Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-668/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı X5, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1251/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 17 nömrəli TPM-də təhsil almış, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi 3 nömrəli Ev Tikmə Kombinatının 104 nömrəli Tikinti İdarəsində rəngsaz işləmişdir. Sumqayıt Evtikmə Kombinatı tərəfindən verilmiş 1992-ci ilə aid 900 nömrəli arayışa əsasən X1 şəhərinin tikintisində iştirak etmiş və mövcud qanunvericiliyə əsasən 9011 (doqquz min on bir manat) manat həcmində pul ödənişi almışdır. İddiaçı 1992-ci ildən əlil hesab edilmiş və ona xx.xx.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra ona xx.xx.2006-cı il tarixdən “Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar” ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə görə alınmış əmək haqqının dörd qat məbləğindən və əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, 01 yanvar 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin 23 iyun 2023-cü il tarixli, 3-17-1/2-Q-144464 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələbinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,28 manata, eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən 327,21 manat çatdırılmışdır. Əmək pensiyası pensiya təyin olunan tarixdə (1992-ci il) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Eyni zamanda, bildirir ki, əmək pensiyasının orta aylıq əmək haqqının 4 qatı mislində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə görə alınmış əmək haqqının dördqat məbləğindən və əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, 01 yanvar 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə kimi Çernobil AES-də 30 kilometrlik zona daxilində qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmişdir. 10 dekabr 2000-ci il tarixli arayışdan da göründüyü kimi, bununla bağlı ona əmək haqqı və digər gəlirlər kimi 1420 rubl pul ödənilmişdir. O, 13 aprel 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, 13 aprel 1992-ci il tarixli, 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarına əsasən, bütün Çernobil əlillərinə münasibətdə olduğu kimi, ona da həmin vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qatı məbləğində mükafat ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən, həmin dörd qat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu zaman ödənilmiş həmin məbləğ şəxsin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ orta aylıq əmək haqqını təşkil edir. Bununla bağlı, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakı ilə əlaqədar ona ödənilmiş pulun 4 qat məbləğinin 25,4-ə vurularaq həmin yerdə olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə, xx.xx.2008-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək yaranmış fərqin ona ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli, 577 nömrəli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması “Vətəndaşların pensiya təminatı haqqında Qanun"un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli, 255 nömrəli qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçı N.Quliyevə xx.xx.1992-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının ödənişi davam etdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1251/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarix nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının iş yeri olan Sumqayıt Evtikmə Kombinatı tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, o, Çernobil AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövr üzrə 4 qat məbləğində əmək haqqı 9011 rubl ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi nəzərə alınaraq, iddia qismən təmin edilməli əmək pensiyası müraciətdən əvvəlki 3 il üzrə yenidən hesablanmalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə— növbəti ayın 1-dən; (-) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmeti cavabdehin iddiaçının əlilliyə görə əmək pensiyasının Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə əmək haqqının dördqat məbləğində ödənilmiş mükafat əsasında indeksasiya edilməklə, xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasından imtinası barədədir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1993-cü il tarixli məktubuna istinadən əmək pensiyasının dörd qat əmək haqqı məbləğində ödənilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarının müvafiq normalarının tələbləri baxımından Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsinın nəzərdə tutulduğunu, bu baxımdan, iddiaçıya münasibətdə onun əmək pensiyasının həmin məbləğ əsasında cavabdehə etdiyi müraciətdən əvvəlki 3 il ərzində yenidən hesablanmasının mümkün olduğu qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticəni ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçının Slavutiç şəhərində işlədiyi dövrdə Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar əlil olması və ona Çernobil qəzası nəticəsində əlil olmuş şəxs kimi xx.xx.1992-ci il tarixdə pensiya təyin edilməsi işin mübahisəsiz hallarına aiddir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobil qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (xx.xx.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi nəzərdə tutulmuşdur. Hansı ki, iddiaçının iş yeri olan Sumqayıt Evtikmə Kombinatı tərəfindən onun barəsində verilmiş 1992-ci il tarixli, 900 nömrəli arayışdan müəyyən edilir ki, o, Slavutiç şəhərinin tikintisində iştirak etmiş və mövcud qanunvericiliyə əsasən 9011 (doqquz min on bir manat) manat həcmində pul ödənişi almışdır. Kollegiya hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 nömrəli qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1251/2024 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-668/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-668/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver