltı bələdiyyəsi 2009-cu ildə Çiçi İƏD-nin ərazisində fəaliyyət göstərən digər bələdiyyələrlə birləşdirilərək vahid bir bələdiyyə- Çiçi-Səbətlər bələdiyyəsi yaradılmışdır. Sabiq Təngəaltı bələdiyyəsindən 15 iyul 2002-ci il tarixli qərarla 0.10 ha torpaq sahəsi almış İddiaçı ləğv edilmiş Quba rayon Torpaq şöbəsi tərəfindən 18 iyul 2003-cü il tarixli Alqı-satqı aktı və JN-365F saylı (kod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də verilmişdir. İddiaçı verilən Akt və Şəhadətnamənin əsli və ya natariusda təsdiq edilmiş sürətləri Təngəaltı bələdiyyəsi tərəfindən Çiçi-Səbətlər bələdiyyəsinə verilməmişdir. Sənədlərin surətlərini Çiçi- Səbətlər bələdiyyəsinə X1 vermişdir. Ona görə də İddiaçı təqdim etdiyi sənədləri təqdim olunmuş şəkildə göndərməyə məcbur olmuşlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxivdə JN-365F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, JN-365F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli, 15 nömrəli qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Təngəaltı Bələdiyyəsinə 15 may 2002-ci il tarixdə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq barədə müraciət etmişdir. Quba rayonu Təngəaltı Bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli, 15 № li qərarı ilə 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Bunun müqabilində onun tərəfindən Təngəaltı bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankının Quba rayon filialındakı 345018/112284 saylı hesabına əvvəlcədən 640429 manat haqq ödəmişdir. Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli Torpaqların Alqı-Satqısına dair Aktı əsasında torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmişdir. Bu akt Quba rayonunun Təngəaltı Bələdiyyəsinin nümayəndəsi, onun və Quba rayon Torpaq Şöbəsinin müdiri tərəfindən imzalanaraq, 18 iyun 2003-cü il tarixdə Quba rayon Torpaq Şöbəsinin müdiri və Quba rayonu Təngəaltı Bələdiyyəsinin sədri tərəflərindən imza və möhürlə təsdiq edilmişdir. Quba rayonu Təngəaltı Bələdiyyəsi tərəfindən ona satılmış Quba rayonu Təngəaltı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair 2006-cı il tarixdə Azərbaycan Respublikası DT və XK-nin Quba rayon Şöbəsinin müdiri və Azərbaycan Respublikası Yerqurluşu Layihə İnstitutunun nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş JN- 365F nömrəli, (KOD ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası DT və XK ləğv edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibinə birləşdirilərək Azərbaycan Respublikası ƏMDK-in yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidməti kimi öz fəaliyyətini davam etdirməyə başlamış, hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi kimi fəaliyyətini davam etdirir. Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli, 15 № li qərarı ilə Torpaqların Alqısatqısına dair Akt əsasında 0.10 ha torpaq sahəsi ona fərdi yaşayış evi tikmək üçün satılmış, Azərbaycan Respubliksı DT və XK tərəfindən JN - 365F № li, kod ********* kodlu, Torpağın Mülkiyyətimə Verilməsinə dair Şəhadətnaməyə əsaslanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xiidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsini ərizə ilə xahiş etmişdir. 5 saylı Xaçmaz Ərazi idarəsinin 15 avqust 2022-ci il tarixli, **********03 № li cavab məktubu ilə xahişi təmin edilməmişdir. Cavabdehin imtina səbələri əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, JN-365F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-142/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 iyul 2002-ci il tarixli, 15 nömrəli qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 nömrəli, 15 iyul 2002-ci il tarixli qərarı və torpaqların alqısatqısına dair akta əsasən satılmışdır və iddiaçının adına JN 365F, KOD 30329068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Məhkəmə araşdırması zamanı Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 nömrəli, 15 iyul 2002-ci il tarixli qərarının tədqiq edilməsi üçün aidiyyatı üzrə Quba və Xaçmaz rayon Dövlət Arxivinə sorğu verilsə də, hər iki arxiv idarəsinin arayışlarında qeyd edilmişdir ki, Quba rayonu Təngəaltı bələdiyyəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. İnzibati orqan tərəfindən sənədlərin arxivə təqdim edilməməsi isə iddiaçının mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Həmçinin məhkəməyə təqdim edilmiş Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin 05 saylı, 09 fevral 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Quba rayonu Təngəaltı bələdiyyəsinin 15 nömrəli, 15 iyul 2002-ci il tarixli qərarı qüvvədədir. Eyni zamanda məhkəməyə sorğu əsasında daxil