Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-67/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxs 2 saylı regional ərazi filialına qarşı 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi və İ qrup sağlamlıq imkanları məhdud övladı X2 qulluq etdiyi müddət nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-156/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddəti və İ qrup sağlamlıq imkanları məhdud övladı X2 qulluq etdiyi müddəti nəzərə alaraq, ona pensiya yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963–cü ildə anadan olmuş, qızlıq soyadı Kibarovadır. 4 övladı olub, 1–ci qrup əlil olan xx.xx.1992-ci il təvəllüdlü qızı Gülçin xx.xx.2016–cı ildə vəfat etmişdir. 1980-1996-cı illərdə Xaçmaz rayonu «İnqilab», H.Z.Tağıyev adına sovxozda fəhlə işləməklə əmək haqqı almış, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018ci il tarixli 452 saylı Arxiv arayışına əsasən Arxivin 9 saylı fondunda saxlanılan H.Z.Tağıyev adına sovxozun əmək haqqı hesablaşma cədvəllərinə əsasən işlədiyi müddətdə qazandığı əmək haqqı aylar və illər üzrə qeyd edilmişdir. Onun pensiya yaşı çatdığı üçün bütün lazım olan sənədləri toplayıb cavabdeh DSMF–nin Xaçmaz rayon şöbəsinə təqdim etmiş, lakin cavabdeh inzibati orqan ərizəsini təmin etməmişdir. xx.xx.2019-cu il tarixli məktubla ona cavab verildi ki, 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyiniz müddətlər əmək kitabçasına qeyd olunmadığı üçün şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən qeyri– müsbət həll edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən iş stajının müəyyən olunması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmk kitabçasına əsasən müəyyən olunur. Beləliklə əmək kitabçası olmadığından cavabdeh şöbənin əmək pensiyaları təyin edən komissiyası H.Z.Tağıyev adına sovxozda işlədiyi illəri əmək stajına qəbul etməyərək ona pensiya təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018-ci il tarixli 452 saylı Arxiv arayışından görünür ki, o, 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işləməklə əmək haqqı almışdır. «Əmək pensiyalan haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədlər; əlilliyə görə pensiya növü üzrə isə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi–Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2018-ci il tarixli 452 saylı Arxiv arayışı ilə onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyini təsdiq edir. Beləliklə də, həmin Qaydaların tələbinə görə şəxsin iş stajı təkcə onun əmək kitabçasına əsasən deyil, həm də digər sənədlər əsasında, o cümlədən Arxiv arayışları, Arxiv çıxarışları əsasında müəyyən edilə bilər. Belə olan halda hesab edir ki, cavabdeh DSMF-nin Xaçmaz rayon şöbəsi tərəfindən onun 1980-1996-cı illərdə Xaçmaz rayonu H.Z.Tağıyev adına sovxozda işlədiyi müddətin iş (sosial sığorta) stajına daxil edilməsindən əsassız olaraq imtina edilməsi nəticəsində onun hüquqları pozulmuşdur. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı xx.xx.1963–ci il təvəllüd olmaqla xx.xx.2019–cu il tarixində yaşa görə əmək pensiya təyin olunması üçün şöbəyə müraciət edib. Vətəndaş 1980–1996-cı illərdə H.Z.Tağıyev adına sovxozda işləməsi barədə arxiv arayışları təqdim edib. Həmin arayışlara əsasən vətəndaşın 14 il 10 ay sığorta stajı müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8.2 maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş ana 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasına hüquq qazanırlar. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən xx.xx.2017–ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, xəstə uşağı olan analar xx.xx.2017-xx.xx.2018-ci il müddətində 55 il 6 ay yaş həddində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019–cu il tarixə kimi 56 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı xx.xx.1963–cü il təvəllüd olduğu üçün 56 yaşda, yəni xx.xx.2019–cu il tarixdən əmək pensiyasına hüquq qazanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən iş stajının müəyyən olunması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Vətəndaş İddiaçı Gülçin adlı xəstə uşağına qulluq etməsi barədə arayış təqdim etmədiyi üçün, həmin uşaq xx.xx.2016-cı il tarixdə vəfat etdiyi üçün ananın uşağa hansı müddətdə qulluq etməsi faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Vətəndaşa işlədiyi müddətlər üçün əmək kitabçası açılmadığı və xəstə uşağa hansı müddətdə qulluq etməsi faktı müəyyən olunmadığı üçün və nəticədə tələb olunan 25 il sığorta stajı təsdiq edilmədiyi üçün ona əmək pensiyası təyin olunması şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən qeyri-müsbət həll edilmişdir Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-156/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılarkən məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxs 2 saylı regioanl ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 186 saylı qərarının 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İş materiallarından göründüyü kimi, iddiaçının əmək stajını təsdiq edən sənəd, yəni əmək kitabçası yoxdur, iddiaçı 1980-1996-cı illərdə H.Z.Tağıyev adına sovxozda işlədiyini təsdiq etmək üçün arxiv arayışı təqdim etmişdir. Həmin arxiv arayışından görünür ki, İddiaçı qeyd olunan illər üzrə tam işləməmişdir. Həmçinin, xx.xx.1988-ci il, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1995-cı ilədək qismən ödənişli məzuniyyətdə olmuşdur. Əmək Məcəlləsinin 132-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Yuxarıda qeyd olunan maddələrin təhlilindən də göründüyü kimi, qismən ödənişli məzuniyyət əmək stajına daxil edilmir. Birinci instansiya məhkəməsi tərəfindən həmin illər əsassız olaraq əmək stajına daxil edilmişdir. İddiaçının İ qrup əlil övladı X2 qulluq illərini təsdiqləyən hər hansı sənəd mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.9ci bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına səhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri) və ya İdarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qpnşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı İ qrup əlil qızına qeyd etdiyi müddətlərdə qulluq etmə faktını təsdiq edən akt mövcud deyil. Bu da onu göstərir ki, İddiaçı onun İ qrup əlil qızına hansı müddətdə qulluq etmə faktı hər hansı sənədlə təsdiqlənə bilmir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından göründüyü kimi iddiaçı ona 56 yaşdan sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının 56 yaşının tamam olduğu 2019-cu il 25 iyun tarixdə qüvvədə olan qanunvericiliyin normaları aşağıdakı kimi olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, qeyd edilən normaların tələblərinə əsasən iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi. - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə xx.xx.2017–ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, xəstə uşağı olan analar xx.xx.2017-xx.xx.2018-ci il müddətində 55 il 6 ay yaş həddində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019–cu il tarixə kimi 56 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı xx.xx.1963–cü il təvəllüd olduğu üçün 56 yaşda, yəni xx.xx.2019–cu il tarixdən əmək pensiyasına hüquq qazanmışdır. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı TSEK tərəfindən verilmiş SER TSE-01 021660 nömrəli 16 yaşınadək uşağın müayinə TSEK-də aktından çıxarışdan görünür ki, iddiaçının qızı-xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdə tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1994-cü il tarixdə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin əsas meyarlarının 2.1.1 bəndinə uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 18 yaşın tamamınadək müəyyən edilmişdir. İkinci dəfə xx.xx.2010-cu il tarixdə, yəni iddiaçının mərhum qızı yetkinlik yaşına çatdıqdan sonra təkrar müayinədən keçmiş və ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İ qrup əlillik verilmişdir. - Beləliklə, ikinci şərtin də ödənildiyi, yəni sağlamlıq imkanları məhdud qızını səkkiz yaşınadək tərbiyə etməsi işdə olan sənədlərlə təsdiq edilir. 25 illik əmək stajı ilə bağlı kollegiya qeyd edir ki, Xaçmaz rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli, 452 saylı arxiv arayışından görünür ki, iddiaçı Alaqucayeva (Kibarova) Elmira Əhməd qızı 1980-1996-cı illərdə İnqilab, H.Z.Tağıyev adına sovxozda işləmişdir. Xaçmaz rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli, 452/1 saylı arayışına əsasən, iddiaçı: - 01.09.1980-ci il tarixli 200 nömrəli əmrə əsasən, sovxozun 5 nömrəli briqadasına işçi qəbul edilmiş; - xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək hamiləliyə görə ödənişli məzuniyyətində olmuş; - 25.10.1988-ci ildən xx.xx.1989-cu ilədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş; - xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək hamiləliyə görə ödənişli məzuniyyətində olmuş; - xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş; - xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş; - xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuşdur. Arayışdan göründüyü kimi, iddiaçı 1980-1996-cı illərdə sovxozda işləmiş olsa da, bir neçə dəfə uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, qanunvericiliyə əsasən isə həmin dövrlər sığorta stajına daxil edilmir. Həmin müddət istisna olmaqla iddiaçının 9 ilə yaxın sığorta stajına malik olması müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Göründüyü kimi əmək pensiyaları qanunvericliyində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və İ dərəcə əlilliyi olan şəxsə qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı apelyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının İ qrup əlil övladı X2 qulluq illərini təsdiqləyən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.9-ci bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına səhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri) və ya İdarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qpnşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Bununla bağlı iddiaçı tərəfindən məhkəmə kollegiyasına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və notariat qaydasında təsdiq edilmiş akt təqdim etmişdir. Aktdan görünür ki, iddiaçının qonşuları təsdiq edir ki, həqiqətən də, iddiaçı İ qrup əlil olan şikəst qızı X2 anadan olandan, yəni xx.xx.1992-ci il tarixdən, vəfat etdiyi günədək yəni xx.xx.2016-cı il tarixədək qulluq etmişdir. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial sığorta stajı ilə bağlı şərti ona münasibətdə tam ödənilir. Cavabdehin apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun sovxozda işlədiyi dövrlər onun əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına maneçilik yaradır. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, sözügedən dəlil əsassızdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1980-1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin şikayətinin digər dəlili iddiaçının sovxozda işlədiyi müddətdə bir neçə dəfə qismən ödənişli məzuniyyətdə olması və həmin dövrün sosial sığorta stajı hesab edilməməsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hala aydınlıq gətirmiş, cavabdehin bu dəlilini əsaslı hesab edərək, iddiaçının qismən ödənişli məzuniyyətdə olduğu dövrü sığorta stajına daxil etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-156/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-67/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-67/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver