Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-669/2025 11.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs İskəndərova Arzu Yadigar qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “İskəndərova Arzu Yadigar qızının, X2 ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)- 1386/2025 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilin mülkiyyətçisidir. İskəndərova Arzu Yadigar qızı iddiaçının gəlini, X4 isə onun nəvəsidir. İskəndərova Arzu Yadigar qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilə xx.xx.2005-ci il tarixdə, X4 isə həmin mənzilə xx.xx.2012-ci il tarixdə həmin mənzildə pasport qeydiyyatındadır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X5 ilə Novruzova Arzu Yadigar qızı arasında bağlanmış nikah 11 noyabr 2006-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı, 23 iyul 2007-ci il tarixli qətnaməsindən görünür ki, Novruzova Arzu yadigar qızı az yaşlı qızı ilə birlikdə qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli köçürülməsi qət edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının oğlu X5 xx.xx.2023-cü il tarixdə miokardın kəskin transmural infarktından ölmüşdür. İddiaçı ərizə ilə cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək İskəndərova Arzu Yadigar qızının, X2 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəlimənzildən qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək İskəndərova Arzu Yadigar qızının, X2 ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı onun keçmiş gəlini, Novruzova Mədinə isə onun nəvəsidir. Belə ki, üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı oğlu X5 ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və 2006-cı ildə isə onların arasında olan rəsmi nikah pozulmuşdur. 2007-ci ildən onlar ona məxsus mənzildə yaşamır. Onların ona məxsus mənzilə heç bir hüquqları yoxdur. Bunun üçün cavabdeh Sumqayıt Şəhər Polis idarəsinə ərizə ilə müraciət edərək, onların ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İskəndərova Arzu Yadigar qızı və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-2307/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İskəndərova Arzu Yadigar qızının, X2 İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilmişdir. (hakim Rahim Həsənov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə İskəndərova Arzu Yadigar qızının, X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb. Həmin qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətini onun əsaslandırmışlar ki, İskəndərova Arzu Yadigar qızı iddiaçının oğlu X5 ailə həyatı quraraq mübahisəli mənzilə köçmüş və mülkiyyətçinin razılığı ilə mübahisəli mənzilə yaşamışdır. Bundan sonra X4 mübahisəli mənzildə dünyaya gəlmişdir. Onların əmlakları mübahisəli mənzildədir. Buna baxmayaraq Sumqayıt İnzibati Məhkəməsi 2-1 (118)-1386/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını yalnız iddiaçının iddia ərizəsinə əsaslanaraq qəbul etmişdir. Halbuki onlar iddiaçının ailə üzvləri kateqoriyasına daxilldir, mülkiyyətçinin ailə üzvləri hesab edilməklə, həmin mənzildə yaşamışlar, hazırda kirayə yaşayırrlar. İddiaçı onların qeydiyyatdan çıxarılması barədə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə yoxdur. Qeyd edilən bu hallar birinci instansiya məhkəməsi tərəfidən araşdırılmamışdır. Bundan başqa, onlar mübahisə predmeti olan yaşayış sahəsində 2005-ci il tarixdə pasport qeydiyyatına alındıqlarından, həmin dövrdə qüvvədə olan, lakin hazırda qüvvədən düşmüş qanunvericilik normalarının tələbinə əsasən yaşayış sahəsinə dair istifadə hüququnun olub-olmaması halının müəyyən edilməsinə dair mübahisəli hüquq münasibəti məhz qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54-cü maddəsinin normaları tətbiq edilməlidir. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi əsasında mübahisəli mənzilə köçürülmüşlər. Onların mübahisəli evdə qeydiyyatdan çıxarılmamızdan müvafiq qurumun imtinası əsaslı olduğu halda, məhkəmənin bu cür qərar qəbul etməsi əsassızdır. Tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir, buna görə də müvafiq qurum iddiaçının tələbini haqlı olaraq rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, məhkəmə qərarı ilə mübahisəli evə köçürülmüş və qətnamə icra olunmuşdur. Lakin bir müddət sonra keçmiş həyat yoldaşı yenidən evlənmiş və bu səbəbdən də, bir yerdə həmin evdə yaşamaqları mümkün olmadığından o, azyaşlı uşağı ilə mənzili könüllü