olmuş, cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, mübahisəli torpaq sahəsin elektron kadastr xəritələrində bələdiyyə mülkiyyəti kimi göstərilmişdir və özgəninkiləşdirilməmişdir. Belə olan halda isə cavabdeh orqanın imtinasının tam əsassız olması öz əksini bir daha tapır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəmə kollegiyaına müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş müvafiq Şəhadətnamə dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış, onun əsasında “Torpağın mülkiyyətə verilmsinə dair” Şəhadətnamə tərtib edilmiş, şəhadətnamənin arxiv nüsxəsi kadastr məlumatlarında aşkar edilmiş, habelə əsli mövcud olmuşdur. Həmçinin, sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı, alqı-satqı aktı, dəyərinin ödənilməsinə dair qəbzin əsilləri mövcud olmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, müvafiq bələdiyyənin 2005-ci ilədək olan sənədləri arxiv idarəsinə təhvil verilməmiş, elektron kadastr məlumatlarında da aşkar edilməmişdir Eyni zamanda müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair müvafiq bələdiyyə qərarı qüvvədədir. Bundan əlavə, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerququluşu planından çıxarış tərtib edilməklə, təsdiq edilmiş, torpaq sahəsinin yerləşmə vəziyyəti sxemdə əks olunmuşdur. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki,sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş yeruquluşu xəritəsində qeyd edilən cizgilərə uyğundur, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür, kadastr xəritəsində bələdiyyə mülkiyyəti kimi göstərilmiş və özgəninkiləşdirilməmişdir. Göründüyü kimi torpaq sahəsi naturada mövcud olmaqla,ayrıldığı vaxtdan indiyədək faktiki iddiaçının istifadəsindədir. Qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı və digər sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. İndiki halda işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçıların adına tərtib edilmiş müvafiq şəhadətnalər qeydiyyat kitablarında qeydə alınmamış, elektron baza xəritəsində əks olunmamış, torpaq ayırma sənədləri aşkar edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının adına tərtib edilmiş müvafiq şəhadətnamənin arxiv nüsxəsi elektron kadastr məlumatlarında aşkar olunmuşdur. Bu hal özlüyündə cavabdeh inzibati orqanın imtina və şikayətin dəlili kimi istinad etdiyi halları təkzib edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı, alqı-satqı aktı, dəyərinin ödənilməsinə dair qəbzin əsilləri mövcud olmuşdur. Həmçinin, müvafiq bələdiyyənin verdiyi məlumatdan aydın olur ki, sözügedən torpaq sahaəsi iddiaçıya satılmış, bu barədə qəbul edilmiş qərar qüvvədədir, habelə Təngaltı bələdiyyəsi digər bələdiyyə ilə birləşərək vahid bir bələdiyyə yaradılmış, bu zaman Təngaltı bələdiyyəsi tərəfindən həmin sənədlər təhvil verilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, həmin sənədlər müvafiq arxiv idarəsinə də təhvil verilməmişdir. Göründüyü kimi, qeyd edilən sənədlərin hazırda aşkar edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Nəticə etibarilə həmin sənədlərin arxivə təhvil verilməməsi halı da məhz müvafiq inzibati orqanın öz öhdəliklərini lazimi qaydada icra etməməsi nəticəsində ortaya çıxmışdır. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Başqa sözlə desək, indiki halda iddiaçının təqsiri ilə əhatə olunmayan və məsuliyyət daşımadığı hala istinad edilməklə, onun mövcud olan əmlak hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin mütənasiblik və digər prinsiplərinin mahiyyətinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılmasına dair sənədlərin arxivə təhvil verilməsi, müvafiq sənədlərin qeydə alınması iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin torpaqayırma sənədlərinin arxiv nüsxsinin aşkar edilməməsi ilə bağlı istinad etdiyi arqumenti əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, torpaq sahəsinin əldə edilməsinə dair sənədlər hazırda da qüvvədə olmaqla, həmin sənədlər mülkiyyət hüququnun yaranması əsası kimi çıxış edir. İndiki halda isə iddiaçının mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından qanunla müəyyən edilmiş hər hansı imtina əsası aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi mütəxəsislər tərəfindən müayinə edildiyindən (torpaq sahəsi naturada mövcud olmaqla, faktiki istifadədə olduğundan, üst-üstə düşmə halı və s. müəyyən edilmədiyindən), cavabdehin şikayətin dəlili kimi texniki hissə ilə bağlı məsələlərə münasibət bildirilməməsi ilə bağlı istinad etdiyi arqumentlər də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-142/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar