Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-669/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı arayışın əsassız hesab edilməsi və s. tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2954/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əsassız hesab edilməsi, cavabdehin Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.20221-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “Diaqnoz qrafası”nda yazılmış “Postkontuzion sindromu, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə, anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur; nevrasteniya, kəskin asteno-nevrotik sondrom, davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözlərinin “Hərbi əməliiyat nəticəsində alınmış zədələnmələr, keçirilmiş kəllə-beyin travması, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri, davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar, posttravmatik ensefalopatiya ll mərhələ, tez-tez təkrarlanan epipeptik qıcolma tutmaları” sözləri ilə və “Əmək zəmanəti” qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2954/2022 nömrəli qərardadı ilə (hakim Vəfa Əzizova) inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Ona heç bir cavab məktubu rəsmi qaydada poçt vasitəsi ilə qeyd etdiyi tarixdə gəlməmişdir, bu səbəbdən də hesab edir ki, Bakı İnzibati Məhkəməsi düzgün araşdırma aparmamışdır, birtərəfli olaraq cavabdehin yalan cavablarına əsaslanmışdır. O, ünvan 1 ünvanında yaşamağına baxmayaraq iddia tələbinin aidiyyat üzrə göndərilməsi barədə əsassız qərardad qəbul etmişdir. Hər iki tərəf Bakı İnzibati Məhkəməsinin ərazisi üzrə yerləşirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi
8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. (...)
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, yuxarıda sadalanan normaların tələbindən də göründüyü kimi, qanunverici inzibati iddialar üzrə müstəsna aidiyyət qaydalarını müəyyən etməklə yanaşı, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsində baxılmalı olmasını müəyyən etmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia öhdəliyinin icrası haqqında iddia növünə aiddir və qanunvericilikdə bu növ iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
12. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı Bakı şəhərindədir. İddia öhdəliyin icrası haqqında olduğundan işə İPM-in müəyyənləşdirdiyi ərazi aidiyyəti qaydalarına uyğun olaraq işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
13. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla ünvan 3 ünvanında məskunlaşmışdır, faktiki yaşayış yeri də həmin ünvandır. Göründüyü kimi, hər iki tərəfin ünvanı Bakı şəhərində yerləşdir.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə Bakı İnzibati Məhkəməsinə baxılması barədə birinci məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2954/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.