olaraq tərk etmişdir. O vaxtdan da yəni, təxminən elə 2007-ci ildən başqa ünvanda yaşamış, hazırda da, kirayədə qalır. Keçmiş ərə ölsə də, o evdə hazırda onun digər ailəsi yaşayır, bu səbbədən də həmin mənzildə hazırda birlikdə yaşamaq yenə alınmır. Lakin onun həmin mənzildə yaşamasa da, qeydiyyatdan çıxarılmasını istəmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş. Üçüncü şəxs isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.KM1 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – İskəndərova Arzu Yadigar qızı onun gəlini, X4 isə onun nəvəsidir və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan X5 ilə nikahlarına xitam verilmişdir. Göründüyü kimi mübahisəli mənzilə dair İskəndərova Arzu Yadigar qızının, X2 istifadə hüququnun olması müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Göründüyü kimi Qanunvericilik hətta şəxs mənzildə qeydiyyatda olarsa belə, onun qeydiyyatda olmasını yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının adına mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin reyestr kitabında qeydə alınmış və bununla da mənzilə dair istifadə, sahiblik və sərəncam hüququ əldə etmiş, üçüncü şəxslər isə hazırda iddiaçının ailə üzvü olmamaqla yanaşı, mülkiyyətçi ilə aralarında mənzildən istifadə hüquqi ilə bağlı hər hansı müqavilə imzalamamışdır. İşin bu halı həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin iclasında iştirak edən şəxslərin izahatları ilə də öz təsdiqini tapmışdır. İşin halları ilə o da müəyyən edilmişdir ki, üçüncü şəxslər ümumiyyətlə uzun müddətdir mübahisəli mənzildə yaşamırlar. Qeyd edilən hal həm apellyasiya şikayətinin dəlillərində, həm də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı, 23 iyul 2007ci il tarixli qətnaməsi ilə də təsdiq edilir. Belə ki, apellyasiya şikayətində kirayədə qaldıqlarını qeyd etmişlər, eyni zamanda müvafiq qətnaməyə məhkəmə kollegiyası tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, İskəndərova Arzu Yadigar qızı 2006-cı ilin avqust ayının 18-i evdən getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra müvafiq məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülsə də, bir müddət sonra (2007-ci ildən) oranı könüllü tərk edərək az yaşlı uşağı ilə birlikdə özünə başqa daimi yaşayış yeri seçmiş və təxminən 18 ildir ki həmin mənzildə yaşamır. Bir sözlə üçüncü şəxslər iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsalar da, onların qeydiyyatı formal xarakter daşımışdır. Üçüncü şəxslər hazırda da, iddiaçıya məxsus evdə yaşamır. İşin bu halı üçüncü şəxsin etiraf edici izahati ilə də, öz təsdiqini tapmışdır. Kollegiya həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı, 23 iyul 2007-ci il tarixli qətnaməsinə, yəni üçüncü şəxslərin mübahisəli mənzilə köçürülməsi ilə bağlı apellyasiya şikayətinin əsas dəlilinə münasibətdə qeyd edir ki, həmin şəxslər qeyd edilən mənzilə köçürülməsi müvafiq qətnamə ilə həyata keçiriləsə də, mənzili könüllü olaraq tərk etməsi, yəni, 2007-cı ildən hazırki müddətədək həmin mənzildə yaşamamaları və bu illər ərzində də, özlərinə daimi əsaslarla başqa yaşayış yerini seçmələri üçüncü şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarını istisna edir. Yəni həmin istifadə hüququnun yaranmasına əsas olmuş zərurət artıq aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq qeyd edir ki, mübahisəli mənzilin mülkiyyət hüququnun qorunması və mülkiyyətçinin hüquqlarının təmin edilməsi zəruridir. Mülkiyyət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində əksini tapan əsas hüquqlardan biri olaraq, insanın əmlak üzərində istədiyi kimi sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququnu təmin edir. Mülkiyyət hüququ, həmçinin, ölkə qanunvericiliyi, o cümlədən Mülki Məcəllə və Mənzil Məcəlləsinin müvafiq müddəaları ilə qorunur və dövlət tərəfindən təminat altına alınır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil, iddiaçıya məxsusdur və bu mülkiyyətə hüququ olan şəxs olaraq o, həmin mülkiyyəti öz iradəsinə uyğun olaraq idarə etmək hüququna malikdir. Məhkəmə baxışında təhlil edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, mübahisəli mənzildə qeydiyyatda olan şəxslər mülkiyyətçinin keçmiş ailə üzvləri olsalar da, faktiki olaraq həmin şəxslər artıq mübahisəli mənzildə yaşamır, yalnız qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-1386/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.